Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5942/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdə çıxarılma, evə köçürülmə və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1346/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh2 iddiaçının oğlu X7 ilə nikaha daxil olmuş, bu nikahdan üç uşaqları doğulmuş, X7 xx.xx.2020-ci il tarixdə özünü asaraq intihar etmişdir. Mübahisəli ev özbaşına tikilidir. Q.Muradova və S.Muradovun birgə nikah dövründə inşa edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən notariat kontoruna təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 1354 №-li aryışa əsasən İddiaçı mübahisəli evdə qeydiyyatsız yaşayır. Qonşular tərəfindən tərtib edilmiş akta əsasən mübahisəli ev İddiaçı məxsusdur, Cavabdeh2 isə 2020-ci ilin əvvəllərində evi tərk edib getmiş və 2021-ci ilin sonunda qayıtmışdır. Su, qaz və işıq üzrə İddiaçı 2020-ci ildən abonentdir. "xxxx" MMC tərəfindən 2019-cu ildə sifarişçi Cavabdeh2 sifarişi əsasında mübahisəli evin layihəsi hazırlanmışdır. Cavabdeh2 həmin ev üzrə əmlak və torpaq vergi ödəyicisidir. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən şəxsi hesab vərəqəsindən görünür ki, o xx.xx.2018-ci il tarixdən vergiləri ödəyir. Cavabdeh2 və onun üç uşağı X8, X6 və X3 mübahisəli evdə qeydiyyatsız yaşamaları barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 45 №-li məktub verilmişdir. X1 qəsəbəsində yerləşə 113 №-li məktəbin 7-ci sinifində, X6 isə 4-cü sinifində təhsil alırlar (məktəb tərəfindən verilmiş arayışlar). Birinci instansiya məhkəməsində icraat İddiaçı «İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsində yerləşən 1 sot həyətin içində 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, iddiaçının həmin evə köçürülməsi və 2300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsində yerləşən 1 sot həyətin içində 3 otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçının oğlu X7 Cavabdeh2 ilə nikaha daxil olmuşlar, onların 3 övladları dünyaya gəlmişdir. Sonradan cavabdeh evdə mübahisə yaradaraq uşaqlarını götürüb atası evinə getmiş və 3 il orada yaşamış, uşaqları atalarına və iddiaçıya göstərməmişdir. Buna dözməyən iddiaçının oğlu canına qəsd etmişdir. Oğlunun ölümündən bir il yarım sonra iddiaçı Sabirabad rayonuna getmiş və qayıdanda cavabdehlər və onların digər ailə üzvləri tərəfindən evin qıfılının sındırıldığını və evin zəbt edildiyini görmüşdür. Evdə iddiaçıya məxsus əşyalar və 2300 manat miqdarında vəsaiti olmuşdur. Bu barədə polisə müraciət etmişdir. Hesab edir ki, evdən məhrum edilməsi qanunsuzdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1346/2022 saylı, 05 may 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmiş, əksinə cavabdeh evə olan hüququnu kifayət qədər əsaslandıra bilmişdir. Belə ki, layihə onun adına tərtib edilmiş, bələdiyyədə əmlak və vergi ödəyicisi o, özü olmuşdur, abunə kodları onun ərinin adında olmuşdur, uşaqları həmin qəsəbədə məktəbə gedirlər. İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. Məhkəmə gəldiyi nəticəni «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı sonradan “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə versə də, hakim bunu nəzərə almamış, qətnaməsində əks etdirməmiş və qiymət verməmişdir. İşə verilmiş tələb üzrə baxılmaması qətnamənin birmənalı ləğvi üçün əsasdır. Sabunçu Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarında yalnız cavabdehin xeyrinə olan məqamları qeyd etmiş, Cavabdeh2 evi 2020-ci ilin fevral ayında tərk etməsi barədə izahatına münasibət bildirməmiş, İddiaçı izahatını isə təhrif edərək guya İddiaçı mənzildə yaşadığını bildirmədiyini qeyd etmişdir. X16 Muradovanın oğludur. Məhkəmə övladı ilə yaşayan tək ananı ailə kateqoriyasına daxil etmir. Bundan başqa, həmin izahatında İddiaçı oğlunun evə gəldiyini və çay içib getdiyini, övladları üçün darıxdığını bildirməsi onun evdə yaşaması demək deyil. Cavabdeh2 təqdim etdiyi özəl şirkət olan "xxxx" MMC-nin tərtib etdiyi layihəsi də bu iş üçün həlledici sübut deyil, Layihə 2019-cu ilə aiddir, hansı ki, onda hələ ailə münasibətləri pozulmadığı üçün Cavabdeh2 evi tərk etməmişdi. O, evi 2020-ci ilin fevralında tərk etdiyini bildirir. Onun evi 6 ay tərk etməsi evə dair istifadə hüququnu itirməsi deməkdir. İddiaçı məxsus olduğu qonşuların aktı ilə təsdiq olunduğu və mənzildə yaşaması kommunal müqavilələrlə də təsdiq olunduğu mənzilə İddiaçı köçürülməməsi isə tamamilə absurd bir qərardır. Bu qədər sübutla iddiaçının mənzilə köçürülməməsi hissəsində iddianın rədd edilməsi barədə məhkəmə aktını qanunsuz hesab edir. Məhkəmə abunə kodlarının oğlunun sağlığında iddiaçının adına dəyişdirilməsini nəzərə almamışdır. Cavabdehin istinad etdiyi bələdiyyə vergisinin ödənilməsi və uşaqların evə yaxın məktəbdə təhsil alması cavabdehin mübahisəli mənzildə yaşamasını təsdiq etmir. Bələdiyyə vergisi yalnız 2020-ci ilin sentyabrında, yəni Cavabdeh2 mərhum həyat yoldaşı özünü asaraq intihar etdikdən bir müddət sonra ödənilmişdir. Məhkəmənin 2018-ci il tarixdən vergi ödəməsini qeyd etməsi yalandır. Çünki Məhkəmə bələdiyyənin hesab vərəqəsini diqqətlə oxumamışdır. Həmin sənəddə cədvəlin soldan 3-cü qrafasına (Əməliyyatlar) diqqət yetirilsə, görünər ki, 2018-ci ilin hesablaması aparılıb, ödəniş 2020-də edilib. Cavabdeh2 nə evin, nə də torpaq sahəsinin mülkiyyətçisi deyil, mülkiyyətçi olmayan şəxsdən vergi ödənişi qəbul etmək özü qanunsuzdur. Bu ödənişi qəbul edərkən bələdiyyə heç bir sənədə və hüquqi əsasa söykənməmiş, təki büdcəsinə pul daxil olsun, kim ödəyir-ödəsin prinsipi ilə ödənişi qəbul etmişdir. Məktəbə gəlincə isə bugün qanunvericilikdə uşaqların mütləq yaşadığı yerin yaxınlığındakı məktəbdə təhsil alması ilə bağlı bir məcburi qayda yoxdur. Yəni bu kimin harada yaşamasını təsdiq edən sübut deyil. Bundan başqa, onun təqdim etdiyi Azərbaycan Kredit Bürosundan çıxarışdan iddiaçının 2.300 manat pul vəsaitinin mövcudluğu sübuta yetir. Həmin pul vəsaiti qapısı kilidli evdə olmuşdur və cavabdehlər qapının kilidini özbaşına sındıraraq evə daxil olmuşlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda izahat verərək iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllə 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə başına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından görünür ki, İddiaçı mübahisəli tikilinin ona məxsus olmasına dair Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən notariat kontoruna təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 1354 №-li arayışı, mübahisəli ev İddiaçı məxsus olmasına dair qonşular tərəfindən tərtib edilmiş aktı, su, qaz və işıq üzrə abonent olması barədə sənədlər təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun mövcud olmamasına dair nəticəsi ilə razılaşır və bu nəticəsinin onunla əsaslandırır ki, məhkəmə düzgün olaraq iddiaçının iddiasının əsaslı olmasını təsdiq etmək üçün sənədləri sübut əhəmiyyətli olmamaqla, digər sübutlarla da təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin mübahisəli evdə yaşamamasını göstərsə də, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 45 №-li məktubdan görünür ki, Cavabdeh2 və onun üç uşağı X8, X6 və X9 mübahisəli evdə qeydiyyatsız yaşayırlar. Kürdəxanı qəsəbəsində yerləşən 113 №-li məktəbin arayışlarından görünür ki, X8 məktəbin 7-ci sinifində, X6 isə 4-cü sinifində təhsil alırlar. "xxxx" MMC tərəfindən 2019-cu ildə sifarişçi Cavabdeh2 sifarişi əsasında mübahisəli evin layihəsi hazırlanmışdır. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdən vergiləri ödəyir. X4 xx.xx.2020-ci il tarixdə baş vermiş intiharı ilə əlaqədar Sabunçu rayon prokurorluğunun müstəntiqi A.F.Yaqubov tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X4 yaxın münasibətdə olduğu X2 verdiyi izahatda Samiqin tək yaşadığını, anası və oğlu İbrahim üçün darıxdığını bildirmişdir. Həmin iş üzrə izahat verən İddiaçı qeyd etmişdir ki, Samiq arvadı və üç uşağı ilə mübahisəli evdə yaşamış, uşaqları həmin qəsəbədə məktəbə getmişdilər. Həmin qərardan görünür ki, İddiaçı özünün də onlarla birlikdə yaşaması barədə izahat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan açıq-aşkar şəkildə iddiaçının həmin evdə yaşamaması, həmin evdə onun oğlunun ailəsi ilə birlikdə yaşaması müəyyən edilməsinə dair düzgün qənaətə gəlmişdir. Abunə kodlarının iddiaçının adına dəyişdirlməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, işin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01/xx-xx/2257 №-li, xx.xx.2022-ci il tarixli və «Azəriqaz» İB tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məlumatlara əsasən mübahisəli evdə ilk abonent X7 olmuş, xx.xx.2020-ci il tarixdə hər iki xidmət üzrə abunə kodlar onun adından çıxarılaraq İddiaçı adına dəyişdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, abunə kodlarının iddiaçının adına dəyişdirlməsi həmin evə onun qanuni sahibliyini təsdiq etmir, çünki göründüyü kimi, ilkindən abunə kodu cavabdehin ərinin adında olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli evin İddiaçı məxsus olması, Cavabdeh2 2020-ci ilin əvvəllərində evi tərk edib getmiş və 2021-ci ilin sonunda qayıtmasına dair qonşuların aktını sübut əhəmiyyətli sənəd kimi qiymətləndirməmişdir. Belə ki, əvvəla akt nə lazımi, nə də notarial qaydada təsdiq edilməmiş, həm də həmin qonşuların imzaladıqları aktın həqiqiliyi ilə bağlı şahid qismində dindirilmələrinə dair vəsatət də verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əksinə cavabdeh evə olan hüququnu kifayət qədər əsaslandıra bilməsinə qənaəti işin araşdırılmış hallarına uyğun olmuşdur. Bu Cavabdeh2 sifarişi əsasında mübahisəli evin layihəsi hazırlanmasında, ev üzrə əmlak və torpaq vergi ödəyicisi olmasında, onun və üç uşağının mübahisəli evdə qeydiyyatsız yaşamaları barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 45 №-li məktubunun Kürdəxanı qəsəbəsində yerləşən 113 №-li məktəbin arayışlarını, Sabunçu rayon prokurorluğunun müstəntiqi A.F.Yaqubov tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunu ilə təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin evi 6 ay tərk etməsi evə dair istifadə hüququnu itirməsi dəlilinə qiymət verərək əsassız sayır. Əvvəla özbaşına tikili statusuna malik olan mübahisəli evi 6 ay müddətində yaşamamaqla istifadə hüququnun itirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İkinci də, iddiaçı həmin evin ona məxsus olmasını sübut edə bilmədiyi halda bu xarakterli iddia qaldırmaq hüququ yoxdur. Üçüncüsü də, cavabdehin mübahisəli evdə uzun müddət üzürsüz səbəbdən yaşamamasına dair iş materiallarında sübutlar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 nə evin, nə də torpaq sahəsinin mülkiyyətçisi olmamasına dair dəlilili ilə bağlı qeyd edir ki, bu hal həqiqət olsa da, eyni hallar iddiaçıya da aiddir. Sadəcə Cavabdeh2 mübahisəli evə hüquqlarının iddiaçıya nisbətən daha üstün olmuşdur ki, birinci instansiya məhkəməsi də bu xüsusata işin araşdırılmış halları baxımından düzgün hüquqi qiymət vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun mövcud olmamasına dair nəticəsini qanuni və əsaslı sayır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi heç kimin izahatlarını təhrif etməmiş, təqdim edilmiş sübutlar üzrə işin hallarına düzgün hüquqi qiymət vermişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi “iddia tələbinin dəyişdirilməsi barədə” ərizəsinə məhkəmə qətnaməsində qiymət verilməməsinə istinad edilməsini əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi cavabdehlərin mübahisəli evdən çıxarılması, özünün həmin evə köçürülməsi və 2300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə olmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclas protokolundan görünür ki, məhkəmə ərizəni nəzərdən keçirib yerində müşavirə qərara almışdır ki, «ərizədə başqa şəxslər» kimi qeyd olunanlar mülki iş üzrə cavabdeh olmadıqlarından iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilməmişdir. Göründüyü kimi, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilmədiyindən qətnamə ilk verilmiş tələb üzrə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə məhkəmənin icraatına qəbul edilmiş olsa idi belə, bu iddia əvvəlki iddia tələbindən mahiyyəti o qədər fərqlənməyəcəkdi və onlara da təqdim olunmuş sübutlar üzrə yuxarıda göstərilən əsaslar üzrə qiymət veriləcəkdi. Belə ki, iddiaçı yeni tələbində əvvəlki tələbi olan mənzilə köçürülmə, 2300 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsini göstərmiş, cavabdehlərin çıxarılmsını deyil, onların və başqa şəxslərin qeyriqanuni sahibliyindən alınmasını əlavə etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının 2300 manatın cavabdehlər tərəfindən mənimsənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin araşdırma aparmamasına dair dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tələbinin bu hissəsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyatorun heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə iddiaçı həmin yaşayış sahəsinə köçürülməli olması dəlili ilə bağlı hesab edir ki, ilk növbədə mübahisəli evin onun daimi yaşadığı ev olmasına dair heç bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının apellyasiya şikayətinin bununla bağlı digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1346/2022 saylı, 05 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5942/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5942/2022
12.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver