Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5919/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “intizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsi, əmək haqqının, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli N438 k/d saylı əmrin ləğv edilməsi, cavabdehdən verilişlərinin bərpa olunması, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 6.000 manat (sentyabr, oktyabr və yanvar ayı ərzində (3 ay) alacağı qonorarın hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz deyil, 100 faiz hesablanaraq) ödənilməsi və mənəvi ziyanın əvəzi olaraq 2.000 manat məbləğində pulun cavabdeh QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən cavabdeh QSC-də “Azərbaycan Radiosunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında böyük redaktor vəzifəsində çalışır. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı (120 dəqiqə üçün 166 manat). İki verilişə görə 332 manat yazılır, 250 manat qonorar alırdı. Son veriliş xx.xx.2021-ci il tarixində efirə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində (həftənin bazar günü) iddiaçının səhhətində problem yaranmışdır. Vəziyyətinin ciddiliyi ilə əlaqədar 16 saylı Şəhər Poliklinikasının həkimi ona xəbərdarlıq etmişdir ki, evdən çıxmaq olmaz. Buna baxmayaraq işə gəlməyini bildirdiklərinə görə xx.xx.2021-ci il tarixində işə çıxmışdır. QSC-nin Kadrlar Departamentinin rəisi iddiaçıdan yazılı izahat tələb etmiş və iddiaçı yazılı formada izahat vermişdir. İddiaçı, 2021-ci ilin dekabr ayında əmək məzuniyyətinə çıxmalı idi. 2021-ci ilin avqust ayında isə “12 avqust - Beynəlxalq Gənclər günü” və “26 avqust - Beynəlxalq Azərbaycan Muğamı günü”nə həsr olunmuş iki veriliş hazırlamalı idi. Lakin ona məhz avqust ayında məcburi qaydada əmək məzuniyyətinə çıxması bildirilmiş və o da məcbur qalıb əmək məzuniyyəti ilə əlaqədar olaraq rəhbərliyə məzuniyyət ərizəsini təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında isə (23 və 30-u tarixlərində) iki veriliş hazırlamalı idi. Hətta, bununla bağlı plan da təqdim etmişdir. Əmək məzuniyyətindən qayıtdıqdan sonra iddiaçı ilk verilişini hazırlamışdır. Lakin verilişin efirə getməsinə icazə verilməmişdir. Buna baxmayaraq verilişləri "xxxx" göndərmişdir. xx.xx.2021-ci il tarixdə QSC-nin sədrinə verilişlərinin heç bir səbəb olmadan efirə getməsinə icazə verilməməsi ilə bağlı məlumat vermişdir. Bundan sonra, sədr və sədr müavini verilişlərin hazırlanmasına icazə vermişlər. Lakin, yenə “bəzi qüvvələr” tərəfindən verilişləri efirə təqdim edilməmişdir. Heç bir səbəb göstərilmədən verilişləri efirə getmədiyindən qonorarı dayandırılmışdır. İddiaçı, redaksiyada böyük redaktor vəzifəsində çalışsa da, işəmuzd olaraq 268 manat qonorar alır. Oktyabr ayında da eyni qaydada verilişlərinin efirə getməsinə icazə verilməmişdir. Yenə dəfələrlə rəhbərliyə müraciət etmişdir. Sonradan verilişin hazırlanmasına icazə verilmişdir. Veriliş hazırlamış, lakin bilmədiyi səbəbdən efirə verilməmişdir. Nəticədə oktyabr ayı üzrə də aylıq qonorarı dayandırılmışdır. Halbuki, sentyabr və oktyabr aylarında işdə olmuş və müəyyən sayda veriliş hazırlamışdır. Artıq bütün bu olanlara son verilməli idi və bununla bağlı olaraq rəhbərliyə müraciət etməli idi. Belə ki, iddiaçı, xx.xx.2021-ci il tarixdə QSC-nin sədrinə ərizə ilə müraciət etmişdir. Ərizə yazdığına görə kadrlar departamenti tərəfindən iddiaçıya, iddiaçının xəbəri olmadan və heç bir səbəbsiz xx.xx.2021-ci il tarixli 438 k/d saylı əmr əsasında töhmət verilmişdir. Əmrdə qeyd edilmişdir ki, radionun “Uşaq və Gənclik Verilişləri” baş redaksiyasının böyük redaktoru olan iddiaçı öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirməyib, redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozmuşdur. Halbuki, iddiaçı, işlədiyi dövrdə nə işinə səhlənkar yanaşmış, nədə ki, redaksiyanın əməkdaşları ilə kobud davranmışdır ki, daxili nizam-intizam qaydaları pozsun. Bu qeyd olunanlar ona qarşı olan intriqa və “qarayaxma”dan başqa bir şey deyildir. Əmr verildikdən sonra xx.xx.2021-ci il tarixində iddiaçı, Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılmış və ondan izahat tələb edilmişdir. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Hətta bu haqda kadrlar departamentinə də fikrini bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə QSC-nin Hüquq Şöbəsinə müraciət etmişdir. Orada iddiaçıya məsələnin araşdırılaraq məlumat veriləcəyini bildirmişdilər. Bundan sonra verilmiş töhmət iddiaçının səhhətində ciddi problemlər yaratmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. Bir neçə gündən sonra QSC-nin hüquqşünası iddiaçıya işə gəlməli olduğunu bildirmişdi. Xəstə olmağına baxmayaraq iddiaçı işə getmiş və orada onu təqdimatda olan iki cümlə ilə tanış etmiş, lakin əmrin surətini verməmişlər. Belə ki, Kadrlar Departamenti tərəfindən töhmət əmrinin surətinin yalnız onlar deyən ərizəni imzaladıqdan sonra veriləcəyini bildirilmişdir. İddiaçı isə əmrlə tanış olmamışdır. Halbuki, Əmək Məcəlləsinin 189.3-cü maddəsinin tələbinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, həmin gün əmrin surətini iddiaçıya təqdim etməmişlər. Sonradan iddiaçı əmrlə tanış olmuşdur. Əmrdə, əmrin verilməsinə əsas kimi qeyd edilmişdir ki, əmr, Radionun “Uşaq və Gənclik Verilişləri” Baş Redaksiyasının Baş redaktorunun təqdimatı və akt əsasında verilmişdir. İddiaçı bildirir ki, təqdimat xx.xx.2021-ci il tarixdə yazılmış, əmr həmin tarixdə verilmiş, akt isə yanvar ayında yazılmışdır. Kadrlar Departamentinin rəisi akt və təqdimatı yalnız məhkəməyə təqdim edəcəyini bildirmişdir. İddiaçı, 2016-cı ildən səhhətində yaranan bir başqa xəstəliyi ilə əlaqədar olaraq əməliyyat olunmuşdur. Səhiyyə Nazirliyinin göstərişi ilə hər il 2 ay ona xəstəlik vərəqəsi verilməklə müalicə və müayinə olunmalı idi. İddiaçı isə 5 il ərzində heç zaman idarəyə xəstəlik vərəqəsi təqdim edə bilməmişdir. Səbəb isə xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz hesablanmasıdır. Halbuki onun 39 il iş stajı vardır. İddiaçı isə bu səbəbdən məcbur olub il ərzində ancaq məzuniyyət vaxtı müalicə və müayinə olunurdu. Hətta sözügedən məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da məlumat vermişdir. 2021-ci ilin dekabr ayında da məzuniyyət vaxtı iddiaçı müalicə və müayinə olunmalı idi, lakin məcburi qaydada məzuniyyətə göndərildiyindən dekabr ayında xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəlik vərəqəsinə görə işə çıxmağına icazə verilsə də, həkim tərəfindən daha 3 həftə xəstəxanada müalicə və müayinə olunmağı bildirilmişdir. İddiaçı dəfələrlə işə zəng vurub xəstəlik vərəqələrinə görə veriləcək vəsaitin hesablanmasını xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq xəstəxanaya olan göndərişdən imtina etmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinət qazancının 60 faiz nəzərə alınmaqla hesablanmışdır. Bundan başqa, iddiaçı, müharibə veteranının övladı olaraq əmək vergisindən azad olunmalı idi. Lakin bu cəmi 2 ay tətbiq edilmişdir. Bütün bunlardan sonra, həkim tərəfindən xx.xx.2022-ci il tarixində işə başlamağına icazə verilsə də, sədrə ərizə ilə müraciət edib bildirmişdir ki, verilişləri ona məlum olmayan səbəblərdən efirə buraxılmır, üstəlik aylıq qonorarı verilmir, istifadə etdiyi kompyüter ondan alınıb, eləcə də həmin kompüterdə ona məxsus olan qovluqlar silinmişdir. Həmin ərizədə qeyd etmişdir ki, məcbur olub işdən çıxmağı ilə bağlı bu ərizəni yazır ki, əmrin surətini ala bilsin. Əmrin surətinin rəsmi qaydada poçt vasitəsi ilə göndərilməsini xahiş etmişdir. Lakin ərizəsinə cavab verilməmişdir. Yalnız 2 həftədən sonra Kadrlar Departamentinə zəng etmişdir. Cavabında ona iddiaçını belə ərizə ilə işdən azad edə bilməyəcəklərini demişlər. Nəhayət xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə QSC-nin sədrinə təkrarən ərizə ilə müraciət etmiş və ona töhmət verilməsi barədə əmrin surətinin ona verilməsini xahiş etmişdir. Bu ərizədən sonra ona Kadrlar Departamenti tərəfindən üzərində verilmə tarixi və möhür olmadan əmr təqdim edilmişdir. Təbii ki, iddiaçı, razılaşmayaraq etirazını bildirmiş və ona sonradan üzərində tarix və möhür olan xx.xx.2021-ci il tarixli 438 k/d saylı əmri təqdim etmişlər. Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələbinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin QSC-nin rəhbərlik tərəfindən bunların heç biri nəzərə alınmadan ona töhmət verilmişdir. Halbuki iddiaçı, “Uşaq və Gənclik verilişləri” Baş redaksiyasında kifayət qədər staja malik böyük redaktordur. Göründüyü kimi, böyük redaktor olaraq iddiaçıya qarşı haqsızlıq edilmiş, heç bir səbəb olmadan və ona öncədən hər hansı xəbərdaredici məlumat verilmədən verilişləri dayandırılmış, verilişlərinin efirə getməməsi səbəbindən qonorarı dayandırılmış, üstəlikdə müvafiq əmr əsasında töhmət verilmişdir. Verilmiş töhmət əsasında səhhəti həddindən artıq pisləşmiş və üz nahiyəsində problem yaranmışdır. Bununla bağlı, müayinə və müalicə olunmuşdur.
3. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1096/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
4. Bundan sonra iddiaçı “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil, 100 faiz hesablanaraq) eləcə də mənəvi zərərə görə 2.000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
5. Cavabdeh QSC-nin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı iddia ərizəsində 2021-ci ilin sentyabr ayında (23 və 30-u tarixlərində) iki veriliş hazırlamalı olduğunu və bununla bağlı plan da təqdim etdiyini, lakin sözügedən verilişlərin efirə təqdim edilmədiyini bildirir. Belə ki, Azərbaycan Radiosunun "xxxx" Redaksiyasının baş redaktoru tərəfindən QSC-nin sədrinə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli təqdimat daxil olmuşdur. Həmin təqdimatda qeyd olunmuşdur ki, redaksiyanın əməkdaşlarına yeni layihəli verilişlərin təqdim olunması tapşırılmışdır. Lakin digər əməkdaşlardan fərqli olaraq tapşırıq verilən müddət ərzində böyük redaktor olan iddiaçı tərəfindən yeni veriliş təqdim olunmayıb. Bu azmış kimi iddiaçı, illərlə ssenari müəllifi olduğu “Uğur” adında köhnə məzmunlu uşaq verilişinin ssenarisini təqdim edərək, Radionun Proqram direktorluğundan həmin köhnə verilişin efirə salınmasını tələb etmişdir. İddiaçıya, təqdim etdiyi ssenarinin günün tələblərinə qətiyyən cavab vermədiyi bildirilsə də, onun cavabı “mən bunu bacarıram” olmuş və o, bundan başqa heç bir veriliş təqdim etməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində əmr verildikdən sonra, xx.xx.2021-ci il tarixində Kadrlar və Xüsusi İşlər Departamentinə çağrılaraq ondan izahat tələb edildiyini, əmrin ona təqdim olunmadığını və s. bu kimi halları göstərir. Bütün bunlar da yalandır. Belə ki, xx.xx.2021-ci il tarixli yuxarıda qeyd olunan təqdimatdan sonra həmin gün iddiaçıdan izahat verməsi tələb edilmişdir. Lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Bununla bağlı eyni tarixli akt da tərtib olunub. Bununla bərabər, iddiaçı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan və həmin əmrin surətini almaqdan da imtina etmişdir. Bu hal xx.xx.2021-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı bir işçi kimi iş kollektivi ilə sağlam, səmimi münasibət qurmağı bacarmır, əməkdaşları heç bir səbəb olmadan etik normalara sığmayan ifadələrlə təhqir edir. Oturduğu otaqda daim gərginlik yaradır və əməkdaşlarla hədə-qorxu ilə danışır. Bu hərəkətləri ilə redaksiyadakı yaradıcı, sağlam mühitə xələl gətirməyə çalışır. Buna dair iddiaçı ilə bir strukturda işləyən əməkdaşlar xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib etmiş və imzalamışlar. Radionun "xxxx" redaksiyasının böyük redaktoru olan iddiaçıya öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirmədiyinə, habelə redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. İddiaçı ona təqdim olunan xx.xx.2021-ci il 438 k/d saylı töhmət əmri ilə tanış olmaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. Bununla da, iddiaçı, Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “e” (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinə əsasən əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi töhmət tam qanuni əsaslarla verilmişdir. Eyni zamanda, QSC-də işəmuzd işləyən iddiaçının maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğundan, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün qətnamə ləğv olunmalı və tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
9. İddiaçı özü və vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
10. Cavabdeh QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdir.
11. İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iş üzrə tərəflər arasında yaranmış əmək mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxdı. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Məhkəmə iş üzrə tərəflər arasında yaranmış əmək mübahisəsinin hallarını nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək (maddə 10.). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (maddə 186; hissə 1.). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (maddə 186; hissə 2.). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (maddə 187; hissə 1.). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (maddə 187; hissə 2.). İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə (maddə 195.). Bu Məcəllənin 195ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir (maddə 196; hissə 1.). İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur (maddə 196; hissə 5.). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir (maddə 290; hissə 3.). Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir (290-cı maddəsinin “qeyd hissəsi).
14. İş materiallarından və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı, cavabdeh QSC-də “Uşaq və Gənclik Verilişləri” baş redaksiyasının böyük redaktoru vəzifəsində çalışır. Onunla xx.xx.2005-ci il tarixdə müddətsiz “Əmək müqaviləsi” bağlanmışdır. Əmək haqqının məbləği 290 manat təşkil edir.
15. Bakı Şəhəri 16 saylı Poliklinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması barədə vərəqədən” görünür ki, iddiaçıya “Kəskin bronxit” diaqnozu qoyulmuş, ambulator rejimdə müayinə yazılmış, işə başlamalı olduğu vaxt isə xx.xx.2021-ci il tarix qeyd edilmişdir.
16. Cavabdeh QSC-nin "xxxx" redaksiyasının baş redaktoru X9, baş redaktorun müavini X10, böyük redaktor X3, böyük redaktor X6, redaktor X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı iş prosesində redaktorla hesablaşmır, proqram rəhbərliyindən hazır olmayan verilişin efir setkasına yerləşdirilməsini tələb edir. Yaradıcılıq baxımından müasir tələblərə cavab vermir. İddiaçı, ona tapşırılan işin öhdəsindən gəlmir. İddiaçı bir əməkdaş kimi redaksiyanın kollektivi il də sağlam münasibət qura bilmir. QSC-yə məxsus kompüterə parol qoyaraq əməkdaşların istifadəsinə imkan vermir. Daim “WiFi” avadanlığını söndürərək işçilərə mane olur. Oturduğu otaqda daim gərginlik yaradır. Bu hərəkətinə etiraz edənləri də ağır ifadələrlə təhqir edir.
17. Cavabdeh QSC-nin sədrinə Radionun "xxxx" verilişləri redaksiyasının baş redaktoru Arzu Bayramova tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, iddiaçı öz hərəkətləri ilə redaksiyadakı yaradıcı, sağlam mühitə xələl gətirməyə çalışdığı üçün barəsində tədbir görülməsi xahiş olunur.
18. Təqdimatını onunla əsaslandırılmışdır ki, redaktor olan iddiaçı ona yeni veriliş hazırlanması barədə tapşırıq verilməsinə baxmayaraq, yeni veriliş təqdim etməmiş, “Uğur” adlı köhnə məzmunlu uşaq verilişinin ssenarisini təqdim etmişdir. Ssenarinin günün tələblərinə cavab vermədiyi, yeni layihə hazırlanması təklif edilmiş, lakin iddiaçı bu tələbə məhəl qoymamış, köhnə verilişi komissiyanın nümayəndəsi Qorxmaz Şıxəlioğluna dinlətmişdir. O da öz növbəsində verilişin günün tələblərinə cavab vermədiyini bildirmişdir. Həmin veriliş efirə salınmamışdır. Bundan sonra, iddiaçı, baş redaktora heç bir veriliş təqdim etməmişdir. Bundan başqa, iddiaçı, bir əməkdaş kimi işlədiyi kollektiv ilə sağlam, səmimi münasibət qurmağı bacarmır. O, QSC-yə məxsus kompüteri öz inhisarına almış, kompüterin parolunu dəyişmiş və bu səbəbdən başqa əməkdaşlar kompüterdən faydalana bilmirlər. İddiaçı, “WiFi” avadanlığını işlətməyə mane olur. Bu da kollektivdə ciddi narazılıq yaradır. İddiaçı etik normalara sığmayan ifadələrlə əməkdaşları təhqir edir. Oturduğu otaqda daim gərginlik yaradır və əməkdaşlarla hədə-qorxu ilə danışır. Baş redaktorun da ünvanına təhqiramiz sözlər deyir.
19. Cavabdeh QSC-nin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynova, rəis müavini Zemfira Əliyeva, aparıcı mütəxəssisi Oksana Namazova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı etdiyi səhvlərə görə izahat yazmaqdan imtina etmişdir.
20. Cavabdeh QSC-nin 438 k/d saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirmədiyinə, redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozduğuna görə iddiaçıya töhmət verilmişdir.
21. Cavabdeh QSC-nin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynova, rəis müavini Zemfira Əliyeva, aparıcı mütəxəssisi Oksana Namazova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir.
22. Cavabdeh QSC-nin 438 k/d saylı, xx.xx.2021-ci il tarixli əmrinin üzərində iddiaçı xx.xx.2022-ci il tarixdə “əmrin bir nüsxəsini aldım” qeydi aparmaqla əmrin surətini aldığını öz imzası ilə təsdiq etmişdir.
23. Bakı Şəhəri 16 saylı Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2021-ci il tarixədək işdən azad olunması barədə qeyd aparılmışdır.
24. Həmin Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2021-ci il tarixədək işdən azad olunması ilə bağlı qeyd aparılmışdır.
25. Həmin Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” müəyyən edilir ki, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, işə başlamalı olduğu vaxt isə xx.xx.2021-ci il tarix qeyd edilmişdir.
26. Poliklinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, iddiaçıya yoğun bağırsağı xəstəliyi diaqnozu qoyulmuş, ambulator rejimdə müayinə yazılmış, xx.xx.2022-ci il tarixədək işdən azad olunması ilə bağlı qeyd aparılmışdır.
27. Poliklinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2022-ci il tarixədək işdən azad olunması ilə bağlı qeyd aparılmışdır.
28. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh QSC tərəfindən təqdim edilmiş sənədlərdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin olmamasına görə iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənildiyi məlum olmuşdur.
29. İddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənilməsinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən Rayon Məhkəməsi qəbul etdiyi qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
30. Ekspertiza tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli vəsatət əsasında Rayon Məhkəməsi tərəfindən ekspertiza qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə mütəxəssisi təhqiqata cəlb olunmuşdur.
31. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 9/2096 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətlə bağlı son haqq-hesab məlumatına əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətin miqdarı ümumilikdə 911,44 manat, ödənilmiş müavinətin miqdarı isə ümumilikdə 507,18 manat təşkil edir.
32. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iddianın əsassız olması barədə nəticəsini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş “Təqdimatdan” müəyyən edilir ki, iddiaçıya günün tələbinə cavab verən yeni verilişlərin hazırlanması tapşırılmış, iddiaçı isə yeni veriliş hazırlamamış və bunun əvəzinə köhnə verilişi təqdim etmişdir. Bundan əlavə cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını pozmuşdur. İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən düzgün olaraq ona intizam tənbehi verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əsaslı olaraq (yuxarıda qeyd edilən) həmin veriliş efirə verilməmişdir. Belə ki, cavabdeh QSC-nin nizamnaməsinə əsasən, cəmiyyətin həyata keçirdiyi əsas funksiyalardan biri də televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin edilməsidir. Odur ki, iddianın “xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz ödəncin də ödənilməsi) tələbləri, eləcə də həmin tələblərin nəticəsi olaraq mənəvi zərərə görə 2.000 manat pul məbləğinin ödənilməsi tələbləri” hissəsində əsassızdır və rədd edilməlidir.
32. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq müəyyən edir ki, iş üzrə hərtərəfli və tam araşdırma aparmış Rayon Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən hallar düzgün müəyyən edilmiş, işin müəyyən edilmiş hallarına uyğun maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək, iddianın qeyd edilən hissəsində iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
33. Məhkəmə iddianın “xəstəlik vərəqələrinə görə müavinətin qazancın 60 faiz deyil, 100 faiz miqdarında hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “Qeyd” adlı hissəsinə görə, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 62-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir: qazancın 100 faizi miqdarında: 12 il və daha çox sosial sığorta stajı olan işçilərə.
35. İddiaçı 39 il iş stajı olmasına baxmayaraq ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinətin qazancının 60 %-i miqdarında hesablanıb ödənilməsini bildirir və həmin dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətin düzgün olaraq qazancının 100 faizi miqdarında hesablanaraq ödənilməsini tələb edir.
36. Yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə ekspertizanın təyin edilməsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin alınması iddia tələbinin məhz bu hissəsi ilə bağlı olmuşdur (bax: hazırki qətnamənin 29-31-ci bəndlərinə).
37. Lakin xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdeh QSC-nin nümayəndəsi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçıya iddia etdiyi müddət üçün əmək qabiliyiyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanma dərəcəsi 100 % ilə nəzərə alınmışdır.
38. "xxxx" ASC tərəfindən verilmiş iddiaçının bank hesabından çıxarışdan görünür ki, iddia ərizəsində mübahisələndirilən dövr üçün, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan müddət üçün DSMF-nin məktublarında göstərilən cədvəllərdə qeyd olunmuş müavinət məbləğləri (46.94, 41.31, 190.86, 125.15) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilmişdir (iş v. 95).
39. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
40. Belə olan halda, Məhkəmə hesab edir ki, xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 % deyil, 100 % hesablanaraq ödənilməsi hissəsində də iddia əsassızdır. Rayon Məhkəməsi müzakirə edilən hissədə də iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiyanın nəticəsi
41. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.