Məhkəmə qərarları › İş №2(103)-5958/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5958/2025

02.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5958/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(011)-4735/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 71,13 kv.m olan mənzil ½ hissədə xx.xx.2022-ci il tarixdə İddiaçı adına, ½ hissədə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1149/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması və digər tələblərə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tərəflərin ataları Faiq Hacıyevə məxsus olmuş, onun ölümündən sonra mənzilə dair qanun üzrə vərəsəlik qaydasında ½ hissədə iddiaçının payı müəyyən edilmiş, qalan ½ hissədə isə açıq qalmışdır. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Faiq Hacıyevin qanun üzrə vərəsələri iddiaçı və cavabdehdir. Mənzildə hazırda cavabdeh yaşayır.

3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3705/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilə köçməyi, mənzildən istifadə etmə hüquqlarının müəyyən və bərpa edilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, atası X5 15 fevral 2017-ci ildə vəfat etdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinin tələblərinə uyğun olaraq ondan miras qalan, ünvan 2 ünvanda yerləşən sahəsi 71,13 kv.m olan 3 otaqlı mənzilə ½ hissədə vərəsəlik payını qəbul etmiş və 14 oktyabr 2022-ci ildə həmin mənzilə reyestrdən çıxarış almışdır. Lakin digər vərəsə - bacısı Cavabdeh onun mənzilə daxil olmağına və mənzildən istifadə etməyinə mane olur. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(011)- 4735/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 66 saylı mənzilə köçürülməsi qət edilmişdir.

7. Qətnamənin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən 71,13 m2, 3 otaqlı mənzil ½ hissədə xx.xx.2022-ci il tarixində İddiaçı adına, ½ hissədə xx.xx.2023-cü il tarixində Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır, hazırda həmin evdə cavabdeh yaşayır, iddiaçı həmin mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir. Bununla belə, İddiaçı mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd etmişdir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Hazırkı iş üzrə, iddiaçı köçürülməyini tələb etdiyi mənzilin paylı mülkiyyətçisi olmaqla, öz mülkiyyətindən istifadə və sahiblik hüququna malikdir, onun bu hüquqları hər hansı əsasla məhdudlaşdırıla bilməz. Hər kəs öz mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüquqlarına malik olduğundan mənzildən istifadə hüquqlarının əlavə olaraq tanınmasına da zərurət yoxdur. İnsanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işlə bağlı iddiaçının mənzilə hüquqlarının olduğu, lakin onun həmin mənzildə yaşamaq hüquqlarının məhdudlaşdırıldığı, mənzildən məhrum edildikləri məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın. Hazırkı halda cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 215.1, 215.4, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, digər tərəfin hüquq və mənafeyi, iiddiaçı ilə cavabdehin aralarında münaqişə olması halı, bu səbəbdən birgəyayşayış mümkün olmaması nəzərə alınmamışdır. Qanunverici qalan mülkiyyətçılərin hüquqları ilə bir araya sığan dərəcədə istifadə hüquqnunun malik olmasının təsbit etmişdir. Məhkəmə qeyd edilən normanı tətbiq etməmişdir. Bu hal da hüquq normasının pozuntusu hesab edilir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia tələbini qəbul etməməsinə və bu halın səbəblərini araşdırmadan əsassız qətnamə çıxarmışdır. Mülkiyyətdən birgə istifadə mümkün olamaması halında əşyaya sahiblik və ondan istifadə edən mülkiyyətçı digərinə müvafiq əvəz (kompensasiya) odəməklə mübahisənin həlli mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə cavabdehin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini nəzərə almadan, tərəflər arasında münaqişə olması faktını görməzlikdən gələrək, bu faktı araşdırmadan iddia tələbini təmin etmişdir. Həmin qətnamə gələcəkdə tərəflər arasında daha yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Halbuki cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, tərəflərin birgə yaşayışı mümkün deyildir, ona görə ki, uzun illərdir aralarında münaqişə mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

11. İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 113 mənzil 66 yerləşən 3 otaqlı 71,13 m2 mənzilin ½ payı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən iddiaçıya atasından vərəsəlik yolu ilə keçmişdir. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 215.2, 215.4 maddələrinə əsaslanmışdır. Lakin həmin maddələr paylı mülkiyyətin sahibi kimi iddiaçının hüquq və mənafeyini qoruyur. Belə ki, həmin Məcəllənin 215.1 maddəsinə əsasən paylı mülkiyyətdən olan əşyalara sahiblik və ondan istifadəyə bütün mülkiyyətçilər tərəfindən razılaşma əldə edilmədikdə məhkəmə qaydasında həyata keçirilir. Həmin maddələr imkan verir ki, iddiaçı paylı mülkiyyətdən istifadə etmək üçün məhkəməyə müraciət etsin və müraciət etmişdir, eyni zamanda istifadə edə bilmədiyinə görə qarşı tərəfdən əvəzinə ödəniş tələb etmə hüququna malikdir. Buna görə də qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab edir, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətinə etirazına məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 71,13 m2, 3 otaqlı mənzil ½ hissədə xx.xx.2022-ci il tarixində İddiaçı adına, ½ hissədə xx.xx.2023-cü il tarixində Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır, sonuncu həmin mənzildə yaşayır.

22. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq vurğulamışdır ki, qanunvericiliklə paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı köçürülməyini tələb etdiyi mənzilin paylı mülkiyyətçisi olmaqla, öz mülkiyyətindən istifadə və sahiblik hüququna malikdir, onun bu hüquqları hər hansı əsasla məhdudlaşdırıla bilməz.

23. Hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(011)- 4735/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(011)- 4735/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar