Məhkəmə qərarları › İş №2(103)-5892/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5892/2020

07.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5892/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İlkin İddiaçı nümayəndəsi X11 və ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbi barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-509/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə ailə həyatından iki uşaqları olmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9. O, toydan sonra birbaşa yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı evə gəlin gəlmişdir. Uşaqları orada doğulmuşlar. Bütün cehiz əşyalarını həmin evə gətirmişdir. Hal-hazırda da onun cehiz əşyaları orada yerləşir. Orada iki uşaqları anadan olmuşdur. Sonradan aralarında münasibətlər pozulmuş, cavabdehin ona qarşı münasibəti dəyişmiş, ona qarşı aqresiv olmuş, evdə heç bir səbəb olmadan dava-dalaş salaraq onu söymüş, döymüşdür. Hazırda isə cavabdeh onu və iki azyazlı uşaqlarını həmin evdən qovmuşdur, evdə yaşamasına maneələr yaradaraq onu və iki azyaşlı uşaqlarını evə buraxmır. Onun və iki azyaşlı övladlarının mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşayaraq həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Onların ailə münasibətləri pozulduğu gündən bu günədək cavabdeh uşaqlarının saxlanması üçün ona maddi yardım göstərməmişdir. Qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı ev özbaşına tikilidir və heç bir hüquq müəyyən edici sənədi yoxdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Onun başqa yaşayış yeri yoxdur, yeganə yaşayış yeri həmin evdir ki, cavabdehlər də onu həmin evə buraxmırlar. Hesab etmişdir ki, qanunun tələbinə görə o və azyaşlı uşaqları həmin evə köçürülməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X3 oğlu Cavabdeh1 qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə “evə köçürülmə” tələbinə dair iddia ərizəsi müraciət etmiş, onun və 2 azyaşlı uşaqlarının Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəmişdir ki, o, ilk iddia tələbini qəbul etmir və hesab etmişdir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Belə ki, oğlu Cavabdeh1 ilə X3 xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. X13 arasında olan münasibətlər pozulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)- 3011/2019 saylı qətnaməsi ilə onların aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş 2 uşaq Esmiranın yanında saxlanılmış və hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Elçindən tutularaq Esmiraya ödənilməsi qət olunmuşdur. Qeyd etmişdir ki, oğlu Elçinlə Esmiranın ailəsinin dağılmasına səbəb Esmiranın öz həyat yoldaşına xəyanət edərək digər şəxslə münasibət qurması olmuşdur və nəticədə ailə dağılmışdır. Daha sonra cavabdeh uşaqlarla birlikdə valideynlərinə məxsus və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşadıqları evə getmiş və hazırda da orada yaşayır. İddiaçı oğlu ilə ailə qurduqdan sonra ona məxsus evə gəlin köçmüş və onun razılığı ilə oğlu ilə birlikdə müvəqqəti olaraq orada yaşamışlar. Oğlu Cavabdeh1 məxsus Binə qəsəbəsində fərdi yaşayış evi mövcud deyildir və o, özünə məxsus olan və hazırda yaşadığı evi Elçinə verməmişdir. Eləcə də o, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı hər hansı bir müqavilə bağlanmamış və onun qarşısında ailəsi dağılacağı halda belə bir vəzifə daşıyacağı barədə vəd verməmişdir. İddiaçı oğlu Elçinlə ailə qurmamışdan əvvəl Binə qəsəbəsində valideynlərinə məxsus fərdi yaşayış evində yaşamışdır və Elçinlə ayrıldıqdan sonra da həmin evdə yaşamaqda davam edir. Göründüyü kimi ilk iddia üzrə iddiaçının daimi yaşamaq üçün yaşayış sahəsi vardır. Həmçinin İddiaçı ona məxsus fərdi yaşayış evinə köçməsinə zəmin yaradan qanunvericilik normaları yoxdur. Belə ki, ilk iddia ərizəsində iddia tələbinin hüquqi əsasları kimi istinad olunmuş qanunvericilik normaları həmin iddia tələbinin hüquqi əsası kimi çıxış edə bilməz. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-509/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı evə köçürülməsi barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı məxsus yataq dəsti, 1 ədəd Qorka, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd yun döşək, 3 ədəd yun yorğan, 2 ədəd sintifon yorğan, 6 ədəd yastıq, 2 ədəd örtük (odeyal), 2 ədəd xalça, 1 ədəd ətçəkən maşın, 1 ədəd çil-çıraq və qarışıq qabların Bakı şəhəri, Xəzər rayonu, X16, 6-cı döngə, 5 saylı evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-(003)-509/2020 saylı qətnaməsinin qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikilidir və iddiaçının tələbi həmin evdə istifadə hüquqnun tanınması ilə bağlı deyil, həmin evə köçürülməsi ilə bağlıdır. İlkin iddiaçı cavabdehlə 2009-cu il tarixindən faktiki nikah münasibətinə daxil olduqlarını bildirmişdir. Tərəflər 2011-cu ildən nikaha daxil olmuşdur. Bu nikahdan onların 2012 və 2015-ci il təvəllüdlü övladları var. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, Mülki Prosessual Məcəllənin 13.4, 9.1, 9.3, 88, 386, 217, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, Azərbaycan Respublikası Konstitusiyasının 17, 60, 127, 12, 25, 26, 71, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 19, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6, İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8, 10, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddələrinə istinad etmişdir. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, ilkin iddiaçının faktiki nikah münasibətinə 2009-cu ilin sentyabr ayında daxil olmasını göstərməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tətbiqinə nail olmaq istəyir və tərəflərin göstərilən tarixdə faktiki nikah münasibətinə dail olması öz təsdiqini tapmamışdır. Tərəflər 2009-cu ildə ailə qurmuş olsalar belə onlara Mənzil Məcəlləsinin normaları tətbiq edilə bilməz. Çünki, maddənin tələbinə görə, mənzildə yaşayanlar icarədar olmalı, mənzilin tabe olduğu qurumla icarə müqaviləsi bağlamalıdır. Mübahisəli ev dövlət və ictimai mənzil fondu evi olmamaqla cavabdehlərin adına order verilməmiş və icarə müqaviləsi bağlanmamışdır. Mülki Məcəllənin 180-ci maddəsi hansısa şəxsin özbaşına tikiliyə köçürülməsi ilə bağlı münasibətləri deyil, özbaşına tikilinin anlayışı, tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməməsi, sərəncam hüququnun olmamasının hüquqi əsaslarını müəyyən edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi P.Quliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili E.Yusifov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinə dair hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh qətnaməni mübahisələndirərək ilk iddianın təmin olunmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materialarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-3011/2019 saylı qətnaməsi ilə iddiaçı X7 iə cavabdeh İddiaçı arasında xx.xx.2011ci-ci il tarixdə Bakı şəhəri Lerik rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 sayla qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüldlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdeh İddiaçı yanında qalması, X2 xx.xx.2019- cu il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüldlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materialarında olan Hövsan Südçülük sovxozunun X1 rayon Hövsan Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrindən çıxarışın surətindən görünür ki, həmin çıxarış sovxozda işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh2 0.03 ha torpaq sahəsinin ayrılması haqqında verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya hesab edir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən evin mülkiyyət kimi qeydiyyatdan keçəməməsi həmin evin tikintisini həyata keçirmiş şəxsin gələcəkdə oradan mülkiyyət baxımından gözlənti hüququnun olmayacağı anlamına gəlməməsi, eyni zamanda mülki qanunvericiliyin normaları baxımından da həmin əmlaka öz əmlakı kimi sahiblik edən şəxs kimi mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququn da təmin edilməsinə dair mövqeyi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilir: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Ailə Məcəlləsinin 15-ci Fəslində qaynatanın öz gəlinini saxlamaq vəzifəsi daşıdığı müəyyən edilmədiyindən, ilkin İddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir və həmin Məcəllənin 30.2-ci maddəsi əsasında qaynatasının mülkiyyətində (sahibliyində) olan yaşayış sahəsindən istifadə etmək səlahiyyətinə malik deyildir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikyəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-509/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar