Məhkəmə qərarları › İş №2(103)-5934/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5934/2022

08.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5934/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, özbaşına tikili, qanunun anologiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki nikah münasibətinə girmiş və ərarvad kimi yaşamağa başlamış, xx.xx.2006-cı il tarixdə Aysu, xx.xx.2008-ci il tarixdə Aysel, xx.xx.2010-cu il tarixdə Əli adını verdikləri uşaqları dünyaya gəlmiş, nikahları xx.xx.2016-cı il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsnin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində bağlanmış 72 nömrəli akt qeydli nikahın pozulması, nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir.

3. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 691 nömrəli arayışında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda qeydiyyatsız yaşadığı qeyd edilmişdir.

4. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X9 0,07 ha torpaq sahəsi ayrılmışdır.

5. Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli arxiv çıxarışına görə, Azərbaycan SSR Nazirlər sovetinin xx.xx.1989-cu il tarixli qərarı əsasında Sovxoz Həmkarlar Komitəsi ilə X13 birgə ümumi iclasında sovxozun fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və X6 adına 934 sayı ilə qeydə alınmışdır.

6. X16 xx.xx.2021-ci il tarixdə İddiaçı xx.xx.2091-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, etibarnamə ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli F-43 nömrəli Sərəncamına əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin və tikiləcək tikilinin üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi, ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

7. “Elektron notariat” X1 çıxarışdan görünür ki, həmin etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

8. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X15 yerləşən evin elektrik enerjisi təchizatı ilə bağlı müqavilə bağlanmışdır. Məişət abonentlərinin elektrik enerjisi (gücü) alınması ilə bağlı 96716 nömrəli texniki şərtin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X20nə elektrik xətti çəkməsinə icazə verilmişdir.

9. Binə bələdiyyəsinin İddiaçı ünvanladığı tədiyyə bildirişində ona, Aslan bağları ərazisində yerləşən torpaq sahəsi və əmlak üçün vergi hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X20 (Abşeron rayon Donuzkökəltmə Sovxozu) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X20 (Abşeron Donuzkökəltmə sovxozu) ünvanında yerləşən fərdi yaşayş evi 2016-cı il tarixdə tərəfindən inşa edilərək orada ailəsi - Cavabdeh və azyaşlı uşaqları daxil olmaqla yaşayıb birgə təssərrüfat aparmışlar. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2010-cu ildə X25 oglu adlı şəxs tərəfindən ona satılmış, yaşayış evinə onun adına kommunal xidmətlər üzrə 2018-ci il tarixdə elektrik xətti çəkilmiş, Binə Bələdiyyəsinə tərəfindən torpaq və əmlak vergisi ödənilmişdir. Cavabdehlə aralarında olan ailə daxili mübahisələr zəminində nikahları Xəzər Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından anadan olan uşaqlarının analarının yanında qalması, onların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ondan Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır və müvafiq qaydada aliment öhdəliyi tərəfindən icra olunur Hazırki vaxtadək Cavabdeh qeyd olunan fərdi yaşayış evində övladlarıı ilə birlikdə yaşayırlar. Fərdi yaşayış evi birgə nikahları dövründə tikilmiş və istifadəyə verilmişdir. 2021-ci ilin oktyabr ayında yaşadığı fərdi yaşayış evinə qayıtmaq istəmiş, lakin cavabdeh evin və həyətin giriş qapısının açarlarını dəyişərək evə daxil olmasını məhdudlaşdırmış, yaşamasına mane olmuş, yaşayış sahəsindən qanuna müvafiq qaydada mülkiyyət və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh iddiaya etiraz etmiş, məhkəməyə ünvanladığı etiraz ərizəsində aşağıdakıları göstərmişdir: İddiaçının mübahisəsini etdiyi evə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. İddiaçı oglu dəlil gətirir ki, mübahisələndirdiyi fərdi yaşayış evinə dair 2,5 ha torpaq sahəsi 2010-cu ildə X25 oglu adlı şəxs tərəfindən ona satılmışdır. Lakin iddiaçı mübahisəli yaşayış evinə dair torpaq sahəsinin alqı-satqısı barədə müqaviləni və ya torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınmasına dair sübut növü təqdim etməmişdir. İddiaçının öz tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümbətov tərəfindən təsdiq edilmiş 14 dekabr 2021-ci il tarixli etibarnamədən görünür ki, X25 oglu Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin və tikiləcək tikintinin üzərində sərəncam vermə və sair səlahiyyətlərlə baglı hərəkətlər etməyi İddiaçı ogluna etibar etmişdir. Torpaq sahəsinin yerləşmə koordinatları DƏDRX tərəfindən verilməli olan “torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilə bilər. Belə bir sübut növü də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun anasına məxsus torpaq sahəsinə 4 tərəfdən heç bir torpaq qonşusu və ümumiyyətlə həmin ərazidəki sakinlər X10 tanımırlar. Əgər onun istifadəsində olan torpaq sahəsi 1990-cı ildən Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli əmri ilə X25 ogluna verilmişdirsə 30 il ərzində həmin sahənin qonşularla sərhəddi müəyyən olunardı, sahə ən azından Ədalət Əliyev tərəfindən hasara alınmış olardı. Belə bir hal olmamışdır. 27 ildən sonra arxivdən bələdiyyə sənədi alınması məhz yaşadıgı evin, evin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması və ya ona məxsus olması faktını təsdiq etmir. Digər tərəfdən, Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli əmri ilə X25 ogluna ayrılmış 0,07 ha torpaq sahəsi onun hazırda yaşadıgı və anası X3 məxsus olan evin yerləşdiyi torpaq sahəsi ilə eyni deyildir. Yəni qeyd edilən torpaq sahələri üst-üstə düşmür. Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisi böyükdür. Binə qəsəbəsi Abşeron rayon Donuzkökəltmə Sovxozu ünvanında X25 ogluna ayrılmış 0,07 ha torpaq sahəsi Bakı Mərkəzi - Mərdəkan şosse yolu istiqamətində sag tərəfdə şosse yoldan təxminən 7 km aralı məsafədə yerləşir. Binə qəsəbə İƏD üzrə Nümayəndəsi tərəfindən Qax Rayon İcra və PŞ-nə təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli arayışla da bir daha təsdiq olunur ki, İddiaçı Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ünvanında qeydiyyatsız yaşayır. İddia ərizəsində isə görüntü yaratmaq üçün iddiaçının faktiki yaşadıgı ünvan kimi Binə qəsəbəsi X20 qeyd edilmişdir. İddiaçının Binə qəsəbəsi X15 faktiki yaşadıgını təsdiq edən müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırda uşaqları ilə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 334 nömrəli 25 sentyabr 1991-ci il tarixli əmri ilə Binə Atçılıq (Beynəlxalq Aeroporta bitişik) ərazisində anası X3 ayrılmış 0,07 ha torpaq sahəsi isə Bakı Mərkəzi - Mərdəkan şosse yolu istiqamətində sol tərəfdə yerləşir. Həmin fərdi yaşayış evi atası Qabil Bayramov tərəfindən 2011-ci ildən başlanaraq inşa edilməyə başlanılmış, bu evin tikintisinə qardaşları Aqil və Amil Bayramovlar köməklik göstərmişlər. Atası 2013-cü ildə vəfat etmişdir, qardaşı Amil isə 2015-ci ilin yay aylarından cəzaçəkmə müəssisəsində çəza çəkir, qardaşı Aqil Bayramov özü fərdi qaydada ev təmir-tikinti işləri ilə məşgul olur. Atası vəfat etdikdən və qardaşı Amil həbs edildikdən sonra da evin təmir-tikinti işləri anasının pul vəsaiti ilə hissə-hissə qardaşı Aqil Bayramov tərəfindən aparılmışdır. Evin bəzi tikinti-təmir işlərinin aparılmasında təbii ki, qohum "yeznə” olaraq əri İddiaçı də köməkliyi olmuşdur. Məsələn tanışları vasitəsilə evə elektrik saygacı quraşdırmış və alçipan füqur ustası gətirmişdir. İddiaçı iddia ərizəsində "fərdi yaşayış evi 2016-cı ildə tərəfindən inşa edilərək orada ailəsi - Cavabdeh və azyaşlı uşaqları daxil olmaqla yaşayıb birgə təsərrüfut apardıqları - kimi dəlil irəli sürməklə məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, əri İddiaçı ilə o uşaqları ilə birlikdə həqiqətən də Binə Atçılıq ərazisində Aslan Bağları yaşayış sahəsində X17 ogluna məxsus fərdi yaşayış evində 2009-cu ildən faktiki ayrıldıqları vaxtadək, yəni 25 oktyabr 2018-ci ilədək kirayədə yaşamış, orada birgə təsərrüfat aparmışlar. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Binə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli tədiyyə bildirişindən görünür ki, vergi ödəyicisi kimi qeyd edilmiş İddiaçı ünvanı Aslan Bağları qeyd edilmişdir. Həmçinin həmin bildirişin məzmunundan görünür ki, iddiaçı 2022-ci ilin yanvar ayında Binə Bələdiyyəsində özünə vergi ödəyicisi kimi kod açdıraraq əmlak və torpaq vergisi hesablatmışdır. 2017-ci ildən etibarən İddiaçı yaxın qohumlarının oldugu Qax rayonunun Almalı kəndinə tez-tez gedib-gəlmiş, Almalı kəndində günlərlə qalmışdır. Evə pul gətirməmiş, narkotik vasitədən istifadə etmiş, evə gec gəlmiş, sərxoş və hallı vəziyyətlərdə olmuş, səbəbsiz olaraq, bəzən də dolanacaq xərcləri tələb edəndə onu təhqir etmiş, əlinə keçən qab-qacaqları vurub sındırmış, nəinki onunla, uşaqları ilə də kobud davranmış, onları remenlə, şunurla döymüşdür. İçdiyi araq və pivə butulkalarını sındıraraq şüşə qırıqları ilə bogaz, çənə nahiyyələrini, qolunu kəsməklə ona xəsarətlər yetirmişdi. Uşaqlarının atası oldugu üçün dözmüş, polisə şikayət etməmişdir. Düşünmüşdür ki, düzgün yola qayıdar, ailədə davranışını dəyişər. Ancaq belə olmamış, əksinə İddiaçı getdikcə ona və uşaqlarına qarşı daha qərəzli olmuş, 25 oktyabr 2018-ci il tarixdə yenə də evə hallı, sərxoş vəziyyətdə gəlib azyaşlı uşaqlarının gözləri qarşısında qadınlıq ləyaqətini alçaldan hərəkətlərə yol vermiş, qarın boşluguna yumruq zərbələri vurmaqla onu döymüş, başqa qadınla yaşadığını belə gizlətməmişdir. Artıq iddiaçının ailədə kobud davranışı dözülməz və azyaşlı uşaqlarının tərbiyəsinə də mənfi təsir göstərməsi qaçılmaz olduğundan ondan ayrı yaşamaga qərar vermiş, ailələrində yaranmış xoşagəlməz vəziyyəti bacısı Sənubər vasitəsilə anasına bildirmişdir. Elə həmin gün, yəni 25 oktyabr 2018-ci il tarixdə bacısı Sənubər və əri Nahid gəlib “Qazel” markalı maşınla onu və uşaqlarını ev əşyaları ilə birlikdə X17 ogluna məxsus fərdi yaşayış evindən Binə Atçılıq ərazisində anası X3 məxsus olan fərdi yaşayış evinə köçürmüşlər. Valideynləri evi kiçik qardaşı Amil üçün nəzərdə tutaraq tikmişlər, qardaşı Amil türmədən gəlib, ailə qurana qədər anası evində uşaqları ilə yaşamağına ona icazə vermişdir. Ev təbii qazla təmin olunmasa da, orada yaşamağa məcbur olmuşdur. Beləliklə də 25 oktyabr 2018-ci il tarixdən etibarən uşaqları ilə birlikdə İddiaçı ayrı olaraq anasının evində yaşayır.

13. Məhkəmənin şahid qismində dindirdiyi X12 ifadəsində bildirmişdir ki, bacısı ilə İddiaçı 2018-ci ildə ayrılmış, mübahisəsi gedən evi 2015-2016-cı illərdə qardaşı üçün atası tikmişdir. Evin tikintisində yeznələri İddiaçı və qardaşları iştirak etmişlər, lakin bacısı cavabdehlə birlikdə heç vaxt orada yaşamamışdır. İddiaçı mübahisəli evə sadəcə gedibgəlmişdir. Bacısı və əri evlilik dövründə kirayədə yaşamışlar.

14. Məhkəmənin şahid qismində dindirdiyi X4 ifadəsində bildirmişdir ki, İddiaçı evlilik vaxtı görmüşdür və Təbrizin qohumlarını tanımır. Mübahisəsi gedən ev 2015-2016cı illərdə tikilmiş, qardaşı zəng edəndən-edənə evin tikintisi üçün material göndərmiş, amma tikintidə iştirak etməmişdir.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

16. Məhkəmə öz qənaətini “X21 haqqında” Konstitusiya Qanununun 13.1-13.2ci, Mülki Məcəllənin 180-ci və 228-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçının təqdim etmiş olduğu sənədlərdən, fotoşəkillərdən, həmçinin tərəflərin vermiş olduğu izahatlardan görünür ki, iddiaçı mübahisəli evdə yaşamış, lakin sonradan tərəflər arasında baş verən mübahisə nəticəsində cavabdeh iddiaçını həmin evə buraxmamışdır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı həmin evin tikintisində iştirak etmişdir. Belə ki, hər iki tərəfin və şahidlərin vermiş olduğu izahatlarından bu hal öz təsdiqini tapmışdır. Digər hal isə iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildə İddiaçılə bağlanmış müqavilə təşkil edir - müqavilənin bağlandığı vaxt cavabdehin və onun tərəfindən dəvət olunan şahidlərin ifadələrinə görə iddiaçı ilə onun ayrıldıqları vaxta təsadüf edir ki, bu da özü-özlüyündə iddiaçı ilə cavabdehin həmin dövrdə normal münasibtdə olmaqla mübahisə predmetinə aid olan evdə birgə yaşamalarını təsdiq edir. X2 İddiaçı vermiş olduğu etibarnamə üzrə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi eynilik təşkil edir.

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini yoxlamadığı, onun istinad etdiyi etibarnamənin 2021-ci ildə verildiyini, həmin etibarnamədə göstərilən sərəncamın ümumiyyətlə mövcud olmadığını nəzərə almadığı, evin iddiaçı tərəfindən tikildiyinin sübuta yetirilmədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı evin tikintisinə köməklik göstərsə də, onlar orada bərabər yaşamamış, ev cəzaçəkmə müəssisəindən bir-neçə ay əvvəl çıxmış qardaşı tərəfindən tikilmişdir. Evin elektrik sayğacı iddiaçının adınadır və elektrik idarəsi ilə müqaviləni iddiaçı bağlamışdır, lakin o, bunu onlardan xəbərsiz etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, Aslan bağları deyilən ərazi onların evlərinin yerləşdiyi ərazidir, lakin iddiaçının vergi ödədiyi torpaq mübahisəsi gedən evə görə deyildir.

19. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmiş, izahatında həmçinin göstərmişdir ki, torpaq sahəsini 2010-cu ildə almış, evin tikintisini 2016-2017-ci illərdə tamamlamış, orada cavabdehlə birlikdə yaşamış, hətta bibisioğlunun toyunu da bu evdə etmişdir. Həmin evdə birlikdə yaşadıqlarını təsdiq edən çoxsaylı fotoşəkillər vardır və onları məhkəməyə təqdim etmişdir. İddiaçı ilə münasibətləri pozulandan sonra evi uşaqları orada normal yaşasınlar deyə tərk edib getmiş, bir müddət əvvəl övladlarını görmək üçün evə getdiyi zaman cavabdehin bacısının orada yaşadığını görmüş, cavabdehin bacısı onu təhqir etdikdən sonra iddia qaldırıb öz evinə köçmək qərarına gəlmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“X21 haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər X21a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, özbaşına tikililərə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

34. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.

35. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

36. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

37. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

38. Hazırkı işdə müəyyən olunan hallar odur ki, tərəflər 2006-cı ildən faktiki ailə münasibətlərində olmuş, xx.xx.2016-cı il tarixdə nikaha girmiş, 2018-ci ilin sonlarında ailə münasibətləri pozulmuş, xx.xx.2020-ci il tarixli qətnamə əsasında nikahlarına xitam verilmişdir.

39. Məhkəmə araşdırması zamanı (həm birinci, həm apellyasiya instansiyasında) müəyyən olunmuşdur ki, ev 2016-2017-ci illərdə, yəni tərəflərin nikahda olduqları dövrdə inşa edilmiş və tərəflər orada bərabər yaşamışlar. Tərəflərin evdə birlikdə yaşadıqları təqdim edilən çoxsaylı fotoşəkillərdə də aydın əks olunmuşdur.

40. İddiaçının, mübahisəsi gedən evin enerji təchizatı üçün "xxxx" ASC ilə müqavilə bağladığına və texniki şərt aldığına dair təqdim etdiyi sənəd surətlər yazılı sübutlar üçün tələb olunan formaya uyğun olmasa da, cavabdeh bu halların mövcudluğunu etiraf etmişdir.

41. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibəti pisləşdiyindən evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

42. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində özünün zəhməti ilə inşa edilmiş bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir.

43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1236/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar