Məhkəmə qərarları › İş №2(103)-5934/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5934/2023

22.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5934/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1496/2023 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0,85 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 44.673,28 manat, İşsizlikdən sığorta fonduna olan 1.620,89 manat, İcbari Tibbi Sığorta Fonduna olan 835,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0,85 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 44.673,28 manat, İşsizlikdən sığorta fonduna olan 1.620,89 manat, İcbari Tibbi Sığorta Fonduna olan 835,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi rədd edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin həmin qətnamədən apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qətnaməsindən şikayəti verilməsi müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsi və müddətin bərpa edilərək, apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1496/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçinin həmin qərardaddan şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı ləğv edilmiş, ərizəçinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinə məhkəmə iclasında baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin ərizəsi rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan mövqe olduğu kimi təkrarlanmış, əvvəlki məhkəmə iclasında müddətin bərpasına dair ərizəni əsaslı hesab etdiyi halda, həmin ərizənin hansı səbəbdən qəfildən əsassız sayılmasını izah edə bilməmiş, bununla da “sanki yol verdiyi nöqsanı aradan qaldırmağa cəhd göstərmişdir”. İddiaçı tərəfindən apelyasiya şikayətinin elektron qaydada deyil, poçt vasitəsilə təqdim edilməsi prosessual müddətin ötürülməsi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı işin sonrakı hərəkətinə, yəni borclu vergi ödəyicisi barədə qanunamüvafiq tədbirlərin həyata keçirilməsinə mane olmaqdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1496/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə şikayətə baxarkən mülki prosessual qanunvericiliyin müddəalarını nəzərə alacaq və ədalətli məhkəmə qərardadı qəbul etməklə iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə imkan yaradacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı ilə ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1496/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin ərizəçinin həmin qətnamədən verdiyi apellyasiya şikayəti yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin şikayət buraxılmış müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədən, habelə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədən verildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1496/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Apellyasiya şikayətinin yerləşdirildiyi zərf üzərində onun xx.xx.2023-cü il tarixdə göndərildiyi qeyd edilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmiş apellyasiya şikayətinin məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə, yəni təxminən 3 aya yaxın müddət keçdikdən sonra çatdırılması qeyri-mümkündür. Belə ki, piyada hərəkət edən şəxs belə bu şikayəti ərizəçinin yerləşdiyi ünvanından məhkəməyə gündə maksimum bir saat yerimək şərti ilə bir neçə gün ərzində çatdırmış olar. Zərfin üzərində olan möhürlərdən zərfin hansı tarixdə poçt xidmətinə təhvil verilməsini, habelə belə bir müddətə gecikmənin məhz poçt xidmətinin təqsirindən baş verməsini dəqiq müəyyən etmək olmur. Digər tərəfdən xeyli sayda məhkəmə mübahisəsinin tərəfi olan, “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet yaratmaqla uzun müddətdir ki, aktiv şəkildə və peşəkarcasına həmin kabinetdən istifadə edən, bu baxımdan da mülki prosessual qanunvericiliyin qeyd edilən məsələ ilə bağlı tələblərini müfəssəl bilən ərizəçinin apellyasiya şikayətini daha əlçatımlı və qanunla müəyyən edilmiş formada, yəni elektron kabinet vasitəsi ilə deyil, poçt vasitəsi ilə göndərməsi ümumiyyətlə anlaşılmazdır. Halbuki, ərizəçinin müəyyən edilmiş formaya riayət edilmədən tərtib etdiyi apellyasiya şikayətinin məhkəməyə göndərilməsi tarixinin hər hansı hüquqi əhəmiyyəti qalmır. Belə ki, bu halda məsələyə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilməməsinin səbəbinin üzürlü hesab edilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymətin verilməsinə zərurət yaranır. Lakin araşdırma zamanı qətnamənin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildikdən sonra qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində (son tarix xx.xx.2023-cü il) verilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən hər hansı hal müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün real imkan əldə etmiş ərizəçi hər hansı üzürlü səbəb olmadan müəyyən edilmiş müddət ərzində bu imkandan istifadə etməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir və apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1496/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1496/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar