Məhkəmə qərarları › İş №2(103)-5935/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5935/2022

21.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5935/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Bank VTB (Azerbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və 20 manat dövlət rüsumunun cavabdehdən Bank VTB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9 A saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması və Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır.

3. Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən ayrılıqdan apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən onun iştirakı təmin edilmədən qətnamə çıxarılmışdır. Belə ki, o, qətnamədən icra mərhələsində xəbər tutmuşdur. Əmlakı hərracda aşağı qiymətə satılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə işə baxarkən onun maraqlarını nəzərə almamış və işə dəvət etməmişdir. Belə ki, bu ev birgə nikah dövründə alınmışdır, o həmin evdə yaşamışdır. Onun bu evin alınmasında birgə əməyi olub, evin girova qoyulmasına razılıq verməmişdir, evin girova qoyulmağını bu yaxın zamanlarda bilmişdir. Belə ki, o Bankın iddiası ilə bağlı məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə almaqla bilmişdir ki, ev girovdadır və ev borca görə məhkəməyə verilib. İcradan maraqlanıb Xətai Rayon Məhkəməsinin 2(011)-4296/15 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsini xx.xx.2022ci il tarixdə alındıqdan dərhal apellyasiya şikayəti təqdim etmişdir. Hazırda onun mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda bu qətnamə onun da maraqlarına toxunur. Həmin qətnamə çıxarılarkən ümumiyyətlə Maraqlı şəxs maraqlarını nəzərə alınmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Mövsümov apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, qətnamə 2018-ci ildə qəbul edilmişdir, cavabdeh tərəfin məqsədi qətnamənin icrasına mane olmaqdır.

7. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və maraqlarına toxunan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-4296/2015 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il tarixli 119105-1-1-10113/1 saylı müqavilə üzrə ümumilikdə isə 162 100,23 manat məbləğində borcu, xx.xx.2013-cü il tarixli 119105-1-10113/2 saylı kredit müqaviləsi üzrə 65.991,67 ABŞ dolları məbləğində pulun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal dress Dəniz döngəsi küçəsi 9 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-6343/2016 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 335.000 (üç yüz tuz beş min, 00) manat müəyyən edilməsilə Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011 )- 4296/2015 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(102)- 2897/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 6343/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Y-333 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur.

12. "xxxx" MMC ilə Bank arasında xx.xx.2017-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal dress Dəniz döngəsi küçəsi, 9 saylı fərdi yaşayış evi Banka satılmışdır.

13. Azərbaycan Respublikası ƏMDK yanmda DƏDRX-İ tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi üzərində Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları tanınmışdır.

14. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

28. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:

29. Maddə 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

30. 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

33. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, yuxarıda qeyd edilən qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-6343/2016 saylı qətnaməsi ilə tələb ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi ev 9 A, fərdi yaşayış evinə yöndəldilmiş, həmin ev hərracda satılmış, hazırda iddiaçının mülkiyyətindədir.

34. İddiaçı mülkiyyətində olan mənzilin boşaldılaraq Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi ev 9 A, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını və fərdi yaşayış evinin boşaldılmasını tələb edir ki, MM-in 157.2-ci bəndinə əsasən onun tələbi əsaslıdır və təmin edilməlidir.

35. Bununla belə, rayon məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, eyni zamanda maraqlarına toxunan Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilməmişdir.

36. MPM-in 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa və 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

37. Beləliklə, qətnamə yuxarıda qeyd edilən prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9 A saylı fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır.

38. Məhkəmə Kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məcəllənin 15.4-cü maddəsinə əsasən, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Hazırkı halda iddia ərizəsindən məlum olur ki, iddia tələbi yalnız Cavabdeh qarşı yönəlmişdir. Belə olan halda, məlum olur ki, Maraqlı şəxs qarşı tələb irəli sürülmədiyindən, hazırkı qətnamənin məcburiliyi Maraqlı şəxs aid edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9 A saylı fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri, yəni iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat cavabdehdən tutulmalı və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9 A saylı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar