Məhkəmə qərarları › İş №2(103)-5947/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5947/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5947/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1470/2021 saylı 19.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və sair tələblərə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 868 nömrəli, 22 dekabr 2009-cu il tarixli qərarına əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində fərdi yaşayış evi üçün ayrılmış 12 sot torpaq sahəsindən çıxarılması, özünün həmin torpaq sahəsinə köçürülməsi, ona məxsus torpaq sahəsində inşa edilmiş evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 868 nömrəli, 22 dekabr 2009-cu il tarixli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi ayrılmış, lakin maddi imkanı olmadığı üçün orada tikinti işləri apara bilməmiş, bir neçə ay əvvəl torpaq sahəsinə baş çəkmək üçün getdikdə isə Cavid adlı şəxsin ona məxsus həmin torpaq sahəsinin 3 sot hissəsini zəbt edərək kürsülü birmərtəbəli fərdi yaşayış evi tikdiyini və yaşadığını müəyyən etmişdir. Cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmağı və özbaşına tikdiyi evi də öz hesabına söküb ərazini boşaltmağı tələb etsə də, cavabdeh tələbinə əməl etməmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Həsənov X3 rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsivəkili dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X2 22 dekabr 2009-cu il tarixli 868 №-li Qərarının surətindən görünür ki, X2 ərazi hüdudları daxilində Bakı şəhər sakinləri Cəmilə Ağabala qızının və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X2 14 iyul 2004-cü il tarixli 989/1 №-li Sərəncamının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 1500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı qaydasına mülkiyyətinə ayrılmaslna dair sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X2 22 dekabr 2009-cu il tarixli 968 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu X2 22 dekabr 2009-cu il tarixli 968 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ona Binəqədi rayonu X2 22 dekabr 2009-cu il tarixli 968 saylı qərarı əsasında 1.200 kv.m. torpaq sahəsi ayrılmasını sübuta yetirsə də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsi barədə sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar