Məhkəmə qərarları › İş №2(103)-5935/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5935/2023

20.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5935/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-118/2023 saylı 02 avqust 2023-cü il tarixli qərardadından cavabeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(011)-118/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmrin ləğv olunması, İddiaçı Qurfan oğlunun Cavabdeh MMC-də tutduğu süzmə sexi rəisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq İddiaçı Qurfan oğluna ödənilməsi, Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manatın tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına 17 may 2023-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilmiş və 30 may 2023-cü il tarixdə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 iyun 2023-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti onun verilmə müddəti cavabdeh tərəfindən keçirildiyindən qeri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılması əsaslı və qanuni olsa da belə, apellyasiya şikayətinin təkrar verilməsinə mane olmur, apellyasiya şikayətinin verilməsi üçün 1 ay müddət nəzərdə tutulduğundan texniki səbəblərə görə həmin müddət pozulmuşdur. Həmin mülki iş üzrə Xətai Rayon Məhkəməsində keçirilən hazırlıq iclası və məhkəmə baxışında cavabdehin nümayəndəsi iştirak etməmiş, Cavabdeh MMC-yə qarşı belə bir mülki işin olması 07 aprel 2023-ci il tarixdə məlum olmuşdur, qətnamənin yalnız 11 may 2023-ci ildə əldə olunmuşdur. Belə ki, məhkəmə tərəfindən cavabdehə məhkəmədə işə baxılmasının vaxtı və yeri barədə məhkəmə bildirişini 17 mart 2023-ci il tarixdə göndərilmiş və Cavabdeh MMC-nin yerləşdiyi H.Aslanov qəsəbəsi, S.Hacıəliyev küçəsi, 28İ ünvana xidmət göstərən “Azərpoçt” AZ1123 saylı filialına məhkəmə bildirişi yalnız 27 mart 2023-cü il tarixdə daxil olmuşdur. Həmin məktub cavabdehə yalnız 07 aprel 2023-ci il təqdim olmuşdur. Məhkəmə qətnaməsi isə 06 aprel 2023-ci il tarixdə çıxarılmışdır. Beləliklə, göstərilənlərdən məlum olur ki, cavabdehə işə baxılmasının vaxtı yalnız 07 aprel 2023-ci ildə məlum olmuş, artıq məhkəmə baxışı qurtardıqdan sonra. Məhkəmə qətnaməsi isə yalnız 11 may 2023-ci il tarixdə Xətai Rayon Məhkəməsinin dəftərxanasından əldə etmək mümkün olmuşdur. Qətnamənin "xxxx" MMCnin nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsi barədə Nümayəndə xəstə olması ilə əlaqədar izləyə bilməmiş və bu barədə MMC-ya məlumat verə bilməmişdir. Həmin əsaslara görə hesab edirlər ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-118/2023 saylı 02 avqust 2023-cü il tarixli qərardadı ilə cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, şikayətini apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məzmununa uyğun əsaslandırmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-118/2023 saylı 28 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xətai Rayon Məhkəməsinin 2(011)-118/2023 saylı 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(011)-118/2023 saylı qətnaməsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə həm cavabdehin, həm də nümayəndəsi Nümayəndə elektron kabinetlərinə 11 aprel 2023- cü il tarixində yerləşdirilmiş, qətnamədən şikayət isə 17 may 2023-cü il tarixində verilmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İşdən görünür ki, cavabdehin müddətin bərpasına dair ərizəsi hər hansı üzrlü səbəb aşkar edilmədiyindən məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticəni haqlı hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə xəstə olması səbəbindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetə əlçatımlılığının qeyri-mümkün olması üzrlü hal kimi qəbul edilə və ötürülmüş müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsi həm adıçəkilən nümayəndənin, həm də cavabdeh şirkətin özünün elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin cavabdeh tərəfin yeganə nümayəndəsi Nümayəndə deyildir. Beləliklə, kollegiyanın gəldiyi qənaət bundan ibarətdi ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-118/2023 saylı 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar