Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5913/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndələri X9 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3891/2023 saylı, 04 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2004-cü il tarixdə 87 nömrəli əmrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində fəaliyyətə başlamış və xx.xx.2023-cü il tarixdə 3-17-4/3-2-864/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı həmin əmri qanunsuz və əsassız hesab edərək ləğv olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş 3-17-4/3-2-864/2023 saylı əmrin ləğv olunması, iddiaçının yenidən işə bərpa olunması və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdə 87 nömrəli əmrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində fəaliyyətə başlamışdır. İşlədiyi dövr ərzində hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Müəssisədə işlədiyi 19 ildən artıq müddətdə öz vəzifə öhdəliyini layiqincə yerinə yetirdiyinə görə bir neçə dəfə vəzifəsi yüksəlmiş, işdən azad olunarkən böyük tibb bacısı vəzifəsində çalışmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq verilən 3-17-4/3-2-864/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmamışdan öncə isə ona hər hansı vəzifə öhdəliyini pozması ilə bağlı heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmasını isə barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. İddiaçı hesab edir ki, əmr tam əsassız və qərzli olaraq qəbul edilmişdir. Belə ki, həmin maddənin müvafiq bəndinin tələblərinə əsasən, əgər o, yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq, tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməli idi. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hüquqları pozulduğundan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüş, vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparmış və səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3891/2023 saylı, 04 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-864/2023 nömrəli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əvvəlki vəzifəsinə bərpa edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məcburi işburaxmaya müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilmiş, bundan sonra iddiaçı ilkin olaraq Mediasiya Şurasına müraciət etmiş və mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan sonra iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş, aidiyyət qaydaları pozulduğundan geri qaytarılmış, daha sonra iddiaçı aidiyyəti üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, hüququnun pozulmasının aşkar edildiyi gün isə - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edildiyindən, əmrin surəti isə iddiaçıya təqdim edilmədiyindən, məhkəmə iclasında iddiaçıya təqdim edildiyindən, bununla da iddia müdəti iddiaçı tərəfindən ötürülmədiyindən, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, mübahisə tərəfi olan cavabdehin nümayəndəsivəkili iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş materiallarında iddiaçı (işçi) tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi heç bir mötəbət sübutla təsdiq edilməmiş və əmək vəzifələrinin kobud şəkildə pozulması cavabdeh (işəgötürən) tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 84 maddəsinin tələblərinə uyğun əmr tərtib etməmişdir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilir və ƏM-nin 84-cü maddəsinin 1-hissəsində göstərilən məlumatlar əhatə edilir. Lakin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-864/2023 nömrəli əmr işçinin (iddiaçının) yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi barədə hər hansı rəsmi sənədə istinad edilməməklə, formal olaraq cavabdeh (işəgötürən) tərəfindən tərtib edilmişdir və nəticədə iddiaçının(işçinin) hüquqları pozulmuşdur.Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsinin xx.xx.2023-cü il tarixli aktında İddiaçı İlk X3 iclasına dəvət edilmiş, lakin iclasa gəlməməsi barədə qeyd olunsada, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olubolmamasının tədqiq edən heç bir sübut (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 mart 2023-cü il tarixdə xitam verilsə də, o məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, X14 Heyətinin 31avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş Mediasiya Prosesinin tətbiqi barədə Təklifdən görünür ki, 27 mart 2023cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi təklif edilmişdir. Beləliklə, əmək müqaviləsinə xitam verildiyi tarixdən mediasiya təklifi göndərilən tarixədək artıq iddia müddətinin axımı 12 gün getmişdir. Mediasiya təklifinin göndərilməsi ilə iddia müddətinin axımı dayandırılmış, lakin daha sonra iddiaçı aidiyyət qaydalarını pozaraq xx.xx.2023-cü il tarixdə cavabdehin hüquqi ünvanının yerləşdiyi ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə deyil də, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə isə xx.xx.2023-cü il tarixli 2(007)-1735/2023 saylı qərardadla iddia ərizəsini geri qaytarmışdır. İddiaçı müddəti ötürərək xx.xx.2023-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsini təqdim etmişdir. Binəqədi Rayon Məhkəməsi işə baxan zaman aidiyyət qaydasının pozulması ilə verilmiş iddia ərizəsinin verildiyi tarixdən geri qaytarıldığı tarixədək olan müddəti iddia müddətinə daxil etməmişdir. Halbuki mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilərək mediasiya prosesi başa çatmasına baxmayaraq iddiaçının təqsiri ucbatından iddia müddəti ötürülərək Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisəsi üzrə 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Müvafiq məhkəmə işi üzrə cavabdeh tərəf olaraq elektron məhkəmə kabinetinə gec əlavə olunduqları və kağız daşıyıcıda məhkəmə bildirişləri gec çatdırıldığı üçün ilk 2 məhkəmə iclasında iştirak etməkləri onlardan asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən nümayəndələri iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud pozuntu ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını bildirərək sübut əldə edilməsi üçün müvafiq orqana sorğu verilməsi ilə əlaqədar MPM-in 47.2-ci maddəsinə əsaslanaraq şifahi vəsatət versə də, məhkəmə tərəfindən qeyd edilən vəsatətə hər hansı bir münasibət bildirilməmişdir. Belə ki, işə baxan hakim MPM-in 172.1.1-ci maddəsinə əsasən işə bərpaya dair işlərə ərizənin məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxmalı olduğunu bildirərək iş üzrə ətraflı araşdırma aparmadan qətnamə qəbul etmişdir. Halbuki MPM-in 172.2-ci maddəsində baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar qeyd edilən müddətin məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilməsi imkanı nəzərdə tutulmuşdur. X7 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar zamanı 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının böyük tibb bacısı vəzifəsində çalışan İddiaçıTofiq qızı tərəfindən vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparması, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi məlum olmuşdur. Qeyd olunan faktlar üzrə Agentliyin 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri X10 “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların daxili nəzarət tədbirləri həyata keçirən şöbə və departamentləri tərəfindən dövrü nəzarət tədbirlərinin aparılması reqlamenti”nin 5.4. bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə, İddiaçı isə xx.xx.2023-cü il tarixdə Nazirliyin Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq yazılı izahatı alınmışdır. Məhkəmə tərəflərindən sübut olaraq iddiaçıdan xx.xx.2023-cü il tarixində alınmış izahat təqdim edilsə də, məhkəmə qeyd edilən sübuta hər hansı bir qiymət vermədən əsassız olaraq iddianı təmin etməklə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı müvafiq izahatda ehtiyac olduqda Rizvan həkimin istifadəçi adı vasitəsilə əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil edə bildiyini etiraf etmişdir. İddiaçı böyük tibbi bacısı vəzifəsində çalışmış və onunla bağlanmış əmək müqaviləsində əmək funksiyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir. Əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində tərəflərindən xitam verilmişdir. Məhkəmə tərəfindən müvafiq qətnamədə cavabdehin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyi - əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan sənədlərin əmrin məzmununda göstərilmədiyi qeyd edilmişdir. Müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar Komitəsinin 2023-cü il 15 mart tarixli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023cü il 13 mart tarixli 3-17-4/3- 1-6923/2023, 3-17-4/3-1-6922/2023 nömrəli razılıqları göstərilmişdir. Həmin sənədlərdə həmçinin iddiaçıdan alınmış xx.xx.2023-cü il tarixli izahata da istinad edilmişdir. Qeyd edilən izahatda da iddiaçı Rizvan həkimin istifadəçi adı vasitəsilə əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil etdiyini etiraf etmişdir. Halbuki onunla bağlanmış əmək müqaviləsində əmək funksiyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 3-17-4/3-2-864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə isə qeyd edilən əmrin ləğv edilməsi barədə qətnamə qəbul etməklə müvafiq normanın tələblərini pozmuşdur. MPM-in 47.2-ci maddəsində işdə iştirak edən şəxslərin əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək hüququ nəzərdə tutulmuşdur. Tərəflərindən iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud pozuntu ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığı bildirilərək sübut əldə edilməsi üçün müvafiq orqana sorğu verilməsi ilə əlaqədar şifahi vəsatət verilsə də, məhəkəmə qeyd edilən vəsatətə hər hansı bir münasibət bildirməmişdir. İddiaçıdan xx.xx.2023-cü il tarixində alınmış izahat sübut olaraq məhkəməyə təqdim edilsə də, məhkəmə qeyd edilən sübuta hər hansı bir qiymət vermədən əsassız olaraq iddianı təmin etməklə qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrıayrılıqda izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirdilər və təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı (işçi) tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinin və əmək vəzifələrinin kobud şəkildə pozulmasının cavabdeh (işəgötürən) tərəfindən sübuta yetirilməməsinə, həmçinin cavabdehin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun əmr tərtib etməməklə əmrdə işçinin (iddiaçının) yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi barədə hər hansı rəsmi sənədə istinad olunmaması, formal tərtib edilməsinə və nəticədə iddiaçının (işçinin) hüquqlarının pozulmasına, eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsinin xx.xx.2023-cü il tarixli aktında İddiaçı X3 iclasına dəvət edilməsinə baxmayaraq iclasa gəlməməsi barədə qeyd olunsa da, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olub-olmamasının təsdiq edən heç bir sübutun (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ümumi sözlərdən istifadə etməklə işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə səbəb olmuş hallar üzrə araşdırma aparmamış, cavabdeh tərəfin iddiaya etirazının əsasları kimi irəli sürdüyü dəlillərə qiymət verməyərək iddianın əsaslı olması kimi səhv nəticəyə gəlmiş, mübahisələndirilən əmrin verilməsinə mühüm əsaslar mövcud olduğu halda bu hallara qiymət verməmişdir. Belə ki, məhkəmə baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən İddiaçı xx.xx.2004-cü ildə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 18 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə, xx.xx.2011-ci il tarixdə 21 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə həmin Komissiyanın böyük tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilərək əmək müqaviləsin xitam vermiş, xx.xx.2020-ci il tarixdə Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3- 2-864/2023 nömrəli əmrindən Çıxarışa əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasında tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələbini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 06 avqust tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 15 mart tarixdə xitam verilmiş, İddiaçı son haqq hesabı və istifadə edilməmiş 52 (əlli iki) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İstifadə olunmamış məzuniyyət və iş günləri üzrə hesablama – son haqq-hesaba və ödəniş tapşırığına əsasən, İddiaçı son olaraq cəmi ödəniləcək məbləğ (əmək haqqı məbləği daxil olmaqla) 1222,11 manat hesablanmış və ödənilmişdir. İddiaçının tələbinin əsaslarından görünür ki, əgər o, yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq, tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməli idi. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Cavabdeh tərəfin iddiaya etirazının əsasları ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr qanuni və əsaslı olmuşdur. Belə ki, 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsində çalışan İddiaçı tərəfindən vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparmış, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi məlum olmuşdur. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı Nazirliyin Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq yazılı izahatı alınmışdır. Məhkəmə kollegiyası iddia tələblərinin əsası və ona olan etirazın dəlilləri ilə bağlı qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-2-02/3/2-232026253 saylı məktubunda qeyd olunmuşdur ki, X15 və qeyrilərinin əlbir olaraq bir qrup şəxs halında vətəndaşlara məxsus yalan məlumatları tamah niyyəti ilə elektron sistemə daxil edib əlilliyə görə pensiya təyin edilməsinə nail olmaları faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələri ilə Baş İdarənin İstintaq İdarəsində ********* saylı cinayət işinin istintaqı davam etdirilməkdədir. Bundan başqa, cinayət işi üzrə İddiaçı barəsində cinayət təqibinin aparılmamasının nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-4/2-29425/2023 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan tibb müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində (bundan sonra - Nazirlik) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsilə aparılır. X7 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində aparılmış əlillik təyinatları üzrə mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar çərçivəsində Agentliyin 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının üzvləri tərəfindən əlillik təyinatı sahəsində qanunsuz əməlləri barədə müvafiq faktlar aşkar olunmuşdur. Belə ki, əlilik təyinatı ilə bağlı 16 vətəndaşa verilmiş elektron imtina qərarları 14 nömrəli TSEK əməkdaşları tərəfindən vətəndaşların adına əlillik təyinatının aparılması məqsədilə göndəriş rəsmiləşdirilmədiyi halda “yeni müayinə kimi” daxil etmək üsulu ilə “Əlillik” altsisteminə daxil edilmiş və təsdiqlənərək həmin vətəndaşlara əsassız əlillik təyinatının aparıldığı müəyyən edilmişdir. Aşkarlanmış faktlar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların daxili nəzarət tədbirləri həyata keçirən şöbə və departamentləri tərəfindən dövrü nəzarət tədbirlərinin aparılması reqlamenti”nin 5.4. bəndinə əsasən, nəzarət tədbirlərinin aparılması zamanı aşkar edilmiş neqativ halların, eləcə də bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozma faktlarının daha ətraflı araşdırılması üçün Nazirliyin Daxili nəzarət və audit şöbəsinə təqdim olunmuşdur. Bundan sonra Nazirlik tərəfindən tam və ətraflı araşdırma aparılmış, 14 saylı ərazi TSEK-in əməkdaşlarının yazılı izahatları alınmışdır. X12 təqdim etdiyi yazılı izahatında (xx.xx.2023-cü il tarixli) Agentlik tərəfindən ona heç bir səlahiyyət verilmədiyi halda vəzifə səlahiyyətlərini aşaraq üzvü olduğu 14 saylı Ərazi Tibbi-sosial ekspert komissiyasının sədri X13 məxsus elektron imza kartında istifadə etdiyini etiraf etmiş və Azərbaycan Respublikasının qanunları qarşısında məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Aparılmış araşdırmanın nəticəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ehtimal olunduğundan, qanunvericiliyə zidd şəkildə əlillik təyinatı aparılmasına yol vermiş əməkdaşların 3-cü şəxslərlə sövdələşməsi və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə dair faktlara hüquqi qiymətin verilməsi üçün müvafiq materiallar Nazirliyin xx.xx.2023-cü il tarixli 3-17/2-2893/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən əsassız əlillik təyinatlarının aparılması faktları üzrə araşdırma aparılmaqdadır. Agentliyin 14 saylı Ərazi Tibbi-sosial ekspert komissiyasının sədri X18 və tibb bacısı vəzifəsində çalışan X12 ilə bağlanılmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə, Agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin Tibbisosial ekspertiza mərkəzi şöbəsinin tibb qeydiyyatçısı vəzifəsində çalışan X16 ilə bağlanılmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 3-17/2-H-4704/5/2023 saylı cavab məktubundan görünür ki, İddiaçı müraciətinə aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 4.2-ci bəndinə əsasən Agentliyin idarəetmə orqanı İdarə Heyətidir və həmin Nizamnamənin 4.11.9-cu yarımbəndinə uyğun olaraq bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarı Nazirliklə razılaşdırmaqla İdarə Heyətinin sədri verir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhvlərə görə agentlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17- 4/3-2-864/2023 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq isə qeyd edilmişdir ki, Nazirliyin tabeliyində X5 X11 filialı tərəfindən məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi məqsədilə ilə İddiaçı ilə telefon vasitəsiylə əlaqə saxlanılaraq filiala dəvət edilmiş, lakin o, əvvəlki işinə bərpa olunmaq istədiyini bildirərək filiala getməkdən imtina etmişdir. İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən təqdim etdiyi əsaslarla göstərilənlərlə razılaşmayaraq həm xx.xx.2023-cü il tarixli izahatı təzyiq altında yazmasını, həm də əlilliklə bağlı bütün məlumatların bilavasitə Nazirlik tərəfindən sistemə daxil edilməsini göstərsə də, cavabdeh tərəfin kollegiyanın iclasında təqdim etdiyi, 16 nəfərin adının sistemə iddiaçının iş yerindən, yəni Bərdə şəhərindən sədr X10 adından daxil edilməsi barədə sübutla onun irəli sürdüyü bu arqument təkzib olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə səbəb olmuş hallar mövcud olmuş, bu hallar iş materiallarında olan sənədlərlə, eləcə də, iddiaçını özünün xx.xx.2023-cü il tarixli izahatının məzmunu ilə də təsdiq edilmişdir. Cavabdehin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun əmr tərtib edilməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti də səhvdir. Belə ki, müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar Komitəsinin 2023-cü il 15 mart tarixli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il 13 mart tarixli 3-17-4/3- 1-6923/2023, 3-17-4/3-1-6922/2023 nömrəli razılıqları göstərilmişdir. Həmin sənədlərdə həmçinin iddiaçıdan alınmış xx.xx.2023-cü il tarixli izahata da istinad edilmişdir. Qeyd edilən izahatda da iddiaçı Rizvan həkimin istifadəçi adı vasitəsilə Əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil etdiyini etiraf etmişdir. Halbuki onunla bağlanmış əmək müqaviləsində əmək funksiyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının həmkarlar ittifaqının keçirilməsi barədə məlumatının olub-olmamasının təsdiq edən heç bir sübutun (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsinə istinad etməsi də işin araşdırılmış hallarına uyğun olmamayaraq bu qənaətə gəlinməsi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən, İddiaçı İlk X3 iclasına dəvət edilmiş, lakin iclasa gəlməmişdir. Başqa sözlə, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olub-olmamasını sübut etmək cavabdehin deyil, iddiaçının üzərinə düşürdü. Həmçinin də, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsinin xx.xx.2023-cü il tarixli razılığın təqdim edilməsi haqqında məktubdan və xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan tələbin «əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması» hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-864/2023 nömrəli əmrinin ləğv olunması hissəsi əsassız olduğundan digər törəmə tələbləri ( iddiaçının yenidən işə bərpa olunması və məcburi işburaxma günləri ödənilməmiş əməkhaqqının cavabdeh tərəfindən ödənilməsi) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Göstərilən xüsusatlar isə birinci instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 3-17-4/3-2-864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsinə dair cavabdeh tərəfin iddiaya olan etirazında və apellyasiya şikayətində göstərilənlərə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə kollegiyası tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3891/2023 saylı, 04 avqust 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə