Məhkəmə qərarları › İş №2(103)-5950/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5950/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5950/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X5, tərcüməçi X3 iştirakı ilə İddiaçı X1rşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 9 saylı mənzili “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən Kaşifə İzmayılovaya əvəzsiz qaydada verilmiş, onun ölümü ilə əlaqədar xx.xx.1975-ci il tarixli 60 saylı sərəncam əsasında mənzilin icarə müqaviləsi 4 nəfər ailə üzvü ilə birlikdə İddiaçı adına dəyişdirilmişdir.

2. 2004-cü ildə həmin mənzildə İddiaçı, onun oğlu X7, qızları Gülnarə Qəribova və Elmira İzmayılova, nəvəsi Leyla Qəribova qeydiyyatda olmuş, qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin, o cümlədən Ravil İzmayılovun yazılı razılıq ərizələri əsasında mənzil “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən İddiaçı adına özəlləşdirilmiş və xx.xx.2012-ci il tarixdə ona mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışı verilmişdir.

3. Hazırda həmin mənzildə İddiaçı, qızı Gülnarə Qəribova və sonuncunun ailə üzvləri yaşayırlar.

4. X7 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 9 saylı mənzilində təxminən 1998-2000-ci ildən etibarən yaşamır.

5. X5 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil vardır, həmin mənzil xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə onun adına qeydiyyata alınmışdır.

6. ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil xx.xx.2005-ci il tarixdən Ravil İzmayılovun həyat yoldaşı Nailə İzmayılovanın mülkiyyətindədir.

7. X7 1964-cü ildən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 9 saylı mənzilində pasport qeydiyyatındadır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) X6 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 27 saylı evin 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması, qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ev 27, 14 saylı mənzil onun xüsusi mülkiyyətindədir, həmin evdə ailəsi ilə birlikdə yaşayır, cavabdeh isə neçə ildir mənzilində formal qeydiyyatdadır. Cavabdeh onun köməkliyi ilə mənzil alaraq başqa bir ünvanda ailəsi ilə birlikdə yaşayır, dəfələrlə ona xəbər göndərmişdir ki, aldığı və yaşadığı evin qeydiyyatına alınsın, lakin o, bunu etmir və formal olaraq onun evində qeydiyyatda qalmaqdadır. Cavabdehin onun evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Mənzilkommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur.

10. Məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, cavabdeh oğludur, oğlunu qeydiyyatdan çıxarmaq istəyir, oğlu evlənib və köçüb. Neçə ildir ki, ondan xəbər almır, gəlib-getmir. 81 yaşı var, 81 il ərzində oğlu ona heç qulluq etməyib, ancaq qızları onun qayğısına qalır. Buna görə də oğlunu qeydiyyatdan çıxarmaq fikrinə gəlmişdir. Həyat yoldaşının bacısı oğluna mənzil bağışlayıb, onu satıb əvəzinə iki otaqlı mənzil alıb. 3 mənzili ola-ola onun evindən qeydiyyatdan çıxmır.

11. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ev onun ata evidir, əsgərlikdə olduğu dövr ərzində bibisi, nənəsi və anası arasında mübahisə yaranmış, onlar evi öz aralarında bölmüşlər. Bibisi öz evini ona bağışlamışdır. Kiçik bacısı notariusda işləyir, mənzilləri birləşdirilməsinə dair təklif etmiş, onunla razılaşıb ərizəni imzalamışdır. Demişlər ki, pul lazımdır, yoxsa bacını tutacaqlar, buna görə razılıq vermiş və mənzili 6 il əvvəl banka girov qoyulmuşdur. Bacısının 2 mənzili olmuş, mənzilləri satıb ata evinə qayıtmışdır. Bacısı həmin evdə həyat yoldaşı və uşaqları ilə birlikdə 25 ildir yaşayır. Bu ata evi hər birinin evidir. Sabah o da ata evinə qayıdacaq, bütün əşyaları həmin evdədir.

12. Birinci instansiya məhkəməsinin 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

13.1. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ev 27, 14 saylı mənzil dövlət fondunun mənzili olmuş, iddiaçının, cavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmiş, cavabdeh həmin mənzildə 1964-cü ildən daimi pasport qeydiyyatında olmaqla həmin evdə yaşamış, 2012-ci ildə mənzil iddiaçının adına özəlləşdirilmiş və onun adına qeydə alınmışdır. Cavabdehin sözügedən mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yaranmışdır. 13.2. Şəxsin mənzildə yaşamaması istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün yetərli deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir. İddiaçı tərəf cavabdehə başqa mənzilin alındığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yazılı ərizələrin, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən və həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. 13.3. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 149 saylı MKİS sahəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bağlı qeyd olunmalıdır ki, məktubda dəqiq hansı tarixdən yaşamadığı qeyd edilmədiyindən, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən, həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. 13.4. Məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. 13.5. İddiaçının həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdehin mübahisəli mənzildə yaşamamasına səbəb bacısının həyat yoldaşı və övladı ilə həmin mənzildə yaşaması olub. Cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır. 13.6. Belə ki, cavabdehin həmin mənzildə yaşamamasının məhz özünün könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, mənzil qanunvericiliyinin müvafiq normaları rəhbər tutularaq, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

14. Mövqeyini əsaslandırarkən məhkəmə, xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, 54-cü, 87-ci, Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir.

15. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadığını, iddiaçının rus dilli olması və vəkillə təmin edilməməsi səbəbindən zəruri sübutları təqdim etməsinə köməklik göstərməli olduğu halda bunu etmədiyini, cavabdehin və ailə üzvlərinin özlərinə məxsus mənzillərinin olmasını və mübahisəsi gedən mənzilə ehtiyaclarının qalmadığını nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu, mübahisəsi mənzildən daimi getmədiyini, 2000-ci ilə qədər orada yaşadığını, mənzildə əşyalarının qaldığını, ara-sıra oraya getdiyini bildirmişdir.

18. İddiaçının nümayəndəsi cavabdehin və onun həyat yoldaşının mülkiyyətində mənzillərin olmasına dair sənəd (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmmətinə ünvanlanmış vəkil sorğusuna cavab məktubu) təqdim etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

27. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

28. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 9 saylı mənzili 2000-ci ildən əvvəl cavabdehin anası İddiaçı əvəzsiz qaydada verilmiş, cavabdeh 1998-ci (yaxud 2000-ci) ilə qədər orada yaşamışdır.

43. Beləliklə, cavabdehin mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil Kaşifə İzmayılovaya (nənəsinə), daha sonra anasına məxsus olduğu dövrdə, yəni onların ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 1998-ci (yaxud 2000-ci) ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.

44. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.

45. İşin halları baxımından kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilə, mənzil Kaşifə İzmayılovun, daha sonra anasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır.

46. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır.

47. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.

48. Kollegiyanın qənaətinə görə, özünün və həyat yoldaşının mülkiyyətində mənzillər olan cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.

49. Kollegiya onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir.

51. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin iddiaçının özünə aid olunması məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-862/2023 saylı iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. X5 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin 9 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamə X5 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin 9 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas təşkil edir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorun özünə aid edilsin. Qətnamədən X7 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar