Məhkəmə qərarları › İş №2(103)-596/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-596/2025

10.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-596/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-125/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2005-ci il tarixli, 249 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Buzovna Bələdiyyəsi tərəfindən Buzovna ərazisində yerləşən 40.000 kv.metr torpaq sahəsi 99 il müddətinə X3 icarəyə verilmişdir.

2. xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən X5 da (onun adından çıxış edən X8) həmin torpaq sahəsinin 600 kv.metr sahəsini təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, tikinti işlərini tamamlamağı, tikinti ilə birlikdə torpağı özəlləşdirməyi və digər hərəkətləri Cavabdeh etibar etmişdir.

3. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna Maştağa yolu ünvanında yerləşən sahəsi 0,0524 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı1 xeyrinə yüklü edilmişdir.

4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsi xx.xx.2014-cü il tarixli torpaq üzərində hüququn alqı-satqı haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı2 xeyrinə yüklü edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5488 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında baxış zamanı naturada təqdim edilən mişarlanmış əhəng daşından inşa edilmiş, 1 mərtəbədən ibarət yaşayış evinin 18 kv.m hissəsinin 0,0524 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə qanuni istifadələrində olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş bir mərtəbəli yaşayış evinin onun öz hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçılar tələbi onunla əsaslandırmışdırar ki, Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə onların istifadəsinə verilmiş 0,02 ha və 0,0524 ha torpaq sahələri vardır. Bir-birləri ilə yaxın qohumdurlar. Həmin torpaq sahələri bitişikdir. Bu səbəbdən artıq xərc çəkməmək məqsədilə torpaq sahələri onların tərəfindən eyni hasarla əhatələnmişdir. Torpaq sahəsinin onların daimi istifadələrinə verilməsi barədə Dövlət Reyestrindən hər ikisinə çıxarış verilmiş, yəni onların torpaq sahəsinə olan istifadə hüququ dövlət tərəfindən tanınaraq qeydiyyata alınmış, onlara ********** saylı, xx.xx.2022-ci il tarixli və ********** saylı, xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu yaxınlarda torpaq sahəsinə gələrkən aşkar etmişlər ki, Gədəbəy rayonu, Qalakənd kənd sakini Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində qanunsuz olaraq birmərtəbəli ev inşa edilmiş və cavabdeh hazırda da orada yaşamaqdadır. Cavabdeh bildirir ki, torpaq sahəsini ona Sərxan adlı şəxs satmışdır. Ona qarşı dələduzluq əməli törədilmiş, əslində isə onların qanuni istifadəsində olan torpaq sahəsi zəbt edilmiş, orada qanunsuz ev inşa edilmişdir. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, mülki məhkəmə icraatı qaydasında müraciət edilməsi tövsiyə edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2015ci il tarixdə sözügedən torpaq sahəsini X2 Bakı şəhəri 17 saylı dövlət notariat ofisində notariusun iştirakı ilə Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 249 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında almışdır. Bu torpaq sahəsinə hasar çəkdirmiş, ev tikdirmiş, ev kommunal xidmətlərlə təmin edilmişdir. Bu iddia ərizəsi verilənə qədər heç kəs bu torpaq sahəsinə gəlməmiş, onunla maraqlanmamışdır. Dövlət müəssisəsi əməkdaşları, xüsusilə də bu çıxarışı və torpağa dair texniki pasportu verən dövlət qurumu əməkdaşı bu əraziyə gəlməmiş, ölçü aparmamışdır. İddiaçıların hansı yol və vasitə ilə bu sənədləri əldə etdiyi sual və şübhə doğurur. Uzun illərdir qonşuları ilə birgə yaşayır, kommunal xidmətlərdən yararlanır, bələdiyyə orqanının hesabına pul köçürür. Ekspert rəyinə əsasən guya onun tikdirdiyi evin 18 kv.m hissəsi İddiaçı1 məxsus 0,0524 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar formal olaraq guya həmin torpaq sahələrinin sahibidirlər. Ancaq bu torpaqları mənimsəmək istəyən başqa şəxslərdir. Sadəcə olaraq saxta yollarla həmin torpaq sahələrinə bu şəxslərin adlarına saxta sənəd düzəltdirmiş, sonra sayğacını oğurlatmış, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 125/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (bir mərtəbəli yaşayış evinin) ekpsert rəyinə əsasən İddiaçı1 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu, 0,0524 ha torpaq sahəsinin daxilində yerləşən 18 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi və həmin hissənin söküntüsündən sonra əmələ gələn qalıqların cavabdeh tərəfindən ərazidən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X11)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, cavabdehin yaşayış sahəsi hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla onlara məxsus torpaq sahəsində yerləşdiyindən iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsalar da, cavabdeh tərəfindən inşa edilmiş evin tamamilə sökülməsini tələb etməkdə haqlı olmamışlar. Belə ki, yaşayış evi İddiaçı1 istifadəsində olan torpaq sahəsinin daxilində tamamilə deyil, yalnız 18 kv.m hissəsi yerləşir. Bu səbəbdən həmin hissə cavabdeh tərəfindən öz hesabına sökülərək ərazidən çıxarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157-158-ci, 170-ci, 180-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 101.7-ci, 119cu, 217.4-cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ümumiyyətlə işdə olan iddiaçı tərəfindən təqdim olunan möhtəbər olmayan sübutları nəzərə almış və həmin sübutlar əsasında işi araşdırmağa üstünlük vermişdir. Halbuki, iş materialları ilə tam sübut olunur ki, o, həqiqətdə, Buzovna Bələdiyyəsinin qərarı ilə həmin torpaq sahəsini əldə etmiş və torpaq sahəsində inşa edilən tikili aidiyyatı qurumların məlumatı əsasında inşa edilmiş, davamlı olaraq həmin torpaqdan istifadə edərək sahiblik və istifadə hüququ əldə etmiş, o cümlədən də, potensial mülkiyyət hüququna malikdir. Bu əsasla inşa edilən tikilinin özbaşına tikili hesab edilməsi təmamilə qanunsuz və əsassız olmuşdur. Bundan başqa, məhkəmə işdə olan sübutları da düzgün qiymətləndirməməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı2 məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Buzovna Bələdiyyəsi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunaraq, iddianın həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən, yəni yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə rədd edilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, xx.xx.2005-ci il tarixdə Buzovna Bələdiyyəsi tərəfindən Buzovna ərazisində yerləşən 40.000 kv.metr torpaq sahəsi 99 il müddətinə X3 icarəyə verilmiş, sonuncu da xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin 600 kv.metr sahəsini təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, tikinti işlərini tamamlamağı, tikinti ilə birlikdə torpağı özəlləşdirməyi və digər hərəkətləri eməyi cavabdehə etibar etmişdir. Cavabdeh həmin ölçüdə torpaq sahəsi üzərində tikinti inşa etmiş və hazırda həmin tikintidə yaşayır.

25. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Maştağa yolu ünvanında yerləşən sahəsi 0,0524 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı1 (bundan sonra iddiaçı) xeyrinə yüklü edilmişdir.

26. Hazırda İddiaçı1 ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikintinin onun öz hesabına sökülməsini və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Cavabdeh isə həmin torpaq sahəsinin 2015-ci il tarixdən onun istifadəsində olmasına, həmin vaxtdan da torpaq sahəsi üzərində tikinti inşa edərək, orada yaşamasına, kommunal xidmətlər göstərən aidiyyəti qurumlarla bağlanmış müqavilələr əsasında tikintidə qaz və işıq sayğacları quraşdırılmaqla tikintinin təbii qazla və elektrik cəryanı ilə təchiz edilməsinə, habelə bələdiyyə vergilərinin onun tərəfindən ödənilməsinə istinad edərək iddianın əsassız olduğunu bildirir və rədd edilməsini xahiş edir.

27. Məhkəmə kollegiyası bu konteksdə qeyd edir ki, cavabdehə məxsus olan və onun tərəfindən yaşayış sahəsi kimi istifadə edilən tikinti hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/5488 saylı ekspert rəyinə əsasən mişarlanmış əhəng daşından inşa edilməklə 1 mərtəbədən ibarət olan bu özbaşına tikintinin 18 kv.m hissəsi iddiaçının istifadəsinə verilmiş 0,0524 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir

28. Lakin bununla belə işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin hazırda yaşadığı tikinti və onun yerləşdiyi torpaq sahəsi 2015-ci il tarixdən cavabdehin istifadə və sahibliyində olmuşdur. Bu hal iş materiallarında olan və cavabdehin elektrik enerjisindən istifadə edilməsini təsdiq edən abonent haqqında məlumatlarda əks olunmuş göstəricilərlə təsdiq edilir. Həmin göstəricilərə əsasən artıq 2015-ci ildə bu tikinti üzrə elektrik enerjisindən istifadə edilirdi. Eyni zamanda, cavabdeh tərəfindən hələ 2018-ci il tarixdə Buzovna Bələdiyyəsinə vergi ödənilməsini təsdiq edən sübutlar mövcuddur.

29. İddiaçı isə müddət edibarı ilə həmin tikintinin inşa edilməsi ilə bağlı fərqli, lakin biri-birinə zidd olan mövqedən çıxış edir. Belə ki, iddia ərizəsində iddiaçının bu yaxınlarda, yəni 2023-cü il tarixdə torpaq sahəsinə gələrkən cavabdehə məxsus olan tikintinin aşkar edildiyi göstərilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman isə iddiaçı tərəf mübahisəli tikintinin pandemiya dövründə inşa edildiyini bildirir. Halbuki, bu mövqelər arasında təxminən 3 il fərq var və bütün bu müddət ərzində iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə getməməsi inandırıcı deyil. Digər tərəfdən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi daha geniş ölçüdə olmuş (0,0774 ha), lakin X9 adlı şəxslə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Torpaqdan daimi istifadə hüquqlarının alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı torpaq sahəsinin 0,025 ha hissəsini qeyd edilən şəxsə satmış və bundan sonra hazırda mövcud olan sahə ilə bağlı onun hüquqları xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt mübahisəli tikinti artıq mövcud olmuşdur. İddiaçı ən azı həmin vaxt həm tikintinin mövcud olması, həm də onun sahəsi üzərində yerləşməsi barədə məlumatlı olmuşdur (2016-cı il tarixdə torpaq sahəsinin müəyyən hissəsinə olan hüquqlarını satmış və bu baxımdan ölçü etibarı ilə satdığı və istifadəsində qalan sahə barədə tam məlumatlı olmuşdur. Hər bir halda, satdığı sahəni ölçməli idi). Belə olan halda mübahisəsiz qaydada təsdiq olunur ki, iddia qaldırılan tarixdə torpaq sahəsi və onun üzərində olan mübahisəli tikinti 8 ilə yaxın müddətdir ki, artıq cavabdehin istifadə və sahibliyində olmuşdur.

30. Bununla belə, cavabdeh mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına özbaşına tikinti inşa edərək, 8 ilə (iddia qaldırılan tarixə, hazırda artıq 10 ilə) yaxın müddətdir ki, orada yaşayaraq torpaq sahəsindən və tikilidən iddiaçı üçün məlum olan şəraitdə və hər hansı etiraz olmadan istifadə edir. İddiaçı hazırki iddia tələbini cavabdehə qarşı qaldırmaqla özü də qəbul edir ki, bu tikinti məhz cavabdeh tərəfindən inşa edilmişdir.

31. Belə olduğu halda, məhkəmə kollegiyası mübahisəli tikintinin məhz cavabdeh tərəfindən inşa edilməsini və 8 ilə yaxın müddətdir ki, iddiaçının etirazı olmadan (nəticə etibarı ilə razılığı ilə) orada yaşamasını və iddiaçının uzun müddət ərzində formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli, tikilinin sökülməsinin nəticəsi olaraq cavabdeh tərəfin kompensasiya almaq hüququ olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Başqa sözlə, hazırki hərəkətləri ilə iddiaçı həmin tikintinin mövcudluğuna olan razılığına və bu razılıqdan irəli gələrək cavabdehin onun sökülməsi təhlükəsinin olmamasına olan güvəncinə zidd mövqedən çıxış edərək, istifadə hüququnu əsas gətirib onun sökülməsini tələb edir. Bu səbəbdən mövcud vəziyyətdə iddiaçı həmin hüququnu yalnız cavabdehin kompensasiya almaq hüququnu təmin etməklə reallaşdıra bilər.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-125/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar