Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-592/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin 04 aprel 2023-cü il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, 04 aprel 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh müəssisədə işləmiş, xx.xx.2018-ci il tarixdə 150 №-li əmrlə Cəmiyyətin satış əməliyyatları Departamenti X7 Filial müdiri vəzifəsinə keçirilmiş, 04 aprel 2023-cü il tarixdə 139 №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı dəfələrlə cavabdeh müəssisəyə müraciət edərək əmrin surətini tələb etsə də, əmr ona təqdim edilməmiş, sadəcə əmək kitabçası verilmişdir. Buna görə də, iddiaçıya işdən çıxarılma səbəbləri aydın deyildir. İddiaçı məhkəmədən əvvəl mübahisənin mediasiya vasitəsi ilə həll olunmasına çalışsa da, cavabdeh müəssisə buna razı olmadığından mübahisənin mediasiya vasitəsi ilə həllinə nail ola bilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh müəssisəsinin 04 aprel 2023-cü il tarixli 139 №-li əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına heç vaxt yol verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, e-2(006)- 2922/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunması olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan tərəflər arasında bağlanmış 13 fevral 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X7 müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsində əmək şəraiti, əmək haqqı və s. barədə zəruri şərtlər aydın və ətraflı şəkildə göstərilmişdir. İşdə olan “tam maddi məsuliyyət haqqında” 07 sentyabr 2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla, iddiaçı üzərinə bu istiqamətdə vəzifələr götürmüşdür. İşdə olan Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X3 X4 Gaziyevə ünvanladığı təqdimatdan görünür ki, Cavabdeh MMC-nin Novxanı filialında mağaza müdiri vəzifəsində çalışan İddiaçı və baş kassir vəzifəsində çalışan X1 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri faktı aşkar olunmuşdur. Belə ki, mağazanın qarşısında avto-dayanacağa nəzarət edən Natiq, Zahid, «Avrora» və «Qurman» firmasının nümayəndələri Zülfiyyə və Günay adlı şəxslər mağazanın mətbəxində filialın personalı üçün nəzərdə tutulmuş yeməkdən yemişlər. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçıla öncədən razılaşdırılmış şəkildə gündəlik olaraq hər bir şəxsdən (Natiq, Zahid, Zülfiyyə və Günay) 1 AZN ödəməsi şərti ilə razılaşdırılmışdır. Həmin məbləğlər Kəmalə xanımın ya şəxsi bank kartına göndərilmiş, və ya nağd şəkildə ödənilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı üst rəhbərlərinə heç bir məlumat verməmişdir. İddiaçı ilə fərdi söhbət aparılarkən tutduğu əməli etiraf etmiş, məbləğləri şəxsən qəbul etmədiyini, həmin pullara mağaza üçün ərzaq aldığını izahatında qeyd etmişdir. Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən, şəxslərin verdikləri məbləğləri birbaşa mağaza müdirinə verdiyini izahatında qeyd etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X1 barəsində müvafiq intizam tədbiri görülməsinin təmin edilməsi xahiş olunmuşdur. İşdə olan iddiaçının cavabdeh MMC-nin direktoruna yazdığı izahatdan görünür ki, o, yuxarıda göstərilən təqdimatda yer alan məlumatların doğruluğunu təsdiq etmiş, həmin məsələ ilə bağlı üst rəhbərinə məlumat vermədiyini bildirmişdir. İşdə olan Cavabdeh MMC-nin 04 aprel 2023-cü il tarixli 139-K saylı əmrindən görünür ki, həmin MMC-nin Satış Əməliyyatları Departamenti X6 Mağaza müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi 21,52 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi də göstərilmişdir. İşdə olan 26 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 26 may 2023-cü il tarixdə saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 5 manat poçt xərci ödənilmişdir. İşdə olan 05 iyul 2023-cü il tarixli aktdan görünür ki, mağaza müdiri vəzifəsində işləyən iddiaçının xx.xx.2022-ci il tarixə mağazanın anbarında mədaxil-məxaric olunan məhsulların dövriyyəsinin auditi aparılmışdır. İşin birinci instansiya məhkəməsində müəyyən olunmuş hallarına görə - iddiaçı ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, Cavabdeh MMC-nin filiallarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi filial müdiri olmuşdur. Tərəflər arasında “tam maddi məsuliyyət haqqında” 07 sentyabr 2016-cı il tarixdə müqavilə bağlanmış, iddiaçı mağaza müdiri vəzifəsi tutan şəxslər üçün mövcud olan vəzifə təlimatı ilə tanış edilmiş, iddiaçı həmin təlimatla tanış olaraq imzalamışdır. 04 aprel 2023-cü il tarixli 139-K saylı əmr ilə əmək funksiyalarını kobud şəkildə pozduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X3 X4 Gaziyevə ünvanladığı təqdimatının, həm də İddiaçı sözügedən təqdimatda yer alan məlumatların doğruluğunu təsdiq etməsinə dair cavabdeh MMC-nin direktoruna yazdığı izahatın məzmunu ilə öz təsdiqini tapır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi digər hallara, yəni işəgötürənin ona qarşı qərəzli olmasının digər işçi K.Məmmədəliyeva barəsində ciddi tədbir görülməməsi ilə əsaslandırmasına məhkəmə qiymət verərək hesab edir ki, bu hal işəgötürənin konkret olaraq iddiaçıya qarşı qərəzli olmasının sübutu kimi qiymətləndirilmir. Belə ki, iş materiallarından görünür ki, Kəmalə Məmmədəliyeva kassir, iddiaçı isə filial müdiri olmaqla vəzifəli şəxs olmuşdur. İddiaçı kənar şəxsləri mağazaya dəvət edərək, onların orada yemək yeməsinə şərait yaratmaqla və özünün də etiraf etdiyi kimi hər birindən buna görə hər dəfə razılaşdırılmış məbləğ olan 1 manat ödəniş almaqla mağazaya ziyan vurmuşdur. Həmin məbləğlər Kəmalə Məmmədəliyevanın ya şəxsi bank kartına göndərilmiş və ya nağd şəkildə ödənilmişdir. Onlar barəsində verilən təqdimatdan da görünür ki, Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən, kənar şəxslərin verdiyi məbləğləri birbaşa mağaza müdirinə verdiyini izahatında qeyd etmişdir. İddiaçının isə ödənişin mağazanın kassasına vurulması və həmin pullara mağaza üçün ərzaq aldığını bildirməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən - iddiaçı cavabdeh MMC-də filial müdiri işlədiyi və maddi məsul şəxs olduğu halda, səlahiyyətlərini aşaraq mütəmadi olaraq kənar şəxslərin mağazanın daxili personalı üçün nəzərdə tutulmuş yeməklərdən istifadəsinə (yeməsinə) şərait yaratmış, cavabdehin mənafeyinə xələl gətirmişdir. İddiaçı qeyd edilən halların mövcudluğunu təsdiq etsə də, həmin kənar şəxslər tərəfindən yeməyin pulunun ödənilməsini bildirməklə, əməllərinə haqq qazandırmağa çalışmışdır. Halbuki, iddiaçının özünün də bildirməsinə əsasən yeməkxana daxili personal (cavabdeh MMC-yə aidiyyəti işçilər) üçün nəzərdə tutulmaqla, işəgötürənin maddi vəsaiti hesabına təşkil olunmuşdur. Belə olan halda, iddiaçının özünün şəxsi təşəbbüsü ilə kənar şəxslərin orada yemək yeməsi ilk növbədə iddiaçının vəzifəli şəxs kimi səlahiyyətlərini aşması, daxili qaydaları pozması, digər tərəfdən isə cavabdehə ziyan vurulması ilə nəticələnir. Halbuki, iddiaçı ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalıdır və s. Həmçinin, iddiaçının vəzifə təlimatından da görünür ki, o, vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifə borclarının, şirkətin qüvvədə olan təlimat, əsasnamə və digər qaydalarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə məsuliyyət daşıyır. Bundan başqa, iddiaçı istifadə olunan yeməklərə görə hər bir kənar şəxsdən pul alınmasını da təsdiq etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi yeməklər kənar şəxslərə satılması üçün deyil, daxili personal üçün hazırlanmışdır. Belə olan halda, yeməklərin dəyərinin ödənilməsi mövcud vəziyyəti dəyişdirməməklə, iddiaçının əməllərini qanuni hala gətirmir (iddiaçı ümumiyyətlə kənar şəxslərdən aldığı pulları tam şəkildə MMC-nin hesabına ödəməsini də sübut edə bilməmişdir). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin əmrin əsaslandırılmamasını da qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əməlləri lazımi qaydada rəsmiləşdirilmiş, əvvəlcədən onun izahatı alınmış və s. hərəktlər yerinə yetirilmiş, əmr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən istiqamətdə də iddiaçının dəlillərinə ətraflı hüquqi qiymət vermişdir. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etirazı və ona əlavə olunmuş bəzi sənədləri təqdim etmişdir. Etirazda həmçinin göstərilmişdir ki, iddiaçının mağaza müdiri işlədiyi müddətdə işçilərin mənimsəmə faktına görə işəgötürənə 53578,77 manat maddi ziyan vurulmuşdur. Hazırda Abşeron Rayon Polis İdarəsində iddiaçının və digər işçilərin barəsində araşdırma aparılır, hətta mağazada fəhlə işləmiş Kamran Əliyev barəsində həbs qətimkan tədbiri də seçilmişdir. Bütün bu hallar iddiaçının mağaza müdiri kimi öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, işlərin icrasına, işçilərin fəaliyyətinə düzgün nəzarəti həyata keçirilməməsi olmaqla, nəticədə işəgötürənə külli miqdarda ziyan vurulması lə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad olunmasına əsaslar bilavasitə etirazda qeyd edilən həmin hallarla (mənimsəmə faktı və s.) bağlı olmadığından, hazırki icraat çərçivəsində onlara hüquqi qiymət verilməsi məqsədə müvafiq sayıla bilməz. Hüquqları pozulmuş şəxs qeyd edilən hallarla bağlı tələb hüquqlarını özündə saxlamaqla, müstəqil qaydada aidiyyəti üzrə müraciət hüququna malikdir. ƏM-nin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Göründüyü kimi, iddiaçının vəzifəli və maddi məsul şəxs olaraq yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-592/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-592/2024
09.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver