Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5921/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Alahverdi qızının Cavabdeh qarşı sahiblik hüququnun müdafiə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şosesi Firdovsi Vəliyev küçəsi döngə 8 dalan 5 ünvanında yerləşən ümumi sahəsi 96,20 kv.m olan iki otaqlı fərdi yaşayış evinə qanunsuz müdaxilələrdə ifadə olunan bütün hərəkətlərin cavabdehə qadağan edilməsi, həmin evin açarlarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şosesi Firdovsi Vəliyev küçəsi döngə 8 dalan 5 ünvanında yerləşən ümumi sahəsi 96,20 kv.m olan iki otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı həmin evi 2008-ci ildə qohumu X1 vermiş, Faiq Abdullayev arvadı Cavabdeh ilə həmin evə köçərək bir müddət orada yaşamışdır. 2016-cı ildə onlar arasında nikah pozulmuş və həmin mənzildən çıxmışlar. X10 və cavabdehdən əşyaların evdən çıxarılmasını tələb etmiş, hətta Faiq Abdullayevə qarşı əşyaların evdən çıxarılması barədə iddia qaldırmışdır. Faiq həmin əşyaların Laləyə məxsus olduğunu, əşyaları evdən çıxarsa, Lalənin ona qarşı əsassız ittihamlar irəli sürəcəyini bildirmişdir. 2019-cu ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh əşyaları evdən çıxarmamaqla yanaşı, evi tanımadığı şəxslərə kirayəyə vermişdir. Bununla bağlı ərazi üzrə sahə inspektoruna xəbər verdikdən sonra onlar evin cavabdeh tərəfindən kirayəyə verilməsini təsdiq edərək, evi könüllü tərk etsələr də, evin giriş qapısının açarları cavabdeh tərəfindən dəyişdirilmiş, cavabdeh iddiaçını həmin ev üzərində sahiblik hüququndan məhrum etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 323/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzləri evin İddiaçı məxsus olmasını təsdiq edir. Məhkəmə sübutları düzgün qiymətləndirməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apelyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğuna görə apelyasiya baxışının predmetini qətnamənin əsaslılığının tam həcmdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Yasər Abdullayev apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi Saleh Əliyev isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 323/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlara əsasən, ümumi sahəsi 96,20 kv.m olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şosesi Firdovsi Vəliyev küçəsi döngə 8 dalan 5-də yerləşən bir mərtəbəli fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh 2008-ci ildə iddiaçının bacısı oğlu olan X7 ilə rəsmi nikaha daxil olub ailə qurduqdan sonra bir neçə il orada yaşamış, 2015-ci ildə nikahları məhkəmə qaydasında pozulduqdan sonra aralarında məhkəmə mübahisələri olmuşdur. İddiaçı həmin evin ona məxsus olmasını sübut etmək üçün məhkəməyə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzlərini təqdim etmişdir. Bundan əlavə, hər iki tərəfin təşəbbüsü ilə məhkəmədə şahidlər dindirilmişdir. Birinci instansiya məhkəməsində həm iddiaçının, həm də cavabdehin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X13 və X9 ifadələrində həmin evin tikintisində iştirak etdiklərini, tikintinin 2001-2002-ci illərə təsadüf etdiyini, İddiaçı tanımadıqlarını, Nəriman adlı şəxsi tanıdıqlarını göstərmişlər. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X17 ifadəsində 2001-2002-ci illərdə bir qonşu kimi həmin evin tikintisində usta işlədiyini, İddiaçı tanımadığını, tikinti gedən zaman orada Nəriman adlı şəxsi gördüyünü, usta haqqını onlara Nərimanın verdiyini göstərmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində 2001ci ildən həmin evin qonşuluğunda olan evdə yaşadığını, 2002-ci ildə həmin evdə gedən tikintinin şahidi olduğunu, evin Fəxrəddin həkim tərəfindən tikdirildiyini, tikinti gedən zaman orada Elxan, Fəxrəddin və Nəriman adlı şəxsləri gördüyünü bildirmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində həmin evin qonşuluğunda yaşadığını, evin Fəxrəddin həkimlə Nadir həkim tərəfindən birgə tikildiyini, ev tikilən zaman orada Fəxrəddin həkimi gördüyünü, Nəriman və Kəmalə adlı şəxsləri tanımadığını göstərmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş Babayeva Sima Köçəri qızı ifadəsində evin Fəxrəddin həkimlə Nadir həkim tərəfindən birgə tikildiyini, onların əvvəllər yaxın dost olmaqla sonradan dostluqlarının qohumluğa çevrildiyini, yəni Fəxrəddin həkimin oğlu Faiqlə Nadir həkimin qızı Lalənin ailə qurduqlarını, evin tikilməsinə görə pulu Nadir həkimin Fəxrəddin həkimə verdiyini, Kəmalə adlı şəxsi tanımadığını göstərmişdir. Şahid ifadələri arasında ziddiyyətlər olduğuna görə Sima Babayeva, Mustafa Həsənov və Əhliyət Qurbanov apelyasiya məhkəməsində yenidən dindirilmişlər. Əhliyət Qurbanov və Mustafa Həsənov ifadələrində evin 2001-ci ildə Nəriman adlı şəxs tərəfindən tikildiyini, Fəxrəddin həkimin də oraya gəlib-getdiyini, onun da tikintiyə köməklik göstərdiyini, Kəmalə adlı şəxsi tanımadıqlarını bildirmişlər. Sima Babayeva ifadəsində torpağın alınması üçün pulun Lalənin atası Nadir həkim tərəfindən verildiyini, Nadir həkimin xahişi ilə torpağı satın aldığını, orada Nadir həkim tərəfindən ev tikildiyini, torpaq almağa və ev tikməyə Fəxrəddin həkimin maddi imkanının olmadığını, Nəriman və Kəmalə adlı şəxsləri tanımadığını göstərmişdir. Aprlyasiya məhkəməsində iddiaçı tərəfin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində həmin evin xalası Kəmalənin əri Nəriman Tağıyev tərəfindən tikildiyini, orada qardaşı Faiqlə Lalənin ailə qurub bir müddət yaşadıqlarını göstərmişdir. Beləliklə, dindirilmiş şahidlərin heç biri mübahisəli evin məhz İddiaçı məxsus olmasını təsdiq etməmişlər. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər ifadələrində əsasən evin İddiaçı əri Nəriman adlı şəxs tərəfindən tikilməsini, cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş şəxslər isə evin X22 Rəhimlinin valideynləri tərəfindən tikildiyini göstərmişlər. Apelyasiya qaydasında işə baxılarkən cavabdehin nümayəndəsi Saleh Əliyev izahatında hazırkı iddianın Cavabdeh keçmiş əri Faiq Abdullayevlə sonuncunun xalası İddiaçı tərəfindən düşünülmüş şəkildə qaldırıldığını, iddia qaldırmaqda əsas məqsədin Laləni evdən məhrum etmək olduğunu göstərmişdir. İş materiallarında olan Cavabdeh hələ 2015-ci ildə Tərtər Rayon Məhkəməsinə yazdığı iddia ərizəsindən görünür ki, o, Bakı şəhəri Binəqədi rayonu ərazisində tikilmiş evin X7 tərəfindən başqa bir qohumunun adına rəsmiləşdirildiyini göstərmişdir. Beləliklə, şahid ifadələrinə əsasən mübahisəli evin İddiaçı məxsus olması təsdiq olunmamışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzlərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin hesabat cədvəli və ödəniş qəbzləri evin İddiaçı məxsus olmasını təsdiq etmir. Ödəniş qəbzlərindən həmçinin görünür ki, həmin qəbzlər 2019-cu ildə hazırkı iddia qaldırılmazdan bir neçə ay əvvəl aparılmış ödənişlərlə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Eyni Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia etdiyi evə dair tələbetmə hüququnun olmasını, evin onun mülkiyyətində və ya sahibliyində olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Alahverdi qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 323/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5921/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5921/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver