Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5927/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qətnaməsindən İddiaçı2 və cavabdehlərin apelyasiya şikayətlərinə 28 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar ər-arvad, İddiaçı1 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə bacıqardaşdırlar.
2. Tərəflər arasında borc pul verilməsi ilə bağlı mübahisə yaranmış və həmin mübahisə məhkəmə araşdırmasından öncə istintaq orqanı tərəfindən araşdırılmışdır.
3. Xətai RPİ-nin istintaq şöbəsində xx.xx.2020-ci il tarixdə şahid qismində ifadə vermiş Cavabdeh2 Təranənin Rusiya Federasiyasından ona pərdə, hamam otağı üçün əl-üz yuyan dəsti, pul şəklində isə 4000 ABŞ dolları verməsini və ümumi məbləğin 6500 ABŞ dolları hesablandığını bildirmişdir.
4. Xətai RPİ-nin istintaq şöbəsində xx.xx.2020-ci il tarixdə şahid qismində ifadə vermiş Cavabdeh2 ilə faktiki nikah münasibətlərində olan X1 Təranəyə 6000 ABŞ dolları borcu olduğunu bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29500 manat və 6500 ABŞ dolları məbləğində borc pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Daha sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29500 manat və 6500 ABŞ dolları məbləğində borc pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 Elbrus qızı ilə İddiaçı2 25 iyun 2009-cu il tarixindən rəsmi nikahdadırlar, hazırkı iddia tələbinə dair borc məbləği onların nikah dövründə əldə etdikləri əmlak olduğu üçün hər ikisinin adından iddia qaldırılması zərurəti yaranmışdır. Cavabdeh1 iddiaçıların qohumudur və 2019-cu ildə müxtəlif vaxtlarda iddiaçılardan 40000 manat məbləğindən artıq borc pul almışdır. Lakin halhazıra qədər həmin borc pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bununla bağlı Xətai rayon Polis İdarəsində araşdırılma aparılmışdır. Cavabdeh1 onlara 29500 manat və 6500 ABŞ dolları məbləğində borcu var. Bundan əlavə, korona.pay.com saytından göndərilmiş bildirişlərdən görünür ki, İddiaçı1 məxsus Sberbank kartından Turala 3200 manat pul göndərilib. Mübahisəli borc məbləği cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə götürülmüş və onlar iddiaçılar qarşısında birgə borcludurlar. Bu barədə Gülnarın səs yazısı vardır və həmin səs yazısında borclu olduqlarını etiraf etmişlər. Həmçinin Turalın da bu məzmunda səs yazıları mövcuddur.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2021-ci il tarixli 2(003)-2297/2021 qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 29000 manat, Cavabdeh2ə Elburus qızından 6500 ABŞ dolları (ödəniş günü qüvvədə olan Manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə) tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 2019-cu ildə şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunur ki, həmin pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlərin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçıların əmlakı hesabına varlanmışlar.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 29500 ABŞ dolları və 6500 ABŞ dolları pulun cavabdehlərə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar, cavabdehlərin şifahi izahatları, eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə həmin məbləğlərin sonunculara verilməsini təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçıların tələbi ilə həmin pul məbləğini onlara qaytarmalıdırlar. Eyni zamanda həmin məbləğlər iddiaçıların birgə nikahı dövründə əldə edilmiş birgə vəsait kimi ailə büdcəsindən verildiyindən birgə iddiaçılar kimi cavabdehlərdən tələb etmələri də qanunvericiliyin tələblərinə uyğundur.
11. Hazırki iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 740.1, 740.2, 337.1, 386.1, 449, 1091, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 95.1, 95.2, 77.1, 14.2-ci maddələrinə və N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı2 və cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir.
14. İddiaçı2 apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, disk yazısında borcun 29500 manat olduğu qeyd olunur. Məhkəmə 2950 manat və 650 ABŞ dolları pulun tutulması hissəsində iddianı təmin etməmişdir ki, Mülki Məcəllənin 449-cu maddəsinin tətbiq dairəsinə düşmür. Həmin pulun tələb edilməsinin hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir.
15. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edərək, göstərmişdir ki, iddiaçıların təqdim etdiyi ərizədə həmin məbləğin ayrı-ayrı vaxtlarda ona verildiyi qeyd edilsə də, kim tərəfindən, nə səbəbdən, dəqiq tarixlər göstərilməklə hansı məbləğlərdə ona verilməsi barədə heç bir sübut göstərilməmişdir. Sübut kimi təqdim edilmiş səs yazısı tanış olmaq üçün ona təqdim edilməmişdir, həmin səs yazısında konkret olaraq söhbətin nədən getdiyi və nəyin sübut olunduğu onlara məlum olmamışdır. Disk yazısında olan səs yazılarının ona məxsus olması heç bir ekspertiza rəyi ilə sübut olunmayıb. Tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısında iddiaçıların Bakı şəhəri Xətai rayonunda yerləşən mənzillərinin təmiri vaxtı onlara göndərdiyi pul vəsaitinin nə məqsədlə göndərilməsi və konkret hara xərclənməsi öz təsdiqini tapır. Şahidləri dindirməkdən imtina etmişdir.
16. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Xətai RPİ-nin istintaq şöbəsində xx.xx.2020-ci il tarixdə verdiyi ifadəyə əsaslanaraq onun İddiaçı1 6500 ABŞ dolları borcu olması qənaətinə gəlmişdir. Lakin o, həmin ifadəsində İddiaçı1 tərəfindən 4000 ABŞ dolları məbləğində pulun ona göndərildiyini və ümumi məbləğin 6500 ABŞ dolları olduğunu bildirmiş, ancaq bu pul ona borc kimi verilməyib. Həmin məbləğin bir hissəsi Xətai rayonunda yerləşən evin təmiri üçün lazım olan materialların alınmasında, bir hissəsi həmin evdə istifadə ediləcək ləvazimat və bəzək əşyalarının, həmçinin bir neçə bahalı brendlərdən sifariş olunmuş mətbəx istifadəsi üçün nəzərdə tutulmuş avadanlıq və ləvazimatların alınmasında istifadə edilib. Səs yazısı ondan gizli yazılmış, ona məxsus olduğu qeyd olunan səs yazısı ondan xəbərsiz istifadə edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçılar tərəfindən Cavabdeh1 apelyasiya şikayətinə etiraz ünvanlanaraq, apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili cavabdehlərin apelyasiya şikayətinin təmin edilməməsini, İddiaçı2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
25. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
41. İş materiallarında olan səs yazılarından cavabdehlərin iddiaçılara borcunun olması müəyyən edilir. Borcun verilməsinə dair tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamış, şifahi danışıqlar olmuşdur.
42. Cavabdeh1 istinad edilən səs yazısının ona məxsus olmadığını iddia etmiş və bu dəlilin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir.
43. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1383- 4/1389 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı.
44. Tədqiqi hissədə göstərilmiş danışıqların yazılı mətnləri aşağıdakı kimidir: - K1 - Sabah saat 9, 10-nun yarısı mən olajam Xalqlardakı notariusun qabağında. Xalqlarda metrodan çıxıb Laçına gedən kimi sağ tərəfdədi, arvadın yaxşı tanıyır. 10-nun yarısı olajam orda, işdən icazə almışam. Gələrsən ora. Arvadı da gətir, vəsiqəsin də gətir, gedək notariusda keçirdin davernosu verim arvadının adına. Pul haqq-hesabımızı eliyək. Dilimizdən də notarial qaydada sən də, arvadın da, mən də, anam da. Yazıb verəjiyik ki, bizim bir-birimizə borcumuz qalmadı. Vəssəlam. Onnan sora sən öz yolua, mən öz yoluma. - K1 - 11 min 500 yox, 10 min 500. Təranəyə mənim 29 min 500 verəcəyim var. 10 min 500 manat sənnən pulu götürəjəm, maşını da keçirəjəm adııza. Gülüynən yenə deyirəm aranızda nə var///Mən açıq deyirəm saa. Mən uje bu söhbətdən sora iki bajımnan zərbəmi almışam. İki bajımın iksinnən də mənəvi zərbəmi almışam, maddi zərbə də almışam. Amma yəni Pəridən də almışdım, Allah köməy oldu öz gücümə qalxdım əyağa. Təranədən də aldım, qalxajam ayağa, problem deyil. Ona görə innən sora dədəm də torpaxdan çıxsa, ona görə heç kimə görə həyatda heç bir şeyə nə pula, nə bir şeyə gedən döyüləm. İstiyir Gülü olsun, istiyir Təranə olsun, kim olur-olsun, mənə maraxlı deyil. Təranəynən mənim aramda olan söhbəti sabax bağlıyırıx. Gülüynən aramda olan söhbəti, mən Gülüynən də danışdım büyün. Gülü deyir mən Təranədən o 4 mini götürəndə qısa müddətə razılaşmamışam. Yoxsa mən heç o pulu onnan götürməzdim. Amma bəli, 2500 dolların bəli, verməliyəm o pulu. Və 2500 dolları 2 günə, 3 günə, bir günə, 5 günə Elbrus gedənə qədər mən onun pulun düzəldib verəjəm. O uje Təranəynən Gülünün arasında öz söhbətidi. Mən girmirəm o söhbətə. Mən sənnən büyün danışdığım sözün sabah 9, 10-nun yarısı mən olajam notariusun qabağında. Təranəni də gətirirsən vəsiqəsiynən. Verirəm davernusu, gedin kimin adına keçirdirsiz, keçirdin. - K2 - O deyirsən e təzəlikcə göndərib maa 6500 maatı. 6500 dolları. Mənim pulumu hazırrıyın verin, təzəlikcə göndərib. Heç bir şey maa maraxlı döyül. Qızıl, mızıl maraxlı döyül. Mən billəm ki, nə hara gedib, nətər gedib. Mənim 50 min pulum var sizdə. 6500-ü saa gəlib. Mənim pulumu düzəlt. Bəhruza de, getsin nağayrır qayırsın, heç hara da getmirəm Moskvaya. Mənim pulumu düzəldin. Mən gedib Maskvada 50 min qazanan döyüləm haa. Oturmuşam burda, mənim pulumu səhər tapın, hardan tapırsız. Girin banga tapın verin. Aparın evinizin kupçasın qoyun. Anaa verərsən, qardaşaa verərsən. Bir-birinizi baqaja qoyduz, mən irgəndim bu işdən. - Q1 - Elbrus, qulağ asdım səsə. İrgənməyə qalsa, mən çoxdan irgənmişəm. sənin puluu da yeyib üstünnən su içməmişik heç birimiz. Nə də borc alıb o demək döyül ki, qaytarmamışıq. Almışam bəli, danışığımız Təranəynən nətər olub özü qəşək də bilir. Qaytarajam da. O demək döyül ki, mən borcumu inkar eliyirəm. Borcumun iyrənc söhbətə dəxli yoxdu. Qaldı da biz saa nəyisə açıb demişiksə, bu küçədən keçən bir adam döyül deyəsən ki, getdin yad adamın yannda dedin, məni bağaja qoydun. Evin içi ailə daxilində açılırsa, bu baqaja qoymaq döyül. Özün dirənmisən ki, aç filan şeyi de, aç bəhmən şeyi de. Açıb demirsən olmur, deyəndə də bizi baqaja qoyan adı qoyursan. Qoy Allah camı sağ eləsin. Biz baqaja qoyan oldux. Onda aşmıyax, heç nəyi aşmıyax, sən özün aşginan. Qaldı pula, borcun heç kim inkar eləmir. Tapıf verəjəm sizing pulu, narahat olma ona.
45. Göründüyü kimi ekspert rəyi ilə səs yazısının Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir.
46. Göstərilən sübutun qanunsuz əldə olunması ilə bağlı cavabdehlərin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən əsaslı qiymət verilmişdir.
47. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçıların əmlakı hesabına varlanmışlar.
48. Ona görə də həmin pul məbləğinin cavabdehlərdən tutulması barədə məhkəmənin qənaəti düzgün olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla işin müəyyən edilmiş halları ilə təkzib olunur.
49. İddiaçının da apelyasiya şikayəti əsassız olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
50. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.