Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5906/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və həmin mənzilin boşaldılması" tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 olmaqla) “alqı-satqı müqaviləsinin və s. etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(005)- 695/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi olan İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat kontorunda ona 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır. Əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 11-ci bərdinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 13 noyabr 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu günə kimi müxtəlif bəhanələr gətirərək mənzili ona təhvil verməmişdir ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa (Forma 2) əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildə yalnız Cavabdeh2 qeydiyyatdadır. Cavabdeh1 İddiaçı və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı ilə 13 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzili onun mərhum qardaşı X3 vəsaiti hesabına onun adına alınmışdır. Hal-hazırda mənzilin orta bazar qiyməti 600.000-700.000 manatdır. 2019-cu ilin may ayında onun əri X1 borc pul vəsaiti lazım olmuşdur. Həyat yoldaşı X2 iş üzrə üçüncü şəxs X6 tapmışdır, belə ki, sonuncu ona sələmlə borc pul vəsaiti verməli idi. Ona bildirilmişdir ki, müvafiq notariat kontorunda borc müqaviləsi bağlanacaq və mübahisəli mənzil girov qoyulacaqdır. O, nəticə etibarı ilə buna razı olmasa da, həyat yoldaşı onu razılıq verməyə məcbur etmişdir. Belə ki, eyni gündə, eyni notariat kontorunda iki müqavilə bağlanmışdır. Məlum hadisələrlə bağlı olan pandemiya rejimi ilə əlaqədar götürülmüş borc məbləğinin qaytarılmasında problemlər yaranmışdır. İddiaçı onlara qarşı iddia qaldıranda ona məlum olmuşdur ki, notariat kontorunda girov müqaviləsi deyil, İddiaçı adına müvafiq alqı-satqı müqaviləsi bağlanmış və evin qiyməti 153.000 (bir yüz əlli üç min) manat göstərilmişdir. Halbuki, onlar müvafiq mənzili ona satmamışlar və ondan pul almamışlar. Bu müqavilə formal bir müqavilə olmuşdur və əslində girov əvəzi kimi pərdələnməsi üçün edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı ilə bağlanmış 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti qarşılıqlı iddianın dəlilləri və onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə nəzərə almamışdır ki, onun mənzilinin real bazar dəyəri 631.360,00 manat müəyyən olunduğu halda, mənzil guya 153.000 manata satılmışdır. Halbuki, 153.000 manat əslində onun 3-cü şəxsə olan borcuna (136.000 manat) yaxın məbləğdir. Bundan başqa, onlar məhkəmədən işin təxirə salınmasını xahiş etsələr də, bu vəsatətləri təmin olunmamış, nəticədə məhkəməyə sübutlar təqdim etmək və şahidlərini dəvət etmək imkanından məhrum olmuşlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən 13 may 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 134 nömrəli mənzilində qeydiyyatdadır; İş materiallarında olan Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış 13 may 2019-cu il tarixli ərizənin məzmunundan və surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzilinin satılmasına etiraz etməmiş, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır; İş materiallarında olan Cavabdeh1-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzilini alıcıya 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır (4-cü maddə). Satıcı Cavabdeh1 13 iyun 2019-cu il tarixədək müvafiq mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür (13-cü maddə); İş materiallarında olan 13 may 2019-cu il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, 952 saylı alqı-satqı müqaviləsi üzrə 153.000 manat pul məbləği alıcı İddiaçı tərəfindən "xxxx" ASC-nin Nərimanov filialındakı bank hesabına yerləğdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 197,3 kv.metr ümumi sahəsi olan 134 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqində 15 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır; İş materiallarında olan İddiaçı Cavabdeh1 Hümmət qızına ünvanladığı 31 avqust 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı şəxs tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini rəhbər tutaraq, mülkiyyətində olan mənzilin onun faktiki sahibliyinə verilməsinin təmin edilməsini Cavabdeh1 Hümmət qızından tələb etmişdir; Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, ilk İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 134 nömrəli mübahisəli mənzilinin alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış, satıcının ailə üzvləri mənzilin satılmasına etiraz etmədiklərinə dair yazılı ərizə vermiş, alqı-satqının məbləği alıcı tərəfindən notariat ofisinin bankda olan hesabı vasitəsilə satıcıya ödənmiş, bununla da həmin müqavilə bağlanarkən qanunvericiliklə nəzərədə tutulmuş bütün formallıqlara riayət edilmişdir. Bundan sonra ilk iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla belə, ilkin iddia üzrə cavabdehlər hələ də mənzli boşaltmaqdan imtina edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-157.2, 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İşin müəyyyən edilmiş hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehlərin mənzildən çıxarılması və həmin mənzilin boşaldılmasına dair ilk iddia tələbi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Qarşılıqlı iddia ərizəsinin və qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi baxımından qiymətləndirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin qarşılıqlı iddiaçı tərəfindən onun tərəfindən eyni tarixdə və eyni notariat ofisində bağlanmış borc müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq bağlandığı barədə dəlilini kifayət qədər mötəbər hesab etmir. Belə ki, mənzilin alqı-satqı müqaviləsi üzrə satıcı qismində ilk İddiaçı çıxış etsə də, borc müqaviləsi qarşılıqlı iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs qismində işə cəlb edilmiş X8 arasında bağlanmışdır. İş materiallarında İddiaçı və X4 hər hansı şəkildə əlaqədə olması, bir-birlərini tanımasını, Tural Nəzərli tərəfindən Cavabdeh1 verilmiş 80.000 ABŞ dolları borca görə, İddiaçı sonuncuya məxsus mübahisəli mənzili 153.000 manata əldə etməsini, notariat ofisində bağlanmış bu iki əqd arasında hər hansı bağlılığın mövcud olmasını təsdiq edən sübut mövcud deyildir. Bununla yanaşı, iş materiallarından o da müəyyən edilir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirərkən mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik kəsici müddəti ötürmüşdür. Qarşılıqlı iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)- 695/2021 saylı qətnaməsi ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Rəşad Həsənov Hakimlər imzalar: Vəfaddin İbayev Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5906/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5906/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver