Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5895/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5895/2022 (Açar sözlər: “evə köçürülmə”) Bakı şəhəri 31 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(008)-3764/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur.
2. Birgə nikahlarından övladları olmamışdır.
3. 2017-2019-cu il tarixdə, yəni birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X6 yerləşən 3 otaqdan ibarət özbaşına tikili olan fərdi yaşayış evini tikərək orada məskunlaşmışlar.
4. 2020-ci il tarixdə cavabdeh tərəfindən məcburi olaraq sözügedən evdən çıxarılmışdır.
5. İddiaçı ilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah cavabdehin iddiası əsasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-435/2021 saylı qətnaməsi ilə pozulmuşdur.
6. İddiaçının və cavabdehin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mövsüm Sənani küçəsi, X11 (İdris Suleymanov) ünvanında qeydiyyatsız yaşamaları barədə Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə nümayəndəliyi xx.xx.2020-ci il tarixli aryış vermişdir.
7. İddiaçıya məxsus cehiz əşyaları həmin evdə qalmışdır.
8. Belə ki, Cavabdeh tərəfindən məhkəmədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X11, İdris Suleymanov küçəsində yerləşən və ona məxsus fərdi yaşayış evindən çoxsaylı cehiz əşyalarının çıxarılması barədə iddia ərizəsi vermişdir.
9. "xxxx" ASC-nin Abunə Haqqında hesabatından görünür ki, mübahisəli evə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır.
10. Həmçinin, QOOGLE xəritədən də görünür ki, mübahisəli ev 2014-cü ildə tikilməmişdir, yəni mövcud olmamışdır.
11. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Xanəli oğlunun vəsatəti əsasənda şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən evdə təmir işlərini görmüşdür, təmir işinə 2015-ci ilin əvvəli başlamış, ilin axırı bitirmişdir.
12. İddiaçının keçmiş qaynatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 dediyinə görə isə mübahisəli ev 2014-cü ildə onun tərəfindən tikilib, təmir edilərək hazır olmuşdur.
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X11 (İdris Süleymanov) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X11 (İdris Suleymanov) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2017-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, birgə nikah dövründə adıçəkilən evi birlikdə inşa edərək orada yaşamışdılar. 2020-ci ildə cavabdeh tərəfindən məcburi olaraq oradan çıxarılmışdır. Nikah cavabdehin iddiası əsasında pozulmuşdur. Bütün cehiz əşyaları həmin evdədir. Neçə vaxtdır ki, validyenlərinin yanında yaşamağa məcbur qalmışdır.
16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(008)- 3764/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X11 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət olunmuşdur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı məcburiyyətdən həmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, ev cavabdehə məxsusdur.
20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 27.1, 27.2, 27.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya Məhkəməsində icraat:
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(008)-3764/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya baxışı zamanı X1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
c) Apellyasiya şikayətinin dəlilləri:
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə gəldiyi nəticəyə görə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı tələbini bununla əsaslandırmışdır ki, guya həmin fərdi yaşayış sahəsi birgə nikahda olduqları dövrdə birgə vəsaitləri hesabına tikilmişdir. İddiaçı tərəf həmin halları təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə etməmiş, o cümlədən də məhkəmə gedişatında da hər hansı bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının izahatı ilə kifayətlənərək evin cavabdehə məxsus olması, birgə nikah dövründə tikilməsi qənaətinə gəlmiş, həmçinin də öz qətnaməsini MPM-nin 14 və 77–ci maddələri ilə (məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) əsaslandırmışdır. Sual doğurur ki, görəsən iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsumu, şəxsiyyət vəsiqəsinin surəti, MAPS arayışı və boşanma qətnaməsi ilə öz tələbini necə sübuta yetirə bildi? İkinci sual da ondan ibarətdir ki, məhkəmə sadaladığı bu sübutlarla necə araşdırma apardı, onlardan necə istifadə etdi ki, evin birgə nikah dövründə, birgə vəsait hesabına tikildiyi qənaətinə gəldi? Halbu ki, ev birgə nikahdan əvvəl atası tərəfindən tikilmiş, evin tikilmə tarixini sübut edəcək foto şəkillər, tikintidə iştirak etmiş ustalar, materialların sifariş edildiyi mağazaların sahibləri, torpağın illər əvvəl alınmasını sübut edəcək bələdiyyə qərarı, həmin torpaq sahəsinin bir qisminin atasına ayrılması barədə notarial sənədin surəti mötəbər sübutlardır ki, ev birgə nikahdan əvvəl atası tərəfindən inşa edilmişdir və ona məxsus deyildir. Məhkəmə tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlmişdir, əvvəla iddiaçının köçməsini istədiyi ev birgə nikah dövründə deyil, ondan əvvəl inşa edilmişdir və iddiaçı gəlin gələrkən artıq ev hazır vəziyyətdə idi. Məhkəmə tərəflərin hüquq münasibətlərinin 2017-ci ildə yaranmasına baxmayaraq səhv nəticəyə gəlmiş, tərəflərin hüquq münasibətlərinin yaranma tarixinə diqqət etməmiş, bundan əlavə də evin hər hansı bir hüquq müəyyənedici sənədi olmasa belə evin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır və məhkəmə 3-cü şəxsləri işə cəlb etmədən onların hüquqlarına toxunan qətnamə qəbul etmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən onların məhkəmə prosesində iştirakları məqsədyönlü şəkildə təmin edilmədiyindən məhkəmədə iştirak etməmiş və bu səbəblə də heçbir sübut təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Rövşən oğlunun vəkili və nümayəndəsi Nümayəndə Xanlar oğlu apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı verilən suallara cavabında bildirmişdir ki, onu 2017-ci ildə ailə quranda İsmayıllı rayonuna gəlin aparmışlar, keçmiş əri Soltanov X4 Hallar Nazirliyində işlədiyindən və işiini dəyişə bilmədiyindən bir neçə ay sonra İsmayıllı rayonundan Bakıya gəlmişlər.Cehiz əşyaları qaynı Şəmistanın evində yerləşdirilmişdir.Atası həmin qaynının evinə yaxında mübahisəli evin tikintisinə pul vermişdir ki, sözügedən ev tikilsin.Beləliklə, mübahisəli ev onun atasının verdiyi pul və cavabdehin pul vəsaiti hesabına 2017-2019-cu ildə tikilmişdir.Nəhayət ev 2019-cu ildə hazır olmuş və o, cehiz əşyalarını da tikilən həmin evə yığaraq keçmiş əri, yəni cavabdehlə birgə yaşamışdır.2020-ci ildə cavabdeh onu məcburi şəkildə evdən çıxarmışdır.Bunu Sabunçu rayonu Polis İdarəsinin 12 may 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” Qərarı da təsdiq edir.Halbuki mübahisəli ev onunla cavabdehin nikahından sonra, yəni 2017-2019-cu ildə birgə vəsait hesabına tikilmişdir.Əgər 2014-cü ildə mübahisəli ev hazır olsa idi, keçmiş qaynatasının dediyi kimi keçmiş əri onlar ailə qurduqları 2017-ci ildə Bakıdan İsmayıllıya işə gedib-gəlməzdi, elə həmin evdə qalardılar, ya da cehiz əşyalrı qaynının evinə yığılmazdı.Mübahisəli evin 2019-da hazır olması "xxxx" ASC-nin Abunə Haqqında hesabatından da görünür.Belə ki, mübahisəli evə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır.Həmçinin, QOOGLE xəritədən də görünür ki, mübahisəli ev cavabdeh və onun keçmiş qaynatası dediyi kimi 2014-cü ildə tikilməmişdir.
28. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsini Bələdiyyə qərarı əsasında X9 almış, 30 illik etibarnamə əsasında ona satmışdır.Böyük oğlu Bakıda mübahisəli torpağa yaxında yaşayır.5 otaqlı evi var.O özü İsmayıllı rayonundan gəlmiş və böyük oğluna yaxın yerdə həmin torpaq sahəsini almışdır. Torpaq sahəsi Kürdəxanı qəsəbəsində yerləşir. Gəlini, yəni cavabdeh İddiaçı İsmayıllı rayonuna gəlin köçmüşdür.İkinci oğlu, yəni Nərgizin keçmiş əri Soltanov X4 Hallar Nazirliyində işləyir, işiini dəyişə bilmədiyindən gəlini İddiaçı 2017-ci ildə İsmayıllı rayonundan Bakıya köçmüşdür.İddiaçı böyük oğlu Şəmistanın evinə köçərək orada yaşamışdır.Nərgizin cehiz əşyaları toydan sonra oğlu Şəmistanın evinə yığılmışdır. Sonralar, Nərgiz böyük gəlini ilə yola getmədiklərindən o evdən çıxmışdır. Şəmistanın evi 2012-ci ildə tikilmişdir. Sözügedən evi isə 2014-cü ildə tikildiyini bildirmişdir.Gəlini Nərgiz onlarla da yola getmədiyini, ayrı yaşamaq istədiyini bildirmişdir.
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Xanəli oğlunun ərizəsi əsasənda şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflərlə qohumluğu yoxdur. Adil Soltanovu tanıyır.Sözügedən evdə təmir işlərini görmüşdür.Təmirin kvadratını 3-5 manatdan hesablamışdır.3 otaq - kuxna, hamam və tualet təmir etmişdir.Təmir işinə 2015-ci ilin əvvəli başlamış, ilin axırı bitirmişdir.Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 işdə olan fotoşəkillər əsasında təmir işlərini gördüyünü qeyd etdiyi mübahisəli evin harada yerləşdiyini göstərə bilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır;
31. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqularını itirməmiş valideynlərin yaşayış yeri sayılır;
32. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
33. 180.1-ci maddəsinə əsasən maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
Azərbaycan Respublikası Konstitusiyası:
35. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.1-ci apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
47. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Belə ki, məhkəmə Kollegiyasının iclasında iddiaçının və keçmiş qaynatasının izahatından müəyyən olunmuşdur ki, İddiaçı 2017-ci ildə ailə quranda onu İsmayıllı rayonuna gəlin aparmışlar, keçmiş əri Soltanov X4 Hallar Nazirliyində işlədiyindən və işiini dəyişə bilmədiyindən bir neçə ay sonra İsmayıllı rayonundan Bakıya gəlmişlər.Cehiz əşyaları qaynı Şəmistanın evində yerləşdirilmişdir.İddiaçı qaynının evinə yaxında mübahisəli evi cavabdehlə birgə nikah dövründə tikmişlər.Beləliklə, mübahisəli ev tərəflərin nikahda olduğu vaxtda, yəni 2017- 2019-cu ildə tikilmişdir.Nəhayət ev 2019-cu ildə hazır olmuş və iddiaçı cehiz əşyalarını da tikilən həmin evə yığaraq keçmiş əri, yəni cavabdehlə birgə yaşamışdır.2020-ci ildə cavabdeh onu məcburi şəkildə evdən çıxarmışdır.Bunu Sabunçu rayonu Polis İdarəsinin 12 may 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” Qərarı da təsdiq edir.Halbuki mübahisəli ev iddiaçı ilə cavabdehin nikahından sonra, yəni 2017-2019-cu ildə birgə nikah dövründə tikilmişdir.
50. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının keçmiş qaynatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 dediyi iş materialları ilə təkzib olunmaqla bərabər, ağlabatan dəlillərə söykənmir.
51. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, əgər 2014-cü ildə mübahisəli ev hazır olsa idi, iddiaçının keçmiş qaynatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 dediyi kimi iddiaçının keçmiş əri onlar ailə qurduqları 2017-ci ildə Bakıdan İsmayıllıya işə gedib-gəlməzdi, elə həmin evdə qalardılar, ya da cehiz əşyalrı qaynının evinə yığılmazdı.Mübahisəli evin 2019-cu ildə hazır olması "xxxx" ASC-nin Abunə Haqqında hesabatından da görünür.
52. Belə ki, mübahisəli evə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır.
53. Həmçinin, QOOGLE xəritədən də görünür ki, mübahisəli ev cavabdeh və onun keçmiş qaynatası dediyi kimi 2014-cü ildə tikilməmişdir, yəni mövcud olmamışdır.
54. Beləliklə, mübahisəli ev tərəflərin nikahından sonra, yəni 2017-2019-cu ildə tikilmişdir.Nəhayət ev 2019-cu ildə hazır olmuş və iddiaçı cehiz əşyalarını da tikilən həmin evə yığaraq keçmiş əri, yəni cavabdehlə birgə yaşamışdır.2020-ci ildə cavabdeh onu məcburi şəkildə evdən çıxarmışdır.
55. Göründüyü kimi, iddiaçı məcburiyyətdən həmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, ev cavabdehə məxsusdur.
56. Bundan başqa məhkəmə Kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Xanəli oğlunun vəsatəti əsasənda şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən evdə təmir işlərini görmüşdür, təmir işinə 2015-ci ilin əvvəli başlamış, ilin axırı bitirmişdir.Halbuki, iddiaçının keçmiş qaynatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 dediyinə görə isə mübahisəli ev 2014-cü ildə onun tərəfindən tikilib, təmir edilərək hazır olmuşdur.
57. Həmçinin, məhkəmə Kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 işdə olan fotoşəkillər əsasında təmir işlərini gördüyünü qeyd etdiyi mübahisəli evin harada yerləşdiyini göstərə bilməmişdir.
58. Beləliklə, şahid ifadəsi cavabdehin vəkilinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatları ilə ziddiyyət təşkil etmişdir.
59. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.(MPM-in 106.1-ci maddəsi)
60. Ttikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi)
61. Özbaşına inşa edilmiş mübahisəli ev iddiaçının və cavabdehin yaşayış yeri olmuşdur.Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var.
62. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.
63. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
64. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
65. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
66. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
67. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
68. Məhkəmə, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
69. Beləliklə, məhkəmə kollegiyası mübahisəli evin özbaşına tikinti olmasını, həmin evin tərəflərin birgə nikahı dövründə inşa olunmasını, tərəflərin birlikdə orada yaşamasını, hazırda cavabdehin iddiaçıya qarşı həmin evdə yaşamalarına maneə törətməsini nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
70. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X11 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(008)- 3764/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.