Məhkəmə qərarları › İş №2(103)-5892/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5892/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5892/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə, maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-414/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzil iddiaçının X4nın mülkiyyətində olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

2. İddiaçı mirası qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzilin 4/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir və1/5 hissəsi açıq qalmışdır.

3. Mübahisə predmeti olan mənzildə cavabdehlər yaşayır. Cavabdeh3 mübahisə predmeti olan mənzilə gəlin gəlmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə onun övladlarıdır.

4. İddiaçı və onun övladları olan müstəqil tələb irəli sürən üçüncü şəxslər mənzilə köçürülmələrini tələb edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin açıq qalmış, 1/5 hissəsinə onun qanun üzrə vərəsəlik hüququnun tanınması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzili X4ndan miras qalmışdır. X4 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, onun birinci dərəcəli vərəsələri, o İddiaçı, X16, X12 və X13 notariat ofisinə müraciət etmişlər və Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2020-ci il tarixində vəfat etmiş X4nın adına vərəsəlik işi açmışdır. 11 saylı Notariat ofisi onlara 15 yanvar 2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Vərəsəlik Şəhadətnaməsinə əsasən, anaları X6 miras qalmış əmlakdan o, İddiaçı 1/5 pay, X16 1/5 pay, X12 1/5 pay və X13 1/5 pay irs almışlar. Əmlakın qalan 1/5 miras payı isə vəfat etmiş X4nın adına açıq saxlanmışdır. Belə ki, anasının digər vərəsəsi, yəni qardaşı X22 31 avqust 2012-ci ildə vəfat etdiyindən, ona çatacaq pay onun övladları, iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən rəsmi qəbul edilmədiyindən, yəni Notariat ofisinə gəlib Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadıqları üçün onlara çatacaq 1/5 pay X4nın adına açıq saxlanmışdır. X1, X12 və X13 xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onların hər birinə çatan 1/5 payı xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması haqqında Müqaviləyə əsasən ona bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzilinin 4/5 hissəsi onun mülkiyyətindədir. O və övladları mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar, lakin cavabdehlərin günahı ucbatından onlar öz mənzilində yaşaya bilmirlər və kirayədə yaşayırlar. Dəfələrlə 1/5 pay hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçmək istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də mülkiyyət hüququnun və mülkiyyətdən istifadə hüququnun təmin edilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır.

7. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın açıq qalan hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə daha sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilə köçürülməsi və evdən və ümumi istifadədə olan yardımçı otaqlardan (hamam, tualet və mətbəxt otaqları və s.) istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X23 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qeydiyyatda olduqları və 4/5 hissəsi anaları İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilinə köçürülməkləri və evdən və ümumi istifadədə olan yardımçı otaqlardan (hamam, tualet və mətbəxt otaqları və s.) istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldıraraq, ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı onların analarıdır və və hər ikisi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilində anadan olmuşlar və anası ilə birlikdə həmin evdə yaşamışlar. X2 ailə qurduqdan sonra onlar nənələrinə məxsus evdən köçmüşlər və kirayədə yaşamışlar. Halhazırda Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilinin 4/5 hissəsi anaları İddiaçı mülkiyyətindədir bə onların qanuni yaşayış yeri olduğu halda cavabdehlərin qanunsuz hərəkətləri və özbaşınalığı ucbatından onlar kirayədə yaşamağa məcbur olmuşlar. Onlar da analrı ilə birlikdə qeydiyyatda olduqları analarına məxsus evə köçmək istəyirlər, lakin cavabdehlər buna imkan vermirlər.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 iddia tələbinin təmin edilməsi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X23 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülsünlər və cavabdehlər tərəfindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X14 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneənin qadağan edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından görünür ki, İddiaçı mübahisəli mənzilə 4/5 hissədə pay hüququ vardır və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s. İşin faktiki hallarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdehlər Cavabdeh1 və X18 ilə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, cavabdehlər miras əmlakı faktiki qəbul etmişlər. Lakin miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin X7 adına açıq qalan 1/5 hissəsinə münasibətdə vərəsəlik şəhadətnaməsi almamış və miras payı üzrə hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh1 məhkəməyə ünvanladığı etiraz ərizəsinə əsasən də müəyyən olunur ki, mübahisəli mənzil hazırda cavabdehlərin faktiki istifadəsi və sahibliyindədir. Həmçinin işin faktiki hallarından görünür ki, vərəsələr miras paydan imtina üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddəti itirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakı faktiki qəbul etmələri işin mübahisəsiz halı olduğundan onlar mübahisəli mənzilə gözlənti ilə mülkiyyət hüququna (miras paylarını mülkiyyət payları kimi rəsmiləşdirmə hüququna) sahib olmaqla uzun bir müddət bu hüquqla həmin mənzildən istifadə edirlər. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi İddiaçı mübahisəli mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olsa da, cavabdehlər Cavabdeh1, X18 və onlarla birlikdə yaşayan anaları Cavabdeh3 hərəkətləri nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına, eləcə də mənzilə dair hüquqlarından da məhrum edilməsinə dəlalət edir. Qeyd etmək lazımdır ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə qüvvədə olan qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olaraq onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 cavabdehlərə qarşı olan iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi çıxış edir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anası İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları – İddiaçı mülkiyyətindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddiaçının ailə üzvləri olaraq mübahisəli mənzilə köçmək istəyirlər. İddiaçı verdiyi iddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçı ailə üzvlərinin, yəni müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 mübahisəli mənzilə onunla birlikdə köçürülməsinə razıdır və ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçmək istəyir. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 İddiaçı ailə üzvləri olaraq İddiaçı 4/5 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzildə yaşamaq hüquqları vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Ona görə də, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 mübahisəli mənzildə yaşamaq hüququ təmin edilməli, cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və onlar həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd edilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 178.1, 213.2, 215.2, 215.4, 1243.1, 1243.2, 1255, 1256-cı maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1, 9.2, 30.1, 30.2, 30.4-cü maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 216-220-ci, 217.3, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)414/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Bakı Şəhəri 11 Saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etmiş, vərəsələrin dairəsini gizlədərək X8 vərəsə kimi adını göstərməmiş və nəticədə X6 miras qalmış mübahisəli mənzilə dair 4/5 hissədə pay olması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almağa müvəffəq olmuşdur. Anası Cavabdeh3 mübahisəsi gedən Bakı şəhəri, Babək prospekti, 67 saylı evin 10-cu mənzilinə gəlin gəlmişdir. O və qardaşı Cavabdeh2 bu mənzildə doğulmuş, miras qoyan nənəsi X7 ailə üzvü kimi onlarla birlikdə bu mənzildə yaşamışlar. Nənəsi vəfat edəndən sonra da onlar bu mənzildə yaşamaqda davam etməklə həmin mənzilə faktiki sahiblik etmiş, hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. İddiaçı onlarla birlikdə mübahisəsi gedən mənzildə yaşamamışdır, həmin mənzildən istifadə etməmiş və həmin mənzilə sərəncam vermək hüququna malik olmamışdır. Bundan əlavə, X7 digər vərəsəsi X8 etibarnaməsi təqdim edilmişdir. Hansı ki, həmin etibarnamədə vərəsə X15 mübahisəli mənzil ilə əlaqədar bütün hüquqları Cavabdeh3 etibar etmişdir.Lakin keçmiş məhkəmələrdə səbəbini bildirmədən həmin etibarnamə və ərizə qəbul edilməmişdir. İddiaçı daşınmaz əmlak üzrə mülkiyyət hüquq əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini-cavabdehlərin mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır.İddiaçıya izah edilməlidir ki,açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələrini həyata keçirmədiyindən, tərəflərə açıq qalan 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları vardır. Cavabdehlərin faktiki mirası qəbul etməkləri bunun rəsmiləşdirilməsi üçün əsas olan dəlildir. İddianın faktiki halları üzrə sübutlar və hüquqi əsaslar təsdiq edilmədiyindən, habelə vərəsəlik hüquqları ilə bağlı paylar üzrə mübahisə olduğundan, miras payların mülkiyyət payları kimi də nəzərdən keçirilməsi istisna edilir. Belə ki, bundan əvvəl X3 Maqsud Tahir oğlu və Cavabdeh1 qarşı paylı mülkliyyətin bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmənin yekun qərarı ilə onun iddiası rədd edilmişdir. Belə ki, iddiaçının hazırda qaldırdığı iddia da heç bir hüquqi normaya əsaslanmayaraq yalnız süründürməçilik üçün qaldırılan iddiadır. Mübahisə predmeti olan mənzil ümumi mülkiyyətdədir və iddiaçının heç bir qanuni əsası yoxdur ki, onların paylarını öz adına rəsmiləşdirsin. Cavabdehlərin payları rəsmi qaydada dövlət qeydiyyatına alınmamışdır. Onların mübahisəli mənzildə payları açıq olaraq qalır. Lakin onların həmin mənzildə vərəsəlik qaydasında payları mövcuddur. Hesab edir ki, hətta həmin paylar qeydiyyatda alındıqdan sonrada ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və hərracdan satılması mümkün olmayacaq çünki, iddiaçı artıq bu iddia tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdi. Bundan başqa,ən mühüm məsələ ondan ibarətdir ki, həmin mənzilə iddia qaldırarkən iddiaçının bacısı X8 da payı mövcud olduğu halda bunu iddiaçı nəzərə almamışdır. X8 payı müəyyən olunandan sonra payların mütənasibliyi tamamilə dəyişir.Bundan əlavə bu məhkəmənin qəbul etdiyi qərar ilə X8 mülkiyyət hüququ pozulur. X8 mübahisəli mənzili faktiki olaraq qəbul edib. Cavabdehlərin mübahisəli mənzili son yaşayış yeridir. Onların mülkiyyət hüququna xitam verilməsi tam araşdırılmış və ədalətli qaydada həll olunmalıdır. Onların mülkiyyət hüququna xitam verilməsi qanunaziddir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, müstəqil tələb irəli sürən üçünçü şəxslərin iddia tələbi təmin edilməməlidir.

23. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 iddia tələbinin təmin edilməsi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X23 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülsünlər və cavabdehlər tərəfindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X14 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneənin qadağan edilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilmişdir.

25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzilin 4/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir, 1/5 hissə açıq saxlanılmışdır.

26. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, cavabdehlər miras əmlakı orada yaşamaqla qəbul ediblər. Cavabdehlərin payları dövlət reyestrində qeydə alınmayıb. X9 payı nəzərə alınmayıb. Mübahisəli mənzil cavabdehlərin son mənzilidir.

27. Kollegiya qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzildə mülkiyyət payının olması işin mübahisəsiz halıdır.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Məcəllənin 141.1-ci maddəsində qeyd edilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. (Maddə 141.2.)

30. Mübahisə predmeti olan mənzildə cavabdehlər yaşayır. Cavabdeh3 mübahisə predmeti olan mənzilə gəlin gəlmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə onun övladlarıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlaka faktiki sahiblik edirlər.

31. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüququ vardır.

32. Belə ki, Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

33. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

34. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 tələbi Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qeydiyyatda olduqları və 4/5 hissəsi anaları İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilinə köçürülməkləri və evdən və ümumi istifadədə olan yardımçı otaqlardan (hamam, tualet və mətbəxt otaqları və s.) istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır.

35. Kollegiya müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinə münasibətdə isə rayon məhkəməsinin mövqeyi ilə razılaşmır.

36. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi çıxış edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən sonra yarandıqda mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll edilməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anası İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.Mənzil qanunvericiliyinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər uşaq deyillər, yektinlik yaşına çatmış şəxslərdir. Habelə, cavabdehlərin ailə üzvü deyillər.

38. Mülki Məcəllənin 28.2.-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

39. Kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının olması müəyyən edilmir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər.

40. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzil müstəqil tələb irəli sürən üçüncü şəxslərin nənəsi X7 mülkiyyətində olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərin isə uzun illərdir həmin mənzildə yaşayırlar.

41. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları olan iddiaçı da hazırda həmin mənzildə yaşamır. İddiaçının paylı mülkiyyət hüququna dayanaraq onun mənzilə köçürülmə barədə iddia tələbi təmin edilsə də bununla bağlı məhkəmə qətnaməsi hələ qanuni qüvvəsini almamışdır.

42. Apellyasiya şikayətinin digər dəlili odur ki, iclasın vaxtı barədə bildiriş göndərilməmişdir.

43. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən cavabdehlərin yaşadığı ünvana bildirş göndərilmişdir. Cavabdeh1 tərəfindən iddia ərizəsinə etiraz da təqdim edilmişdir (i.v.68).

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-414/2024 saylı qətnaməsi qismən – “müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülməsi və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X14 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneənin qadağan edilməsinin təmin edilməsi” hissəsində ləğv edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi təmin edilməməlidir.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-414/2024 saylı qətnaməsi qismən – “müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülməsi və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X14 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneənin qadağan edilməsi” hissəsində ləğv edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X10 iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar