Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5916/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Maraqlı şəxs1 cəlb olunmaqla mülki iş (Açar sözlər: «hüquqi əhəmiyyətli faktın müəyyən olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil və Maraqlı şəxs1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4440/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İ-ГТ 627976 saylı Gürcüstan SSR-in Dmanisi rayonun VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunda doğulmuş, atası X9, anası X1.
2. Maraqlı şəxs1 tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 29 noyabr 2022-ci il tarixli, ******* №-li elektron arayışına əsasən, xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.
3. Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən X11 Nazirliyinin Kriminal Polis Departamentinin direktor müavini, polis polkovniki L.Çaduneliaya ünvanlanmış 10 may 2017-ci il tarixli məktubun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (xx.xx.1972-ci il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir.
4. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli arayışın notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Gürcüstanda xx.xx.1972-ci il tarixdə anadan olan Ərizəçi Gürcüstan vətəndaşı hesab olunmur.
5. Bakı şəhəri İ.Cəfərov adına 260№-li tam orta məktəbi tərəfindən verilmiş 432№-li, 26 may 2023-cü il tarixli arayışa görə, Ərizəçi 1990-1991-ci tədris ilində Bakı şəhəri Xətai rayonu 260 №-li tam orta məktəbin Xİ sinfini bitirmişdir.
6. Ərizəçi xx.xx.1991-ci ildə N.Tusi küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilindən pasport qeydiyyatından çıxmış və göstərilən ünvanda hal-hazıra kimi qeydiyyatsız yaşayır. Həmin mənzil tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2008-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. X8 (ərizəçinin oğlu) xx.xx.2001-ci il tarixdə doğulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
8. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində anadan olmuş, Ərizəçi 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.
9. Tələbdə göstərilir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə anası X3 məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilində qeydiyyata alınmışdır. 1991-ci ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 260 saylı orta məktəbini bitirmişdir. xx.xx.1991-ci il tarixdə daimi qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxaraq Gürcüstana qazanc əldə etmək üçün gedərək orada yaşamışdır. 1997-ci il tarixdə Azərbaycana qayıtmış və həmin ildən ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilində hal-hazıra kimi anasının yanında qeydiyyatsız olaraq yaşayır. Azərbaycana gəlməyinin səbəbi- Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının, o cümlədən atası mərhum X9, anası X6, 2 qardaşı X7 və mərhum X5 yaxın daimi yaşamaq, eləcə də ailə həyatı qurmaqdan ibarət olmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün qeyrirəsmi nikaha daxil olmuş və həmin nikah münasibətindən 30 avqust 2001-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onun uzun illərdir Azərbaycanda anasının yanında daimi yaşamasına baxmayaraq vətəndaşlığı olmadığı üçün şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün həm özü, eləcə də övladı layiqli həyat səviyyəsindən məhrum olmuşlar. Belə ki, heç bir yerdə rəsmi muzdlu işlə təmin oluna bilmir, övladı ilə birgə istirahət etmək üçün ölkə hüdudlarından kənara çıxa bilmir, miras paylarında vərəsə kimi iştirak edə bilməyəcəyi açıq aşkardır. Övladının vətəndaş cəmiyyətində lazımınca iştirak etmək üçün bir sıra zəruri hallarda valideynin şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur. Təəssüflər olsun ki, bu tələbi qarşılamaq onun üçün mümkünsüzdür. Azərbaycan vətəndaşlığına qəbul edilib şəxsiyyət vəsiqəsini almaq üçün onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə qaydasında müəyyən edilməsinə həm ehtiyac, həm də zərurət vardır. Çünki, şəxsiyyət vəsiqəsini başqa şəkildə ala bilmir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4440/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ərizənin təmin edilərək xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi 1997-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Ərizəçi 1997-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində doğulmuş, 22 noyabr 1979-cu il tarixdə anası X3 məxsus ünvan 1ndə yerləşən, 18 saylı evin 15 saylı mənzilində qeydiyyata alınaraq həmin mənzildə yaşamış, 1981-1991-ci illər ərzində Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən 260 №-li orta məktəbdə orta təhsil almış, arada qazanc əldə etmək məqsədilə Gürcüstan Respublikasına gedib qayıtmışdır. Eyni zamanda, işdə olan sübutlarla təsdiq edilmişdir ki, ərizəçi 1997-ci ildən hal-hazıradək anası X3 məxsus ünvan 1ndə yerləşən, 18 saylı evin 15 saylı mənzilində yoldaşı, iki uşağı ilə birlikdə yaşayır, doğulduğu Gürcüstan Respublikası da daxil olmaqla, heç bir dövlətin vətəndaşı deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək Ərizəçi Azərbaycan Respublikasının ərazisində daimi yaşama faktı 2004-cü il tarixindən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi işə baxarkən ərizəçinin Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, ərizəçiyə Azərbaycan Respublikası tərəfindən verilmiş P0539688, A3813446, ******* nömrəli sənədlərdə 2000- 2004-cü il tarixlərdə dövlət sərhəddindən hərəkəti qeydə alınmışdır. O, xx.xx.2006-cı il tarixdə P1705115 nömrəli sərhədkeçmə sənədi ilə dövlət sərhəddini keçməyə cəhd etsə də, ona məxsus sonuncu ümumvətəndaş pasportu (AR DİN-in xx.xx.2022-ci il tarixli 018- 28387-1122 nömrəli arayışına əsasən) fəaliyyətsizləşdirildiyindən geri qaytarılmışdır. Doğrudur, faktiki olaraq şəxs ölkəni tərk edə bilməməsi səbəbindən “Azərbaycan Respublikası Vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələbləri ona şamil edilsə də, işin hallarından göründüyü kimi, ərizənin predmetinin birinci hissəsi üzrə şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama faktı 1997-ci il tarixdən yox, 2004cü il tarixindən hesablanmalı idi. Ərizəçi 2004-cü ildə ölkə ərazisinə daxil olsa da, qeyd olunan Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilərkən qətnamədə 1997-ci il qeyd olunmuşdur. (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir). Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, tam aydınlaşdırmadan, iş materiallarında olan sübutları düzgün qiymətləndirilmədən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəçinin xx.xx.2004-cü ildən 01 yanvar 2006-cı ilədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında Ərizəçi və onun vəkili Vəkil ayrı-ayrılıqda maraqlı şəxsin nümayəndəsinin qeyd etdiyi formada qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni təmin edilən tələbin ərizəçinin ölkəyə daxil olduğu tarixə aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçinin ölkəyə daxil olduğu tarixə aid hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, mübahisələndirilən hissədə, yəni təmin edilən tələbin ərizəçinin ölkəyə daxil olduğu tarixə aid hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
23. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Apellyasiya baxışı zamanı maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda verdiyi izahatında bildirdi ki, qətnamədə mübahisələndirdikləri yeganə hissə Ərizəçi Azərbaycan Respublikasının ərazisində daimi yaşama faktı 1997-ci il tarixdən deyil, 08 oktyabr 2004-cü il tarixindən hesablanması barədədir. Hansı ki, bunun da hazırki tələbin təmin edilməsinə və ərizəçinin hüquqi statusuna heç bir təsiri yoxdur.
25. Ərizəçi və onun vəkili Vəkil isə ayrı-ayrılıqda bildirdilər ki, onların hazırki tələbi irəli sürməkdə məqsədi ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsidir. Hazırda Xidmətin şikayət verməkdə məqsədi tarix məsələsi ilə bağlıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmirlər.
26. Apellyasiya instansiyası məhkəməsi ərizəçi və maraqlı şəxsin nümayəndəsinin mövqeyini nəzərə alaraq hesab edir ki, Ərizəçi Azərbaycan Respublikasının ərazisində daimi yaşama faktı 1997-ci il tarixdən deyil, 08 oktyabr 2004-cü il tarixindən hesablanmalıdır. Çünki, Maraqlı şəxs1- Sərhədkeçmə məlumatlarından bəlli olur ki, ərizəçi 2000-2004-cü illərdə müxtəlif vaxtlarda ölkə ərazisindən çıxmış və geri qayıtmışdır.
27. “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə görə isə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.
28. Məhkəmə tərkibi hesab edir ki, hazırki işdə işin faktiki hallarının dispozisiya şərtləri ilə uzlaşa biləcək maddi və prosessual hüquq norması olduğundan, eləcə də maraqlı şəxsin etirazı olmadığına görə ərizə əsaslıdır, lakin ərizəçinin xx.xx.2004-cü ildən 01 yanvar 2006-cı ilədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
29. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4440/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdrilməli, xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi xx.xx.2004-cü ildən 01 yanvar 2006-cı ilədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4440/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi xx.xx.2004-cü ildən 01 yanvar 2006-cı ilədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.