Məhkəmə qərarları › İş №2(103)-5937/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5937/2021

23.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5937/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-836/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsil Nazirinin 16 iyun 2020-ci il tarixli K-534 nömrəli əmrinin ləğv edilməsi, onunla bağlanmış müqavilənin müddətsiz olaraq bərpa edilməsi və pandemiya dövründə təhsil sahəsi üzrə işçilərə əmək funksiyası yerinə yetirilmədən əmək haqqı təyin olunduğunu nəzərə alaraq ötürülmüş aylar üzrə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-836/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu ildə Xocalı şəhərində anadan olmuş, məlum Xocalı faciəsindən sonra atasının könüllü hərbi qulluqçu olması nəzərə alınaraq Cəlilabad rayon, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyində onlar üçün ayrılmış mənzildə məskunlaşmışlar. 1995-ci ildə orta məktəbi, 2000-ci ildə ADPU-nun tarix fakültəsini bitirmişdir. 2000-2001-ci illərdə cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olmuşdur. Bir neçə ictimai təşkilatın üzvü, sədri olmuşdur. 2005-ci ildən Cəlilabad rayon Göytəpə şəhərində pedaqoji fəaliyyətə başlamışdır. 2010-cu ildə yaşadığı şəhərin ictimai-siyasi və mədəni həyatındakı xidmətlərinə görə Göytəpə şəhər ağsaqqallar şurasının qərarı ilə Göytəpə şəhər İcra Nümayəndəliyi tərəfindən “Göytəpə şəhərinin fəxri sakini” adına layiq görülmüşdür. 2012 - 2013-cü illərdə təhsillə bağlı olan “Mədəd Azərbaycan” təşkilatının cənub bölgəsi üzrə kordinator kimi fəaliyyət göstərmişdir. Həmçinin, 2014-cü ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş və həmin müsabiqənin qalibi olduğu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə X2 sədri seçilmişdir. 2016-cı ildə direktorların işə qəbulu üzrə müsabiqədə (DİQ) əldə etdiyi nəticəyə əsasən yaşayış yerindən uzaq məsafədə yerləşən məktəbə direktor vəzifəsini qazansa da, Qarabağ əlili olan hər iki valideynin fiziki məhdudiyyətləri və davamlı olaraq onun köməyinə ehtiyaclarının olması baxımından bu vəzifədən imtina etmişdir. Daha sonra 2017-ci ildə DİQ müsabiqəsində 40 baldan 35 bal toplayaraq Təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramovun əmri ilə faktiki müəllim işlədiyi Göytəpə şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Ailəlidir, 4 övladı var. İİ qrup Qarabağ əlili olan hər iki valideyni onun himayəsində yaşayır. İş fəaliyyəti dövründə məktəbdə yaratmış olduğu şəffaf durum nəticəsində şagirdlərin sayı 1 200 nəfərdən 1 700 nəfərə qədər artmış, şagird və müəllimlərdən hər hansı adda toplanılan vəsaitlərə qadağa qoyulmuşdur. Məktəbdə adları olub özləri olmayan texniki işçilər və şagirdlər təmizlənmiş, əmək intizamı gücləndirilmişdir. Apardığı işlər nəticəsində məktəbdə ali məktəbə qəbulun sayı ilə yanaşı 500-600-dən yuxarı bal toplayanların sayı artmışdır. Şagirdlər rayon və respublika bilik və idman yarışlarında, olimpiadalarda qalib olmuşlar. “Əlaçı” televiziya yarışlarının final mərhələsinə kimi yüksələn regiondan rəhbərlik etdiyi məktəbin şagirdləri olmuşdur. Müəllimlərdən ikisi pedaqoji mühazirələrin qalibi kimi Təhsil Nazirliyi tərəfindən diplomlarla təltif olunmuş, bir nəfər fəxri fərmanla mükafatlandırılmış, bir nəfər isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. Bütün bunlara baxmayaraq, məktəbdə əmək intizamının güclənməsi nəticəsində bir neçə müəllimin əsassız, şər-böhtan şikayəti əsasında məktəbdə yoxlama aparılmış, onun nöqsanının olmadığına baxmayaraq və əmrin preambula hissəsində onun heç bir nöqsanı qeyd olunmasa da, Təhsil nazirinin 30 sentyabr 2019-cu il tarixli K-1472 nömrəli əmrinə əsasən ona “şiddətli töhmət” verilmişdir. Qeyd edilən məsələnin şər-böhtan olması ilə bağlı Cəlilabad rayon Məhkəməsinə ünvanladığı şikayəti əsasında xüsusi icraat qaydasında cinayət işi açılmışdır. Cinayət işi üzrə təqibin müəyyən mərhələsində həmin müəllimin bundan öncə də eyni əməllə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən olmuş və üzərində cinayət işinin olması, himayəsində azyaşlı uşaqların mövcudluğu, şəhid qardaşı olması, eləcə də ağsaqqalların xahişi ilə barışıq əsasında cinayət işinə xitam verilmişdir. Həmin müəllim öz şər-böhtan məlumatlarını Təhsil Nazirliyinin rəhbərliyinə çatdırmaq məqsədilə nazirliyin qarşısında ictimai aşayişi pozmuş və bundan sonra məhkəməyə çağırılarkən polisə müqavimət göstərdiyi üçün 10 sukta inzibati qaydada həbs olunmuşdur. Daha sonra günahsız olduğunu inzibati qaydada bildirmək üçün o, Təhsil Nazirliyinə zəng etmiş, lakin faydası olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 mart 2017ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydalarının 3.11-ci maddəsinə görə müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Həmin ilin sonunda da onunla işə qəbul olmuş heç bir kəsi müsahibəyə çağırmadan daimi işə qəbul ediblər. Göstərilən tələblərə əsasən onunla bağlanmış müqavilə də müddətsiz olmalı olduğu halda, eləcə də faktiki olaraq onunla eyni zamanda işə qəbul olub “ənənəvi” qaydada işləyən həmkarlarının müqaviləsi müddətsizə çevrildiyi halda ona qarşı ayrıseçkilik olmuşdur. Belə ki, işlədiyi 2 il müddətindən sonra ona məlum olmayan səbəbdən 30 dekabr 2019-cu il tarixdə ondan müqavilənin uzadılması üçün ərizə alınaraq tədris ilinin sonuna qədər müqaviləni uzatdılar. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 16 iyun 2020-ci il tarixli K-534 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsini əsas gətirərək əmək müqaviləsinə xitam vermişlər. Xitamın əsasını soruşduqda heç bir hüquqi əsas olmadan bildirilmişdir ki, bu məktəbdə müqaviləsinin bitmişdir və rayonda digər vakant məktəbə direktor kimi təyin ediləcəkdir. Bəzi hallarda isə ona görə müraciət edən həmkarlarına telefonla bildirilir ki, fəaliyyətində nöqsanlara yol vermişdir. Sanki “ənənəvi” qaydada işləmədiyi üçün onu cəzalandırır, şərböhtançının maraqları mühafizə edilərək dəstəklənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq edilmiş 04 aprel 2020-ci il tarixli Tədbirlər Planına əsasən pandemiya dövründə dövlət və özəl sektorda çalışan işçilərin əsassız yerə işdən çıxarılmasına və ixtisarına yol verilməməsi nəzərdə tutulduğu halda onunla bağlanmış müqaviləyə xitam verməklə işdən çıxarılmışdır. Pandemiya dövrünün davam etdiyi iyun-avqust ayının sonu və sentyabr ayının 15-dək demək olar ki, əmək haqqı almamışdır. Əmək müqaviləsinə xitam veriləndən sonra əhali tərəfindən 1 500-dən çox müəllim, texniki işçi və yerli sakin onunla bağlanan müqavilənin işlədiyi məktəbdə uzadılması üçün Təhsil Nazirliyinə müraciət etsələr də, müqavilə uzadılmamışdır. Digər məsələ isə qanuna əsasən işə qəbul edilərkən müqavilə bağlanılmalı, bir nüsxəsi işə götürəndə, digər nüsxəsi isə işçidə qalmalıdır. Lakin ona əmək müqavilənin nüsxəsi təqdim edilməmişdir. Həmçinin, əmək qanunvericiliyi pozularaq əmək kitabçası ona təqdim edilməmişdir. Göründüyü kimi, Təhsil Nazirliyi burda da kobud qanun pozuntusuna yol vermişdir Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov iddianı qəbul etməyərək göstərmişdir ki, 30 sentyabr 2019-cu il tarixli əmrə əsasən Göytəpə şəhər V.Mürsəlov adına tam orta məktəbin direktoru İddiaçı məktəbə nəzarət və rəhbərliyin həyata keçirilməsində mövcud normativ sənədlərin tələblərinin icrasında ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndonə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddia əsassızdır, belə ki, iddiaçı əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramovun 26 dekabr 2017-ci il tarixli K-843 nömrəli əmrinin surətindən görünür ki, Ələkbərov X3 rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə 1 il müddətinə direktor təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 30 sentyabr 2019-cu il tarixli K-1472 nömrəli əmrinin surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 16 iyun 2020-ci il tarixli K-534 nömrəli əmrinin surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddəti qurtardığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada 16 iyun 2020ci il tarixdən xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, öz müddətsiz müqaviləsini müddətli müqaviləyə çevirmək üçün işəgötürənə ərizə ilə müraciət etməsi mümkünsüzdür. Heç kim öz vəziyyətini ağırlaşdıran əqd bağlamaz. Bu kimi hallar hakimiyyətdən sui-istifadə etmə, aldatma nəticəsində mümkündür. Məhkəmə iclasında reallıqda cavabdeh tərəfin buna etirazı olmamış və etirazına dair izahatı dinlənilməmişdir. Sübutlar tam və obyektiv araşdırılmamış, eləcə də, düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramovun 26 dekabr 2017-ci il tarixli əmrinə əsasən Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə 1 il müddətinə direktor təyin edilmişdir. Təhsil nazirinin 30 sentyabr 2019-cu il tarixli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təhsil nazirinin 30.12.2019-cu il tarixli əmrilə əmək müqaviləsinin müddəti 15 iyun 2020-ci ilədək uzadılmış və 16 iyun 2020-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddəti qurtardığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verildiyini əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi Təhsil Nazirinin 16 iyun 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onunla bağlanmış müqavilənin müddətsiz olaraq bərpa edilməsi və pandemiya dövründə təhsil sahəsi üzrə işçilərə əmək funksiyası yerinə yetirilmədən əmək haqqı təyin olunduğunu nəzərə alaraq ötürülmüş aylar üzrə ona əmək haqqının ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 35, 42, 45, 68, 73, 83-cü, eləcə də MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbi üzrə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinin müddətinin 2019-2020-ci tədris ilinin sonuna qədər uzadılmasını xahiş etmiş, həmin ərizə əsasında Təhsil naziri Ceyhun Bayramovun 30.12.2019-cu il tarixli əmri ilə əmək müqaviləsinin müddəti 15 iyun 2020-ci il tarixədək uzadılmışdır. Müqavilə müddəti bitdikdən sonra Təhsil nazirinin 16 iyun 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada) 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri hakimiyyətdən sui-istifadə və aldatma nəticəsində işdən azad olunma, əmək müqaviləsinin qanunsuz olaraq müddətli bağlanması və s. barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən və müqaviləyə xitam verilərkən cavabdeh tərəfindən hakimiyyətdən sui-istifadə və aldatma hallarına yol verilməsi apellyasiya baxışı zamanı öz təsdiqini tapmadı. İddiaçının əmək müqaviləsinin müddətsiz olması ilə bağlı dəlili üzrə birinci instansiya məhkəməsində də araşdırma aparılmış, məhkəmə həmin dəlilə qiymət verərkən Təhsil Nazirliyinin 03 mart 2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları”na istinad etmiş və göstərmişdir ki, Qaydaların 3.11-ci bəndinə görə müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Sadalanan əsaslardan göründüyü kimi müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlilə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar