Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5900/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2018 nömrəli, xx.xx.2024-cü il e-2(008)- 4461/2023 tarixli qərardadından Cavabdeh7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 1043/2018 saylı qətnaməsinin izah edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 09 mart 2018 ci il tarixli qətnamə bu günə qədər icra edilmir, dəfələrlə icra nümayəndələri ilə birgə istifadəsinə yaradılmış maneələrin qaldırılması məqsədi ilə ələqədər mülkiyyətindəki torpaq sahəsini mərzləmək (hasara almaq) istəsə də, cavabdehlərin ciddi maneləri nəticəsində bu mümkün olmamışdır. Cavabdehlər tərəfindən əkilmiş kollar kəsilərək ərazidən götürülmüş, akt tərtib edilərək guya kolların çıxarıldığı və iddiaçıya yaradılmış maneələrin aradan qaldırıldığı qeyd edilərək işə xitam verilmişdir. Xitam haqqında qərarı mübahisələndirmiş və qərar ləğv edilmiş, iş yenidən icraya yönəldilmişdir. Cavabdehlər yenə də ciddi maneələr yaradaraq qətnamənin icrasız qalmasınasəbəb olmuşlar Bunları təsdiq edən foto və video görüntülər mövcuddur. Ona görə iddiaçı istifadəsinə yaradılmış maneələr dedikdə, maneələrin nədən ibarət olmasına aydınlıq gətirilməsi məqsədi ilə qətnaməyə izah verilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2018 nömrəli, xx.xx.2024-cü il e-2(008)- 4461/2023 tarixli qərardadı ilə ərizə təmin edilmiş, qətnaməyə bu məzmunda izah verilmişdir: İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsində mülkiyyətçi tərəfindən hasarın inşa edilməsinə yaradılan maneələr 2(001)- 1043/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamədə qeyd olunan mülkiyyətçi İddiaçı torpaq sahəsindən istifadəyə yaradılmış maneələrdən biri olaraq qəbul edilməlidir.
4. Həmin qərardaddan Cavabdeh7 verdiyi şikayət Məhkəmənin 05.09.24-cü il tarixli qərardadı ilə təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
11. Mülki Prosessual Məcəllənin 230.3-ci maddəsinə müvafiq olaraq, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur.
15. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “əlavə tikililərin sökülməsi, özbaşına açılmış qapının bağlanması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, dəmir çəpərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 saylı qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən əkilmiş kol bitkiləri elə onların hesabına çıxarılmaqla torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadəyə mülkiyyətçi İddiaçı yaradılmış maneələrin aradan qaldırılması müəyyən edilmişdir.
16. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamənin kifayət qədər əsaslandırılmış, aydın şəkildə yazılmasına baxmayaraq, tərəflərin kəskin barışmaz mövqeyinə görə faktiki olaraq formal əsaslarla uzun müddətdir ki, qətnamə icrasız qalmışdır, bunu nəzərə alaraq ərizəni təmin etmiş, qətnaməyə müvafiq izah vermişdir.
17. Mülki işdən görünür ki, həqiqətən də tərəflər arasında münasibətlərin gərgin olmasından dolayı məhz cavabdehlər qətnamənin icrasına süni şəkildə maneələr yaratmışdır.
18. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2018 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.