Məhkəmə qərarları › İş №2(103)-5916/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5916/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5916/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30.030 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixində hazırki iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı iddia tələbi ilə Bakı şəhəri Qaradağ rayonu Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19№li ünvanda yerləşən, ümumi sahəsi 208 kv.m ümumi sahəsi, 120.1 kv.m yaşayış sahəsi, 88.2 kv.m yardımçı sahəsi olan evin onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontorunda 08 yanvar 2011-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin evə dair Cavabdeh2 adına hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* №li çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və onunla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları, istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 sentyabr 2011ci il tarixli 2(002)1091/11 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı alqısatqı müqaviləsinin və mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab olunması barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 ona və onunla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları, istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatın ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2012-ci il tarixli 2(103)-101/2012 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(002)1091/11 saylı qətnaməsi qismən ləğv edilmiş, onun iddiası rədd edilmiş, Cavabdeh2 iddiası qismən təmin edilmiş, onun və qızı X1 istifadə hüquqlarına xitam verilməklə, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19 №li ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 28 avqust 2012- ci il tarixli, 2(102)-2354/2012 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 fevral 2012-ci il tarixli 2(103)-101/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ rayonu Məhkəməsində Cavabdeh1 məhkəmə icraatı zamanı izahat vermişdir. Həmin izahatda Cavabdeh1 “satılmış” evin müqabilində ona, yəni İddiaçı 26 400 manat pul verilməli olduğu halda, vermədiyini etiraf etmişdir. Belə ki, o, etiraf ərizəsində 26400 manat pul məbləğini digər Cavabdeh2 alıb, İddiaçı vermədiyini bildirmişdir. Əvəzində həmin pul məbləğini öz işlərinə xərclədiyini qeyd etmişdir. Bundan əlavə, etiraf ərizəsində qeyd etmişdir ki, 26400 manat pul məbləğini digər Cavabdeh2 alarkən İddiaçı yanında olmamışdır. Həmçinin, izahatda Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19№li ünvanda yerləşən fərdi yaşayış evinin “satılması” nəticəsində İddiaçı çatası 30 000 manat puldan 3000 manat hissəsini faizə çıxdığı, 600 manat məbləğini isə notarius xərcinə çıxdığı qeyd olunur. Nəticədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona veriləcək 30.000 manat pul məbləğini mənimsəmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təminolunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehlərə göndərilmiş məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yeri üzrə Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən alındığı iş materialları ilə təsdiq olunur. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. İddiaçının əsaslandığı və iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı evin müqavilədə qeyd olunan dəyəri, yəni 30.000 manat pulu 10.01.2011-ci il tarixdə 8 saylı Dövlət Notariat Ofisinin "xxxx" ASC-nin Qaradağ filialında olan hesablaşma hesabından şəxsən almışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya, həmçinin, qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi üzrə mübahisədən 9 il sonra məhkəməyə müraciət etməsi onun iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiklərini əsaslılığını şübhə altına alır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar