Məhkəmə qərarları › İş №2(103)-5893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5893/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5893/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh qızı və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(010)-913/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızının ona aid (iddiaçıya) Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, onun Bakı şəhəri, Naximov küçəsi, ev 41, mənzil 21-də üç otaqlı evi olmuş və həmin evi 2012-ci ildə satmışdır. Həmin vaxt mübahisəli Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evini almışdır. Evin rəsmi sənədləri olmadığından bu günə kimi mübahisəli evə qeydiyyata düşə bilməmiş və özəlləşdirə bilməmişdir. Mübahisəsi olunan ev keçmiş sahibi tərəfindən 2011-ci ildə tikilmiş və təmiri 2012 ildə ev yaşamağa yararlı vəziyyətə təmir edilmişdir. Həmin ildə də o, və ailə üzvləri ilə köçüb yaşamışlar. Oğlu Ramil ilə cavabdeh 2013-cü ilin yanvar ayında tanış olmuşlar və cavabdeh 2013cü ilin aprel ayının 14-də mübahisəli evə gəlin gəlmişdir. Onlar ailə qurub onun evinə gələn vaxt onlarla belə bir razılaşması olub ki, cavabdeh və onun əri özlərinə ev alanadək onun (iddiaçının) evində yaşayacaqlar, onlar ev alandan sonra həmin evdən getməlidirlər. Son bir ildə demək olar ki, cavabdeh və onun əri ilə birlikdə yaşamaq qeyri-mümkün olmuşdur. Cavabdeh əri ilə boşanma barədə məhkəməyə ərizə verdikdən sonra mütəmadi olaraq onu alimenti ödəməklə, əks təqdirdə oğlunu həbs etdirməklə təhdid etmişdir. O cavabdehlə birlikdə yaşaya bilmədiyindən məcbur olub öz evindən çıxıb digər oğlunun evinə sığınmışdır. Mübahisəli ev onun (iddiaçının) şəxsi vəsaiti hesabına alındığından, texniki pasportu onun adına olduğundan, cavabdehin mübahisəli evə gəlin gələrkən onunla cavabdehin arasında nikah müqaviləsi bağlanmadığından və ən nəhayət cavabdehin onunla davranışından hesab edir ki, cavabdeh onun evində yaşaya bilməz. Cavabdeh yataqxanada qeydiyyatdadır, dövlət onun ailəsinin köçkün olmasını nəzərə alaraq onlara yataqxanada yaşamaq üçün yer ayırmışdır və cavabdeh qeydiyyatda olduğu yaşayış sahəsində yaşamalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(010)-913/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(010)-913/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə düzgün nəticəyə gəlməyib. Belə ki, ölkə ərazisində rəsmi qeydiyyata alınmayan yüz minlərlə daşınmaz əmlaklar var. Bu o deməkdir ki, istənilən mənzilə daxil olub mülkiyyətçinin iradəsi ziddinə yaşamaq olar. Göründüyü kimi hüququn prinsiplərinə ziddir. Şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs. Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evi yerləşən torpaq sahəsi ilə bağlı İddiaçı ilə Suraxanı rayon Bələdiyyəsi arasında bağlanmış müqavilə, həmçinin mülkiyyətçi İddiaçı ilə kommunal birliklər arasında bağlanmış xidmət müqaviləsi buna sübutdur. Gələcəkdə İddiaçı öz fərdi yaşayış evini dövlət qeydiyyatına almaq istədikdə, Cavabdeh qızı buna suni maneələr yaradacaq və iddiaçı öz mülkiyyətini qeydiyyata ala bilməyəcək. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X8 apellyasiya şikayətini müdafiə etdilər, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qızı və onun vəkili X2 apellyasiya şikayətini qəbul etmədilər, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(010)- 913/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatlarında qeyd etdilər ki, Cavabdeh qeyd olunan mənzilə 2012-ci ildə gəlin gəlmiş və iddiaçının oğlu ilə ailə qurduğu vaxtdan qeyd olunan mənzildə yaşamışdır. O, mənzildə bu günə kimi yaşamaqla, orada əsaslı təmir işləri aparıb. O, mənzilin döşəməsini vurub, pəncərələri dəyişdirib, divarları və evin damını təmir etdirib. Onun həmin mənzildə iki uşağı dünyaya gəlib. Uşaqlar oradan bağçaya, məktəbə getmişlər, poliklinikada qeydiyyatdadırlar. O məcburi köçkündür və hal-hazırda onun yaşamağa başqa yaşayış sahəsi yoxdur. İddiaçı özü evdən çıxıb getmişdir. Hal-hazırda o, başqa övladının yanında qalır. İddiaçının oğlu isə narkomandır və özü evdən çıxıb getmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: 22.02.2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi, İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh qızı və azyaşlı uşaqları 10.01.2014-cü il təvəllüdlü X9 və 30.12.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə qeydiyyatsız yaşayırlar. Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh qızı ünvan 1 ünvanında qeydiyyatdadır. 29.09.2020-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonu E.Qaranzadə adına 270 №-li orta tam məktəbi tərəfindən verimiş arayışdan müəyyən olunur ki, X9 və X10 1-ə sinifində təhsil alırlar. Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3ünvanında qeydiyyatdadır. 02.03.2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə qeydiyyatsız yaşayır. Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 ünvan 3 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh qızı arasında bağlanmış nikah 10.01.2021-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)4828/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh qızı ilə cavabdeh X11 arasında 12.04.2013-cü il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmış 519 nömrəli nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10.01.2014-cü il tarixdə anadan olmuşdur. X3, anası Cavabdeh qızıdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30.12.2014-cü il tarixdə anadan olmuşdur. X3, anası Cavabdeh qızıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh qızına məxsus Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. “Azəriqaz İB” və İddiaçı arasında 02 iyul 2018-ci il tarixdə qazdan istifadə ilə bağlı №AKX- 0007749/-7-2018 saylı müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 02.07.2018-ci il tarixdə elektrik enerjisindən istifadə ilə bağlı 162302 saylı müqavilə bağlanmışdır. Vergi ödəmələri ilə bağlı bildirişlərdən görünür ki, iddiaçı tərəfindən vergi ilə bağlı ödənişlər yerinə yetirilmişdir. “Azəriqaz İB” və Cavabdeh qızı arasında 14 aprel 2021-ci il tarixdə qazdan istifadə ilə bağlı №AKX-0292838/04-2021 saylı müqavilə bağlanmışdır. "xxxx" ASC və Cavabdeh qızı arasında 19 aprel 2021-ci il tarixdə sudan istifadə ildə bağlı müqavilə bağlanmışdır. Suraxanı rayon Hövsan Bələdiyyəsinin 08.09.2021-ci il tarixli, 01/125 saylı məktubundan görünür ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına heç bir hüquq müəyyənedici sənədlərin təsdiqi Hövsan Bələdiyyəsində qeydiyyata alınmamışdır. 2010-cu ildə Sahələrin inventarlaşması dövrü həyat yoldaşı vergi ödəyicisi kimi X5 qeydiyyata alınmışdır. X5 rəhmətə gedəndən sonra İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin ildən 2021-ci ilə kimi vergiləri İddiaçı ödəmişdir. Evdə mübahisə yarandığı üçün 2021-ci il üçün tədiyyə bildirişi verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ciil tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə-Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından və tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evi qanunsuz tikintidir və cavabdeh 2012-ci ildə həmin mənzilə gəlin köçmüş, ailəsi ilə birlikdə yaşamış və birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah pozulsa da, Cavabdeh qızı və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayırlar. Hazırda azyaşlı uşaqlar Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta məktəbdə təhsil alırlar. Cavabdeh həmçinin yaşadığı uzun müddət ərzində mənzildə əsaslı təmir işləri aparmasını bildirmiş, iddiaçı bunu təkzib edən sübutlar təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MM-nin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının çıxarılmasını tələb etdiyi cavabdeh mübahisəli yaşayış sahəsində uzun müddət olmaqla, hal-hazırda da yaşayır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum etməni tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, iddiaçı tərəf həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, cavabdeh həmin tikilidə uzun müddət olaraq yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən, iddiaçının cavabdehə qarşı törətdiyi məhrumetmə (yaşayış sahəsindən çıxarılması tələbi) qanunsuzdur. Qeyd edilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məxəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(010)- 913/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar