Məhkəmə qərarları › İş №2(103)-5952/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5952/2022

13.09.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5952/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X4, Maraqlı şəxs və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7991/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (ləğv prosesindədir) (VÖEN: **********) 261351.53 manat məbləğində (o cümlədən, vergilər üzrə 2850 manat, faizlər üzrə 545,54 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 257915.99 manat) vergi borcu vardır, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********105400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-497/2016 saylı, xx.xx.2018 tarixli qərardadına əsasən, "xxxx" MMC müflis elan edilmiş və aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi qərara alınmışdır. X3 tərəfindən icra edilərək Maraqlı şəxs "xxxx" MMC-nin əmlak inzibatçısı təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7991/2019 saylı, 04 oktyabr 2019cu il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyev) ilə ərizə təmin edilərək dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş, şəxsiyyət vəsiqəsinin PİN nömrəsi xxxxxxx olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə vergi borcunu ödəməməsi tədqiq olunan sübutlarla müəyyən olunduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə əsaslıdır və ona görə də təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-497/2016 saylı, xx.xx.2018 tarixli qərardadı ilə "xxxx" MMC-nin müflis elan edilməsi və aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi qərara alınmış və icra edilməsi üçün Auditorlar Palatasına göndərilmişdir. Həmin qərardad icra edilərək Maraqlı şəxs "xxxx" MMC-nin əmlak inzibatçısı kimi təyin edilmişdir. Fəaliyyət müddətində onun tərəfindən "xxxx" MMC-nin aktivlərinin müəyyən edilməsi və digər məsələlərlə bağlı fəaliyyət göstərmiş və yekun hesabatı məhkəməyə təqdim etmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi yanlış məlumatlar verilmiş və məhkəmə tərəfindən də araşdırma aparmadan onun ölkədən getmək hüququm əsassız olaraq məhdudlaşdırlmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Maraqlı şəxs və onun vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 28.3. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

11. “Mülki və siyasi hüquqlar haqqında” Pakt: Maddə 12. Hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək hüququna malikdir.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokol: Maddə 2. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir(06 oktyabr 2020-ci il tarixli Qanunla 355-5.1-ci maddə yeni redaksiyada verilmişdir, 24 noyabr 2020-ci ilədək olan redaksiyadır). Maddə 355-6. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir(06 oktyabr 2020-ci il tarixli Qanunla 355-6-cı maddədə “vergi ödəyicisi” sözlərindən sonra “və ya sığortaedən” sözləri əlavə edilmişdir yeni redaksiyada verilmişdir, 24 noyabr 2020-ci ilədək olan redaksiyadır). Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi üçün əsasdır.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ərizə təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

21. Çünki, apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-497/2016 saylı, xx.xx.2018 tarixli qərardadı ilə "xxxx" MMC-nin iflas prosesinin həyata keçirilməsi və "xxxx" MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilməsi məsələsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.

22. Azərbaycan Respublikası Auditorlar Palatasının 14 yanvar 2019-cu il tarixli 1/6 SDO nömrəli Sərəncamı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-497/2016 saylı, xx.xx.2018 tarixli qərardadı ilə "xxxx" MMC-nin iflas prosesinin həyata keçirilməsi və "xxxx" MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün "xxxx" MMC-nin direktor-auditoru Maraqlı şəxs əmlak inzibatçisi təyin olunmuş və ona öz fəaliyyətində qanunvericilik aktlarının və Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2017-ci il 25 avqust tarixli 289/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın tələblərinə ciddi riayət etməsi və məhkəmə qərardadının icrası başa çatdıqdan sonra bu barədə Auditorlar Palatasına yazılı məlumat verməsi tapşırılmışdır.

23. Göründüyü kimi, hüquqi şəxsin iflas prosesinə başlandığı andan etibarən onun öhdəliklərinin icrası məqsədi ilə əmlak inzibatçısı təyin olunur və onun da hüquq və vəzifələri “Müflisləşmə və iflas haqqında” Qanunun müddəaları ilə tənzimlənir. İflas prosesində olan hüquqi şəxsin borclarının ödənilməsinin növbəliliyi həmin Qanunun 53-cü maddəsi ilə müəyyən edilmişdir ki, əmlak inzibatçısı da borcları həmin ardıcıllıqla ödəməyə borcludur. Lakin birinci instansiya məhkəməsi maraqlı şəxsin hüquqi şəxsin vergi borclarını ödəməkdən yayınan şəxs deyil, əksinə onun borclarını qanunla müəyyən edilən ardıcıllıqla ödəmək üçün təyin olunan - əmlak izibatçısı olmasını ümumiyyətlə nəzərə almamışdır.

24. “Müflisləşmə və iflas haqqında” Qanunun 31-ci maddəsinə əsasən bu Qanuna müvafiq surətdə öz vəzifələrini yerinə yetirən əmlak inzibatçısının fəaliyyətinə müdaxilə edilməsinə və ya mane olunmasına yol verilmir.Həmin hərəkətlərin törədilməsində təqsirli olan şəxslər qanunvericilikdə və bu Qanunda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb oluna bilərlər. Maraqlı şəxsin şikayətə əlavəsində göstərdiyi kimi qanunun bu maddəsi əmlak inzibatçısının fəaliyyətinin kreditorlarının maraqlarının qorunması, bununla da mülki dövriyyənin davamlılığının təmin edilməsində nə dərəcədə əhəmiyyət daşımasına qanunverici orqanın münasibətini göstərir. Belə ki, əmlak inzibatçısı iflas prosesində olan hüquqi şəxsin mövcud əmlakı çərçivəsində qanunda nəzərdə tutulan ardıcıllıqla hüquqi şəxsin öhdəliklərini ödəməklə mükəlləfiyyətlidir, lakin vergi orqanı əmlak inzibatçısına təzyiq göstərərək onun borclarını növbədən kənar, müraciətində müəyyən etdikləri müddətdə ödənilməsini tələb edir ki, bu da adıçəkilən qanunun 31-ci maddəsinin birbaşa pozulmasıdır. Ona görə də məhkəmə bu normanı təbiq etsə idi vergi orqanının ərizəsi təmin edilməzdi.

25. Maraqlı şəxs iflas prosesində olan hüquqi şəxsin əmlak inzibatçısı təyin olunduğundan, eyni zamanda icra orqanının rəhbəri təyin edilməsindən məlumatlı olmaya bilərdi. Ərizəçi isə vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanın rəhbərinin öləkədən getmək hüququnu müəvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu zaman ərizədə məhdudlaşdırmaya əsas olan hallar da qeyd olunmalıdır. Demək ki, hədəf vergi borcunun ödənilməsini təmin etməkdir. Əgər hazırki iş üzrə maraqlı şəxsin vergi ödəyicisi yaxud onun icra orqanın rəhbəri və ya vergi borcu ilə hər hansı bir formada əlaqəsi yoxdursa və heç vaxt da olmamışdırsa onda ərizəçinin bu cür ərizə verməkdə məqsədi nədir. Bu cür ərizə təmin olunsa belə vergi borcunun ödənilməsi yuxarıda qeyd olunan hallara görə təmin olunardımı. Əlbətdə ki, bu suallar ritorik olsa da vergi orqanı bu cür ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl qeyd olunan halları özü üçün dəqiqləşdirməli idi. Çünki, ərizəçi məqsədinə çatmaq üçün, düzgün vasitə seçməlidir, ancaq seçməmişdir.

24. Şərh olunanlara əsasən, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7991/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı və ərizə rədd edilməlidir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7991/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar