Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-590/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mirasdan məcburi pay almaq hüququndan məhrum etmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasdan məcburi pay almaq hüququndan məhrum etmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2405/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(010)-159/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddələri tətbiq olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-i tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə atası İddiaçı və anası X2 xx.xx.2022-ci il tarixdə münaqişəli ailə kimi Xətai RPİ-nin 37-ci PŞ-də qeydiyyata götürülmüşlər.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-83/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
4. İddiaçı “bizi öldürürlər” deməsi ilə bağlı Cavabdeh verdiyi şikayəti əsasında cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədiyindən və toplanmış materialda cinayət işinin başlanmasına əsaslar kifayət qədər olmadığından material üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin təhqiqatçısı, polis leytenantı Şahin Nurəliyev tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-44-5/2-1-5610/11/23 saylı məktubundan görünür ki, sonuncunun Cavabdeh tərəfindən döyülməsinə dair müraciətinə baxılmışdır. Məlum olmuşdur ki, eyni məzmunlu müraciət xx.xx.2022-ci il tarixdə Xətai RPİ 37 PŞ-də müvafiq qaydada qeydə alınaraq araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən hadisəni törədən Cavabdeh barəsində tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur.
6. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-14-2-1/2-İ-5610/2 saylı məktubundan görünür ki, sonuncunun Cavabdeh tərəfindən qanunazidd hərəkətlərə məruz qalmasına dair müraciətinə baxılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Bakı şəhəri Xətai rayon prokuroruna göndərilmişdir.
7. ünvan 4 ünvanda yaşayan İddiaçı oğlu Cavabdeh ailə üzvlərini evdən çıxartması və naməlum şəxslə birlikdə narkotik maddə narkotik maddə qəbul etməsi barədə şikayəti üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin təhqiqatçısı, polis mayoru Aqil Cəfərov tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərar qəbul edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-2733/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə evlərində usta işləmiş, həmin vaxt o, evdə işləyən usta ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Şahin evdə onunla mübahisə etməyə başlamış və onu dəmir parçası ilə vurmuşdur.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Zeynal oğlunun mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Onlar ünvan 4 evdə qeydiyyatda olmaqla yaşayırlar. Yaşadıqları bütün illər ərzində cavabdeh onunla çox pis davranmış, əziyyətlə tikdiyi evi söküb dağıtmış, həmin evdə yaşasa da, ona nə maddi, nə də fiziki cəhətdən heç bir köməklik göstərməmiş, daima ailə üzvlərinin şəxsiyyətini alçaltmış, onlarla çox aqressiv davranmışdır. O, bir ata kimi üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. Cavabdehin sağlam və savadlı olması üçün əlindən gələni etmişdir. Cavabdeh bunun qarşılığını verməmiş, bir ata kimi onu saymamış, daima ona küçə söyüşləri ilə söyərək təhqir etmiş, kənar şəxslərin yanında şəxsiyyətini alçaltmış və dəfələrlə ona əl qaldırmışdır. O, ağır xəstə olub yataqda olarkən bir evdə yaşamaqlarına baxmayaraq ona baş çəkməmiş, səhhəti ilə maraqlanmamışdır. Cavabdeh dəfələrlə onun evindən ona məxsus olan müxtəlif əşyaları oğurlamışdır və onun evini, demək olar ki, soyub talamışdır. Cavabdehin dəfələrlə onun iradəsinə zidd olaraq etdiyi qanunsuz əməllərə görə ləyaqətsiz vərəsə kimi onu vərəsəlik hüququndan, o cümlədən mirasdan məcburi pay almaq hüququndan sağ ikən birdəfəlik məhrum etmək qərarına gəlmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2405/2023 nömrəli, 11 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin əsası kimi qeyd edilən və mülki qanunvericilikdə şəxsin vərəslik hüququndan məhrum edilməsinin əsası qismində çıxış edən hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qanunvericilikdə şəxsin vərəsəlik hüququndan məhrum edilməsinin əsasları birbaşa qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin arasında münaqişənin mövcudluğu vərəsəlik hüququndan məhrumetməyə səbəb olan mütləq əsas kimi qiymətləndirilməli deyil. Məcburi paydan məhrum edilmə ilə bağlı miras qoyana qarşı yönəlmiş hərəkətlərin dairəsi qəti göstərilməsə də, onların mahiyyəti miras qoyanın mirasa dair sərəncam verməklə bağlı iradə ifadəsinə məcburi təsir etməkdən ibarət olmalıdır. Cavabdehin hərəkətlərinin miras əmlaka sərəncam verməklə bağlı iddiaçının iradə ifadəsinə qarşı yönəlməsi iş materialları ilə öz təsdiqini tapmır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 1133.1, 1137, 1138, 1139, 1203.1, 1203.2-ci maddələrinə; ata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2405/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməz, bu şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. O, bir ata kimi üzərinə düşən vəzifələri yerinə yetirmiş, cavabdehin sağlam və savadlı olması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh bunun qarşılığını verməmiş, əksinə onu bir ata kimi saymamış, daima küçə söyüşləri ilə söyərək təhqir etmiş, kənar şəxslərin yanında şəxsiyyətini alçaltmış, hətta dəfələrlə ona əl qaldırmışdır. O, ağır xəstə olub yataqda olarkən bir evdə yaşamalrına baxmayaraq ona baş çəkməmiş, səhhəti ilə maraqlanmamış, hətta ailə üzvləri acizanə surətdə aptekə gedib dərman almağı ondan xahiş etsələr də, o onu söymüş, xahişləri yerinə yetirməmişdir. Cavabdehin onunla belə rəftar etməsinin səbəbi yaşadığ evi sataraq pulunu ona verməyini tələb etməsidir. Cavabdeh dəfələrlə onun evindən ona məxsus olan müxtəlif əşyaları oğurlamışdır, evi demək olar ki, soyub talamışdır. Dəfələrlə cavabdehin ona əl qaldırması ilə əlaqədar polis orqanlarına müraciət etmişdir. Münaqişəli ailə kimi onlar Bakı şəhəri Xətai Rayon Polis İdarəsində qeydiyyata götürülüblər. Cavabdeh onun iradəsinə zidd olaraq, etdiyi qanunsuz əməllərə görə, ləyaqətsiz vərəsə kimi onu vərəsəlik hüququndan, o cümlədən mirasdan məcburi pay almaq hüququndan sağ ikən birdəfəlik məhrum edilməlidir. Lakin, məhkəmə bütün bu hallara göz yummuşdur. Məhkəməyə təqdim edilmiş sübutlar da onu təsdiq edir ki, yaşadıqları bütün illər ərzində cavabdeh onunla çox pis davranmış, əziyyətlə tikdiyi evi söküb dağıtmış, həmin evdə yaşasa da, ona nə maddi, nə də fiziki cəhətdən heç bir köməklik göstərməmiş, daima ailə üzvlərinin şəxsiyyətini alçaltmış, onlarla çox aqressiv davranmışdır. Bundan əlavə cavabdeh həyatda hər şeydən bezmiş insandır. O, evini təmir etmək istədiyində cavabdeh bıçaqla onu hədələyərək evin təmir edilməsinə etiraz etmişdir. Daha sonra cavabdeh narkotik vasitələrdən asılı olduğu üçün onu reabilitasiya mərkəzinə yerləşdirmişdir və o, 4.000 manat ödənişi öz şəxsi vəsaiti hesabına vermişdir. Lakin cavabdeh mərkəzdə 2 ay qaldıqdan sonra müalicəni yarımçıq qoyaraq oranı tərk etmişdir. Onunla çox pis davranmış, əziyyətlə tikdiyi evi söküb dağıtmış, həmin evdə yaşasa da, ona nə maddi, nə də fiziki cəhətdən heç bir köməklik göstərməmiş, daima ailə üzvlərinin şəxsiyyətini alçaltmış, onlarla çox aqressiv davranmışdır. Bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(010)-159/2020 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1ci maddələri tətbiq olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdı. Lakin, məhkəmə bunların heç birini nəzərə almamış, cavabdehin məhkəmə iclasında iştirakını belə təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı sağlığında oğluna çatası ev, maşın, təhsil hər şey veribdir. İddiaçının mülkiyyətində yeganə qalan dövlət qedyiyyatından keçməmiş həyət evi vardır. İddiaçı cavabdehin əməllərini, özünə qarşı olan hərəkətlərini görmüş, ona görə də vəsiyyətnamə tərtib edərək evini başqa bir şəxsə vəsiyyət etmişdir. Cavabdeh bundan xəbər tutandan sonra daha da hiddətlənmişdir. Cavabdeh əvvəllər də həmin mülkün mübahisəsini etmişdir, indi daha da hiddətlənərək atasına əl qaldırmış, təhqirlər etmişdir. Hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsədir. Birinci instansiya məhkəməsinin qətnaməsində 1203.1-ci maddəsinə istinad olunmuşdur. Bu maddə ilə göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Miras qoyan iddiaçıdır və onun iradəsinin əleyhinə bütün hərəkətlər yönəlmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, elə gün olmuşdur ki, qapısına 5-6 dəfə 102 xidmətinin əməkdaşları gəlmişdir. O, bütün məhəllədə biyabr olub. Cavabdehin hərbi xidmətə gedən yaşında oğlu vardır, müəllimə həyat yoldaşı vardır, buna baxmayaraq o düzəlmir. Cavabdeh ona bildirir ki, “mən səni öldürəcəm, ev də, həyət də mənimdir”. O, cavabdehin payını artıqlaması ilə vermişdir. Cavabdehdən başqa bir oğlu da vardır, onun evi ayrı yerdədir. Onun öz ailəsi vardır. Cavabdehin arvadı nümunəvi müəllimədir. Cavabdehin problemləri çoxdur. Onu müalicəyə göndərib, lakin düzəlmir. Cavabdehin psixi pozuntusu yoxdur. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
24.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 27.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 28.1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 29.1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 30.1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
31.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. 32.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
33.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 35.İş materiallarından göründüyü kimi iddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh qanun üzrə vərəsəsi olmasına baxmayaraq ona qarşı qeyri-qanuni, alçaldıcı hərəkətlərə yol verdiyindən gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməlidir. İddiaçı tələblərinin faktiki əsası kimi məhkəmə aktlarına, hüquq-mühafizə orqanlarına etdiyi müraciətlərinə və s. prosessual sənədlərə istinad edir. 36.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. 37.Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. 38.Belə ki, mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Çünki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. 39.Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. 40.Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 41.Mülki Məcəllənin 1137-ci və 1203-cü maddələrinin məcmu təhlilindən göründüyü kimi vərəsənin ləyaqətsiz vərəsə qismində tanınması yalnız miras qoyanın vəfatından sonra mümkün olduğu halda, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Beləliklə, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan “miras qoyanın son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş” anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası ilə əhatə olunsa da, miras qoyanın təkçə son iradəsinə qarşı deyil, həm də şəxsən miras qoyana qarşı yönələn cinayətlərin və ya digər əxlaqsız hərəkətlərin qəsdən törədilməsi halları nəzərdə tutur. Əks yanaşma qanunvericinin “məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər” ifadəsini məntiqsiz edə bilər. 42.Eyni mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında öz təsdiqini tapmışdır. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. 43.İş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya qarşı qanunazidd hərəkətlərin qəsdən törədilməsi halı qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-83/2023 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh ilə atası İddiaçı və anası X2 xx.xx.2022-ci il tarixdə münaqişəli ailə kimi Xətai RPİ-nin 37-ci PŞ-də qeydiyyata götürülmüşlər. İddiaçının cavabdeh tərəfindən qanunazidd hərəkətlərə məruz qalmasına dair hüquq-mühafizə orqanlarına da digər müraciətləri olmuşdur. 44.Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “mirasdan məcburi pay almaq hüququndan məhrum etmə” tələbinə dair iddiası təmin edilməlidir. 45.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2405/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh atası İddiaçı qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova