Məhkəmə qərarları › İş №2(103)-5960/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5960/2024

05.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5960/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi (iddia tələbinin həcmini artırılmışdır) cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 13/İX nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin ödənilməmiş 1560 manat əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə 3040 manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatda “Mühasibatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Daha sonra mediasiyaya müraciət etmiş, xx.xx.2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. İşlədiyi müddətdə əmək funksiyasını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtında icra etmiş, rəhbərliyinin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbləri pozulub, cavabdeh ondan izahat almamış, bu səbəbdən göstərilən nöqsanlar barədə öz arqumentlərini bildirə bilməmiş, əmrdə izahat verməkdən imtina edildiyi qeyd olunsa da, belə hal baş verməmişdir. Cavabdehin bu hərəkətləri onun işçi kimi hüquqlarını məhdudlaşdırmışdır. Əmrin verilməsinə səbəb kimi bir nöqsan qeyd olunmuşdur. Bu nöqsan isə onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində guya işdə icazəsiz olmamağıdır. İş yerini özbaşına tərk etmədiyini, təhvil təslim olunmasına baxmayaraq, özü ərizə yazmağına baxmayaraq, Əmək Məcəlləsinin başqa maddəsi ilə azad olunmuşdur.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən İddiaçı ödənilməmiş 1560 manat məbləğində əmək haqqının ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında hakim tərəfindən cavabdehdən dəfələrlə sənədlər və digər sübutlar tələb edilsə də, cavabdeh bunu bilərəkdən təmin etməmiş, ancaq məhkəmə yekunda yenə də tələbin həmin hissəsində cavabdehə güzəşt etmişdir. Hətta cavabdehin nümayəndəsi məhkəmə iclasında hakimin suallarına cavab olaraq bildirmişdir ki, onunla şirkət rəhbərliyi arasında problem ötən ilin dekabr ayından başlamış və mühasibatlıq işləri ilə bağlı olmuşdur. Hətta ona könülü olaraq işdən azad olunmağı da təklif edilmişdir. Məhkəmə iclasında qeyd etdiyi kimi şirkət rəhbərliyi ona “Yeni il” tətilindən sonra işə gəlməməyini bildirmiş və bundan sonra onu guya işə gəlmədiyinə görə bu maddə ilə işdən azad etmişdirlər. Cavabdehin nümayəndəsinin mübahisənin əsli ilə bağlı etirafları əslində əmrin qanunsuz olduğunun birbaşa göstəricisidir. Qanunun tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin bu barədə heç bir təklif edilməmişdir. Buna görə də göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya onun izahat verməkdən imtina etməsi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri Əmək Qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. İddia tələbinin bir hissəsi ona məzuniyyət haqları üçün nəzərdə tutlmuş kompensasiyanın ödənilməməsindən ibarətdir. Əmək Məcəlləsinin 135.2-ci maddəsinin tələbindən göründüyü kimi bu, məcburedici normadır və məhkəmə bu məsələni ciddi şəkildə araşdırmalı idi. Məhkəmə iclasında da qeyd etdiyi kimi işlədiyi dövr ərzində yalnız bir dəfə məzuniyyət ərizəsi yazmışdır. Lakin işinə davam edərək işə gəlib-getmişdir. Cavabdeh isə məhkəməyə guya tərəfindən yazılmış məzuniyyət ərizələrin surətlərini təqdim etmişdir. Məhkəmə həmin sənədlərin əsllərini tələb etsə də, cavabdehin nümayəndəsi bunun mümkün olmayacağını, arxivdə saxlanılmadığını qeyd etmişdir. Həmin ərizələr onun ilk və yeganə yazdığı məzuniyyət ərizəsinin ksero surətləridi ki, yalnız aşağı hissəsində tarixlər dəyişilmişdir. Həm də necə ola bilər ki, sənədin əsli arxivdə tapılmasın, amma bütün surətlərini yığıb gətirmək mümkün olsun. Hətta cavabdeh tərəf məhkəmə iclasında iddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmiş və o da etiraz etməmişdir. Lakin məhkəmə bundan imtina edərək cavabdehin təqdim etdiyi ksero surətlər əsasında belə qənaətə gəlmişdir ki , məzuniyyət dövləri üçün tələb etdiyi kompensasiya təmin edilməməlidir. Bu mövqe tamamilə yanlışdır. Məhkəmə iclaslarında da qeyd etdiyi kimi hüquqşünas olmadığı üçün əmək mübahisələrinə bir aylıq iddia müddətinin tətbiq olunduğunu bilməmişdir. Cavabdeh təşkilat da bu barədə ona heç bir məlumatı bilərəkdən verməmişdir. Bu barədə məlumatı X3 ünvanladığı müraciətin cavabı ilə tanış olarkən fevral ayının sonunda bilmişdir. Bundan dərhal sonra xx.xx.2024-cü il tarixdən mediasiya prosesini başlatmış və arayış aldıqdan sonra dərhal məhkəməyə müraciət etmişdir. Ötürülmüş iki aylıq iddia müddətini qeyd etdiyi səbəblərdən üzrlü olaraq buraxdığını təqdim etdiyi sənədlərdə də əsaslanaraq məhkəmədən də həmin müddəti üzrlü hesab edərək bərpa etməsini xahiş etməsinə baxmayaraq məhkəmə həmin müddəti üzrlü hesab etməyərək iddia tələbini bu hissədə rədd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əmrin qanunsuz olduğu əmr qəbul edilməmişdən 5 gün əvvəl artıq bu barədə onun Əmək Müfəttişliyinə müraciət etməsi olmuşdur. Həmçinin məhkəmə öz qərarında onun tərəfindən təqdim olunmuş sübut kimi X2 ifadəsini qeyd etsə də, yekunda buna ümumiyyətlə münasibət bildirməmişdir. Ümumilikdə məhkəmə prosessual qanunvericiliyin qaydalarını pozaraq sübutları qiymətləndirməyərək və ya düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlib çıxmışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edərək, iddianın tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.

Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, əmrin ləğvi üçün bir aylıq iddia müddətinin olmasından məlumatı olmamışdır, bununla belə həmin müddət üzrlü səbəblərdən ötürülmüşdür. Bu barədə birinci instansiya məhkəməsi baxışı zamanı bildirsə də, məhkəmə həmin dəlillərə əhəmiyyət verməmişdir. Digər tərəfdən, cavabdeh MMC-yə hər hansı formada ziyan vurmamışdır. Bundan başqa, işlədiyi dövr ərzində məzuniyyət pulları da verilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf MMC-in nüfuzuna xələl gətirən hərəkətlər etmiş, bunun nədən ibarət olduğunu özü yaxşı bilir, o, məzuniyyətə çıxmadığını bildirsə də, təqdim edilmiş ərizələrlə sübut edilir ki, iddiaçı məzuniyyətə çıxması ilə bağlı ərizələr yazmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi baxışı zamanı məzuniyyətdə olmasını özü təsdiq etmişdir. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı müddətindən məlumatlı olmamasını bildirsə də, o, peşəkar vəkilin xidmətlərindən istifadə etmiş və həmin haldan məlumatlı olmalı idi, şikayətin bu dəlili də əsassızdır.

Sübutların tədqiqi:

9. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də mütəxəssis vəzifəsinə qəbul edilmişdir.

10. Əmək müqaviləsindən görünür ki, “işəgötürən” Cavabdeh MMC “işçi” İddiaçı “mühasibatlıq şöbəsinin mütəxəssisi” vəzifəsinə qəbul etmişdir. İşçinin aylıq əmək haqqısı 1200 manat təşkil edir.

11. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13/İX saylı əmrindən görünür ki, “Mühasibatlıq şöbəsinin mütəxəssisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 “ç” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

12. xx.xx.2024-cü il tarixli 14 saylı Mediasiya təşkilatının arayışından görünür ki, Cavabdeh MMC-nin iştirak etməməsi əsası ilə arayış verilmiş, mediasiyasının tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir.

13. 11.04.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən, rəsmi icazə almadan və üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir.

14. xx.xx.2024-cü il tarixdə İddiaçı ərizəsinin surətindən görünür ki, o ərizəsində yazaraq işdən azad edilməsini xahiş etmiş, lakin həmin ərizənin cavabdeh tərəfiğ təqdim ediməsi müəyyən olunmur.

Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

15. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

16. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

17. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

18. 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Həmin maddənin a bəndinə görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

19. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

22. 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

23. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

24. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

25. 4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2 ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

26. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

27. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

28. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.

29. 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən, rəsmi icazə almadan və üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. İşə gəldiyi gün işdən çıxma barədə ərizə təqdim etmişdir. Əmək müqaviləsinə 5 gün sonra xitam verilmişdir.

45. Eyni zamanda iddiaçının iş davamiyyəti ilə bağlı əmək intizamını pozması iş materialları ilə öz təsdiqini tapmışdır.

46. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinin tələblərini pozulmuş, bu haqda onun barəsində müvafiq akt tərtib edilməklə, əmək müqaviləsi ləğv edilmişdir.

47. Həmçinin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunmuş, həmin tarixdə bu barədə əmrlə yerində tanış olmuş və bu andan müddətin axımı başlamışdır.

48. Göründüyü kimi, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

49. İddiaçı tərəfindən apellyasiya şikayətində mübahisələndirilən əsas məsələ də iddia müddəti ilə bağlı olmuşdur və o apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini üzrlü səbəblərdən buraxmış, bu hal birinci instansiya məhkəməsinə bildirilmiş, həmçinin də 1 ay ərzində məhkəməyə müraciət etməli olmasını bilməmişdir.

50. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

51. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmrdən məlumatlı olması həm işdə olan materiallar, həm də iddiaçının özünün izahatları ilə təsdiq olunur.

52. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC-dən işdən çıxdığını bilmiş və demək ki, məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır.

53. Beləliklə də, məlum olur ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş, müddətin ötürülməsini qəbul etsə də, müddətin bərpa edilməsi ilə bağlı rayon məhkəməsinə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməmiş, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin ötürülməsi barədə ərizəyə istinadən qətnamə qəbul etməkdə haqlı olmuşdur.

54. İddiaçı apellyasiya şikayətində həmçinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə 3040 manat məzuniyyət pulunun” ödənilməməsi hissəsini də mübahisələndirmişdir.

55. Halbuki işdə olan əmr və ərizələr ilə iddiaçının işlədiyi müddətdə əmək məzuniyyətində olduğu müəyyən olunur, faktiki olaraq əmək məzuniyyətinə çıxmaması barədə sübutlar isə mövcud deyildir.

56. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərini də əsassız hesab edir.

57. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi və iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir.

Nəticə:

59. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar