Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5921/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh, Üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və “X5” MMC-nin də üçüncü şəxs qismində cəlb olunduqları “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(001)-947/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 416a saylı, 08 avqust 2005-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140.0 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə Ordubad rayonu, Vənəndkəndi ünvanında yaşayan İddiaçı ayrılması qərara alınmışdır. Torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 11.200 (on bir min iki yüz) manat olmaqla, Biləcəri bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı hesabına ödənilməsi və ödəmə barədə qəbzin Biləcəri Bələdiyyəsinə təqdim edilməsi İddiaçı tapşırılmışdır. 02 avqust 2005-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 1.568.000 manat məbləğində pul vəsaiti Biləcəri Bələdiyyəsinin “Kapital bank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı hesabına ödənilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili Aslan Heydərova ünvanlanmış 01/306 saylı 11 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə bələdiyyə tərəfindən baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən tikinti 2023cü ilin mart ayında başlanılmışdır. Sözügedən torpaq sahəsində qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması üçün fəaliyyət göstərən şəxslərə minimum şərait yaratmaq üçün xidməti və texniki otaqlar tikilirdi. İddiaçı şikayəti əsasında 2023-cü ilin mart ayının sonunda tikinti dayandırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş Cavabdeh adına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 26 sentyabr 2000-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin 750.56 ha, Hacı-Həsən qəsəbəsinin 74.19 ha, Sulutəpə qəsəbəsinin 22.60 hektar torpaq sahələrinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Biləcəri qəsəbə Bələdiyyəsinə təhvil verilməsi barədə sərəncam verilmişdir. Hazırda iddiaçı bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzrə tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və “X5” MMC-nin də üçüncü şəxs qismində cəlb olunduqları iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona, yəni İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Cavabdeh Sadiq oğlu tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Ona ayrılan torpaq sahəsində əvvəllər tanımadığı şəxslər tərəfindən qanunsuz tikinti işləri aparıldığından, o, həmin şəxslərdən tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Həmin şəxslər tikintinin bələdiyyə ilə razılaşdırdıqlarını və ona ayrılmış 140 kv.m torpaq sahəsinin ondan geri alınaraq, onlara veriləcəyini (və ya verildiyini) bildirmişlər. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə xx.xx.2023-cü il tarixdə Bələdiyyəyə yazılı şəkildə müraciət etsə də, tikinti işləri davam etdirilmişdir. Bundan sonra o, məcbur qalaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə və həmin torpaq sahəsində qanunsuz tikintini aparan üçüncü şəxs Cavabdeh Sadiq oğluna qarşı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi və üçüncü şəxs Cavabdeh Sadiq oğlu tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılan zaman vəkili tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinə vəkil sorğusu göndərilmiş və həmin sorğu əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı tikinti işlərinin aparılıb-aparılmaması, tikinti işləri aparılırsa bələdiyyənin həmin tikintini hansı hüquqi əsasla aparması barədə məlumat verilməsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsinə dair Cavabdeh Sadiq oğlu adlı fiziki şəxsə bələdiyyə tərəfindən hər hansı hüquqmüəyyənedici sənədin verilib-verilməməsi, verilmişsə hansı əsasla verilməsi barədə məlumatın verilməsi və həmin hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması xahiş edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən vəkil sorğusuna cavab olaraq göndərilmiş 11 oktyabr 2023-cü il tarixli, 01/306 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı- satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən tikinti 2023-cü ilin mart ayında başlanılmış, sözügedən torpaq sahəsində qəbristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması üçün fəaliyyət göstərən şəxslərə minimum şərait yaratmaq üçün xidməti və texniki otaqlar tikilmiş, onun, yəni İddiaçı şikayəti əsasında 2023-cü ilin mart ayının sonunda tikinti dayandırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş Cavabdeh Sadiq oğlunun adına torpaq sahəsinin ayrılmasına dair hər-hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Bələdiyyə tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubuna Biləcəri Bələdiyyəsinin 416a saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ona satılan 140 kv.m torpaq sahəsində mart 2023-cü il tarixində bələdiyyə tərəfindən qanunsuz tikintinin aparılmasına dair fotolar, həmçinin üçüncü şəxs Cavabdeh Sadiq oğlunun 2023-cü ilin mart ayının sonu, aprel ayının əvvəlində qanunsuz tikintinin aparılmasına dair fotolar əlavə edilmişdir. Cavabdeh Sadiq oğlunun adına həmin torpaq sahəsinin ayrılması barədə hər hansı qərar olmadığı üçün, Bakı İnzibati Məhkəməsi həmin iddianın inzibati icraat qaydasında baxılmalı iddia olmaması əsası ilə xx.xx.2023-cü il tarixli qərardadla iddianın qeyri-mümkün hesab olunması barədə qərardad qəbul etmişdir. Həmin qərardadda göstərilmişdir ki, iddiaçının tələbi bələdiyyə qərarı ilə ayrılmış sahədə aparılan tikinti ilə bağlı olduğundan, iddiaçının tələbi tikinti işlərini aparan Cavabdeh Sadiq oğluna qarşı yönəlməli, bu səbəbdən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ümumiyyətlə işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Sadiq oğlu ona məxsus torpaq sahəsini hər-hansı hüquqmüəyyənedici sənədləri olmadan, qazilik statusundan istifadə etməklə qanunsuz şəkildə ələ keçirmiş, mülkiyyət hüquqlarına qəsd etmiş, ona məxsus torpaq sahəsində qanunsuz tikintilər aparmışdır. Həmin şəxsin ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmasına şərait bilavasitə Biləcəri Bələdiyyəsi tərəfindən yaradılmış, beləliklə də, bələdiyyə Cavabdeh ilə əlbir olaraq, onun hüquq və azadlıqlarını pozan qanunsuz əməllərinə dəstək olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(001)- 947/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə 140 kv.m torpaq sahəsinin ayrıldığına əsaslanaraq, Cavabdeh tərəfindən aparılmış “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbini irəli sürsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli 3-16-16/2-10/1143 nömrəli ekspert rəyi ilə təsdiq edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 84 m2 olmaqla yanaşı, torpaq sahəsi üzərində 1 ədəd qeyri-yaşayış obyekti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə bütövlükdə yüksək gərginlikli elektrik (6 kVt-lıq) xəttinin mühafizəsində yerləşir. Həmçinin sahə qəbiristanlıqla həmsərhəd olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC-nin istifadəsinə verilmiş ərazi olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbləri təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə iddiaçıya bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin situasiya planı tərtib edilərək, bələdiyyə tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli əmlaka subyektiv hüququ bələdiyyənin inzibati akt olan və hər hansı dövlət orqanı və yaxud məhkəmə qaydasında mübahisələndirilməmiş, ləğv edilməmiş xx.xx.2005-ci il tarixli 416a saylı qərarından yaranmışdır. Həmin qərar İddiaçı qeyd edilən əmlaka sərəncam vermək hüququ verməsə də, qeyd edilən qərarla iddiaçının, mülkiyyət hüququnun ikinci elementi olan sahiblik hüququ və dolayısı yolla gözlənilən mülkiyyət hüququ yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən də, onun sahiblik hüququ qadağan olunmuş özbaşınalıqdan müdafiə olunmalıdır. Digər bir məsələ, həmin ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC-nin istifadəsinə verilmiş ərazi olması ilə bağlı gəlinən nəticədir. Belə ki, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə2 sözügedən torpaq sahəsinin “X5” MMC-nin ərazisi olduğunu, mütəmadi olaraq şirkət tərəfindən həmin ərazilərdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etdiklərini, həmçinin bələdiyyə sənədlərinin mübahisələndirildiyini əsas gətirərək, şirkətə ayrılmış torpaq sahələrinin özgəninkiləşdirilməsinə etiraz etdiklərini bildirmişdir. Əvvəla qeyd edilən ərazilərin Neft şirkəti tərəfindən Bələdiyyəyə verilməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. İkincisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC tərəfindən nə hazırki iddiaçıya, nə bələdiyyəyə nə də ki, həmin torpaq sahəsində özbaşına tikintilər aparan cavabdehə qarşı indiyədək hər hansı bir iddia qaldırılmamış, iddiaçıya torpağın ayrılması barədə müvafiq inzibati akt mübahisələndirilməmişdir. Ümumiyyətlə, artıq mövcud olan məhkəmə təcrübəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarını məhkəmə qaydasında mübahisələndirməmiş, mübahisələndirsəydi belə iddia müddətini ötürmüşdür. Yəni, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC-nin qeyd edilən torpaq sahəsinə hər-hansı hüququ qalmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi işin gedişində məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və işi ekspertizaya göndərmişdir. Ekspertizada isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz mütəxəssis rəyinə istinad etməklə rəy tərtib olunmuşdur. Mütəxəssis rəyində göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Halbuki, həmin Ərazi İdarəsi qeyd edilən ərazidə ayrı-ayrı vətəndaşlara bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrini dövlət qeydiyyatına almaqla çıxarışlar vermiş, həmin çıxarışları verən zaman ərazinin hansı mülkiyyət növündə olduğunu araşdırmaq yadlarına düşməşmişdir. Beləliklə də, inzibati orqan bərabərlik prinsipini pozaraq ayrı-ayrı vətəndaşlara münasibətdə fərqli yanaşmalar edərək, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadını qorumamışdır. Ümumiyyətlə, İddiaçı həmin dövrdə mövcud olmuş praktikaya etimad edərək, dəyərini ödəməklə əmlakı əldə etmiş və 2023-cü ilədək həmin əmlak barəsində hər hansı müdaxiləyə və yaxud da mübahisəyə məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsi: ( əvvəlki redaksiya ) 67.1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu
5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. ( köhnə redaksiya)
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir.
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsinin ayrıldığına əsaslanaraq, Cavabdeh tərəfindən aparılmış “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbini irəli sürmüşdür. Başqa sözlə, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini bildirir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda aparılmış ekspertiza tədqiqatı nətcəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi dövlət mülkiyyətində olmaqla, “X5” MMC-nin istifadəyə verilmiş və bələdiyyənin həmin torpaq sahəsi barədə sərancam vermək səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC-nin istifadəsinə verilmiş ərazi olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələblərinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarına münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Ancaq nəzərə alınmalıdır ki, həmin normada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı isə ümumi yığıncağın qərarıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyə sədrinin sərəncamı (qərarı) isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır. Bundan başqa, iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair bələdiyyə tərəfindən çəkilib verilmiş sxem torpağın qanunla nəzərdə tutulmuş qaydada ayrılması anlamına gəlməməklə sübut əhəmiyyətinə malik deyil. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada). Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin (sədrin yox) qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə, torpaq sahənin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış ekspertizanın dəyərinin tutulması qətnamədə öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(001)- 947/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə