Məhkəmə qərarları › İş №2(103)-5905/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5905/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5905/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qızına qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5, Cavabdehin nümayəndə və vəkili Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1915/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qızına qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; 2. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi; 3. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.metr ölçüdə təmirli 3 saylı mənzilin Cavabdeh təhvil verilməsi; 4. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1915/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzilin Cavabdeh qızı tərəfindən boşaldılması və sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi, İddiaçı MTK tərəfindən 66 kv/m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzilinin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.m ölçüdə təmirli 3 saylı mənzilin Cavabdeh qızına təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh qızına hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır.

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

4. İşə apellyasiya qaydasında baxılarən iddiaçı ərizə ilə müraciət edərək, kirayə haqqının aylıq 600 manat müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur, o qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikilməsinə etiraz etmir, o, müqavilənin şərtlərinin iddiaçı tərəfindən birtərəfli qaydada müəyyən edilməsi ilə razılaşmır, bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, kirayə haqqı da azdır.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, hazırkı iş üzrə ərazidəki səkkiz binadan yeddisi sökülüb, cavabdehlə bir neçə dəfə danışıq olub, o öz təklifini də aydın demir ki, onlara məlum olsun. Həmçinin bildirdi ki, 98% sakinlə razılıq olub, hazırda onlar cavabdehin 68 kv.metrdən ibarət olan mənzilinin əvəzinə 90 kv.m mənzil təklif edirlər, həmçinin kirayə haqqı hissədə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, kirayə haqqının aylıq 600 manat müəyən edilməsini, qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 55 nömrəli xx.xx.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019- cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır;

9. ÖM seriyalı, 115833 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binada 47 kv.m yaşayış sahədən ibarət olan 3 otaqlı 12 nömrəli ev 48 nömrəli mənzili Cavabdeh qızının xüsusi mülkiyyət hüququ kimi xx.xx.2002-ci il tarixində qeydiyyatdan keçirilmişdir.

10. Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi icarəyə verilmişdir.

11. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovun imzaları ilə təsdiq edilmiş rəyinin surətindən görünür ki, Tikintidə X3 Agentliyinin xx.xx.2020-cı il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmişdir. Həsənoğlu küçəsi, bina 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dörd girişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0 40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda Ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektrik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı borulann nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbest-sement şiferlərin çatlaması. sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəng daşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması. hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

14. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).

15. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. X4 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

16. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

20. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin sahədə yerləşən, mübahisələndirilən mənzilin sahəsi çıxarışa əsasən yaşayış sahəsi 47 kv.m. təşkil edir. Mənzilin mülkiyyətçisi Cavabdeh tam mülkiyyət hüququ mənzilin sahibidir. Hazırda iddiaçı cavabdehə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onların mənzildən çıxarılmaları və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür.

21. Bütün bunlar onu deməyə əsas verir ki, iddia tələbinin təmin olunması cavabdehi mülkiyyət hüququndan məhrum etmir və ya məhdudlaşdırmır. Əksinə, ona daha geniş, abad, tam təmirli mənzildə yaşamaq və həmin mənzilə mülkiyyət hüququ əldə etmək imkanı yaradır.

22. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

23. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).

24. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

25. Kollegiya hesab edir ki, hazırkı halda mübahisə cavabdehin evin sökülməsi ilə razı olmaması deyil, ümumən söküləcək mənzilin əvəzində veriləcək yeni mənzilin ölçüsü ilə baəlıdır.

26. Bununla bağlı qeyd edilməlidir ki, son illərin formalaşmış işgüzar praktikası və müvafiq olaraq da oturuşmuş məhkəmə təcrübəsi ondan ibarətdir ki, Bakı şəhərində əsasən sökülən evlərin-mənzillərin əvəzində mövcud sahədən 20-30 faiz artıq olmaqla yeni tikilmiş binada təmirli mənzillər verilməsi ilə mübahisələr həll olunur.

27. Hazırkı iş üzrə iddiaçı isə cavabdehə qəzalı binada olan rəsmi sənədlərdə sahəsi 47 kv.m. olan, faktiki sahəsi isə 68 kv.metrdən ibarət mənzilin əvəzinə 90 kv.m tam təmirli mənzil verilməsini öhdəsinə götürür ki, bu da cavabdehə öz hazırkı mənzilindən 40% çox əlavə, həm də tam təmirli sahəsi olan mənzilin verilməsi deməkdir. Belə olan halda cavabdehin yararsız vəziyyətdə olan söküləcək mənzilinin əvəzində ona yeni, müasir tələblərə cavab verən, abad və tam təmirli mənzilin verilmsi, mənzilin verilməsinədək isə müvafiq kirayə haqqının ödənilməsi çəkişən tərəflər arasında ədalətli balansın və mütənasibliyin təmin edilməsinə dəlalət edir.

28. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili yeni mənzilin verilməsinədək olan dövr üçün ödəniləcək kirayə haqqının az olmasını qeyd etmişdir. İdidaçı tərəf məhkəmə kolegiyasının iclasında ərizə ilə müraciət edərək təklif edilən aylıq kirayə haqqının 600 manat müəyyən edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə qəzalı binada olan 68 kv.metrdən ibarət mənzilin əvəzinə 90 kv.m təmirli mənzilin verilməsi, eləcə də, cavabdehə hər ay 600 manat kirayə haqqı ödənilməklə mənzilin söküməsi və həmin mənzildən çıxarılması barədə irəli sürülən təklif “ədalətli balans” prinsipinə uyğun olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yeni mənzil cavabdehə təhvil verilənədək ona ödənilməli kirayə haqqı hissəsində dəyişdirilməli, cavabdehə yeni mənzil təhvil verilənədək hər ay ödənilməli kirayə haqqı 600 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu zaman həmin ünvanda mənzillərinin sökülməsinə razılıq vermiş və həmin ünvanda yeni inşa ediləcək binalarda mənzillərinin təhvil verilməsini gözləyən çoxsaylı digər vətəndaşların da mənzil hüquqlarının təmin olmasının zəruriliyini nəzərə alır. Nəticə:

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yeni mənzil təhvil verilənədək cavabdehə ödənilməli kirayə haqqı hissəsində dəyişdirilməli, cavabdehə hər ay ödənilməli kirayə haqqı 600 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1915/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən yeni mənzil təhvil verilənədək ona ödənilməli kirayə haqqı hissəsində dəyişdirilsin, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh hər ay ödənilməli kirayə haqqı 600 (altı yüz) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar