Məhkəmə qərarları › İş №2(103)-5949/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5949/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5949/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-2249/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 73612,19 manat, hesablanmış cərimə borcuna görə 30446,8 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)- 2249/2021 saylı qərardadı ilə (hakim Kəmalə Əmirxanova) işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməmiş, həmçinin eyni tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)- 2249/2021 saylı qərardadından cavabdeh şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Çünki, birinci instansiya məhkəməsi eyni vaxtda işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda isə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsindən imtina olunmasına dair qərardaddan ayrıca şikayət verilməsinə zərurət qalmamışdır. Cavabdeh MPM-nin 395.2-ci maddəsinə əsasən yekun məhkəmə aktından (qətnamədən) verəcəyi apellyasiya şikayətinə həmçinin hazırki şikayətdə göstərilən dəlillərini və etirazlarını əlavə etməyə haqlıdır. İşdən görünür ki, cavabdeh etirazlarında həmçinin işə məhkəmə aidiyyəti üzrə də düzgün baxılmamasını göstərmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxarkən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən işə aidiyyət qaydalarına riayət etməklə düzgün baxıb-baxmaması məsələsini də yoxlayır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-2249/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar