Məhkəmə qərarları › İş №2(103)-5949/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5949/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5949/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-yə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-77/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 307,8 kv.m təşkil edən fərdi yaşayış evinə dair keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab olunsun, "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokolu və evin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə xx.xx.2022-ci tarixli müqavilə ləğv edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətinə tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin ev ipoteka predmeti olub, ipoteka ilə təmin edilmiş kredit ödəliyi icra edilmədiyinə görə məhkəmə qətnaməsinə əsasən evə tutma yönəldilməsi qət olunub, daha sonra hərrac keçirilib, ipoteka saxlayan Cavabdeh1 ASC evi hərracdan əldə edib. İşin bu halları birinci insansiya məhkəmsinin qətnaməsində ətraflı qeyd olunub, həmin halların təkrar qeyd edilməsinə zərurət yoxdur. İddiaçı hərracı mübahisələndirərkən 2 dəlilə istinad edib: birinci, hərrac mülkiyyətçiyə (iddiaçıya) məlumat verilmədən keçirilib, ikinci, evin qiyməti dəyərindən aşağı müəyyən edilib. Birinci dəlillə bağlı məhkəmə qeyd edir ki, hərrac təşkilatından məhkəməyə daxil olmuş sənədlərdən müəyyən olunur ki, mülkiyyətçinin hərrac barədə məlumatlandırılması üçün qanuna görə edilməli olan bütün hərəkətlər edilib, habelə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitəsində məlumat dərc olunub. İkinci dəlillə bağlı məhkəmə qeyd edir ki, ipoteka predmeti (ev) birinci hərraca 205.000 manat ilkin satış qiymətilə çıxarılıb, bundan sonra ev həmin qiymətdən 15 faiz aşağı qiymətə (174.250 manata) təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı ipoteka saxlayana təklif edib ki, evi təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə (130.637,5 manata) alsın. İpoteka saxlayan təklifi qəbul edib. İpoteka predmetinə tutma yönəldilməsi barədə qətnamdə ipoteka predmetinin ilkin satış qiyməti göstirilməyib, ona görə qətnamə icraya yönəldildikdən sonra icra məmurunun sifarişi əsasında qiymətləndirmə keçirilərək evin ilkin satış qiyməti müyyən olunub. İddiaçı qiymətləndirmə hesabatı barədə mübahisə qaldırmayıb. Bundan başqa, hazırkı iş üzrə icraat zamanı birinci instansiya məhkəməsi qiymətin düzgün müəyyən edilib-edilmədiyinin müəyyən edilməsi üçün iki dəfə ekspertiza təyin edib, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyləri verilib, evin qiymətinin düzgün müəyyən edildiyi məlum olub. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Müəyyən olunur ki, hərrac “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirilib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 77/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar