Məhkəmə qərarları › İş №2(103)-5911/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5911/2022

02.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5911/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5911/2022 (Açar sözlər: evdən istifadəyə maneələrin aradan qaldırılması) Bakı şəhəri 02 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı3, iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2302/2022 saylı 14 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı3 Məhəmməd oğlu ilə X1 birgə nikahından Bəhruz (cavabdeh), Cavid və Cəmilə adında uşaqları doğulmuş, nikah 12 noyabr 1990-cı il tarixdə pozulmuş, onlar ailə olaraq birlikdə yaşamağa davam etmişlər. 07 oktyabr 2004-cü il tarixdə X4 tərəfindən X2 Binəqədi qəsəbə ərazisində yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. Leysan Nəbiyeva 2013-cü ildə tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsində İddiaçı3 Məhəmməd oğlu öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin ev daşınmaz əmlakın dövlə reyestrində qeydə alınmamışdır. İddiaçılar İddiaçı3 Məhəmməd oğlu və onun oğlu Cavid öz ailələri ilə birlikdə Beyləqan rayonunda yaşayır, qızı isə ailə quraraq başqa ünvana köçmüşdür. Digər oğlu Bəhruz isə hal-hazırda mübahisəsi gedən fərdi yaşayış evində yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinin qapısının və həyətin darvazasının açarlarının bir nüsxəsinin onlara verilməsi və onların həmin evə giriş-çıxışına, evdən istifadəsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 X3 ilə 1980-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan digər iddiaçılar olan Cavid və Cəmilə, habelə cavabdeh Bəhruz anadan olmuşlar. Leysan Nəbiyeva 2013-cü ildə tarixdə vəfat etmişdir. X4nin 1202 nömrəli 07 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən istifadələrində olan 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. 2005-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Onlar ailə kimi həmin evdə birgə yaşamışlar. Evdən hər biri Bakı şəhərində olarkən lazım gəldikcə istifadə etmişlər. Cavabdeh ailə qurduqdan sonra evi olmadığından və kirayə evdə yaşadığından onun ailəsi ilə birgə mübahisəli evdə yaşamasına razılıq vermişlər. Eyni zamanda, həmin evin açarının bir nüsxəsi də onlarda olmuş və onlar da lazım gəldikcə evdə birgə yaşamış və istifadə etmişlər. Lakin hazırda cavabdeh qapısının və həyətin darvazasının kilidlərini dəyişdirərək, yeni açarların bir nüsxəsini onlara verməkdən imtina edir və onlara evdən istifadələrinə maneçilik yaradır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 4.Cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıların hər birinin özlərinin evləri, yaşayış yerləri var. İddiaçı3 anası X3 ilə 1990-cı ildə rəsmi olaraq boşanmış və hazırda Beyləqan rayonunda şəxsi evində ikinci ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, o və iddiaçılar məcburi köçkün olduqlarından Füzuli rayonu, Zobucuq-1 qəsəbəsindən evlə təmin olunmuşlar və hazırda da məcburi köçkün kimi həmin evdə qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən iddiaçıların tələbləri şəxsi istəklərdən başqa bir şey deyil. Odur ki, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(001)- 2302/2022 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) İddiaçı3 iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qapısının və həyətinin darvazasının açarlarının bir nüsxəsi İddiaçı3 verilməsi Cavabdeh həvalə edilməsi, İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə girişçıxışına, evdən istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və İddiaçı3 Məhəmməd oğlunun vəsaiti hesabına inşa edilmişdir. Ona görə onun həmin evdən maneəsiz olaraq istifadə etmək imkanı məhdudlaşdırıla bilməz. Digər iddiaçılar isə artıq uzun müddətdir (altı aydan artıq) ki, həmin evi tərk edərək daimi yaşayış üçün başqa yerə köçmüşlər, ona görə onların artıqistifadə hüquqları itirilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1-ci, Mənzil Məcəlləsinin 53, 60 Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz qətnaməsində iddiaçının lehinə qərarı əsalandırmaq üçün İddiaçı3 cavbdehlə birlikdə yaşayan ailə üzvü kimi qeyd etmişdir. Lakin İddiaçı3 və cavabdehin anası X3 arasında nikah xx.xx.1990-cı il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində 86 nömrəli aktla pozulmuşdur. İddiaçı 1995-ci il tarixdən 2005-2006-cı il tarixədək Beyləqan şəhərində yerləşən Füzuli rayon 55 saylı orta məktəbdə direktor vəzifəsində, 2005-2006-cı il tarixdən cari tarixədək Beyləqan Rayon Təhsil Şöbəsində çalışır. 1990-cı illərdən etibarən iddiaçı faktiki daimi yaşayış yeri Beləqan şəhəridir. Yəni 2005-2006-cı illərdə iddiaçı Nəbiyeba Leysan ilə ailə münasibətlərində olmadığı kimi Cavabdehla birlikdə eyni yaşayış sahəsində zaman və məkanın primitiv anlayışına görə birlikdə yaşamağı qeyri mümkün idi. Məhkəmə iclas protokollarından göründüyü kimi iddiaçının özü də Beyləqan şəhərində yaşadığını və işlədiyini inkar etməmişdir. Sadəcə hansı tarixdən Beyləqan şəhərinin onun daimi yaşayış yeri olduğunu göstərməkdən yayınmışdır, məhkəmə isə onun məktəb direktoru olduğunu müəyyənləşdirsə də, bir əyani məktənin direktorunun daimi yaşayış yerinin Bakı şəhəri olması iddiasını araşdırmaq istəməmişdir. Öz növbəsində iddiaçı tərəfindən də, onun Nəbiyeva Leysan və Cavabdehla birlikdə eyni yaşayış sahəsində daimi yaşamağı və ailə münasibərlərində olmasında dair şübhədən kənar sübut təqdim olunmamışdır. Məhkəmədə izahat verən İddiaçı1 və İddiaçı2 işin nəticəsində maraqlı olan birgə iddiaçılardır. Öz növbəsində hər iki şəxs yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olmaqla, faktiki daimi yaşayış yerləri ünvan 4 ünvanda cavabdehlə birlikdə ailə üzvü kimi yaşamamışlar. b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 və iddiçıların nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, onun şikayətinin təmin edilməməsini xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və cavabdeh məhkəmə iclasına dəfələrlə gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsi

14. Maddə 53. 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

15. Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər

16. Maddə 60. 1-ci hissə. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 13.4 Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi iddianın tam rədd edilməsi xahiş edildiyindən, qətnamə iddianın təmin olunan hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı3 atası ilə onun atası əmiuşağıdırlar. O, bənnadır. O, qardaşı ilə 2005-ci ildə mübahisəsi gedən evin tikintisində işləmişlər. Həmçinin, ona verilmiş suala cavab olaraq bildirmişdir ki, tikinti materiallarını İddiaçı3 özü alıb gətirirdi, usta pulunu da onlara Tahir verirdi.

27. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı3 onun xalası Leysan Nəbiyevanın həyat yoldaşı olmuşdur. Onlar rəsmi olaraq boşansalar da, ailə kimi birlikdə yaşamağa davam edirdilər. Mübahisəsi gedən fərdi yaşayış ev 2005-ci ildə İddiaçı3 vəsaiti hesabına inşa edilmişdir, həmin evinin beton karkasını o hazırlamışdır. Ona usta pulunu Tahirin özü verirdi.

28. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı3 Məhəmməd oğlu ilə X1 birgə nikahından Bəhruz, Cavid və Cəmilə adında uşaqları doğulmuş, nikah 12 noyabr 1990-cı il tarixdə pozulsa da, onlar ailə olaraq birlikdə yaşamağa davam etmişlər. 07 oktyabr 2004-cü il tarixdə X4 tərəfindən X2 Binəqədi qəsəbə ərazisində yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. Leysan Nəbiyeva 2013-cü ildə tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsində İddiaçı3 Məhəmməd oğlu öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçılar İddiaçı3 Məhəmməd oğlu və onun oğlu Cavid öz ailələri ilə birlikdə Beyləqan rayonunda yaşayır, qızı isə ailə quraraq başqa ünvana köçmüşdür. Digər oğlu Bəhruz isə hazırda mübahisəsi gedən fərdi yaşayış evində yaşayır.

29. Apellyasiya şikayətinə münasibətdə kollegiya hesab edir ki, iş materialları ilə mübahisəli fərdə yaşayış evinin iddiaçı Tahir Məmmədov tərəfindən inşa edildiyi təsdiq olunur. Apelyator özü də, bu halı, yəni mübahisəli fərdə yaşayış evinin iddiaçı (atası) Tahir Məmmədov tərəfindən inşa edildiyi mübahisələndirmir və əks dəlilləri (sübutları) təqdim etmir.

30. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli mənzil dövlət reyestirində qeydiyyata alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və İddiaçı3 Məhəmməd oğlunun vəsaiti hesabına inşa edilməsi sübut olunur.

31. Digər tərəfdən kolleqiya qeyd edir ki, iddiaçının tələbi evə mülkiyyət hüququnun (payın) tanıması deyil, sadəcə olaraq evdən istifadəsinə maneələrin aradan qaldırılması ilə bağlıdır.

32. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının başqa yaşayış yerinin olması cavabdehin dəlillərinin əsaslılığına dəlalət etmir.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

35. xüsusi ilə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2302/2022 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar