Məhkəmə qərarları › İş №2(103)-5923/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5923/2023

10.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5923/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsinə qarşı “müavinətin tam ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-ci il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsinin nümayəndəsi X1, apellyatorun – Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 2.387,70 manat pulun və mediasiya xərcinin əvəzi kimi 60 manat məbləğində pulun cavabdeh İdarədən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh İdarəsində “rəhbərlik yanında daxili auditor” vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh İdarə tərəfindən xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X5 Həmkarları İttifaqı Respublika Komitəsi (bundan sonra – ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün “Kollektiv sazişin” 5.16-cı bəndində nəzərdə tutulmuş qaydada işdən azad edilmişdir. Belə ki, “Kollektiv sazişin” 5.16-cı bəndə görə, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməlidir. İddiaçıya işdən çıxmağına görə verilmiş müavinətdən 2.387,70 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən gəlir vergisi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanuna zidd və əsassızdır. Buna görə də müavinət gəlir vergisi tutulmadan tam ödənilməlidir. Sonradan iddiaçıya məlum olmuşdur ki, pensiya yaşına çatmış və təqaüdə çıxmış şəxslər (iddiaçıdan əvvəl və sonra) müavinətin tam ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmiş və iddiaları təmin olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı həmçinin qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə onunla bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin (Razılaşma protokolunun) 1.3-cü bəndində tam əsassız olaraq qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu razılaşmaya əsasən ona ödənilən işdən çıxarma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işə götürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdən çıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasının razılıq verdiyini bəyan edir və təsdiqləyir. Göründüyü kimi cavabdeh İdarə özü də bilir ki, müavinətdən vergi tutulması tam əsassızdır. Bunu sığortalamaq üçün iddiaçı ilə bağladıqları xx.xx.2021-ci il tarixli sazişə 1.3-cü bəndi əlavə etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Qanunvericiliyin görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd olaraq bağlanmış müqavilə etibarsızdır. İşdənçıxma üçün verilən müavinət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan ona ödənilmiş əmək haqqı məbləğinin 5 misli miqdarinda olan müavinətdən vergi tutula bilməz. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilədə iddiaçıya ödənilmiş pulun işdən çıxma müavinəti olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılarkən ona ödənilmiş əmək haqqının 5 (beş) misli miqdarında müavinətdən əsassız olaraq vergi tutulmuşdur. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh İdarənin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, SOCAR ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı, SOCAR-ın Nəqliyyat İdarəsində “rəhbərlik yanında aparatda daxili auditor” vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı işəgötürənə müraciət edərək xx.xx.2021-ci il tarixdən pensiya yaşına çatmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və SOCAR ilə ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün “X3” tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Məlum olduğu kimi, Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməmişdir. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaşxılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən “X3” tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən ona yuxarıda qeyd edilən “Sazişin” tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən işçinin gəlir vergisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabında deyil, dövlət büdcəsinə köçürmüşdür. Vergi qanunvericilyində bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız hesab edilməlidir. c) üçüncü şəxsin iddia tələbinə dair münasibəti barədə məlumat

4. Dövlət Vergi Xidməti Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir.

5. Üçüncü şəxs iddianın əsassız olduğunu bildirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından, iddiaçının həmin müavinətin gəlir vergisinə cəlb edilməməli olmasına və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Bundan başqa nəzərə alınmalıdır ki, qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2.387,70 manat məbləğində gəlir vergisinin, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdeh İdarədən tutularaq iddiaçıya ödənilməsini, cavabdeh İdarədən 43,87 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” işçilərin sayının azaldılması əsası və məqsədilə xitam verildiyi qənaətinə gəlinməsini və Əmək Məcəlləsinin 175.4-cü, həmçinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini, o cümlədən müvafiq əsasla işdənçıxma üçün verilən müavinətin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilməklə gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz. e) apellyasiya şikayəti barədə məlumat

8. İş üzrə üçüncü şəxs olan Dövlət Vergi Xidməti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları üçüncü şəxsin iddiaya etirazının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını düzgün müəyyən etməyərək, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üçün əhəmiyyətli olan halları tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

10. İş üzrə üçüncü şəxs olan Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiy baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. Cavabdeh İdarənin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini bəyəndiyini bildirmiş və iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat vermişdir.

12. İddiaçı apellyasiy baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, SOCAR-ın Nəqliyyat İdarəsinin xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrindən görünür ki, SOCAR-ın xx.xx.2021-ci il tarixli, SOCAR**********00070020B00147 saylı əmrinə əsasən Nəqliyyat İdarəsinin İdarəetmə Aparatının Rəhbərlik yanında aparatda daxili auditoru olan iddiaçı ilə xx.xx.2015-ci il tarixində bağlanmış “Əmək müqaviləsi” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, SOCAR və ANQSİHİRK-nin arasında 2020-2023-cü illər üçün “Sahə (tarif) Kollektiv Sazişinin” 5.16-cı bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə, işçinin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixindən ləğv edilmişdir.

15. SOCAR-ın Nəqliyyat İdarəsinin xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrindən görünür ki, Nəqliyyat İdarəsinin idarəetmə aparatının rəhbərlik yanında aparatı daxili auditor olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, ona SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün X3in 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməsi əmr edilmişdir.

16. “1168 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair” işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, cəmi 12.050,80 manat müavinət hesablanmasını və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasan gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür.

17. SOCAR-ın Nəqliyyat İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-18-1-219-2023 nömrəli ərizəyə cavab olaraq bildirilir ki, iddiaçıya SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B00147 saylı əmri ilə SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün bağlanılmış “Sahə (tarif) Kollektiv Sazişin” 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində 12.050,80 manat işdənçıxma müavinəti hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” bölümünün 102.1.3.1 .bəndinə əsasən birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Ona hesablanmış müavinətdən də gəlir vergisi bu maddənin tələbinə uyğun olaraq aşağıdakı şəkildə tutulmuşdur. (12.050,80 – 400 – 1000 - 2500) x 25% + 350 = 2.387,70 manat.

18. İddiaçının adına olan “Əmək kitabçasından” görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir.

19. İş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRKnın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində 12.050,80 manat birdəfəlik müavinət ödənilməsi qərara alınmış. Həmin məbləğdən tutulan gəlir vergisi 2.387,70 manat təşkil edtmişdir.

20. Cavabdeh İdarənin 1168 nömrəli, xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsinə dair” işəgötürənlə işçi arasında xx.xx.2021-ci il tarixli bağlanmış razılaşmaya əsasən, işçi işəgötürənlə bağlanmış 1168 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçi yaşa görə təqaüdə çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət etmiş ( bənd 1.1.). Razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. İşəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 12.050,80 manat müavinət ödəməyi öhdəsinə götürür (bənd 2.1.).

21. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İdarə ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır.

22. Göründüyü kimi, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, xx.xx.2009cu il tarixli əmri və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir.

23. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir.

24. Cavabdeh İdarə işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərar verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir.

25. Yuxarıda qeyd edilən xx.xx.2009-cu il tarixli əmr-qərarın 4-cü bəndinə əsasən, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır.

26. ARDNŞ-nin 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmri və ANQSİHİRK-nin 57/06- 19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir.

27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olması faktı Rayon Məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir.

28. İşin hallarından müəyyən edilir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası, eləcə də tərəflər arasında mövcud olan razılaşmanın bəndləri, o cümlədən işçinin ona ödənilməli olan işdən çıxma müavinətindən vergi tutulmasına razılıq verməsinə dair bənd formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və xx.xx.2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, nə həmin ərizə, nə də ki, razılaşma (müvafiq bəndləri) iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir.

29. İşin müəyyən edilmiş hallarına əsasan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (maddə 69; hissə İİİ.). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir (maddə 77; hissə İİİ.). Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir (maddə 77; hissə Vİ və Vİİ.). Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (maddə 175; hissə İ və İV.)

30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir (maddə 98.1.). Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır (maddə 102.1.4.).

31. Məhkəmə, mübahisənin həlli ilə bağlı Əmək Məcəlləsinin 175-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur.

32. Hazırki işdə iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası və məqsədilə xitam verildiyi qənaətinə gəlindiyindən və Əmək Məcəlləsinin 175-ci, həmçinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini, o cümlədən müvafiq əsasla işdənçıxma üçün verilən müavinətin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilməklə gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz.

33. İddiaçıya ödənilən işdənçıxma müavinəti gəlir vergisindən azad olduğu üçün müavinətdən tutulan 2.387,70 manat məbləğində gəlir vergisi iddiaçıdan əsassız tutulduğu üçün ona qaytarılmalıdır.

34. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının “müavinətin tam ödənilməsi” tələbi əsaslıdır. İşin müəyyən edilən hallarını nəzərə almış Rayon Məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. İddia tələbi müzakirə edilən hissədə əsaslı olduğundan, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə almış Rayon Məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 43.87 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. i) apelyasiya baxışının nəticəsi

36. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar