Məhkəmə qərarları › İş №2(103)-591/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-591/2020

13.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-591/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 54 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzil anası tərəfindən hələ ailə qurmamışdan öncə ona bağışlanmışdır və hazıradək mülkiyyətindədir. Cavabdeh1 onun keçmiş arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə oğullarıdır. xx.xx.2000-ci ildə X2 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə münasibətləri pozulanadək bir ailə olaraq Xətai rayonu, ünvan 1 mənzil 54 ünvanında pasport qeydiyyatında olmaqla yaşamışlar. Hazırda keçmiş arvadı Cavabdeh1 övladları ilə bərabər evdəki əşyaları da götürərək çıxıb getmişdir. Xətai rayonu, Gəncə prospekti, ev 35, 53 saylı və Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzillər cavabdehin mülkiyyətindədir. Cavabdehlərin ona məxsus olan evdə pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törənir, əlavə kommunal ödənişləri etmək məcburiyyətində qalır. Eyni zamanda Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, birgə nikah dövründə əldə edilmiş “Hyundai İX 35” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobilə, “Opel” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli ünvanda yerləşən mağazaya və qaraja, ünvan 2 53 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzilə özünün 2/3 hissədə, cavabdehin 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır: Cavabdehlə birgə nikahda olduqları müddətdə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzil 54 ünvanında yaşamışlar. Birgə nikahda olduqları müddət ərzində “Hyundai İX 35” markalı, **-NU-*** dövlət nömrə nişanlı və “Opel” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınları, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli ünvanda yerləşən mağaza və qarajı, Xətai rayonu, ünvan 4 yerləşən 53 nömrəli və Xətai rayonu, Gəncə prospekti, ev 73-də yerləşən 166 nömrəli mənzillər əldə edilmişdir. Bundan başqa birgə nikaha daxil olmamışdan əvvəl yaşamaları üçün Xətai rayonu, ünvan 1 mənzil 54-ü ortaq vəsaitlə almışlar. Həmin ev qarşılıqlı razılıqla keçmiş qayınanasının adına rəsmiləşdirilmişdir. Həmin mənzili qaynanası alaraq onlara hədiyyə etməyib. Bunu evi aldıqları şəxs də, ev alqı-satqı işi ilə məşğul olan şəxs də təsdiq edə bilər. Göstərilən ev keçmiş qaynanası tərəfindən 2008-ci il tarixdə birgə nikahda olduqları zaman keçmiş həyat yoldaşı İddiaçı bağışlanılmışdır. Keçmiş qaynanası həmin evi keçmiş həyat yoldaşı Əliyə ona görə bağışlamışdır ki, həmin ev ortaq vəsaitləri hesabına alınıb. Xətai rayonu, ünvan 1 mənzil 54 ünvanındakı əşyalarının tamamını götürüb getməmişdir. Keçmiş həyat yoldaşı İddiaçı ilə münasibətləri yaxşı olmadığından gündəlik lazım olan bir neçə əşyanı götürərək müvəqqəti yaşamaq üçün qardaşının evinə getmişdir. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək onu və iki övladını birgə vəsaitləri hesabına alınmış mənzildən istifadə hüquqlarının kompensasiya verilmədən itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Yuxarıda sadaladığı daşınar və daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün birgə mülkiyyətləri hesab edilməli və aralarında bölünməlidir. Bölgü aparılarkən Ailə Məcəlləsinin 37.2-ci maddəsi nəzərə alınmaqla paylar bərabər bölünməməli, həmin əmlaklarda onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən olunmalıdır. Çünki birgə nikahdan olan övladları onun himayəsində saxlanılmışdır. Onların saxlanılması, qidalanmaları, təhsilləri və gələcək həyatlarını qurmaları ilə bağlı əhəmiyyətli xərclər tələb olunur, cavabdehin ödədiyi minimum aliment isə bunları ödəməyə kifayət deyil. Uşaqlarının mənafeyi və onun müəllimə kimi az əmək haqqı alması payların qeyri-bərabər bölünməsini tələb edir. Övladının biri orta məktəbdə, digəri isə ödənişli ali məktəbdə oxuyur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı və “Opel” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli evin həyətində olan qaraja, ünvan 2 53 saylı mənzilə Cavabdeh1 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzili birgə mülkiyyətə daxil etməklə həmin əmlak üzərində onun 2/3 hissədə, habelə Hyundai İX 35" markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı və "Opel" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 35, 53 saylı mənzillər üzərində onun 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: O və iki övladı həmin mənzilin mülkiyyətçisinin ailə üzvü sırasına aiddir. Qeyd edilən mənzil birgə nikah dövrünə aiddir, həmin mənzilə əsaslı vəsait qoyulmuş və təmir edilmişdir. Birgə nikaha girməmişdən əvvəl birgə vəsait qoymaqla əldə etdikləri Xətai rayonu, ünvan 1 mənzil 54 ünvanına yaşayış sahəsini əldə edərək, həmin ünvana köçmüş, ailə münasibətləri pozulanadək həmin ünvanda yaşamış, cehiz əşyalarını da həmin ünvana yerləşdirmişdir. Mübahisəli mənzilin pulunun bir hissəsini mərhum atası X6 ödəmişdir.Sadəcə həmin dövrdə qeyd edilən mənzil iddiaçının anasının adına ona görə sənədləşdirilmişdir ki, həmin dövrdə iddiaçının şəxsiyyət vəsiqəsi qaydasında olmamış, buna görə də iddiaçının anasının şəxsiyyət vəsiqəsi təqdim edilməklə onun adına formal olaraq sənədləşmişdir.Bu hal işə baxan birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsi ilə də təsdiq edilmişdir.Mübahisəli mənzildə 2000-ci ildən yaşayaraq orada birgətəsərrüfat idarə etmiş, qeyd edilən mənzil 2008-ci ildən keçmiş həyat yoldaşının adına bağışlanmış, bu müddət isə aralarında olan nikah pozulan günədək 20 ilə yaxın bir müddəti əhatə edir. Həmin müddət ərzində mübahisəli mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran təmir və yenidənqurma işləri aparılmış, avadanlıqlar yenilənmiş, son dəfə isə qeyd edilən mənzil 2012-ci ilin ortalarından etibarən əsaslı təmir edilərək, rekonstruksiya işləri görülmüş, mənzilin yaşayış sahəsi genişləndirilmiş, balkonlar mənzilə daxil edilməklə tam təmir edilmiş (qapı, pəncərə, döşəmə və tavan dəyişdirilmiş), yeni kombi istilik sistemi çəkilmiş, hamam-tualet yenidən təmir edilməklə genişləndirilmiş, habelə mənzilin su sistemi yenilənmiş və motorla təchiz edilmişdir.İddiaçı tərəfindən birgə nikah dövründə mübahisəli mənzildə təmir işlərinin aparılmasını, yeni mebel və məişət texnikası ilə təchiz olunmasını, əmlakın dəyərini xeyli miqdarda artıran vəsaitin sərf olunmasını təkzib edən hər hansı bir sübut təqdim olunmamışdır.Bu müddət ərzində mübahisəli mənzildə təmir-bərpa işlərinin aparılmaması, yaxud avadanlıqların dəyişdirilməməsi mümkünsüzdür. Digər əmlaklar da bölünərkən uşaqların mənafeyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, mübahisəli mənzil birgə nikah dövrdə alınan əmlak olmuşdur. Lakin həmin dövrdə iddiaçının özünün sənədləri qaydasında olmadığından anasının adına alınmışdır. Sonradan isə oğluna bağışlamışdır. Halbuki həmin mənzil qızın atasının hesabına təmir olunmuşdur. Həmin mənzildə əsaslı təmir işləri aparılmışdır. Qapı, döşəmə, tavan tam təmir edilmişdir. Təmir barədə şahidlər də var. 20 il bir mənzildə yaşamaları və mənzilin təmir olunmaması qeyri-mümkündür. Ailə üzvlərinin istifadə hüququnun yaranması üçün müqaviləyə ehtiyac yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, Xətai rayonu, ünvan 1 mənzil 54-ün qarşı tərəfə heç bir aidiyyəti yoxdur. Həmin əmlak nikahdan çox əvvəl alınmış və onun mülkiyyətidir. Keçmiş arvadının adına iki mənzil var və hazırda da orada yaşayır. Qətnamə əslində onun ziyanına olsa da ondan şikayət verməmişdir. Məhkəmə əsassız olaraq əmlakın bir hissəsinə keçmiş arvadının 2/3 hissədə payını tanımışdır. Lakin mübahisənin bitməsi üçün şikayət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş, təmsil etdiyi şəxsin izahatına uyğun izahat vermişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx.xx.2008-ci il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, İbrahimova Zərövşən Məmmədhəsən qızı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzili oğlu İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********55 saylı məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzil 18 saylı DNK-nın 4Ə-01-50 reyestı nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********34 saylı məktubundan görünür ki, X1 adına: ünvan 5 ünvanında yerləşən əmlak xx.xx.2011-ci il tarixli, 4Ə/1-119 reyestr nömrəli, 11 saylı DNK-da rəsmiləşdirilən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən əmlak xx.xx.2018-ci il tarixli, 4Ə-623 reyestr nömrəli, 52 saylı DNK-da rəsmiləşdirilən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 saylı evin həyətində qeyri-yaşayış binası, qaraj İddiaçı məxsusdur. Azərbaycan Respublikası DİN Baş Dövlət X8 Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2019-cu il tarixli, 69960-1219 saylı arayışından görünür ki, kompyuter uçot bazasına görə İddiaçı adında xx.xx.2009-cu il tarixdən “Opel” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2012-ci il tarixdən “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Mübahisə ilə bağlı dəyərləndirmə: Apelyantın tələbləri bunlardır:

1. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzilə istifadə hüququnun xitam edilməsi hissəsində qətnamə ləğv edilsin, həmin mənzilə onun 2/3 hissədə payı müəyyən edilsin.

2. Digər əmlaklara münasibətdə də bərabər deyil, 2/3 hissədə onun, 1/3 hissədə iddiaçının payı tanınsın.

1-ci tələblə bağlı:

Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzilə münasibətdə cavabdehin istifadə hüququna xitam verməkdə və həmin mənzilə onun pay hüququnun tanınması barədə tələbi rədd etməkdə haqlı olmuşdur. Əvvəla, həmin mənzil ər-ərvadın birgə əldə etdiyi əmlak hesab oluna bilməz. Belə ki, mənzilə iddiaçının mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2. maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məcəllənin 225.4. maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Apelyant Mülki Məcəllənin 225.4. maddəsinə istinad edərək, bildirir ki, həmin mənzildə uzun illər birlikdə yaşamış və mənzili əsaslı təmir etmişlər. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh nə kimi təmir işlərinin aparılması, təmirin hansı vəsait hesabına aparılması ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, işə baxan məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, ünvan 2 53 saylı mənzilə 1/2 hissədə hüquqlarını tanımışdır. Onun və ailəsinin başqa iki yerdə mülkiyyətində yaşayış yeri var. Qeyd olunan hal birmənalı olaraq cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 54 saylı mənzilə ehtiyacının aradan qalxdığını təsdiq edir. Buna görə də cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməsi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bundan başqa, qeyd olunan mənzilin ər-arvadın birgə əmlakı hesab olunması tələbi əsassızdır. 1-ci instansiya məhkəməsində apelyant tələbini onunla əsaslandırırdı ki, həmin mənzilin alınmasında birgə iştirak etmişlər. Lakin qeyd olunan dəlil öz təsdiqini tapmamışdır. Apelyasiya şikayətində cavabdeh yeni dəlillər irəli sürərək yaşadıqları müddət ərzində mənzildə əsaslı təmir işləri apardıqları üçün mənzilin birgə əmlak hesab olunaraq bölünməsini tələb edir. Mənzilin iddiaçıya nikahdan əvvəl bağışlanması ilə bağlı notariat formasında yazılı tərtib olunmuş bir müqavilə var. Notariatda təsdiq olunmuş müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə cavabdeh notariatda tərtib olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. İşin mübahisəsiz halı bundan ibarətdir ki, mübahisəli mənzil bağışlananda tərəflər nikaha daxil olmamışdılar. Məhkəmə qeyd edir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin cavabdeh bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Eyni zamanda cavabdeh sonradan irəli sürdüyü dəlillərlə bağlı da sübutlar təqdim edə bilməmiş, mücərrəd olaraq uzun illər birgə yaşadıqları üçün mənzilin təmirinin mümkünsüz olduğunu bildirmişdir. Məhkəmə kollegiyası belə əsaslanmanın əmlakın birgə əmlak hesab olunaraq bölünməsi üçün kifayət etmədiyi qənaətinə gəlir.

2-ci tələblə bağlı:

Birinci instansiya məhkəməsi cavabdehin himayəsində yetkinlik yaşına çatmamış bir uşağın olmasını, boşanmadan sonra hər iki övladının onunla birgə yaşamalarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə 2/3 hissədə, “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı və “Opel” markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli evin həyətində olan qaraja, ünvan 2 53 saylı mənzilə Cavabdeh1 1/2 hissədə hüququnu tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda uşaqların mənafeyi digər əmlaklara münasibətdə də birgə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyil. İşə baxan məhkəmə uşaqların mənafeyini nəzərə alaraq digər mənzilə münasibətdə onun 2/3 hissədə payını tanımışdır. İşdən görünür ki, uşaqlardan biri artıq yetkinlik yaşına çatmış, digərinin saxlanması üçün isə aliment ödənilir. Qanunverici birgə əmlakın bölünməsi zamanı ər-arvadın bərabər pay almaq hüququ olması ilə bağlı əsaslı prinsip müəyyənləşdirmişdir. Həmin prinsipdən tutarlı əsaslar olduqda, müstəsna hallarda kənarlaşmaq olar. Hazırkı işdə belə hallar mövcud deyil. Ona görə apelyantın 2-ci dəlili də təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi apelyanta aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Hakimlər: imzalar Əsli ilə düzdür

Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar