Məhkəmə qərarları › İş №2(103)-5898/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5898/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5898/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X16 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(003)- 2266/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X12 arasında 04 iyul 2002-ci il tarixdə nikah bağlanmışdır.

2. Naxçıvan Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X12 arasında olan nikahın pozulması qət edilmişdir.

3. 15 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, X9 adından DƏDRX-nin ərazi İdarəsi tərəfindən verilmiş 26 noyabr 2008-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən məxsus olan Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 3 ha torpaq sahəsinin 300 kv.m-nin icarə hüquqlarına dair zəruri sənədləri toplamağı tikinti işləri aparmağı, təyinatı üzrə istifadə etməyi, icarə müqaviləsi bağlamağı 19 iyun 2062-ci il tarixədək X1 Aslan Kazım oğluna etibar edilmişdir.

4. Sabunçu RPİ-nin 12-ci PŞ-nin 24 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh müəyyən edilərək İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunmuşdur.

5. Həmin qərardan görünür ki, izahatı alınmış vətəndaş İddiaçı1 izahatında əri Cavabdeh dəfələrlə övladlarının onu döyməsinin şahidi olduğunu, mübahisələrinin səbəbinin maddiyyat ilə əlaqədar olduğunu, dəfələrlə onu döyüb xəsarət yetirdiyini, ailəyə heç bir maddi yardım göstərmədiyini, pul yığaraq özünə avtomobil almağı tələb etdiyini, lakin ev üçün heç bir maddi köməklik etmədiyini, Aslanın “Nur” çörək zavodunda sürücü vəzifəsində işlədiyini, onun bankdan kredit götürüb özünə avtomobil almağı bəhanə etdiyini, lakin bu günə qədər avtomobil almadığını, aldığı əmək haqqının krediti ödədiyini, övladlarının atalarından gündəlik xırda pul istədiyi zaman onlara kobudluq etdiyini, verilən suallara cavab olaraq 02 dekabr 2022-ci il tarixdə və 03 dekabr 2022-ci il tarixdə avtomobilin yan güzgüsü ilə sinəsindən vurduğunu bildirmişdir. Araşdırma gedişində izahatı alınmış vətəndaş Cavabdeh izahatında 32 ildir ki, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yaşadığını Gülşən ilə birgə nikahdan iki övladının dünyaya gəldiyini, mütəmadi olaraq mübahisələrinin olduğunu, lakin verilən suallar zamanı onu döymədiyini, sadəcə olaraq əsəbi olub avtomobilin güzgüsünü yerə atdığı zaman Gülşənə dəydiyini bildirmişdir.

6. 05 iyul 2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 03 sentyabr 2020-ci il tarixdən 26 noyabr 2020-ci il tarixə qədər "xxxx" MMC-də satıcı vəzifəsinə çalışmışdır.

7. 07 iyul 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı1, Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən (çıxarış **********) 250 kv.m torpaq sahəsini və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqlı fərdi yaşayış evini X4 40000 manata satmış və həmin məbləği tam olaraq almışdır.

8. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən də Babək rayon Zeynəddin kəndində nikahdan əvvəl aldığı torpaq sahəsində yaşayış evi tikmiş və Bakı şəhərinə köçəndən sonra həmin həyətyanı sahədə olan evi və həyətyanı sahəni X2.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, övladları İddiaçı2 və X7 Bakı şəhəri Xəzər rayonu Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 övladları İddiaçı2 və X10 ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri Xəzər rayonu Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evində yaşamışlar. Belə ki, 04 iyul 2002-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahları pozulduqdan sonra Cavabdeh ailəsi ilə birlikdə illərdir ki, yaşadıqları, birgə inşa etdikləri fərdi yaşayış evinə onları buraxmır. Onların həmin evdə yaşamaqlarına maneə yaradır. Halbuki, 2020-ci il tarixində Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən sözügedən fərdi yaşayış evini Cavabdeh ilə birgə tikmişlər, tikintisi üçün birgə əziyyət çəkmişlər. Sözügedən iki mərtəbəli fərdi yaşayış evinin tikilib başa çatması zamanı o da əmək sərf etmiş, evin tikilib başa çatması zamanı birgə çalışmışlar. Hətta, övladı İddiaçı2 orta məktəbdə oxuduğu müddətdə paralel olaraq işləmiş, əmək haqqısını da məhz evin tikintisi üçün xərcləmişdir. Göründüyü kimi, evin tikilməsində əziyyətləri olmuşdur, belə olan halda hər birinin həmin evdə yaşamağa hüquqları vardır. Cavabdeh onları Bakı şəhəri Xəzər rayonu Südçülük savxozunda yerləşən fərdi yaşayış evində yaşamaqlarına maneə olur, hər vəchlə fərdi yaşayış evində yaşamaqlarının qarşısını almağa çalışır. Hətta, həmin fərdi yaşayış evində yaşamaq istədikdə onları evə buraxmaması səbəbindən mübahisə yaranmış, onları qovmuşdur, bundan sonra tərəflərindən hüquq mühafizə orqanına müraciət olunmuşdur. Belə olan halda, pozulmuş hüquqlarının bərpa edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, İddiaçı1, eyni zamanda övladları İddiaçı2 və X5 Bakı şəhəri Xəzər rayonu Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülmələri qanunauyğun hesab edilir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(003)- 2266/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev iddiaçı Gülşən Şahsuvarovla Cavabdeh birgə nikah dövründə - cavabdeh eləcə də iddiaçı Gülşən Şahsuvarovla yanaşı digər İddiaçı2 da vəsaiti hesabına tikilmiş, faktiki olaraq mövcuddur və hazırda yaşayış sahəsi kimi istifadə olunur. İddiaçılar istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçıların evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə bir-birindən təcrid olunmuş 300 kv.metr torpaq sahəsi üzərində birinin sahəsi 130 kv.metr, 2-ci evin sahəsi 50 kv.metr qanunsuz tikili olan yaşayış evlərini birgə nikah dövründə tikmişlər. İddiaçıların yaşadıqları 50 kv.metr sahəsi olan yaşayış evi istifadə üçün tam yararlıdır və iddiaçılar həmin evdə bir ilə yaxındır ki, yaşayırlar. Onun yaşadığı 130 kv.metr olan yaşayış evi 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə bir salon, bir mətbəx, bir hamam-tualetdən, ikinci mərtəbə isə qapıları olmayan 3 otaqdan və istismara hazır olmayan hamam-tualetdən ibarətdir. Həmçinin yaşadığı bu evin istilik sistemi yoxdur. Məhkəmədə işə baxılarkən oğlu Ərşadı evdən çıxarmadığını bildirmişdir, istədiyi vaxt o yaşadığı evə gələrək həmin evdə yaşayabiləcəyini qeyd etmişdor. Məhkəməyə yazdığı etiraz ərizəsində də etirazı yalnız Gülşənə olmuşdur.Gülşənlə onun münaqişəli olmağını təsdi qedən Polis orqanı tərəfindən qəbul edilmiş qərar Gülşənin özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosesində yaşadığıqlar evləri 90000 manata alıcısı olduğunun, həmin evləri sataraq 40000 manatın ona, 50000 manatın isə Gülşənə verəcəyini bildirsə də Gülşən bununla razılaşmamışdır. Bundan başqa, Südçülük sovxozu ərazisindən X17 özünə məxsus 200 kv.metr torpaq sahəsi üzərindən ümumi sahəsi 110 kv.metr sahəsi olan yaşayış evini onun təklifi əsasında onların evlərlə dəyişmək və əlavə olaraq 40000 manat pul ödəyəcəyinə razılaşsa da məhkəmə prosesində Gülşən bu təkliflə də razılaşmamışdır. Onun əsas məqsədi onu evdən müəyyən yollarla çıxarmaq və ya tutdurmaq və hər iki evi ələ keçirməkdir. Birgə nikah dövründə tikdikləri Gülşənin faktiki yaşadığı yaşayış evinə baxış keçirilməsi ilə bağlı vəsatəti təmin edilməmiş, Gülşənin səs yazısı cd tətbiq olunaraq qiymətləndirilməmiş, Ərşadın onun yaşadığı evdə onunla yaşamaq istəmədiyini izahatında bildirsə də məhkəmə həmin izahatı da nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apllyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəilləri ilə razı olmpadıqlarını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər.

19. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirilmiş müəyyən olunmuşdur ki, 300 kv.metr torpaq sahəsi üzərində sahəsi 130 kv.metr və 50 kv.metr olan yaşayış evləri mövcuddur. Həmin yaşayış evləri bir – birindən təcrid olunmuşdur. Sahəsi 130 kv.metr olan yaşayış evi 2 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə zal, mətbəx, hamam-tualet, 2-ci mərtəbəlz 3 otaq və hamam-tualet vardır. Sahəsi 50 kv.metr olan yaşayış evi 1 mərtəbəlidir, orada İddiaçı1 və İddiaçı2, sahəsi 130 kv.m olan yaşayış evində isə Cavabdeh yaşayır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.1. Mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır; Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti ilə qətnamə bütövlüklə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

29. İşdən görünür ki, tərəflər birgə nikah dövründə olarkən Bakı şəhəri Xəzər rayonu Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evi 2020-ci il tarixdə inşa edilmişdir.

30. İddiaçı tələbini əsaslandırarkən ona istinad etmişdir ki, evin tikilməsi zamanı onun da maddi dəstəyi olmuşdur. Belə ki, Ramana qəsəbəsində özünə məxsus torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini 40000 manata satmış və əldə edilən vəsait hesabına mübahisəli evi tikmişlər. Bununla yanaşı həmin evin tikilməsi zamanı oğlu - digər İddiaçı2 da maddi köməkliyi olmuşdur.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, yaşadıqları ərazidə bir-birindən təcrid olunmuş 300 kv.metr torpaq sahəsi üzərində birinin sahəsi 130 kv.metr, ikinci evin sahəsi 50 kv.metr qanunsuz tikili olan yaşayış evləri mövcuddur. Cavabdehlər hazırda ikinci evdə yaşayırlar.

32. İddiaçıların köçürülməsini tələb etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.

33. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Hazırkı iş üzrə qeyd olunan xüsusatlar işin mübahisələndirilməyən hallarıdır.

34. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Apellyasiya şikayətində qeyd olunan hallar şəxsin evdən qanunsuz olaraq məhrum edilməsinə əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

35. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa,onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır.

36. Bundan başqa məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin tək olaraq 130 kv.m, iddiaçıların isə sahəsi 50 kv.m olan evdə yaşamaları ədalətli hesab edilə bilməz.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(003)- 2266/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(003)- 2266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar