Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-596/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(008)-759/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X9 28 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, onların birgə nikahdan 27 yanvar 2017-ci il təvəllüdlü bir uşaqları vardır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(008)-817/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh X5 qarşı iddiası təmin olunaraq azyaşlı uşağı 27 yanvar 2017-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Həmin qətnamə Bakı apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarına əsasən dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı, sahəsi 96,2 kv.m olan bağ evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 oktyabr 2018-ci il tarixdə qeydə alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(103)-426/2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladı X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evindən çıxarılması, evin ona təhvil verilməsi və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-895/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin olunsa da, apellyasiya instansiyası məhkəməsinin qətnnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı evə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ 17 oktyabr 2018-ci il tarixdə qeydə alınmışdır, Cavabdeh hüququ isə bundan əvvəl yaranmışdır, bu hal məhkəmə qətnamələrinə əsasən təsdiqini tapır.
5. "xxxx" MMC-dən daxil olmuş 02 iyun 2023-cü il tarixli hesabata əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin evin səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqının 150 manat olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı c iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5400 manat məbləğində kompensasiya məbləği ödənilməklə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evindən istifadə hüququna xitam verilməsi, həmçinin cavabdehin azyaşlı övladı X6 ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi yerləşən 335H saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Bir neçə il öncə tanışı X3 ona müraciət edərək evsiz qalması səbəbi ilə müvəqqəti yaşaması üçün mülkiyyətçisi olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evində yaşamasına icazə verməyini xahiş etmişdir. Uzun müddətdir tanış olduqları üçün buna icazə vermişdir. Müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Zöhrabov Xalid həmin evə bütün ailəsini, hətta gəlini Cavabdeh da köçürmüşdür. Daha sonra onlardan evi tərk etməsini tələb etmişdir. Zöhrabov Xalid bütün ailəsi ilə birlikdə evdən çıxsa da, onun gəlini, hazırkı mülki iş üzrə Cavabdeh bu günə kimi evi tərk etməmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, hətta Cavabdeh ilə X4 nikah münasibətləri pozulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onun xüsusi mülkiyyətində olan evdən çıxmır. Cavabdeh ona məxsus evdən çıxmayaraq mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradır. Dəfələrlə cavabdehdən ona məxsus evi boşaltmasını tələb etsə də, Cavabdeh buna məhəl qoymayaraq onun mülkiyyət hüququnu qanunsuz və əsasız şəkildə məhdudlaşdırmaqda davam edir. Hətta cavabdeh öz mülkiyyətinə girməyinə belə maneə yaradır. Onun cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Heç bir əsas olmadan cavabdehin “məznildən çıxarılmasına” dair iddia tələbi təmin olunmadığı üçün hazırda məcburi şəkildə cavabdehin “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli, 179 nömrəli rəyindəndə də göründüyü kimi mübahisəli mənzilin kirayə haqqı 180 manat təşkil edir. Buna görə də, cavabdehə 5000 manat məbləğində kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini məqbul hesab edir. Cavabdeh və onun himayəsində bir azyaşlı övladı var. Onlar mübahisəli mənzilə köçürülərkən həmin mənzildə onun həyat yoldaşı, qayınanası və qayınatası da yaşamışdır. Yalnız o, tələb etdikdən sonra cavabdehdən başqa digər şəxslər evi tərk etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh eyni anda 3 otağı da istifadə edə bilməzdi. Qətnamə çıxarılarkən cavabdeh və azyaşlı övladının 3 deyil, 1 və 2 otaqlı mənzildə yaşaya biləcəyi nəzərə alınmalıdır. Cavabdeh və azyaşlı övladının 1 və ya 2 otaqlı mənzildə yaşaması məqsədəuyğundur. Həmçinin qətnamə çıxarılarkən onun 5000 manat məbləğində kompensasiya məbləğini heç bir qohumluq əlaqəsi olamayan, keçmiş qonşusunun keçmiş gəlininə vermək məcburiyyətində olduğu nəzərə alınmalıdır.
8. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddianı qəbul etməyərək qeyd etdi ki, o, mübahisə predmeti olan evə gəlin köçmüş, sonradan onun atası həmin evi böyütmüşdür, iddiaçını tanımır, iddiaçının atasının adına onları qonşu sahəsi olmuşdur, sonradan necəsə hazırki ev iddiaçının adına rəsmiləşdirilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(008)- 759/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüququna qanuni qüvvəsini almış məhkəmə qətnamələrində şübhə ilə yanaşılmış, cavabdehin sahibliyi qanuni hesab edilmişdir. Həmin məhkəmə aktları ilə İddiaçı iddiası qeyd-şərtsiz rədd edilmiş, yəni kompensasiyanın ödənilməsi yolu ilə Cavabdeh evindən istifadə hüququna xitam verilməsi bir variant kimi müzakirə edilməmiş, iddiaçıya belə bir hüququnun olması izah edilməmiş, Nuranə həmin evə mülkiyyət hüququ qeydiyyata alınanadək köçürülmüş, həmin ev Nuranənin qanuni istifadə hüququ ilə yüklü edilmişdir. Odur ki, Cavabdeh evdən istifadə hüququna xitam verilməsi yalnız onunla razılaşdırılmış qaydada mümkündür.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 164, 165-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
13. Şikayətinin dəlillərinə görə, qətnamədə məhkəmənin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi mənzildən çıxarılma tələbinə dair mübahisəni tənzimləmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən qətnamədə qeyd edilən hallar şəxsi fikrini ehtiva etmişdir. Hakim tərəfindən həmin xüsusatları təsdiqləyən heç bir mötəbər sübuta istinad edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi diqqətli şəkildə təhlil edilsə məhkəmənin hər hansı mötəbər sübuta istinad etmədən öz mövqeyini bildirdiyini aydın şəkildə müşahidə etmək mümkündür. Bundan başqa şikayətə əlavə olunmuş orderlərdən də göründüyü kimi atası X10 1990-cı ildə b/c nömrəli orderlə 335J saylı torpaq sahəsini, Cavabdeh keçmiş qayınatası X3 isə 1990-cı il tarixdə b/c nömrəli orderlə 340d saylı torpaq sahəsini özəlləşdirmişdir. Buna müvafiq olaraq Cavabdeh keçmiş qayınatası X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 340 D saylı bağ sahəsini AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindəndən aldığı **********56 reyestr nömrəli çıxarışla öz adına rəsmiləşdirmişdir. Bununla da onunla Cavabdeh keçmiş qaynatasıgillə qonşu olduğu, hər birinin öz mülkiyyətində daşınmaz əmlak olduğu, mübahisəli evdə müvəqqəti yaşamalarına icazə verdiyi bir daha öz təsdiqini tapır. Onun icazəsi əsasında Cavabdeh keçmiş qaynatası ilə birlikdə həmin evdə yaşaması onun mübahisəli daşınmaz əmlaka dair faktiki sahibliyini təsdiqləmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddia tələbindən kənara çıxaraq onun xüsusi mülkiyyət hüququnu əldə etməsinə əsas olan çıxarışın etibarlılığını mübahisələndirmişdir, bu isə qanunvericiliyin tələblərinə ziddir. Sanki məhkəmə Cavabdeh ona qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddiası ilə bağlı qətnamə çıxarıb onu əsaslandırmışdır. Bu reallıqdır ki, onun öz əmlakında keçmiş qonşusunun keçmiş gəlini ilə birlikdə yaşaya bilməsi mümkün deyildir. Həmçinin aralarında heç bir qohumluq əlaqəsi olmayan Cavabdeh ona məxsus evdə yaşaması, mülkiyyət hüququnu həyata keçirməsinə maneələr yaratması heç bir maddi və prossual hüquq normasına əsaslana bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)-596/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin ev səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqı nə qədər təşkil etməsinin müəyyən olunması məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
18. 24 sentyabr 2024-cü il tarixli, 9/1784 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin ev səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqı 300 manat müəyyən edilir.
19. Bundan sonra İddiaçı ərizə ilə müraciət edərək 10800 manati məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-596/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin ərazidə oxşar şəraitli evlərin bazar dəyəri nə qədər təşkil etməsinin müəyyən olunması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmışdır.
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli hesabatda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin bazar dəyəri 95400 manat təşkil edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.”
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.”
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı: “..mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.”
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququna qanuni qüvvəsini almış məhkəmə qətnamələrində şübhə ilə yanaşılmış, cavabdehin sahibliyi qanuni hesab edilmişdir. Həmin məhkəmə aktları ilə İddiaçı iddiası qeyd-şərtsiz rədd edilmiş, yəni kompensasiyanın ödənilməsi yolu ilə Cavabdeh evindən istifadə hüququna xitam verilməsi bir variant kimi müzakirə edilməmiş, iddiaçıya belə bir hüququnun olması izah edilməmiş, Nuranə həmin evə mülkiyyət hüququ qeydiyyata alınanadək köçürülmüş, həmin ev Nuranənin qanuni istifadə hüququ ilə yüklü edilmişdir. Odur ki, Cavabdeh evdən istifadə hüququna xitam verilməsi yalnız onunla razılaşdırılmış qaydada mümkündür.
29. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı mübahisə predmeti olan evin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən eyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum qərarlarında əks olunmuş hüquqi mövqelərə əsasən şəxsin istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürülməsi mülkiyyətçinin hüququdur və hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ kompensasiyanın ədalətli, ağlabatan olub – olmamasını müəyyən etməkdir.
31. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülki qanunvercilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
32. Hazırkı iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həm mübahisə predmeti olan bağ evinin və həmin ev səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqının, həm də bağ evinin bazar dəyərinin müəyyən olunması məqsədilə ekspert və müxətəssis rəyləri alınmışdır. Müəyyən olunmuşdur ki, mübahisə predmeti olan bağ evinin və həmin ev səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqı 300 manat, bazar dəyəri 95400 manat təşkil edir.
34. İşin hallarından görünür ki, iddiaçı o azyaşlı övladı ilə birlikdə uzun müddətdir ki, mübahisəli evdə yaşayır və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. İddiaçı tərəfindən onlara təklif olunan 10800 manat kompensasiya məbləği isə real bazar qiymətini özündə əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, həm mənzillərin bazar qiymətinin, həm də kirayə haqlarının yüksəlməkdə olduğu bir dövrdə 10800 manat kompensasiya məbləği iddiaçıya 1 azyaşlı uşağı ilə birlikdə davamlı surətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu hal qətnamənin ləğvi üçün əsasdır. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(008)- 759/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(008)- 759/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respubblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis rəyinin alınmasına sərf olunan 300 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev