Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5952/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X2 cəlb edilməklə) “pul tələbi”nə dair dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı (mübahisəs predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X2 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə onun tərəfindən ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyriyaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 17 mart 2021ci il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 11 saylı notariat ofisində təsdiqlənmışdır. Müqavilənin 1-ci bəndində göstərilir ki, “tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12.200 manata “İkinci tərəf” İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar.” Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, “Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə “İkinci tərəf” İddiaçı satmağı, “İkinci tərəf” İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata almağı öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı satış məbləğindən 12.000 manatını nəğd şəkildə “Birinci tərəf” Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alqı-satqısına dair əsas müqavilə bağlanarkən “Birinci tərəfə” ödəməyi öhdəsinə götürür”. O, müqavilədə göstərilən və üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və satış məbləğindən 12.000 manatını nəğd şəkildə Cavabdeh ödəmişdir. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyriyaşayış sahəsinin təmirinə 3200 manat məbləğində vəsait xərcləmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Babayeva X7 Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması” barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbləri təmin edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Hesab edir ki, Cavabdeh 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öz öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Beləliklə, onun tərəfindən həmin müqavilə üzrə ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qanuna müvafiqdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim - Rəşad Qoşqarlı) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qərara alınmışdır.
4. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, bildirmişdir ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi onun təqsiri ucbatından olmamışdır, o, bələdiyyə ilə müqavilənin iddiaçı ilə bağlanmasına razıdır, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, şikayət tamamilə əsassızdır, belə ki, cavabdeh həmin sahənin ona məxsus olmasını bildirmiş, 2021-ci ildə həmin müqavilə bağlanmış, sonra Vasif adlı bir şəxs gəlib dedi ki, bu sahə onlarındır, o da bunu cavabdehə bildirmiş, cavabdeh də bunu həll edəcəyini demiş, sonra isə məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsində onun iddiası təmin olunmadı. O, həmin oyektdə təmir işləri də aparmış, lakin buna dair sənədləri təqdim edə bilməmiş, ona görə də iddiası həmin hissədə təmin edilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh saxta sənədlərlə bu müqavilənin bağlanmasına nail olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdehin vəkili Vəkil elektron kabinet vasitəsi ilə səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, ona görə də iclasın təxirə salınmasını xahiş etmiş, tibbi sənədlərin isə gələn iclasda təqdim ediləcəyini bildirmişdir.
9. Məhkəmə kollegiyası vəsatətlə bağlı müvafiq sənədlər təqdim edilmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 nömrəli qərarının surətindən göünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37 saylı yaşayış binasının yanında öz vəsaiti hesabına inşa edərək istifadə etdiyi tikilinin altındakı 15 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün vətəndaş X3 (hər kv.m. üçün YAN ilə 2 manat ödəmək şərti ilə) icarəsinə verilmişdir.
11. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında yerləşən 15 kv.m. torpaq sahəsi 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir.
12. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 12000 manatını nəğd şəkildə Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alrı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür.
13. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikili altına ona icarəyə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsi ilə bağlı müvafiq dövlət orqanları, bələdiyyələr, fiziki və hüquq şəxslər qarşısında onu təmsil etməyi və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
14. Cavabdeh ünvan ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri X5 tərəfindən icarəsinə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsinə ehtiyacı yoxdur və həmin torpaq sahəsindən imtina edir və həmin icarə müqaviləsinin pozulması ilə əlaqədar qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. X5 ilə aralarında bağlanmış müqavilə pozulduqdan sonra həmin 15 kv. metr torpaq sahəsinə dair icarə müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına rəsmiləşdirilməsinə razıdır.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-46/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/b-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsi barədə” iddiası təmin edilməmişdir.
16. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi X4 icarəyə verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində müraciət edərək X3 ölümündən sonra torpaq sahəsi üzərində icarə hüquqlarının onun adına keçirilməsini xahiş etmişdir. Bələdiyyə müraciətin icrasından imtina etmişdir. Vətəndaş Cavabdeh Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, Ağ.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında X3 adına icarəyə verilmiş 15 kv.m torpaq sahəsinə icarə hüququnun davam etdirilməsi ilə icarə hüququna dair müqavilənin Cavabdeh ilə bağlanmasına dair öhdəliyin Binəqədi Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında mərhum X3 adına ayrılmış 15 kv.m torpaq sahəsinə dair icarə hüquqlarına dair müqavilənin iddiaçı Cavabdeh ilə bağlanması öhdəliyi Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 02 saylı iclas protokolunun 09 nömrəli qərarı ilə Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmiş və Cavabdeh ilə Binəqədi Bələdiyyəsi arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5718/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarının ləğv edilməsi və "xxxx" MMC-nin üçüncü şəxs kimi cəlb edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(112)-5718/2020 saylı qərar ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" MMC iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə xx.xx.2024-cü il tarixli 2-1(112)-46/2024 saylı Qərarı ilə Cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında X1 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə xərci:
18. 06.11.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İddia tələbini qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, mülki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ilkin müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, müəyyən olunur ki, tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər, müqavilə üzrə iddiaçı cavabdehə satılacaq torpaq sahəsinin üzərində icarə haqqı 12200 manat məbləğindən 12000 manatı ödəmişdir. Cavabdeh daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında ona icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, bu mümkün olmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Belə olan halda da, məhkəmə hesab edir ki, iddia tələbi 12000 manat pulun cavabdehdaən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və iddia bu hissədə təmin edilməlidir.
37. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, müqavilə öhdəliyinin icra edilməməsi onun təqsiri ucbatından baş verməmişdir.
38. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır.
39. Bakı İnzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə xx.xx.2024-cü il tarixli 2-1(112)-46/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında X1 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
40. Göründüyü kimi, cavabdeh ona məxsus olmayan torpaq barəsində iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh ilkin alqı-satqı müqaviləsi ilə torpaq sahəsinə icarə hüququnu 12.000 manat qarşılığında iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin onun həmin torpaq sahəsinə icarə hüququ olmamışdır. Yəni cavabdehin iddiaçı ilə həmin torpaq sahəsi barədə belə bir müqavilə bağlamağa, ümumiyyətlə, səlahiyyəti olmamış, iddiaçı isə bu müqavilə üzrə cavabdehə 12.000 manat ödəmişdir ki, bu da hazırkı işin mübahisəsiz halıdır.
41. Hazırkı iddia tələbinin qanuni əsasını MM-in 1091.1 və 1092.1-ci maddələri təşkil edir. MM-in 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. MM-in 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
43. Hazırkı halda, cavabdeh ona məxsus olmayan torpaq sahəsinə icarə hüququnu 12.000 manat qarşılığında iddiaçıya satmağı öhdəsinə götürmüş, onun həmin torpağa icarə hüququ olmadığından, bu hal cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 12.000 manat əldə etməsinə, yəni hüquqi əsas olmadan əsassız varlanmasına səbəb olmuşdur. MM-in 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
44. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
45. Odur ki, rayon məhkəməsi də iddia tələbini təmin edərək, əsassız əldə edilmiş 12.000 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur, apellyasiya şikayəti isə əsassızdır və təmin edilməməlidir. Nəticə:
46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.