Məhkəmə qərarları › İş №2(103)-5952/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5952/2024

07.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5952/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(011)-2384/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 17264,48 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən 18 yanvar 2023-cü il tarixli 1 nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq, cavabdeh pulu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 17264,48 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(011)-2384/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 70,5 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 17264,48 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 141 manat (120+7264,48x0,3/100=141) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinəəsasən 141 manatın 50%-i yəni 70,5 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(011)-2384/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363.1.2, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(011)-2384/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar