Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-593/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının və onun vəkili və nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərin ünvan 1 ünvanda yaşayış sahəsinə istifadə huququnun itirilmiş hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 4 saylı evin, 13 saylı mənzili (bundan sonra – Mənzil) xx.xx.1981-ci il tarixli, 180382 nömrəli order əsasında iddiaçının atası X4 verilmiş və orderdə onun dörd övladı – Aydın, Azər, Azad və Asif (iddiaçı) Ağayevlərin adları göstərilmişdir. Mənzilin sahibi X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür.Cavabdehlər– Cavabdeh1 mənzilin sahibi olmuş Hüseyn Ağayevin keçmiş gəlini, Ehtibar Ağayev isə nəvəsi - Azad Ağayevin arvadı və övladıdır. Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Azad Ağayevlə nikaha daxil olaraq, 1995-ci ildən, Ehtibar Ağayev isə 1999-cu ildən Mənzildə yaşamışlar. Cavabdeh1 ilə Azad Ağayevin nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə pozulmuşdur.Həmçinin də, iddiaçının qardaşları - Azad Ağayevə, Aydın Ağayevə, habelə Cavabdeh1, X5 və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsinin bağlanılması” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 1903/2013 saylı, xx.xx.2013-cü il tarixli qətmaməsi ilə təmin edilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli ünvanda yaşamadığına baxmayaraq kommunal xərc ödəməyə məcbur qalır.Bu isə iddiaçıya hazırkı iddianı qaldırmasına subyektiv hüquq yaradır. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh izahat verərək qeyd etmişdir ki, o, qaynatası öləndə də, sonra da həmin ünvanda 10 nəfər olaraq yaşayırdılar.Hazırda kirayədə yaşayırlar. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayon icraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 31 saylı qərarına əsasən ünvan 1 20 aprel 1981-ci il tarixli 180382 saylı Orderlə mərhum atası X4 verilmişdir. Atası 2 dekabr 2008-ci tarixdə vəfat etmişdir. Onun ölümündən sonra kirayə müqaviləsi üzrə öhdəliklərin icrasını o həyata keçirir. X1 keçmiş arvadı Cavabdeh1 03 mart 1995-ci ildə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 4, mənzil ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2006-cı il tarixli 2-2155/2006 saylı qətnaməsinə əsasən X10 ilə Cavabdeh1 nikahları pozulmuşdur. Buna baxmayaraq Cavabdeh1 nikahları pozulmamışdan altı ay öncədən oğlu Cavabdeh2 ilə birikdə mənzidən getmiş, lakin hazırda parsport qeydiyyatında qalmışlar. Artıq 16 ilə yaxındır ki, cavabdehlər qeydiyyatda olduqları mənzildə yaşamırlar və qeydiyyatda qalması formal xarakter daşıyır. Cavabdehlər mənzil kirayə müqaviləsi üzrə üzərinə düşən vəzifələri icra etmir, kommunal xərclərinin ödənilməsində iştirak etmirlər. Məhkəmə Kollegiyası hesab edir ki, iddia və apellyasiya şikayəti əsassızdır. Qeyd olunmalıdır ki, Mənzilin iddiaçının atasına orderlə verilməsi, iddiaçının və cavabdehlərin onun ailə üzvləri (iddiaçının övladı, cavabdehlərin isə keçmiş gəlini və nəvəsi) kimi Mənzildən istifadə hüquqlarının xx.xx.2000-ci il tarixdən yaranması, Mənzilə dair hazırda orada qeydiyyatda olan, yaxud yaşayan şəxslərin heç biri ilə kirayə müqaviləsinin bağlanmaması, habelə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması işin mübahisəsiz hallarıdır. Belə olan halda iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququa malik olmasının müəyyən edilməsinin iş üçün əhəmiyyətlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da, müəyyən edilir ki, Mənzil iddiaçının atası Hüseyn Ağayevə order əsasında verilmiş və Mənzilə dair sosial kirayə müqaviləsi də onunla bağlanmışdır. İddiaçının və onun digər qardaşlarının adları orderdə Hüseyn Ağayevin ailə üzvləri kimi göstərilməklə, Cavabdeh1 1995-ci ildə Mənzilə gəlin köçərək, Ehtibar Ağayev isə xx.xx.1999-cu ildən Mənzildə yaşamışlar. Eyni zamanda, işin mübahisəsiz halları ilə o da müəyyən edilir ki, Mənzilin orderlə sahibi olmuş Hüseyn Ağayev xx.xx.2008-ci il tarixdə ölmüş, bundan sonra Mənzilə dair onun ailə üzvlərindən heç kəslə sosial kirayə müqaviləsi bağlanmamışdır. Hətta, iddiaçının onunla Mənzilə dair sosial müqavilə bağlanması barədə iddiası da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətmaməsi ilə təmin edilməmişdir. Buna görə də, hazırda iddiaçının Məznzildə qeydiyyatda olan, yaxud yaşayan digər şəxslərlərlə eyni statusa malik yalnız istifadə hüququ vardır və o, hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmənin qənaətinə görə iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından, cavabdehlərin Mənzilə dair istifadə hüquqlarının mövcud olub-olmamasının yoxlanılmasına hazırkı iddia daxilində zərurət yoxdur. Məhkəmə Kollegiyası bird daha qeyd edir ki, mübahisələndirilən Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla həmin dəlillərə yuxarıda qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-593/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-593/2023
23.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver