Məhkəmə qərarları › İş №2(103)-5897/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5897/2021

09.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5897/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi (qardaşı) X2 iştirakı ilə İddiaçı X1 Cavabdeh BOKT ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 Cavabdeh BOKT ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı 25.02.2021-ci il tarixli qərardadı ilə ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı X3 məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 23 aprel 2021ci il tarixli qərardadı ilə X1 şikayəti adı çəkilən şəxsin qərardadı 16.03.2021-ci il tarixdə almış olması və müddəti ötürməklə şikayət verməsi əsas göstərilməklə geri qaytarılmışdır. Həmin qərardaddan X1 verdiyi şikayət də məhkəmənin 16 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, iş materiallarında qətnamənin ona çatdırılmasına dair poçt xəbərnaməsi olsa da, həmin xəbərnamədəki imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilini müdafiə edərək qərardadı indiyədək almadıqlarını bildirmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdehin nümayəndəsi isə məhkəməyə səbəbləri barədə məlumat vermədən gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş iddiaçının irəli sürdüyü dəlilin araşdırılması və şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olubolmadığı məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətdə, qeydiyyatda olmaqla yaşadıqlarını, iş materiallarında olan “qətnamənin onlar tərəfindən qəbul edilməsi barədəki qəbzlər”də olan imzaların heç birinin onlara aid olmadığını, bütün bu halların isə məhkəmə tərəfindən aydınlaşdırılmadan, şikayətin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2208/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadı 10.03.2021-ci il tarixdə rabitə orqanına təhvil verilmiş, Almaz Təhməzovaya ünvanlanmış korrespondensiya 16.03.2021-ci il tarixdə Almaz Təhməzovaya çatdırılmışdır. Yuxarıda qeyd olunduğu kimi, Almaz Təhməzova ona göndərilmiş qərardadı almadığını və müvafiq poçt qəbzindəki imzanın ona məxsus olmadığını iddia etməkdədir. Beləliklə, iş üzrə sübut olunmalı hal qərardadın sözügedən poçt qəbzində göstərildiyi kimi 16.03.2021-ci il tarixdə Almaz Təhməzovaya verilib-verilmədiyidir və kollegiya hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı olduğundan iddiaçıya həmin halla bağlı sübutlarını təqdim etmək imkanı yaradılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 23 aprel 2021ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddiaçının irəli sürdüyü dəlilin araşdırılması və şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar