Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5898/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin görməli olduğu iş üçün iddiaçının ona ödədiyi 4.199 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. İddia ərizəsində məhkəmə xərclərinin ödənilməsi də tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əssassız olduğunu bildirdi. Apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, 2018-ci ilin əvvəllərində iddiaçı ilə cavabdehin arasında əldə oldunmuş razılaşmaya əsasən cavabdehə hissə-hissə 4.199 manat pul verilib. Cavabadeh bu pulun müqabilində üzərinə öhdəlik götürüb ki, iddiaçı üçün “şirin su” mobil proqramı hazırlayacaq. Həmin proqram əsasında müştərilər mobil tətbiqi yükləməklə su sifariş etmək imkanı əldə edəcəkdilər. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, onun hazırladığı mobil tətbiq hər telefonda axtarışda çıxmır, çıxmış olsa da həmin tətbiqdən istifadə etmək mümkün deyil, o, açılmır. Cavabdeh isə iddiaya etiraz edir. Etirazın 2 əsası var. 1-ci, cavabdeh bildirir ki, iddiaçı ilə (hüquqi şəxslə) heç bir razılaşması olmamış, Elşad Əliyev adlı şəxslə razılaşaraq həmin proqramı hazırlamışdır, proqramın hazırlanması barədə sifarişi də ona Elşad Əliyev adlı şəxs verib. 2-ci, cavabdeh bildirir ki, öz öhdəliyini lazımi qaydada yerinə yetirib, hazırladığı proqram işlək vəziyyətdədir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı (hüquqi şəxs) ilə cavabdehin arasında həmin işin icra edilməsi (mobil poqramın hazırlanması) barədə podrat müqaviləsi bağlanmayıb. Mülki Məcəllənin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Lakin iddiaçı (hüquqi şəxsin) cavabehə oferta göndərdiyini təsdiq edən sübut yoxdur. Bu isə onu təsdiq edir ki, tərəflərin arasında müqavilə yoxdur. Müqavilə yoxdursa, deməli, müqavilə öhdəliyi də yoxdur. Hazırkı iddia tələbi müqavilə öhdəliyinin pozulması faktına əsaslanır. Müqavilə öhdəliyi olmadığına görə belə bir öhdəliyin pozulması mümkün deyil. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5898/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5898/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver