Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5898/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3748/2024 saylı, 26 avqust 2024cü il tarixli qərardadından cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi də (nümayəndəsi və vəkili Vəkil2) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 manat məbləğində yaşayış müavinətinin tam məbləğinin İddiaçı tutularaq Şirkətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3748/2024 saylı, 26 avqust 2024cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 155.1 və 156.1-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırıb ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Cavabdehin təqdim etdiyi qarşılıqlı iddia ərizəsindən görünür ki, cavabdeh müvafiq iddiasını MPM-in 156.1.3-cü maddəsini vurğulamaqla məhz həmin əsas üzrə verildiyini nəzərə çatdırır. Qarşılıqlı iddia şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 manat məbləğində yaşayış müavinətinin qaytarılması barədə olmaqla, onun hazırki iddia tələbi olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə qarşılıqlı əlaqəsi yoxdur və hazırki qarşılıqlı iddia tələbi ilkin iddiaya qarşı yönəlməyib. Eyni zamanda, mülkiprosessual qanunvericilikdə sözügedən iddia tələblərinə baxılmasının prosessual müddətləri müxtəlif qaydada müəyyən edilməklə onlara birlikdə baxılması mübahisələrin daha tez və düzgün baxılması ilə nəticələnməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən məhkəmə işə bərpa məsələsinə dair işlərə onların daxil olduğu vaxtdan 2 ay müddətində baxır. Göründüyü kimi müvafiq tələbə məhkəmə tərəfindən 2 ay ərzində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Bu xarakterli işlərə baxılması üçün məhkəmənin qərardadı ilə müddətin uzadılması da nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə vurğulayır ki, qanunvericiliyin istinad olunan tələbini (o cümlədən işin məhkəmənin icraatına xx.xx.2024-cü il daxil olmasını), habelə müvafiq işlərə baxılması üçün qanunla 2 ay müddətinin müəyyən olunmasını, qarşılıqlı iddia ərizəsinin tam hazır şəkildə (rüsumu ödənilməklə) xx.xx.2024-cü il tarixdə verilməsi və işə baxılma müddətinin bitməsinə iki həftə qalması nəzərə alınmaqla, qarşılıqlı tələb kimi irəli sürülən pulun qaytarılması ilə bağlı məsələnin araşdırılması kifayət qədər vaxt tələb edir və hazırkı icraat çərçivəsində həmin məsələnin araşdırılması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ilə qarşlıqlı iddia ərizəsinin hər hansı bir əlaqəsi olmadığından və ilk iddia ilə bağlı işə baxılması müddəti məhdud olduğundan cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməlidir. Cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (nümayəndəsi və vəkili Vəkil2) şikayət verərək qərardadın ləğv edilməsini, qarşılıqlı iddianın icraata götürülüb hər iki iddiaya birlikdə baxılmasını xahiş edib şikayətində göstərir ki, iddiaçı qismində məhkəməyə müraciət edən Rusiya vətəndaşı İddiaçı ilə “X2 İnternatıonal LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 04 may 2023-cü il tarixində əmək müqaviləsi bağlanılmışdır. İddiaçı üçün Şirkət tərəfindən 24 yanvar 2023-cü il tarixində alınmış iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitmiş, şəxs ilə bağlanmış əmək müqaviləsinə məhz iş icazəsinin müddətinin bitməsi səbəbi ilə “əmək müqaviləsinin müddətinin qurtarması" əsası ilə xitam verilmişdir. İddiaçı 2024-cü ildə ərizə ilə (ı) əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin ləğv edilməsi; (ıı) işə bərpa və (ııı) məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbləri ilə məhkəməyə müraciət etmişdir. Tələblərin məzmunundan göründüyü kimi, bu iddia ərizəsi yalnız işə bərpa ilə deyil, həmçinin, pul tələbi ilə bağlıdır. Tərəflərindən İddiaçı təqdim etdiyi iddia ərizəsinə qarşılıq olaraq İddiaçınin ona Şirkət tərəfindən mənzil kirayəyə götürməsi üçün verilmiş ümumilikdə 16,380 AZN (on altı min üç yüz səksən manat) məbləğində yaşayış müavinətinin təyinatı üzrə istifadə olunmaması səbəbi ilə Şirkətə geri qaytarılması üçün qarşılıqlı iddia ərizəsi ilə 30 iyul 2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata aşağıdakı əsaslarla qəbul edilməmişdir: (a) məhkəmənin icraatında olan iddia ərizəsi ilə qarşılıqlı iddia ərizəsinin hər hansı bir əlaqəsi yoxdur; İlk iddia ilə işə baxılması müddəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.1ci maddəsinə əsasən məhduddur. Aşağıda göstərilən hallara əsasən, hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli və İddiaçı tərəfindən Şirkətə qarşı verilmiş əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə birlikdə baxılmalıdır. İlkin iddia ilə qarşılıqlı iddia arasında əlaqə vardır: Qarşılıqlı iddia İddiaçı-yə əmək haqqına əlavə kimi ödənilmiş yaşayış müavinətinin təyinatı üzrə istifadə edilmədiyi üçün geri qaytarılması ilə bağlıdır. Qeyd olunduğu kimi, bu, hər hansı bir pul tələbi deyil, məhz əmək haqqında əlavənin geri qaytarılması ilə bağlıdır. Həmçinin, şəxs tərəfindən Şirkətə qarşı verilmiş iddia tələblərindən biri də məhz pul tələbi olduğu üçün hər iki iddia arasında qarşılıqlı əlaqə vardır və birlikdə baxıla biləndir. Qarşılıqlı iddia icraata götürüləcəyi halda ilkin iddianın baxılması üçün müəyyən edilmiş müddət ötürülmür. Əvvəldə də qeyd olunduğu kimi, İddiaçı tərəfindən verilmiş iddia yalnız işə bərpa deyil, həmçinin, pul tələbi ilə bağlıdır. Şəxs xarici ölkə vətəndaşı olduğu üçün ona qarşı ayrı bir iddia tələbinin verilməsi prosesi qəlizləşdirir. Qeyd edildiyi kimi İddiaçı-nin iş və müvəqqəti yaşayış icazəsinin müddəti 24 yanvar 2024-cü ildə bitmişdir. Bilindiyi qədərilə şəxs hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərmir. Bu səbəbdən, İddiaçı-yə qarşı ayrı bir icraatda iddia tələbi qaldırmaqları aşağıdakı səbəblərdən mümkün deyildir: (i) şəxsin məlum sonuncu yaşayış ünvanının müəyyən edilməsinin çətinliyi; və hətta sonuncu yaşayış ünvanını müəyyən etmək mümkün olsaydı belə şəxsin məhkəmə prosesində iştirakının təmin edilməsindəki və gələcəkdə məhkəmə qərarının icrasındakı çətinliklər. Odur ki, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3748/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərib ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 manat məbləğində yaşayış müavinətinin qaytarılması barədə olmaqla, onun hazırki iddia tələbi olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə qarşılıqlı əlaqəsi yoxdur və hazırki qarşılıqlı iddia tələbi ilkin iddiaya qarşı yönəlməyib. Eyni zamanda məhkəmə hesab edir ki, mülki-prosessual qanunvericilikdə sözügedən iddia tələblərinə baxılmasının prosessual müddətləri müxtəlif qaydada müəyyən edilməklə onlara birlikdə baxılması mübahisələrin daha tez və düzgün baxılması ilə nəticələnməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən məhkəmə işə bərpa məsələsinə dair işlərə onların daxil olduğu vaxtdan 2 ay müddətində baxır. Göründüyü kimi müvafiq tələbə məhkəmə tərəfindən 2 ay ərzində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Bu xarakterli işlərə baxılması üçün məhkəmənin qərardadı ilə müddətin uzadılması da nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə vurğulamışdır ki, qanunvericiliyin istinad olunan tələbini (o cümlədən işin məhkəmənin icraatına xx.xx.2024-cü il daxil olmasını), habelə müvafiq işlərə baxılması üçün qanunla 2 ay müddətinin müəyyən olunmasını, qarşılıqlı iddia ərizəsinin tam hazır şəkildə (rüsumu ödənilməklə) xx.xx.2024-cü il tarixdə verilməsi və işə baxılma müddətinin bitməsinə iki həftə qalması nəzərə alınmaqla, qarşılıqlı tələb kimi irəli sürülən pulun qaytarılması ilə bağlı məsələnin araşdırılması kifayət qədər vaxt tələb edir və hazırkı icraat çərçivəsində həmin məsələnin araşdırılması mümkün deyildir. Şikayətin “qarşılıqlı iddianın Umrikhin Dmitriyə əmək haqqına əlavə kimi ödənilmiş yaşayış müavinətinin təyinatı üzrə istifadə edilmədiyi üçün geri qaytarılması ilə bağlı olması, şəxs tərəfindən Şirkətə qarşı verilmiş iddia tələblərindən birinin də məhz pul tələbi olduğu üçün hər iki iddia arasında qarşılıqlı əlaqənin olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazrıkı mülki iş üzrə əsas tələb əmrin ləğvindən ibarətdir ki, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi törəmə tələb olmaqla, əsas tələbin təmin olunmasından asılı olaraq ondan irəli gəlir. Bu baxımdan qarşılıqlı iddiada irəli sürülən tələbin ilkin əsas tələblə qarşılıqlı əlaqəsi müəyyən edilmir. Məhkəmə cavabdehin şikayətinin “qarşılıqlı iddia ərizəsinin vaxtında - xx.xx.2024cü il tarixdə verilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməməsinin əsasını onun MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməməsi təşkil etmir. Qarşılıqlı iddia qanunvericilikdə nəzərdə tutulmuş 20 günlük müddət ərzində verilsə də, dövlət rüsumu ödənilmədən məhkəməyə təqdim edilmişdir (bu nöqsan xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh tərəfə bildirilmişdir). İşdə olan mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu xx.xx.2024-cü il tarixdə (məhkəmə iclasından sonra) ödənilmiş, lakin müvafiq qəbz elektron sistemə daxil edilməyərək, yalnız məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında təqdim edilmişdir ki, bu da qarşılıqlı iddianın tam hazır şəkildə xx.xx.2024-cü il tarixində verilməsini təsdiq edir. Həmin tarixdən sonra isə işə baxılması müddətinin bitməyinə iki həftə qalması (həmin kateqoriya işlər üçün işə baxılma müddətinin uzadılmasının nəzərdə tutulmaması) cavabdehin qarşılıqlı iddiasının icraata götürülməsinə mane olan hallardan biri kimi qeyd edilmişdir ki, bu da MPM-in 156.1.3-cü maddəsi baxımından onlara (ilkin və qarşılıqlı iddiaya) birlikdə baxılmasının mübahisələrin daha tez və düzgün baxılması ilə nəticələnməyəcəyi qənaətinə gəlməyə əsas verir(qarşılıqlı iddianın mahiyyəti üzrə araşdırılıb düzgün və əsaslı qərar çıxarılması üçün kifayət qədər vaxtın tələb olunması nəzərə alınmaqla). Məhkəmə onu da vurğulayır ki, qarşılıqlı iddia şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 manat məbləğində yaşayış müavinətinin qaytarılması barədə olmaqla, onun hazırki iddia tələbi olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməyib, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır və qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmamaqla, onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir. “Şəxsin xarici ölkə vətəndaşı olduğu üçün ona qarşı ayrı bir iddia tələbinin verilməsinin prosesi qəlizləşdirməsi ilə bağlı” şikayətin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin ehtimalına görə iddiaçı Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərdiyindən onun yaşayış yerinin tapılmasında cavabdeh tərəfdə yarana biləcək çətinliklərin qayğısına qalmaq məhkəmənin öhdəliyi deyildir və bu əsas qarşılıqlı iddianın icraata qəbulunu şərtləndirən amillərdən biri kimi çıxış edə bilməz. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir Cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi və şikayət ilə eyni məzmunda tərtib etdiyi “məlumat” başlıqlı ərizəsində şikayətə formal yanaşılmamasını, işin bütün faktiki hallarının tam, obyektiv və qərəzsiz araşdırılaraq şikayətin təmin olunmasını və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə sübut, etiraz və ya izahatını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün müddətində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Göründüyü kimi, MPM-in 156-cı maddəsində qarşılıqlı iddianın qəbulunun üç müstəqil əsası nəzərdə tutulmuşdur. Həmin normada əks olunan birinci iki əsasdan fərqli olaraq MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsas tam başqa halı tənzimləyir. Belə ki, birinci iki halda qarşılıqlı iddianın qəbulu, onun, ilkin tələbin ödənilməsinə və ya onun təmin edilməsini tam və yaxud da qismən aradan qaldırılması ilə şərtləndirilmişdir. MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt isə digər iki haldan tam fərqli olub, ( ilkin tələbin ödənilməsi, eləcə də onun tam və ya qismən təmininin aradan qaldırılması ilə əlaqəli olmayıb) daha geniş mənada qarşılıqlı və ilkin tələblər arasında qarşılıqlı əlaqənin olmasını və mübahisələrə daha tez və düzgün baxılmasını nəzərdə tutur. Eyni tərəflər arasında əlaqəli mübahisələrin olması, eləcə də məhkəmələrdə işlərin sayının çoxluğu (artması) baxımından, qarşılıqlı iddianın qəbulunun qeyd olunan əsasının əhəmiyyəti olduqca böyükdür. Qarşılıqlı iddianın qəbulunun həmin əsası heç də təsadüfi olmayıb, məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, eləcə də prosessual qənaət kimi çox ümdə prinsiplərə xidmət edir. Hazırkı işdən bəlli olur ki, iddiaçı qismində məhkəməyə müraciət edən Rusiya vətəndaşı İddiaçı ilə “X2 İnternatıonal LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 04 may 2023-cü il tarixində əmək müqaviləsi bağlanılıb, iddiaçı üçün cavabdeh tərəfindən 24 yanvar 2023-cü il tarixində alınmış iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitib, əmək müqaviləsinə də bu əsasla xitam verilib. İddiaçı da iddia ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət edib. Cavabdeh isə iddiaçıya qarşı, yəni məhz əmək münasibətləri ilə əlaqədar mənzil kirayəyə götürməsi üçün verilmiş ümumilikdə 16,380 AZN (on altı min üç yüz səksən) manat məbləğində yaşayış müavinətinin təyinatı üzrə istifadə olunmaması səbəbi ilə geri qaytarılması üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsi ilə qarşılıqlı iddia ərizəsinin hər hansı bir əlaqəsi olmadığına və ilk iddia üzrə işə baxılması müddətinin Mülki Prosessual Məcəllənin 172.1.1-ci maddəsinə əsasən məhdud olduğuna görə geri qaytarmışdır. Ancaq bu iddiaların arasında qarşılıqlı əlaqənin olduğu açıq-aşkardır, çünki cavabdeh ilkin iddiaçıdan aralarında yaranmış əmək münasibətləri ilə əlaqədar, yəni əmək haqqına əlavə kimi ödənilmiş yaşayış müavinətinin təyinatı üzrə istifadə edilmədiyi üçün geri qaytarılmasını tələb edir. Başqa sözlə, qarşılıqlı iddia üzrə tələb edilən pul məbləği tərəflər arasında yaranmış başqa hansısa hüquq münasibətləri ilə əlaqədar olmayıb. Bu cür vəziyyətdə necə qənaətə gəlmək olar ki, tələblər bir-biri ilə əlaqədar deyil. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 172.1.1-ci maddəsinə əsasən ilkin iddia tələbinə baxılması müddətinin məhdud olması, qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Çünki belə bir əsas mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı, qarşılıqlı iddianın da icraata qəbul edilib birlikdə baxılması artıq ilkin iddia ilə bağlı işə baxılmasının MPM-in 172.1.1ci maddəsində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşmasını aradan qaldırmış olur. Birdə ki, məhkəmə qarşılıqlı iddianı icraata götürməməklə onsuzda ilkin iddia üzrə işə baxılması müddətini pozulmuş oldu. Çünki qarşılıqlı iddianın icraata götürülməməsi qərardadından verilmiş şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən istər-istəməz müddətlər ötürülmüş olur. Ona görə də mülki-prosessual qanunvericilikdə sözügedən iddia tələblərinə baxılmasının prosessual müddətləri müxtəlif qaydada müəyyən edilsə də, əksinə onlara birlikdə baxılması mübahisələrin daha tez və düzgün baxılması ilə nəticələnir. Burada ilkin iddiaçının xarici ölkə vətəndaşı olması da qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılmasını labüd edir. Çünki onun daimi yaşayış yerinin olmaması, faktiki yaşadığı yerin müəyyən edilməsindəki, eləcə də qarşılıqlı iddianın uğurlu olacağı təqdirdə gələcəkdə qətnamənin icra olunmasında yarana biləcək çətinliklər və.s bu iddialara birlikdə baxılmasını zəruri edir. Ancaq birinci instansiya məhkəməsinin... iddiaçı Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərdiyindən onun yaşayış yerinin tapılmasında cavabdeh tərəfdə yarana biləcək çətinliklərin qayğısına qalmaq məhkəmənin öhdəliyi deyildir və bu əsas qarşılıqlı iddianın icraata qəbulunu şərtləndirən amillərdən biri kimi çıxış edə bilməz qənaəti düzgün olmamışdır. Əksinə bu cür vəziyyətdə dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələ ortaya çıxır. Belə ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər, hər şeydən əvvəl məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Demək ki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ona görə də qarşılıqlı iddiaçının iddiası ilə bağlı çətinliklərinin qayğısına qalmaq öhdəliyini həm də ədalət mühakiməsinin məqsədləri tələb edir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3748/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3748/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5898/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5898/2024
14.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver