Məhkəmə qərarları › İş №2(103)-594/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-594/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-594/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Oğlu Binə qəsəbəsində ev almış, müvəqqəti olaraq həyat yoldaşı X11 ilə həmin evdə yaşamaqla, qeydiyyatda olduğu və boya başa çatdığı evinə də gedib gəlirdi. Onlara məxsus əmlakları da həmin evdə yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, hər dəfə evinə gedib gələndə cavabdeh onunla mübshisə edir heç bir səbəb olmadan evinə giriş-cıxışına mane olur, bir sözlə onu evinə buraxmaq istəmir. Bundan sonra o, öz evinə köçmək istəmiş, lakin cavabdeh onu öz evinə buraxmamışdır. O isə bu qoca yaşında ailəsi ilə evində girib yaşamaqdan məhrum olmuşdur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 saylı qətnaməsi ilə (hakim Tağıyev Zaur) iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evinə köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İddiaçı qardaşı X4 ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuşdur. ünvan 2 ünvanda yerləşən evə gəlin köçməklə həmin ünvanda pasport qeydiyyatında olub orada yaşamışdır. M.Yunusovla birgə nikahlarından 1997-ci il təvəllüdlü Yunusova Lamiyə və 1999-cu il təvəllüdlü Yunusov Məhəmməd adlı iki uşaqları orada olmuşdur. Uşaqların hər ikisi subay olmaqla həmin evdə birlikdə yaşayırlar. Həyat yoldaşı ilə birgə yaşadıqları vaxt şəxsi vəsaitləri hesabına eyvan, hamam, tualet tikib əlavə etmişlər. Həyat yoldaşı X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. 2022-ci ilin oktyabr ayının 7-də yaşadığı ünvana Xəzər rayon İcra şəbəsindən qaynı İddiaçı qeyd olunan evə köçürülməsi ilə əlaqədar məhkəmə qətnaməsinin icrası ilə bağlı bildiriş daxil olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, o, mənzilə köçürülmə ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhər Xəzər rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı məhkəməyə müraciət etməsi barədə ona məlumat verilməmiş, iddia ərizəsinin surəti, məhkəmə iclasının vaxtı və yeri barədə ona və ailə üzvlərinə bildiriş göndərilməmiş və təqdim edilməmiş, hətta şifahi məlumat belə verilməmiş, bu barədə tam məlumatsız olmuşlar. Xəzər rayon İcra şöbəsindən yaşadığım ünvana məktub daxil olduqdan sonra Xəzər rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və həmin tarixdə qətnamənin surətini almışam. Məhkəmə tərəfindən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə ona məlumat verilmədən, iddia ərizəsinin surəti, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş mənə göndərilmədən və ya təqdim edilmədən, hətta şifahi məlumat belə verilmədən həmin mülki işə onun iştirakı olmadan baxılmaqla qanunla qorunan hüquqları, o cümlədən iddia ərizəsinə etiraz etmək, qarşılıqlı iddia vermək, tələb və etirazlarımın əsaslandırılması üçün və onun ailə üzvləri ilə birlikdə 31 ildən artıq bir müddətdə başqa ünvanda yaşamasını təsdiq edən sübutların tərəfindən toplanılıb vaxtında məhkəməyə təqdim edilməsinə şərait yaratmamaqla hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, qətnamə ilə tanış olduqda ona məlum olmuşdur ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşadığını, oğluna ünvan 6 sonra müvəqqəti olaraq arvadı X11 ilə orada yaşasa da, boya-başa çatdığı mübahisəli evə gəlib-getdiyini, onlara məxsus əmlakının mübahisəli evdə yerləşdiyini, hər dəfə evə gəldikdə onun iddiaçı ilə mübahisə etdiyini, heç bir səbəb olmadan evə giriş-çıxışına mane olduğunu, iddiaçını evə buraxmadığını göstərmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında izahatında göstərilənlər həqiqətə uyğun deyildir. İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə aldığı 25 sot torpaq sahəsində 2 evi vardır. İddiaçı cavabdehin yaşadığı ünvanda arvadı və uşaqları ilə qeydiyyatda olsalarda 31 ildən artıq müddətdə, yəni 1991-ci ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayırlar. Həmin ünvanda iddiaçıya məxsus iki yaşayış sahəsi vardır. O, beş otaqdan ibarət olan evdə özü ailə üzvləri ilə yaşayır, iki otaqdan ibarət olan digər yaşayış sahəsini isə uzun müddət kirayə versələr də hazırda başqa şəxsə satmışdır. İddiaçı xx.xx.1989-cu il təvəllüdlü qızı İsmayılova Samirə mübahisəli evdə, xx.xx.1992-ci il təvəllüdlü qızı Yunusova İlhamə və xx.xx.1995-ci il təvəllüdlü oğlu Yunusov Əliməmməd Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi, 2-ci sahədə yerləşən ünvanda doğulmuş, hər üç uşağı oradan məktəbə getmiş, orada boya-başa çatmışlar. Cavabdeh 1996-cı ildə iddiaçının qardaşı Yunusov Mirsoquli ilə ailə həyatı qurub həmin evə gəlin köçdükdə həyat yoldaşı Yunusov Mirsoqulidən başqa heç kəs orada yaşamamışdır. X8 1986-cı ildə, qaynanası X5 xx.xx.1996-cı ildə vəfat etmişlər. Cavabdeh qeyd olunan evə gəlin köçdükdən sonra son vaxtlara kimi İddiaçı mübahisəli evə çox təsadüfi hallarda gəlibgetmiş, Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayış sahəsi olduğuna görə heç vaxt onlarla bir yerdə yaşamasını istəməmiş, bununla əlaqədar nə şifahi, nə də yazılı hər hansı bir tələb irəli sürməmiş, buna heç bir ehtiyacı olmamışdır. İddiaçı mübahisəli evdə yaşamaları üçün zəruri olan heç bir şəxsi əmlakı olmamışdır. Bakı şəhəri, R.Əşrəfov küçəsi, döngə 1, ev 19-da yerləşən mübahisəli evdə 1 qaz sayğacı, 1 işıq sayğacı və 1 su sayğacı vardır, su sayğacı cavabdehin adına, qaz və işıq sayğacları 1996-cı ildə vəfat etmiş mərhum qaynanası X2 adınadır. Onlardan istifadəyə görə bütün ödəmələr müxtəlif vaxtlarda mərhum qaynanası F.Yunusova və mərhum həyat yoldaşı M.Yunusov tərəfindən, onların vəfatından sonra cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh hər iki ayağında parez olduğundan yeriyə bilmir, 3-cü qrup əlildir, uşaqlarının hər ikisinin anadan gəlmə psixoloji problemləri var. Cavabdehə məlum olmuşdur ki, İddiaçı hazırda yaşadıqları Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə aldığı 25 sot torpaq sahəsinin müəyyən hissəsini və həmin torpaq sahəsində tikdiyi və həmişə kirayəçilərə vermiş olduğu evi də şəxsi ehtiycları üçün satmışdır. Onun məqsədi həyat yoldaşı M.Yunusovun vəfatından sonra köməksiz vəziyyətindən istifadə edib gələcəkdə cavabdehə və xəstə uşaqlarına fiziki, psixoloji və mənəvi təzyiq etməklə onların həmin evdən çıxardıb evi ələ keçirtmək istəməsidir. Məhkəmə qətnaməni qəbul edərkən MPMnin maddələrinin tələblərini də nəzərə almamış, əsassız olaraq X3 formal pasport qeydiyyatında olduğu ünvan 2 ünvanda yerləşən evə köçürülmə tələbi təmin edilmişdir. Apellyasiya şikayətiə əlavədə qeyd edilir ki, mülki işin 48-49-cu vərəqlərində əlavə olunmuş zərfin üzərində olan xx.xx.2022-ci il ve xx.xx.2022-ci il tarixli qeyddə "qapı bağlıdır" qeydinin aparılmasına baxmayaraq həqiqətə uyğun deyil. Belə ki, Bakı şəhəri 29 nomreli Birləşmiş Şəhər Xəstanasından verilmiş xx.xx.2022-ci il tarixli 517 saylı məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən 19 saylı evdə qeydiyyatda olan və orada yaşayan Cavabdeh nevroloji kabinetdə "Diskogen radikulopatiya ve kökcük ağrı sendromu sindromu, sol bud çanaq oynağının 4-cü mərhələ artrozu, şəkərli diabet 2-ci tip orta ağır forma" diaqnozu ilə qeydiyyatdadır. Göründüyü kimi, səhhətində ciddi problem olmaqla əl arabası ilə hərəkət edən Cavabdeh və ümumiyyətlə ailə üzvlərindən heç birinin evdə olmaması heç inandırıcı deyil. Bundan başqa xx.xx.2021-ci ildə vəfat etmiş cavabdehin əri X1 vəfatının 1-ci ildönümü ərəfəsi olduğuna görə Cavabdeh və uşaqlarının da evdə olmaması həqiqətə uyğun deyildir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küç, döngə 1 ünvanında yerləşən 19 saylı evdə qeydiyyatda olan ve orada yaşayan Cavabdeh və onun ailə üzvlərinə məhkəmə bildirişinin verilməsi mümkün olmadığı göstərilməsinə baxmayaraq, idddiaçı İddiaçı və onun ailə üzvləri faktiki olaraq mübahisəli ünvanda ümumiyyətlə yaşamadıqları halda məhkəmə bildirişinin həmin ünvanda ona verilməsi də həqiqətə uyğun olması mümkün deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

9. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

10. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.

11. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

15. Maddə 385.1.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar qismində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi də çıxış edir.

16. Maddə 387.2.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə görə hazırki mübahisə üzrə səhv nəticəyə gəlmiş tərəflər arasında mübahisənin həlli bağlı tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməməklə həmin normalarının tələblərinə uyğun olaraq mübahisəyə qiymət verməmişdir.

22. Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmin zaman qüvvədə olmuş, 2009-cu il 01 oktyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarına uyğun olaraq qiymət verməlidir.

23. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.

24. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, iddiaçının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin yaşadığı ünvanda qeydiyyatda olsa da, ən azı iddiaçının özünün qəbul etdiyi tarix kimi 2001-ci ildən götürülsə, 21 ildən artıq müddətdə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayır.

26. Odur ki, iddiaçının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması, mənzilə köçürülməsinə dair uzun illər ərzində təşəbbüslərinin olmaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Bu yalnız daimi əsaslarla yaşamaq üçün özünün də qeyd etdiyi kimi başqa yaşayış sahəsinə sahib olmaqla köçüb orada yaşaması olmuşdur (yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır). Uzun müddət orada yaşamaması özünün etirafı ilə yanaşı yanakı sübut kimi şahid ifadələri ilə də təsdiqini tapır. Həmçinin daimi olaraq ora gedib-gəlməsi halı da şahid ifadələri ilə təkzib edilir. Hətta gedib-gəlmiş olsa belə burda əsas məsələ həmin evdən daimi olaraq yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getməkdən ibarətdir. Hazırki halda cavabdehin 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından mübahisəli evdən istifadə hüquqları itirilmişdir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ünvan 1 ünvana köçürülməsi təmin edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin hesab edri ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının da tələblərini pozmuşdur. Belə ki, mülki işə baxarkən cavabdehion iştirakını təmin etməməklə onun özünə qarşı olan tələb üzrə məhkəmə müdafiəsini qurmaq imkanından məhrum etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

28. Bütün qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar