Məhkəmə qərarları › İş №2(103)-5922/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5922/2025

24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5922/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17i Filialına qarşı “əmək stajının mövcud olması faktının müəyyən olunması” haqqında ərizəsi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2579/2025 saylı, 22 avqust 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi güzəştli şərtlə pensiya almaq üçün maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17i Filialına müraciət etmiş, maraqlı şəxs tərəfindən X5 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi ilə bağlı cavab verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubu ərizəçinin iş stajının 25 ildən az olması və pensiya kapitalının kifayət qədər olmaması ilə əsaslandırılmışdır. Ərizəçi xx.xx.1981-xx.xx.1982 və xx.xx.1984-xx.xx.1993 tarix aralıqlarında “Kommuna” Üzümçülük Sovxozunda işlədiyini, lakin həmin dövrün nəzərə alınmadığını, nəzərə alındığı təqdirdə güzəştli şərtlərlə əmək pensiyası ala biləcəyini görərək bunu təsdiq etmək üçün Zəngilan Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Zəngilan rayon Dövlət Arxiv İdarəsi Zəngilan rayonunun 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmasını və qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsin o cümlədən, Zəngilan Rayon “Kommuna” Üzümçülük Sovxozunun sənədləri arxivə daxil olmadığı üçün sorğunu cavablandıra bilmədiklərini qeyd etmişlər. Hazırda ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi və xx.xx.1984cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsi müəyyən edilməklə əmək münasibətlərində olma faktının müəyyən olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi “əmək stajının mövcud olması faktının müəyyən olunması” (maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17i Filialı) tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi və xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsi müəyyən edilməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuşdur. O, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Zəngilan rayonunda yerləşən “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləmişdir. Sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra yenidən həmin sovxozda əmək fəliyyətinə başlamışdır. Belə ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləmişdir. Məlum hadisələr nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşaraq daimi qeydiyyata götürülmüşdür. Bundan başqa digər sahələrdə də əmək fəaliyyətini davam etdirmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X17 Filalına müraciət etmişdir. Müraciətinin məqsədi güzəştli şərtlərə əmək pensiyasına çıxmaq olmuşdur. Lakin rayonda işlədiyi əmək stajı nəzərə alınmadığından onun ümumi stajı 25 ildən az olduğundan, güzəştli stajı olmadığına görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, orada işləyərkən onunla bir çox insanlar işləmişdir. Ona görə onunla işləyənlər onun xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi və xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazımdır. Belə ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi 25 il əmək stajı və həmin əmək stajının 12 il 6 ayı güzəştli işlərdə çalışmaq lazımdır. Onun Zəngilan rayonunda işlədiyi təsdiq olunarsa, onun pensiya hüququ təmin olunur. Lakin Zəngilan rayonunda işlədiyi yuxarıda göstərdiyi əmək stajı iş stajına daxil edilmədiyindən məhkəməyə müraciət etməyə məcburdur. Zəngilan rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Zəngilan rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Bu barədə arxiv arayışı da almışdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zəngilan Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Zəngilan rayonu işğal olunan zaman işlədiyi sovxozun arxiv səndələri işğal zonasında qalmışdır. Göründüyü kimi, onun hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi və xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsi”ni təsdiq edən sənədləri başqa qaydada ala bilməsi qeyri-mümkündür. Çünki həmin sənədlərin Zəngilan rayonu 29 oktyabr 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2579/2025 saylı, 22 avqust 2025ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə və xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən edilməsi və məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə ərizəçinin müəyyən olunmasını tələb etdiyi fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır. Hazırda ərizəçi xx.xx.1981-xx.xx.1982-ci illərdə, hərbi xidmətdən sonra isə xx.xx.1984-xx.xx.1993-cü illərdə Zəngilan rayonunda yerləşən “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı vəzifəsində işlədiyini iddia edir, lakin həmin illərdə sözügedən sovxozda işləməsini təsdiq edən sənədlər məlum hadisələrlə bağlı məhv edildiyindən və hazırda onların bərpası mümkün olmadığından qeyd edilən illərdə həmin sovxozda əl ilə qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş edir. Müəyyən edilmişdir ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl bu məsələ ilə bağlı maraqlı şəxsə müraciət etmiş, lakin ümumi iş stajı 25 ildən az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi açıq və aşkardır. Həmin dövrə aid iş stajı barədə sənədlərin nəinki arxivdə saxlanılmaması, məlum səbəblərlə bağlı onların ümumiyyətlə arxivə verilməməsi (bu məqsədlə Azərbaycan Respublikasına təhvil verilməsi) təkzib olunmaz faktdır. Qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası da nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Belə olan halda, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından ərizəçinin ərizədə göstərilən müddət üzrə iş stajı ərizəçi ilə birlikdə həmin sovxozda ərizədə göstərilən müddətdə işləmiş ən azı iki şahidin ifadələrinə əsasən müəyyən edilə bilər. Hazırki mülki iş üzrə ərizəçi tərəfindən onun xx.xx.1981-xx.xx.1982-ci illərdə, hərbi xidmətdən sonra isə xx.xx.1984-xx.xx.1993-cü illərdə Zəngilan rayonunda yerləşən “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı vəzifəsində işləməsini sübuta yetirmək məqsədi ilə məhkəməyə 3 nəfər X8, X1 və X13 şahid qismində, həmin şahidlərə məxsus olan “Əmək kitabçaları” isə yazılı sübut qismində təqdim edilmişdir. İştirakı ərizəçi tərəfindən təmin edilmiş və ona məxsus əmək kitabçasında olan məlumatlara əsasən xx.xx.1981-xx.xx.1993-cü illərdə həmin sovxozda baytar həkim vəzifəsində işləmiş şahid X7 özünün 1981-ci ilin fevral ayından 1993-cü il, Zəngilan rayonunun işğalınadək sovxozda baytar həkim işlədiyini, ərizəçinin hərbi xidmətə getməmişdən öncə və sonra 1993-cü ildə-rayonun işğalınadək sovxozda əl ilə qaynaqçı vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o, 1981-ci ilin fevral ayından sovxozda işləməyə başlamış, ərizəçi isə ondan sonra əl ilə qaynaqçı vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış, 1982-ci ildə hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra 1984-cü ildən rayonun işğalınadək əl ilə qaynaqçı vəzifəsi üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçası məlumatlarına əsasən xx.xx.1977-xx.xx.1978-ci il və xx.xx.1981 xx.xx.1993-cü illərdə “Kommuna” Üzümçülük Sovxozunda fəhlə və mexanizator vəzifəsi üzrə işləmiş şahid X1 bildirmişdir ki, o, 1977-ci ildən “Kommuna” Üzümçülük Sovxozunda fəhlə işləmiş, daha sonra 1978-ci ildə hərbi xidmətə getmiş, hərbi xidmətdən 1980-ci ildə qayıtmış, qayıtdıqdan bir il sonra həmin sovxozda mexanizator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış və 1993-cü ilədək işləmişdir. O, hərbi xidmətə gedərkən ərizəçi həmin sovxozda işləməmiş, lakin hərbi xidmətdən qayıtdıqdan sonra sovxozda əmək fəaliyyətinə başlayarkən ərizəçi artıq sovxozda işləmiş, ərizəçi 1982-ci ildən hərbi xidmətə getmiş, 1984-cü ildə qayıtmış və həmin ildən sovxozda əl ilə qaynaqçı işləmişdir. Əmək kitabçası məlumatlarına əsasən xx.xx.1975-xx.xx.1976-ci il və xx.xx.1980 xx.xx.1988-ci illərdə “Kommuna” Üzümçülük Sovxozunda fəhlə və slesar vəzifəsi üzrə işləmiş şahid X14 bildirmişdir ki, o, 1980-ci ildən 1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda işləmiş, ərizəçi 1981-ci ildə onun yanında əl ilə qaynaqçı olaraq işləmiş, daha sonra 1982-ci ildə hərbi xidmətə getmiş, 1984-cü ildə hərbi xidmətdən qayıtmış və 1993-cü ilədək əl ilə qaynaqçı vəzifəsi üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin qeyd etmişdir ki, 1989-1993-cü illərdə olan əmək stajı əmək kitabçasında yazılmadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə işləmə faktı müəyyən edilmişdir. Zəngilan rayon Məhkəməsinin 2(034)-1196/2016 saylı xx.xx.2016-cı il tarixli Qətnaməsinə əsasən müəyyən olunur ki, X9 1989-1993 tarixə kimi Zəngilan rayon Cahangirbəyli kəndində yerləşən “Kommuna” adına sovxozda mexanik işləməsi faktı müəyyən olunmuşdur. Bununla belə, iştirakı ərizəçi tərəfindən təmin edilmiş və iltizama imza etməklə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş 3 nəfər şahid özlərinin “Kommuna” Üzümçülük Sovxozunda işləməsini təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməklə ərizəçini birgə işdən tanıdıqlarını, o cümlədən ərizəçinin 1981-1982-ci və 1984- 1993-cü illərdə həmin sovxozda əl ilə qaynaqçı vəzifəsində işlədiyini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi “Kommuna” Üzümçülük Sovxozunda 1981-ci ilin iyul ayında əmək fəaliyyətinə başladığını bildirmiş, şahid Məmmədov Bayram özünün 1981-ci ilin fevral ayında sovxozda işləməyə başladığını və ərizəçinin isə ondan sonra əmək fəaliyyətinə başladığını, 1982-ci ildə hərbi xidmətə getdiyini bildirmiş, şahid Məmmədalıyev Zakir isə özünün 1981-ci ilin oktyabr ayında sovxozda yenidən əmək fəaliyyətinə başalayan zaman ərizəçinin sovxozda işlədiyini, 1982-ci ildən hərbi xidmətə getdiyini bildirmişdir. Yəni şahid ifadəsi ilə dəqiq ay müəyyən edilməsə də, hər iki şahidin verdiyi ifadəyə əsasən ərizəçinin 1981-ci ilin iyul ayında əmək fəaliyyətinə başlaması ilə bağlı məhkəməyə bildirdiyi tarix ağlabatan hesab edilmişdir. Ərizəçi hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984-cü il tarixindən yenidən “Kommuna” Üzümçülük Sovxozunda əmək fəaliyyəti ilə məşğul olmağa başladığını bildirmiş, şahidlərin hər biri dəqiq ayı göstərməsələr də, ərizəçinin hərbi xidmətdən qayıtdıqdan sonra 1984-cü ildən yenidən sözügedən sovxozda əmək fəaliyyəti ilə məşğul olmağa başladığını bildirmişlər. Həmçinin ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus “hərbi bilet”ə əsasən müəyyən olunur ki, ərizəçi xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olmuşdur. Belə olan halda ərizəçinin hərbi xidmətdən qayıtdıqdan sonra yenidən sovxozda əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhkəməyə bildirdiyi tarix xx.xx.1984-cü il məhkəmə tərəfindən ağlabatan hesab edilmişdir. Həmçinin ərizəçinin peşəsinin qaynaqçı olması faktı ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus 7906 nömrəli xx.xx.1980-ci il tarixli attestat ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin Zəngilan rayonunda qeydiyyatda olmaqla, məcburi köçkün statusuna malik olması faktı yuxarıda qeyd edilənləri təsdiq edir. Həmin qətnamədən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş ərizəçi Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı:

1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə:

17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır-ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar-hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir, həmçinin ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, Ərizəçi “Kommuna” Üzümçülük Sovxozunda xx.xx.1981-xx.xx.1982 və xx.xx.1984-xx.xx.1993 dövrlərində qaynaqçı kimi işləməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı ərizəçi tərəfindən onun xx.xx.1981-xx.xx.1982-ci illərdə, hərbi xidmətdən sonra isə xx.xx.1984-xx.xx.1993-cü illərdə Zəngilan rayonunda yerləşən “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı vəzifəsində işləməsini sübuta yetirmək məqsədi ilə məhkəməyə 3 nəfər X8, X1 və X13 şahid qismində, həmin şahidlərə məxsus olan “Əmək kitabçaları” isə yazılı sübut qismində təqdim edilmişdir və iştirakı ərizəçi tərəfindən təmin edilmiş və iltizama imza etməklə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş 3 nəfər şahid özlərinin “Kommuna” Üzümçülük Sovxozunda işləməsini təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməklə ərizəçini birgə işdən tanıdıqlarını, o cümlədən ərizəçinin 1981-1982-ci və 1984-1993-cü illərdə həmin sovxozda əl ilə qaynaqçı vəzifəsində işlədiyini təsdiq etmişlər. Maraqlı şəxs isə apellyasiya şikayətində bildirir ki, şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə edə bilməməsini iddia etməsi şübhə doğurur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki işdə 3 şahid məhkəməyə əmək kitabçalarını təqdim etmiş, özlərinin həmin sovxozda işlədiklərini təsdiqləmiş və ərizəçini birgə işdən tanıdıqlarını bildirmişlər. Həmçinin əmək kitabçasının itməsi, zədələnməsi, arxivdə qalmaması və ya başqa səbəblərdən əldə olunmaması mümkündür. Bu, şəxsin həmin yerdə işləməməsinə dair bir dəlil deyil, ancaq sənədin fiziki olaraq mövcud olmaması faktıdır. Bununla yanaşı qeyd edilməlidir ki, şahidlərin təqdim etdiyi əmək kitabçalarının əsas məqsədi onların ərizəçini "birgə işdən tanıma" iddialarının etibarlılığını təsdiq etməkdir. Onların əmək kitabçaları göstərir ki, onlar həqiqətən də həmin sovxozda işləyiblər və buna görə də ərizəçini iş yerdən tanıyırlar. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır və birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən ərizənin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, maraqlı şəxs apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17i Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2579/2025 saylı, 22 avqust 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar