Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5954/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyətçinin dəyişməsi, işçilərin ixtisarı, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.1999-cu il tarixdən Daşkəsən rayon Baytarlıq idarəsində sürücü vəzifəsində işləmiş, Daşkəsən Rayon Baytarlıq İdarəsinin xx.xx.2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin əmrin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 132 nömrəli Qərarı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, X4 İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin yaradılması və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilməsi nəzərdə tutulmuş, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, yaradılan qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etsin.
3. Struktur dəyişikliyi ilə əlaqədar Daşkəsən Rayon baytarlıq İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən idarənin işçilərinə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda, onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilə bilinəcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqları saxlanılmaqla özlərinə iş yeri axtarmaq üçün bir iş günü əmək funksiyalarının icrasından azad olunduqları, yeni strukturda ixtisaslarına uyğun iş yeri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcəyi göstərilmiş, İddiaçı xəbərdarlıqla 5 iyul 2021-ci il tarixində tanış olaraq bunu imzasıyla təsdiq etmişdir.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin xx.xx.2021-ci il tarixli 92 saylı əmri ilə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının və yerli qurumlarının strukturları təsdiq edilmiş, Maliyyə və mühasibat uçotu şöbəsinə tapşırılmışdır ki, yerli qurumların strukturlarına uyğun olaraq ştat cədvəllərini təsdiq olunması üçün təqdim etsin. Təsdiq edilmiş həmin strukturda Maliyyə və təsərrüfat şöbəsində sürücü vəzifəsi nəzərdə tutulmuşdur.
5. 02 dekabr 2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən İddiaçı məktub göndərilmiş, məktubda, struktur dəyişikliyi ilə bağlı xx.xx.2021-ci il tarixdə xəbərdar olunduğu, ona yeni strukturda nəzərdə tutulan Maliyyə və təsərrüfat şöbəsində sürücü vəzifəsinin təklif edildiyi, bunun üçün köhnə strukturda onunla bağlanmış əmək müqaviləsinə öz razılılğı ilə xitam verilməli və yeni strukturda çalışmaq üçün müraciət etməli olduğu, əks təqdirdə əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi əsasında xitam veriləcəyi göstərilmişdir.
6. Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Babək Əliyevə ünvanlanmış 03 dekabr 2021-ci il tarixli məktubda, Daşkəsən rayon Baytarlıq İdarəsində struktur dəyişikliyi ilə əlaqədar idarənin bütün işçilərindən işdən çıxma və yenidən işə qəbul haqqında ərizələr alındığı, lakin idarənin sürücüsü İddiaçı işdən azad olunma barədə ərizə yazmaqdan imtina etdiyi, idarədaxili əmək intizamını pozduğu bildirilmiş, Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməsinə köməklik göstərməsi xahiş olunmuşdur.
7. Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən 06 dekabr 2021-ci il tarixdə İddiaçı məktub göndərilmiş, məktubda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:00-da Həmkarlar İttifaqı Komitəsinin iclası keçiriləcəkdir və iclasda onun iştirakı vacibdir.
8. 08 dekabr 2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin iclası keçirilmiş, iclasda İddiaçı struktur dəyişikliyi ilə razılaşmaması, nizam-intizam qaydalarını pozması, işçilər arasında narahatçılqlar yaratması ilə bağlı məsələlər müzakirə olunmuş, barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında tədbir görülməsi qərara alınmışdır.
9. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmovun xx.xx.2021-ci il tarixli 16 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrin ləğv edilməsi, Daşkəsən rayon Baytarlıq İdarəsində sürücü vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 25 ilə yaxın Daşkəsən rayon Baytarlıq İdarəsində sürücü işləmiş, idarədə 1 sürücü ştat vahidi olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında işdən azad olunmuşdur. Qeyd olunan maddənin tələbinə əsasən, işəgötürən həmin hal üzrə əmək müqaviləsinə xitam vermək istədiyi zaman 10 ildən çox stajı olduqda - azı doqquz təqvim həftəsi qabaq işçiyə məlumat verməlidir, lakin cavabdeh bu barədə ona hər hansı məlumat verməmişdir. Eyni zamanda, bir neçə dəfə əmək kitabçasını istəməsinə baxmayaraq, cavabdeh tərəfindən ona əmək kitabçası təqdim edilməmişdir.
12. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş, iddiaçının cavabdeh kimi göstərdiyi Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin hüquqi şəxs olmadığı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin cavabdeh qismində çıxış etməli olduğu əsas göstərilməklə aidiyyati üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsində Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, X4 İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılması və Agentliyin tabeliyinə verilməsi göstərişi verilmiş, bununla bağlı struktur islahatları həyata keçirilmiş, bununla əlaqədar 2 iyul 2021-ci il tarixində rayon (şəhər) baytarlıq idarələrinə xəbərdarlıq göndərilmiş, İddiaçı xəbərdarlıqla 5 iyul 2021-ci il tarixində tanış olaraq öz imzasıyla təsdiq etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “əmrin surəti göndərildiyi halda, əmək kitabçamı dəfələrlə istəsəm də mənə verilməmişdir”. İddiaçının bu mövqeyi doğru deyildir. Belə ki, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət edərək əmək kitabçasını götürməsi ilə bağlı X1 28 dekabr 2021-ci il tarixli 74 nömrəli məktub göndərilmiş, sözügedən məktub ona poçt vasitəsilə çatdırılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “işdən çıxmağım barədə ərizə verməyimi bildirdilər. Mən isə onlara bildirdim ki, işdən çıxmağım barədə ərizə verməyimin səbəbini soruşdum. Lakin onlar bu barədə mənim sualımı cavablandırmadılar”. İddiaçının sözügedən mövqeyi də əsassızdır. Belə ki, ona hətta həmin məsələ ilə bağlı 02 dekabr 2021-ci il tarixli 62 nömrəli məktub göndərilmişdir. Bununla yanaşı İddiaçı İdarənin normal iş ahənginə mane olmuş, işlədiyi dövrdə mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, işçilər arasında narahatçılıq yaratmış, dəfələrlə onun barəsində aktlar tərtib edilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən verilmişdir. Əmrin verilməsində cavabdeh tərəfindən rəhbər tutulan maddi hüquq normasında qeyd olunan maddənin tətbiqi barəsində imperativ şərtlər müəyyən olunmuşdur. ...Məhkəmə araşdırması zamanı qeyd olunan maddi hüquq normasının tələblərinin icra edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
16. Belə ki, iddiaçının işdən azad edilməsi ilə bağlı işəgötürən ilk növbədə həmkarlar ittifaqına müvafiq təqdimatla müraciət etməli, müvafiq razılıq əldə etdikdən sonra, müvafiq əmri qəbul edə bilərdi. Hazırda cavabdehin təqdimatla həmkarlar ittifaqına müraciət etməsi müəyyən olunmur. Bundan başqa iş materiallarına əlavə edilmiş Həmkarlar İttifaqının iclasına dair protokolda baxılan məsələ hazırda mübahisələndirilən tələblə uyğunluq təşkil etmir. Belə ki, qeyd olunan iclasda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmrə əsas olmuş səbəblər müzakirə edilməmişdir. Bundan başqa qeyd olunan iclasın qanunvericiliyə əsasən keçirilməsinə əsas işəgötürən tərəfindən müvafiq təqdimatın həmkarlar ittifaqına göndərilməsidir ki, cavabdeh qeyd olunan halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblər uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur.
17. Müəyyən edilmişdir ki, İddiaçı ştatların ixtisara salınması ilə əlaqədar olaraq işəgötürən tərəfindən həmkarlar ittifaqına işçinin ştatının ixtisara salınmasına dair əsaslandırılmış yazılı təqdimat göndərilməmişdir. Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli protokolundan göründüyü kimi iclasda müzakirəyə çıxarılan gündəlikdəki məsələ İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 07 may tarixli 132 saylı Qərarına əsasən Rayon Baytarlıq İdarələrinin struktur dəyişikliyi ilə əlaqədar Qanunvericiliyin tələbləri ilə razılaşmaması və idarədə nizam-intizam, etik davranış qaydalarının kobud şəkildə pozması haqqında olmuşdur. Qeyd olunan iclasda iclas iştirakçılarının dediklərini nəzərə alıb, həmçinin movcud vəziyyəti qiymətləndirib İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunamüvafiq qaydada baxılmasının təmin edilməsi göstərilmişdir. Lakin Əmək Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndi üzrə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi müəyyən olunmuşdur. Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolunda İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunamüvafiq qaydada baxılması təmin edilməsi tövsiyə xarakterli nəticə olmaqla qanunvericliyə əsasən razılıq hesab edilmir. Belə olan halda Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin xx.xx.2021ci il tarixli 01 nömrəli iclas protokolunda qəbul edilmiş qərarda Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənə razılıq verilməmişdir. Bununla da işəgötürən iddiaçı barəsində 16 nömrəli xx.xx.2021-ci il tarixli əmri verən zaman Əmək Məcəlləsinin 80-cı maddəsinin imperativ tələblərini pozmuşdur.
18. Bundan başqa iddiaçının işlədiyi Daşkəsən Rayon Baytarlıq İdarəsi İddiaçı əmək müqaviləsinin 70-ci maddənin “b” bəndi ilə ləğv edilməsinə dair əmrdə qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu; 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1 -ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
19. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməlidir. İddiaçı barəsində qəbul edilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli əmrdə “Arzu Rüstəmovun” adı və soyadı qeyd edilsə də, ata adı qeyd olunmamışdır.
20. Sadalanan maddi hüquq normalarının tələblərinə və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir.
21. Gəldiyi nəticənin hüquqi əsaslandrması üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci, 80-ci və 84-cü maddələrinə istinad etmişdir.
22. Qətnamədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, qənaətini ehtimallar üzərində əsaslandırdığı, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyi, qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
23. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Daşkəsən rayon Baytarlıq İdarəsində mülkiyyətçi dəyişikliyi baş verdiyindən iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, həmin bildiriş ona çatdırılmış, işdən çıxma və işə qəbul olunma barədə ərizə yazmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Qətnamədə cavabdehin təqdimatla həmkarlar ittifaqına müraciət etməsinin müəyyən olunmadığı göstərilmişdir, halbuki, Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməsinə köməklik edilməsi ilə bağlı rəis Arzu Rüstəmov tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Babək Əliyevə 03 dekabr 2021-ci il tarixli 63 nömrəli məktubla müraciət olunmuş, sözügedən məktub məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qeyd olunan sənədin mövcudluğunu araşdırmadan, öz qənaətini ehtimal əsasında formalaşdırmışdır. Digər tərəfdən qətnamədə vurğulanmışdır ki, Həmkarlar İttifaqının iclasına dair protokolda baxılan məsələ hazırda mübahisələndirilən tələblə uyğunluq təşkil etmir. Məhkəmənin bu mövqeyi də həqiqətə uyğun deyildir. Belə ki, 09 dekabr 2021-ci il tarixli 16 nömrəli əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 saylı Qərarı və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini rəhbər tutaraq hazırlanmışdır və həmin əmrin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 saylı Qərarı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin xx.xx.2021-ci il tarixli 01 saylı protokolu olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin keçirdiyi iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 saylı Qərarı ilə bağlı məsələlər müzakirə edilmişdir. Sözügedən əmr və protokol məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, məhkəmə qeyd edilən sənədlərlə tam tanış olmamışdır. Qətnamədə qeyd olunmuşdur ki, işçi barəsində əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməlidir. İddiaçı barəsində qəbul edilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli əmrdə “Arzu Rüstəmovun” adı və soyadı qeyd edilsə də ata adı qeyd olunmamışdır. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Məhkəmənin bu mövqeyi də doğru deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 25-ci bəndinin ikinci abzasına görə imzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Göründüyü kimi, imzanın tərkibinə sənədi imzalamış şəxsin atasının adı daxil deyildir.
24. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
26. Maddə 56. 1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər
27. Maddə 63. 1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.
28. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
29. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
30. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
31. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
32. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
33. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
34. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
44. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, X4 İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin yaradılması və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilməsi nəzərdə tutulmuş, yaradılan qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etmək Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır.
45. Bu o deməkdir ki, iddiaçının işləmiş olduğu Daşkəsən Rayon Baytarlıq İdarəsinə münasibətdə faktiki olaraq mülkiyyətçi dəyişikliyi baş vermiş və iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsinin və onun şərtlərinin yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılması imkanı, eləcə də yeni mülkiyyətçinin (Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin) işçilərin əmək müqavilələrini, müəyyən edilmiş qaydalara əməl etməklə Əmək Məcəlləsinin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edə bilmək səlahiyyəti yaranmışdır (§ 27).
46. İşin hallarından aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iddiaçıya münasibətdə göstərilən səlahiyyətindən istifadə etməmiş, iddiaçının əmək müqaviləsinə artıq onun işəgötürəni olmayan şəxs tərəfindən xitam verilmişdir.
47. Həmçinin qeyd olunmalıdır ki, “işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır” müddəasının mənasına görə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi işdən çıxmaq və işə qəbul olunmaq barədə ərizə yazmaq məcburiyyətində deyil və bu cür ərizələrin verilməməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas yarada bilməz. Əks yanaşma müvafiq normanın (Əmək Məcəlləsinin 70-ci maddəsinin) həddindən artıq geniş təfsiri olardı – hansı ki, hüquq normasının təfsiri heç bir halda yeni hüquq normasının formalaşdırılması ilə nəticələnməməlidir.
48. Başqa sözlə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi əvvəlki şərtlərlə əmək münasibətlərinə davam edir və əgər yeni mülkiyyətçi yeni struktura uyğun olaraq işçilərin (yaxud ştatların) ixtisarını həyata keçirmək niyyətində olarsa, Əmək Məcəlləsinin müəyyənləşdirdiyi qaydalara əməl etmək şərtilə həmin səlahiyyətindən istifadə edə bilər.
49. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçıya məhz yeni mülkiyyətçi, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni strukturda nəzərdə tutulmuş “Maliyyə və təsərrüfat şöbəsi”ndə sürücü vəzifəsi təklif olunmalı, əgər o, bundan imtina edərdisə, o zaman müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilərdi.
50. Qaldı ki, ümumiyyətlə işin hallarından, iddiaçının işləmiş olduğu Daşkəsən rayon Baytarlıq İdarəsində işçilərin və ya ştatların ixtisarının aparıldığı qənaətinə gəlmək də mümkün deyildir; belə ki, yuxarıda göstərildiyi kimi, birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəlləri təsdiq olunmuşdur.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov