Məhkəmə qərarları › İş №2(103)-5955/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5955/2024

16.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5955/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Novruz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli №200 saylı Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç) bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmrə əsasən istifadə edilməmiş 26 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. Tərəflər arasındakı mübahisə İddiaçı işə bərpa edilməsi barədədir. İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixli əmr ilə işdən azad edilmiş, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə müraciət etməsini bildirir, həmin iddia ərizəsi onun müraciəti əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırlıq iclasından geri qaytarılmışdır, iddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlanılması üçün, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin İdarə Heyətinin sədri Pərviz Hacıyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 20/09 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad olunmağına, yəni onun olan əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır, işlədiyi müəssisənin rəhbərliyi onu işdən qanunsuz azad etmişdir, ona görə də Pərviz Hacıyevin xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmri ilə onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinə, xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmr düzgün tərtib olunmamışdır, ona təqdim olunmuş əmrdən çıxarışda əmrin verildiyi müəssisə, təşkilatın adı əks olunmayıb. Əmr qanunvericiliyin tələblərinə uyğun deyildir, əsassızdır, məzmunu həqiqəti əks etdirmir və ədalətsizdir. Ailədə qazanc gətirən yeganə şəxs odur, işlədiyi dövrdə işdə heç bir nöqsana yol verməmiş, verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir, 6-cı dərəcəli qaynaqçıdır, fiziki cəhətdən istənilən ağır işin öhdəsindən gəlməyə qadirdir, yaşı da hazırda müəssisədə işləyən şəxslərin 70 faizindən azdır. Şirkət rəhbərliyinin onu işə qaytarmaq fikri yoxdur, müdiriyyət onların qarşısında hər hansı yazılı öhdəlik də götürməmişdir. Hansı ki, qanunvericilik bunu tələb edir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.

4. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırki iddia üzrə iddia müddəti ötürülmüşdür.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5656/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Xətai rayon Məhkəməsinin icraatında olmuş 2(011)-3968/2024 saylı mülki iş materiallarına əsasən İddiaçı “Azenco" ASC-yə qarşı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə İddiaçı mülki işin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

7. İddiaçı, işdən azad edilmə barədə xx.xx.2023-cü il tarixli əmrin surətini xx.xx.2024-cü il tarixdə aldığını, yəni xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulmasından xəbərdar olduğunu, ilk dəfə xx.xx.2024-cü il tarixdə, yəni vaxtında müraciət etdiyini, lakin əmək mübahisəsi zamanı mediasiya prosesinin tətbiqindən xəbərsiz olduğu üçün iddia ərizəsini geri götürdüyünü, bundan sonra mediasiyaya prosesinə riayət etməklə məhkəməyə ərizə verdiyini, cavabdehin “müddətin ötürülməsi” barədə mövqeyinin həqiqəti əks etdirmədiyini bildirir.

8. Cavadbeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

9. İddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzisndə verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

10. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci, 296-cı maddəsinin 1-3-cü hissələri, Mülki Məcəllənin 372.2, 375.2, 377.2ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, barəsində çıxarılmış əmrin mahiyyətini bilməyib. Onlara şifahi qaydada bildirilmişdir ki, guya onlar hazırda iş olmadığından müvəqqəti olaraq, əmək haqqı ödənilmədən iş prosesindən kənarlaşdırılır. İş yaranan kimi dəvət olunacaq və işlə təmin olunacaq. Əmrin mahiyyəti düzgün izah olunmamış, sadəcə onıları aldatmağa cəhd etmişlər. Ona görə də, əmrin onlara təqdim olunmasından uzun müddət boyun qaçırılmışdır. Hətta rəsmi müraciətdən sonra belə əmrin surəti və əmrin çıxarılması üçün əsas gətirilmiş hallar təqdim edilməmişdir. Əmrin surətini aldıqdan sonra hüquqşünasa müraciət etmiş və o, işdən çıxarıldığını ona başa saldıqdan sonra məhkəməyə mürciət etmişdir. Məhkəmə zamanı bizə bildirilmişdir ki, mübahisə əmək mübahisəsi olduğundan mediasiya prosesi tətbiq edilir. Ona görə də, mediasiyadan keçmək üçün məhkəmə işi dayandırmışdır. Onlar əvvəl mediasiya təklifi ilə cavabdehə müraciət etmiş, daha sonra isə mediasiyaya müraciət ediblər. Mediasiyadan keçdikdən sonra isə yenidən məhkəməyə müraciət ediblər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı mediasiya prosesindən keçmədən məhkəməyə müraciət etdiyi üçün mülki iş hazırlıq iclasından geri qaytarılmışdır. İddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlanılması üçün müraciət etmiş və bu proses xx.xx.2024-cü il tarixinə qədər davam etmişdir. Deməli, iddia müddətinin axını dayanmışdır. İddia müddətinin başlanğıcı da, məhz əmrin ona təqdim edildiyi gündən başlanır. İş materiallarından və məhkəmənin özünün də göstərdiyi kimi, cavabdeh onun müraciətindən sonra əmri ona 19 fevral 2024-cü il tarixdə vermişdir. İddia isə bir ay çərçivəsində, yəni 19 mart 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi müddət pozulmamışdır. c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 292, hissə 2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296, hissə 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, Hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin ... təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

20. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı

iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

24. İddiaçı bildirir ki, mübahisələndirilən əmr ona 19 fevral 2024-cü il tarixdə verilmiş, iddia isə bir ayın sonunda, yəni 19 mart 2024-cü il tarixdə verilmiş, müddət pozulmamışdır.

25. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulmasından xəbərdar olmuş və xx.xx.2024-cü il tarixdə, yəni bir aylıq müddətin sonuncu günü məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə o, mülki işin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, lakin bunun səbəbini göstərməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə bu zaman iddiaçının müraciətini əsas götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

26. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsində bunun səbəbi, yəni mediasiya orqanına müraciət edəcəyi barədə heç nə bildirməmişdir. Məhkəmə də xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsini geri qaytararkən bunun mediasiyaya müraciətlə bağlı olmasına dair heç bir şey göstərməmişdir. İddiaçı həmin qərardadı məhkəmə qaydasında mübahisələndirməmişdir.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək mübahisəsi üzrə mediasiya orqanına müraciət o halda iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər ki, bu müraciət məhz Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan bir aylıq iddia müddəti ərzində edilmiş olsun. İşdən göründüyü kimi, iddiaçı bir aylıq iddia müddəti ərzində mediasiya orqanına müraciət etməmişdir. Məhkəməyə isə 1 aylıq müddətin, yəni iddia müddətinin sonuncu günü müraciət etmişdir.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 06 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar