Məhkəmə qərarları › İş №2(103)-5923/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5923/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5923/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə Dhuhanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma tələbinə dair» 2(004)-652/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə Dhuhan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi məhəllə 455, ev 22, mənzil 7 və ünvan 1 ünvanlarda yerləşən mənzillərdən çıxarılmaları, həmin mənzillərin açarlarının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 Dhahı ilə X3 06.11.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə övladları X5 doğulmuşdur. X4 28.07.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07.02.2020-ci il tarixli, **********06 nömrəli məktubun əslindən, MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan göründüyü kimi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də 14.04.2011-ci il tarixdə qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi məhəllə 455, ev 22, mənzil 7 və 28.12.2011-ci il tarixdə qeydiyyatdan keçmiş ünvan 1 ünvanlarda yerləşən hər iki mənzil X1 adınadır. Hazırda cavabdeh, yəni mərhum Sevil Niftalıyevanın bacısı - Cavabdeh1 göstərilən daşınmaz əmlakların açarlarının onda qalmasından sui-istifadə edərək, həmin əmlakları, buna heç bir əsas olmadan, qanunsuz olaraq, istifadə edir və tanımadıqları digər şəxslərin istifadəsinə verir. Qanunla mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan daşınmaz əmlaklar uzun müddətdir ki, cavabdehin və kənar şəxslərin istifadəsindədir. Cavabdeh açarları təhvil verməkdən imtina edir. Halbuki Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə S.Niftalıyevadan miras qalmış həmin əmlaklarda onun qanun üzrə birinci növbə vərəsələri kimi qızı Niftalıyeva, əri Dhahı Mohammad və atası Cavabdeh2 hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi məhəllə 455, ev 22, mənzil 7 və ünvan 1 ünvanlarda yerləşən mənzillərin açarlarının Cavabdeh1 alınaraq iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə Dhuhaya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzillərdə mülkiyyət hüquqları məhdudlaşdırıla bilməz, iddiaçının həmin mənzildə payı olduğundan o, həmin mənzildən digər paylı mülkiyyətçilərlə bərabər istifadə etmək hüququna malikdir və mənzillərin açarlarının iddiaçıya verilməməsi kimi cavabdehin hərəkətləri qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində pozuntulara yol verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırmalar və sübutların qiymətləndirilməsi qeyri-obyektiv, natamam, qərəzli və səthi olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsini poçt vasitəsi ilə 19 aprel 2021-ci il tarixdə aldıqdan sonra həmin iddia barəsində məlumatlı olmuşdur. Bir dəfə də olsun, məhkəmə iclaslarına dəvət olunmamışdır. Məhkəməyə dəvət olunsa idi, aydın olardı ki, onun həmin mənzillərə heç bir aidiyyatı yoxdur və mənzillərin açarları da onda deyil. X10 X11 Dhahı ilə 06.11.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin münasibətlərdən xx.xx.2012-ci il tarixdə övladları X5 doğulmuşdur. Mübahisə predmeti olan mənzillər bacısı Sevilə məxsus olmuşdur. Sevil 28.07.2018-ci il tarixdə vəfat etmişdir. Bacısı Sevilin ödənilməmiş külli miqdarda, təqribən 20.000 (iyirmi min) manata yaxın borcu qalmışdır. İddiaçının öz təşəbbüsü və razılığı ilə həmin mənzillər kirayə verilmişdir, oradan əldə olunan pullar mərhum bacısının borclu olduğu şəxs götürür. Onun həmin mənzillərə heç bir aidiyyatı yoxdur. Mənzilin açarları kirayəşinlərdə və iddiaçının özündə var. Bu səbəbdən, iddia əsassızdır, rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehlər, həmçinin 3-cü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mülki mübahisə üzrə iddiaçı digər tələblərlə yanaşı mənzillərin açarlarının Cavabdeh1 alınaraq ona verilməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün mənzillərin açarlarının cavabdehdə olması tələb olunur. Yalnız bu hal təsdiq olunduqda iddia tələbi açarların alınması və iddiaçıya verilməsi hissəsində əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən mənzillərin açarlarının cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mübahisəli mənzillərin açarlarının Cavabdeh1 olması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddiaçının “mənzillərin açarlarının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)- 652/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın qismən təmin edilməsinə dair hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 455-ci məhəllə, 22 saylı evin 7 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi 23 saylı evin 117 saylı mənzilinin açarlarının Cavabdeh1 alınaraq iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə Dhuhaya təhvil verilməsi hissəsində iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar