Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5948/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Lerik şəhəri, E.Qarayev küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış, bununla bağlı ona RX seriyalı ******* saylı çıxarış verilmişdir.
2. Həmin yaşayış evi BA seriyalı 993543 saylı “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi əsasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək “AtaSığorta" ASC tərəfindən 15 000 manat həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmışdır.
3. AS seriyalı 244022 saylı “Fiziki şəxslərə məxsus olan əmlakların sığorta şəhadətnaməsi”nə görə isə, sözügedən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra DSKŞ) tərəfindən 20 000 manat həddində, 400 manat azadolma məbləği müəyyən edilməklə bir sıra risklərdən, o cümlədən yanğın hadisəsindən könüllü qaydada sığortalanmışdır.
4. xx.xx.2020-ci il tarixdə, saat 09:00 radələrində Lerik şəhəri, E.Qarayev küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir.
5. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə, xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində Lerik rayonu, E.Qarayev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığı əsas göstərilməklə cinayət işinin başlanması rədd edilmişdir.
6. "xxxx" ASC tərəfindən DSKŞ-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, yanğın hadisəsi nəticəsində İddiaçı evinə dəymiş ziyanın məbləği 15 598,50 manat hesablanmış, sığorta məbləğinin ən yuxarı həddi 15 000 manat olduğu üçün 150 manat azadolma məbləği çıxılmaqla 14 850 manat məbləğində sığorta ödənişi ona ödənilmişdir.
7. DSKŞ-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda, yaşayış evinə dəymiş zərər məbləğinin tikinti üzrə mütəxəssis tərəfindən hesablanılaraq 14 520 manat müəyyən edildiyi, həmin məbləğin “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanuna əsasən "xxxx" ASC tərəfindən ödənildiyi, buna görə də könüllü növ sığortası üzrə əlavə olaraq sığorta ödənişinin verilməsinin mümkün olmadığı göstərilmişdir.
8. DSKŞ-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda isə göstərilmişdir ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş evə baxış keçirilmiş, hesablama aktı tərtib edilmiş, yaşayış evinə cəmi 15 598 manat məbləğində zərər dəyməsi müəyyən edilmiş, dəymiş zərər məbləğinin 15 000 manatı “İcbari sığorta qanunu”na əsasən "xxxx" ASC tərəfindən ödənilmişdir və qalan məbləğin 598 manatı könüllü müqaviləyə (AS-244-022) əsasən bank hesabı təqdim edildikdən sonra DSKŞ tərəfindən ödəniləcəkdir.
9. DSKŞ tərəfindən tərtib edilmiş “Hüquqi və fiziki şəxslərə məxsus olan tikintinin zədələnməsi (məhv olması) haqqında” xx.xx.2020-ci il tarixli akta əsasən, xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində ona dəymiş ziyan 20 358 manat məbləğində hesablanmışdır.
10. 21 oktyabr 2020-ci il tarixli 1576 saylı ödəniş tapşırığına əsasən, DSKŞ tərəfindən İddiaçı 598 manat sığorta ödənişi ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan 10 000 manat dəymiş zərərin (sığorta haqqının) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2019-cu il tarixdə DSKŞ-nin Lerik Filialında 20 000 manat məbləğində könüllü sığortalamış, xx.xx.2019-cu il tarixdə isə həmin ev "xxxx" şirkəti tərəfindən 15 000 manatlıq icbari sığortalanmışdır. Ümumilikdə ev 35 000 manat məbləğində sığortalanmışdır. 07 fevral 2020-ci il tarixdə rayonda baş vermiş küləkli hava zamanı evində elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanğın baş vermiş, yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin X4 Cənub regional X4 İdarəsi akt tərtib edərək yanğının səbəbi kimi qısaqapanma hadisəsini müəyyən etmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi toplanmış materiallar əsasında yanğın nəticəsində ona 25 000 manat ziyan dəydiyini müəyyən etmişdir. Yanğının baş verdiyi barədə elə həmin gün Dövlət Sığorta Kommersiya Şirkətinə və "xxxx" şirkətinə telefonla məlumat vermiş, hər iki şirkətin nümayəndələri yanğın yerinə gələrək fotoşəkillər çəkmiş, müəyyən məlumatları almışlar. "xxxx" şirkəti dəymiş zərəri hesablamaqdan ötrü mütəxəssis göndərməsə də, ödəyə biləcəyi maksimum 15 000 manatlıq sığorta məbləğindən bəzi xərcləri çıxdıqdan sonra 14 850 manat sığorta məbləğini ona ödəmişdir. Bu səbəblə də "xxxx" şirkətinə qarşı heç bir iddiası yoxdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə vaxtında edilmiş müracətə heç bir cavab verməmiş, bu barədə Azərbaycan Respublikası Prezidentinin internet səhifəsinə şikayət etdikdən sonra 11 sentyabr 2020-ci il tarixdə Şirkətdən cavab gəlmişdir ki, güya mütəxəssis hesablamalarına görə ona 14 520 manat zərər hesablanmış və bu məbləği də "xxxx" şirkəti ödəmişdir. Sığorta nəzarətini həyata keçirən Azərbaycan Respublikası Mərkəzi X3 sədrinə şikayət etdikdən sonra Dövlət Sığorta Şirkəti başqa bir məktubla cavab verərək bildirmişdir ki, "xxxx"nın mütəxəssisi ona dəymiş ziyanı 15 598 manat hesablamışdır və həmin məbləğin 598 manatını Dövlət Sığorta Kommersiya Şirkəti ödəyəcəkdir. X5 Lerik Filialında açdığı hesabı ilə bağlı məlumatları iki dəfə Dövlət Sığorta Şirkətinə göndərməsinə baxmayaraq pul ödənilməmişdir. Əslində Dövlət Sığorta Kommersiya Şirkətinin heç bir mütəxəssisi zərəri hesablamaq üçün hadisə yerinə gəlməmişdir. Dəymiş zərərin miqdarı və ona "xxxx" şirkəti tərəfindən ödənilmiş məbləğ Şirkətin yazdığı cavab məktublarında qeyri dəqiq olaraq müxtəlif rəqəmlərlə qeyd edilmişdir. Dövlət Sığorta Şirkətinin Lerik Filialı isə Lerik şəhər İcra Nümayəndəsi ilə birgə akt tərtib edərək yanğın nəticəsində evinə tikinti materialları üzrə dəymiş ziyanı 20 358 manat müəyyən etmişdir. Beləliklə Dövlət Sığorta Kommersiya Şirkətinin özünün yazdığı iki müxtəlif cavab məktubu və şirkətin Lerik Filialının tərtib etdiyi tikintinin zədələnməsi haqqında aktın heç biri ziyan barədə məbləği eyni göstərmir. Dəymiş ziyan barədə həqiqi araşdırmanı yalnız FHN-nin İstintaq İdarəsi aparmış və dəymiş tikinti ziyanını 25 000 manat hesablamışdır. Yəni ona dəymiş zərərin 14 850 manatı “AtaSığorta" şirkəti tərəfindən ödənildikdən sonra, Dövlət Sığorta Kommersiya Şirkəti sığorta şəhadətnaməsində nəzərtə tutulmuş 20 000 manatlıq sığorta məbləğindən yalnız 10 000 manatını ona ödəməlidir. Dəymiş zərərin məbləği Fövqəladə Hallar Nazirliyiyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən toplanmış sənədlər əsasında 25 000 manat hesablandığı halda, Dövlət Sığorta Şirkəti qeyri-səmimi və reallıqdan uzaq olaraq, faktiki bazar qiymətlərini və məhv olmuş tikinti materiallarını hesablamadan, məsuliyyətsizlik edərək 14 520 manat, 15 598 manat, 20 358 manat kimi müxtəlif rəqəmlərlə ifadə etdiyi zərər hasabladığını bildirir və indiyədək də bir manat da olsun ödəmək istəmir. Ağlabatan odur ki, hal-hazırda heç bir fərdi evin tikinti materiallarının real qiyməti Dövlət Sığorta Şirkətinin hesablamasına uyğun deyil. Hazırda yanmış evinin yerində təxminən əvvəlki evin ölçülərinə uyğun ev tikməyə başlamışdır. 15 000 manat ev tikintisi üçün lazım olan tikinti materiallarının çox kiçik bir hissəsini, dörddə-birinə yaxın hissəsini ödəyir. Hazırda Lerik rayonunda dövlət hesabına əlillər və şəhid ailələri üçün bir mərtəbəli evlər tikilir. Bu evlərin ölçüləri təxminən yanmış evinin ölçülərinə bərabərdir. Bu evlərin tikinti materialları üçün dövlət 70 000 manat vəsait ayırır. Ona dəymiş ziyanın 25 000 manat hesablanması belə reallığa uyğun gəlmir. Dövlət Sığorta Kommersiya Şirkəti həmin məbləği ödəməkdən boyun qaçırır.
13. DSKŞ iddia ərizəsinə etiraz təqdim etmiş, etirazı belə əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evi həmçinin daşınmaz əmlakın icbari sığortası üzrə "xxxx" ASC-də sığorta olunmuş və həmin Şirkətin nümayəndələri tərəfindən yaşayış evinə baxış keçirilərək dəymiş zərər məbləği 15 598 manat olaraq müəyyən edilmişdir. Maksimum hədd 15 000 manat olduğu üçün həmin məbləğdən 150 manat azadolma məbləği çıxıldıqdan sonra geri qalan 14 850 manat iddiaçıya ödənilmişdir. Bu səbəblə DSKŞ tərəfindən ümumi zərər məbləğinə uyğun olaraq hesablamalar həyata keçirildikdən sonra hətta iddiaçıya artıq məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni ümumi zərər məbləğinə uyğun hesablama bu formada 15 598 (ümumi zərər) -14 850 (icbari sığorta üzrə alınmış məbləğ) - 400 (könüllü sığorta növü üzrə azadolma məbləği) = 348 manat həyata keçirilsə idi, iddiaçıya 348 manat sığorta ödənişi ödənilməli idi. Lakin DSKŞ tərəfindən iddiaçıya sığorta ödənişi hətta artıq ödənilmişdir. Həmin yaşayış evinin 1954cü il tarixində inşa edildiyi nəzərə alınsa 25 000 manat dəymiş zərər qiymətinin absurd olduğu məlum olur. İddiaçıya məxsus fərdi yaşayış evinə DSKŞ tərəfindən sığorta ödənişinə dair hesablamalar düzgün hesablanaraq sığorta ödənişi həyata keçirilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə dəymiş zərərin əvəzi qismində 9002 manat məbləğində sığorta ödənişinin tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində ekspertiza xərclərinin Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmirlər, mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini fərdi yaşayış evinin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 15 598,50 manat, iddiaçı isə 25 000 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılmasına tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən fərdi yaşayış evi mövcud olmadığına görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin məbləği olaraq “Yanğının hesabat vərəqəsi”ndə müəyyən olunmuş 25 000 manat əsas götürülməlidir. Belə ki, həmin vərəqə evdə baş vermiş yanğının söndürülməsində birbaşa iştirak etmiş və yanğın zamanı dəymiş ziyanı birbaşa müşahidə etmiş Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Lerik rayon X2 Hissəsi tərəfindən tərtib edilmişdir və inandırıcı sübut olmaqla düzgün nəticə kimi qiymətləndirilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, 25 000 manat dəymiş ziyanın 15 000 manat hissəsinin "xxxx" ASC, 598 manatının DSKŞ tərəfindən ödənilməsi və 400 manat azadolma nəzərə alınaraq, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 9002 manat (25 000 - (15 000 + 598 + 400) = 9002) sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır.
17. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 898.2ci, 922.1-ci, 922.2-ci, 922.3-cü, 933.1-ci maddələrinə istinad etmişdir.
18. Həmin qətnamədən DSKŞ-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd ediıməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaya verilən etirazla eyni məzmunda əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutları düzgün qiymətləndirmədiyini, qiymətləndirmə fəaliyyətini həyata keçirməyə səlahiyyəti olmayan yanğınsöndürmə xidmətinin əməkdaşının heç bir araşdırma aparmadan simvolik olaraq qeyd etdiyi rəqəmi əsas götürüb iddiaçıya dəymiş ziyanının məbləğinin 25 000 manat olması qənaətinə gəlməklə işin hallarına zidd qərar çıxardığını irəli sürmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
19. DSKŞ-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. Maddə 895.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
27. Maddə. 895.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
28. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
29. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
30. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
31. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
32. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
33. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
34. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
35. Maddə 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.
36. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
37. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
38. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, DSKŞ-nin nümayəndəsi isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir:
49. Yuxarıda qeyd olunanlardan göründüyü kimi DSKŞ, iddiaçının onun sığortalısı olduğunu, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində sığortalının (iddiaçının) əmlakına ziyan dəydiyini mübahisələndirməməkdədir və yaranmış mübahisə iddiaçıya dəymiş ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir (§ 42).
50. İddiaçıya məxsus olmuş əmlakın ikili (çoxqat) sığorta olunduğu da işin müahisələndirməyən halıdır (§ 27).
51. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, DSKŞ, iddiaçıya məxus əmlaka sığorta hadisəsi nəticəsində dəymiş ziyan məbləğini özü müstəqil ekspert vasitəsilə müəyyənləşdirməmiş, əmlakı icbari qaydada sığortalamış olan "xxxx" ASC-nin qiymətləndirmə aktını əsas götürməklə iddiaçının iddia tələbinə etiraz etmişdir.
52. İddiaçının DSKŞ ilə bağladığı müqavilədə əmlakın sığorta dəyəri 20 000 manat olaraq müəyyənləşdirildiyindən və DSKŞ əmlaka dəymiş ziyanın məbləğini təsbit etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsini (§ 34-35) icra etmədiyindən, həmçinin iş materiallarına əlavə olunmuş fotoşəkillərdən əmlakın tam məhv olduğu göründüyündən, kollegiya hesab edir ki, iddiaçıya ödənilməli olan sığorta ödənişi əmlakın sığorta dəyəri əsas götürülməklə həyata keçirilməlidir (§ 29, 31, 34, 35, 36).
53. Şərh olunanlara əsasən kollegiyanın qənaətinə görə, DSKŞ tərəfindən iddiaçıya 4152 manat ödənilməlidir (20 000 – 14 850 – 598 – 400 (franşiza) = 4152).
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2022 saylı iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 4152 (dörd min yüz əlli iki) manat məbləğində sığorta ödənişi tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov