Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5952/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3713/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir, müddətsiz əmək müqaviləsinə əsasən “Məhəllə maket”də satıcı olaraq işləmişdir. Ona tapşırılan bütün işləri vaxtlı-vaxtında icra etməyinə baxmayaraq, 2020-ci ilin yanvar ayından etibarən hal-hazırki günə qədər ödənilməli olan əmək haqqı məbləği ona ödənilməmişdir. Daha sonra tərəfindən, qanunun tələblərinə əsasən 28.09.2020-ci il tarixində pretenziya qaydasında cavabdehə müraciət edərək ona ödənilməli olan əmək haqqını tələb etsə də, hal-hazırki günə qədər ünvanına heç bir məlumat daxil olmamışdır. Bütün bu olanlara baxmayaraq, cavabdeh 30.09.2020-ci il tarixdə, 01.01.2020-ci il tarixli 3 nömrəli əmr imzalayaraq onu işdən azad etmişdir. Onun tərəfindən cavabdeh tərəfə göndərilən ərizə cavabdehə 29.09.2020-ci il tarixdə çatdırılmış, cavabdeh tərəf isə mövcud olan problemin aradan qaldırılması əvəzinə, 30.09.2020-ci il tarixdə ona işdən azad olunmağına dair 3 nömrəli, 01.01.2020 ci il tarixli əmr vermiş, müvafiq əmri isə 30.09.2020-ci il tarixində elektron informasiya sisteminə daxil etmişdir. Bu bir daha sübüt edir ki, cavabdeh tərəfindən müvafiq əmr 30.09.2020-ci il tarixində verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən 28.09.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən, iş yerinə dair arayış və sosial arayışdan da açıq aşkar görünür ki, onun əmək müqaviləsi 30.09.2020-ci il tarixə qədər qüvvədə olmuş və həmin tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Bundan başqa, İcazələrin Alınması və Monitorinqi Sistemindən əldə edilən arayışdan da açıq-aşkar görünür ki, pandemiya ilə əlaqədar olaraq "Ciddi Karantin dövründə" də işəgötürən tərəfindən, onun işə gedib-gəlməyinin təmin edilməsi məqsədilə 21.06.2020-ci il tarixindən 05.08.2020-ci il tarixinə qədər, yuxarıda qeyd edilən Sistemdən, yəni (Portaldan) arayış alınmışdır. Bundan əlavə, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək onu işdən azad etmişdir. Halbuki onun tərəfindən cavabdehə hal-hazırki günə qədər işdən çıxarılmağına dair heç bir ərizə təqdim edilməmişdir. Bütün bu olanlara baxmayaraq, cavandeh onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Qeyd edilən əsaslarla görə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 saylı, 01.01.2020-ci il tarixli əmr ləğv edilməli, cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməyən əmək haqqı məbləği, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. 01.01.2020-ci il tarixindən başlayaraq, 29.09.2020-ci il tarixinə qədər ona ödənilməli olan hər ay üçün minumum əmək haqqı miqdarında olan əmək haqqı məbləğini cavabdehdən tutaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona ödənilməli oları əmək haqqının, hər gecikdirilmiş gün üçün bir faiz miqdarında ödəncin ödənilməsi, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilərək 30.09.2020-ci il tarixində X2 Sisteminə əlavə edilmiş, 3 saylı, 01.01.2020 ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin ona vurduğu maddi zərərə görə 500 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat, mənəvi zərərə görə isə 1000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, məcburi iş buraxmaya görə 30.09.2020-ci il tarixindən başlayaraq, işə bərpa olunacağı günə qədər hər ay üçün müvafiq əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 30.09.2020-ci il tarixində X2 Sisteminə əlavə edilmiş 03 saylı 01.01.2020-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı “Məhəllə market”-də satıcı vəzifəsində işə bərpa olunmasının cavabdeh X1 üzərinə vəzifə kimi qoyulması, iddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində irəli sürülən tələblər hüquqi cəhətdən əsaslandırılmamışdır və onları qanuni tələblər hesab etmək olmaz. İddia tələbinin isə əsassız olaraq qismən təmin olunması mülki işin mahiyyəti üzrə lazımınca tam, hərtərəfli araşdırılmamasının, onun təqdim etdiyi sübutların məhkəmə tərəfindən nəzərə alınmamasının, həmçinin şahidlərin iştirakının və dinləniİmələrinin təmin olunmamasının nəticəsidir. Cavabdeh qətnamənin İddiaçı iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsini və İddiaçı iddia tələblərinin tam rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, həmin qətnamədən əvvəlcə onlar apellyasiya şükayəti vermiş, onların şükayətinə apellyasiya baxışı zamanı onlar razılaşmışlar ki, iddiaçı apellyasiya şükayətindən imtina etsin və iş icraya yönəlsin. Bu səbəbdən onlar ərizə yazaraq apellyasiya şikayətindən imtina etmişlər. Lakin sonradan cavabdeh hazırkı apellyasiya şikayətini vermişdir. Hesab edir ki, şikayət əsassızdır, ona görə də şükayətin təmin edilməməsini və Nərimanov rayon məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətiinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı 01.04.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işəgötürən X3 məxsus məhəllə marketdə satıcı vəzifəsində işə qəbul edilmiş, əmək müqaviləsi 01.04.2019-cu il tarixdə müddətsiz bağlanmışdır. Həmin müqavilə 30.09.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sistemi iş yerinə dair arayışdan görünür ki, İddiaçı 31.12.2020-ci il tarixədək arayış verilmişdir. Arayış 30.09.2020-ci il tarixdən qüvvədən düşmüşdür. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi 01.04.2019 tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi 30.09.2020 tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X4 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 01.01.2020-ci il tarixli 3№-li əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, bu barədə məlumat 30.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan 28.09.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən X3 ona ödənilməmiş əmək haqqının 3 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus dükanda müddətsiz əmək müqaviləsi əsasında satıcı vəzifəsində işə götürülmüş və işləmişdir. Daha sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 30.09.2020-ci il tarixli bildirişlə xitam verilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsini, işə barpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə faizlərin tutulmasını, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin müəyyən edilən hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrdə əmək müqaviləsinin işəgötürən tərəfindən pozulması üçün əsaslar göstərilmədiyindən, bununla da işdən çıxarılma qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nətijə düzgün olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətlərinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il il tarixli, 2(005)- 3713/2020 nömrəli qətnaməsi apellyasiya şükayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5952/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5952/2021
29.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver