Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5968/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Bakı şəhəri Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı, aylıq vəzifə maaşı 200 manat müəyyənləşdirilməklə Sabunçu RPİ-nin 13-cü PB-nə dəftərxana operatoru vəzifəsinə işə qəbul olunmuşdur.
2. Cavabdeh rəisinin 15 mart 2021-ci il tarixli əmri ilə, Daxili İşlər Nazirliyinin (DİN) 2003-405 nömrəli əmrinin tələblərini pozaraq sabiq polis kapitanı Nicat Cəfərovun icraatında olmuş sənədləri özündə saxlayıb təhvil verməməsi barədə müvafiq aktda qeydiyyat apararaq Sabunçu RPİ-yə göndərilməsi üçün məktub hazırlayıb PB-nin rəisinə imzalatdırdıqdan sonra həmin məktubu ESD vasitəsilə qeydiyyata alsa da, RPİ-nə göndərmədiyinə görə, 13-cü PB-nin mülki əməkdaşı, dəftərxana operatoru İddiaçı töhmət elan edilmişdir.
3. Azərbaycan Respublikası X5 xx.xx.2016-cı il tarixli əmrinə əsasən, DİN-in xx.xx.2015-ci il tarixli Ə766-001-15 nömrəli əmrinin tələblərini pozaraq polis kapitanı Z. Davudovun icra intizamını pozaması faktını vaxtında müəyyən edib qarşısının alınması üçün rəhbərliyi məlumatlandırmadığına görə, Şirvan ŞPŞ-nin Dəftərxana müdüri (mülki əməkdaş) İddiaçı “şiddətli töhmət” elan edilmişdir.
4. Daxili İşlər Nazirliyinin (DİN) Cavabdeh rəisinin Ə790-073-22 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
5. Həmin əmrdə İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəbləri olaraq onun, “DİN-in 2003-405 və 2005-018 nömrəli əmrlərinin, 2016-Q42 nömrəli qərarın tələblərini pozaraq daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etmədiyi, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratdığı” göstərilmişdir.
6. Sözügedən əmrə əsas təşkil etdiyi göstərilən Sabunçu RPİ-nin TİQ-in rəyində göstərilmişdir ki, “Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli 158-36667-1222 nömrəli məktubu PB-nin dəftərxanasında qeydiyyata alınaraq icrası Sabunçu RPİ-nin 13cü PB-nin polis sahə inspektoru, polis leytenantı X2 həvalə edilmiş, sonuncu, daxil olmuş məktubu xx.xx.2022-ci il tarixdə icra edərək dəftərxanaya təhvil versə də, Sabunçu RPİnin 13-cü PB-nin operatoru (mülki) İddiaçı məktubu 37 gün sonra, xx.xx.2022-ci il tarixdə qeydiyyata almış, eləcə də 5 gün sonra, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-yə göndərmişdir. Həmçinin aparılmış araşdırma zamanı rejimli yer hesab olunan dəftərxanaya kənar şəxslərin cəlb olunmasına şərait yaradılması, vətəndaş Nərmin Əliyevanın PB-nin dəftərxanasında qeyri-rəsmi fəaliyyət göstərməsi müəyyən edilmişdir. İddiaçı yazılı izahatında yol verdiyi nöqsanları səmimi etiraf etmiş, məktubun vaxtında qeydiyyata alınaraq göndərilməməsini təmin etməməsinin səbəbi kimi PB-dəki işlərin çox olmasını göstərmiş, gələcəkdə bu kimi hallara yol verməyəcəyini bildirmişdir”.
7. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyrimümkün sayılmışdır.
8. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiq olunması barədə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmiş, Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmrinin ləğv olunması, vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının Daxili İşlər Nazirliyindən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən Cavabdeh 13-cü Polis Bölməsində əmək müqaviləsi əsasında operator vəzifəsində çalışmış, işlədiyi dövrdə işəgötürənlə aralarında heç bir problem yaranmamış, işində heç bir qüsur və ya pozuntu olmamışdır. Buna baxmayaraq, Cavabdeh rəisi Cavid Muradovun 28 noyabr 2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Səbəb olaraq göstərilən əsasların heç biri düzgün deyildir. Əmrdə bildirilmişdir ki, guya o, daxil olmuş məktubu vaxtında aidiyyatı üzrə göndərməmişdir. Gecikmə halı ilə bağlı heç bir sübut yoxdur və bunu kimsə mübahisələndirməyib. Belə olan halda səbəb olaraq bunun göstərilməsi, onu işdən çıxarmağa hesablanmış addımdır. Əmrin əsası kimi qeyd edilən məktub tam vaxtında elektron sistemə yerləşdirilmişdir, lakin elektron sistemdəki problemlə əlaqədar gecikmə ola bilərdi. Bu da onun işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına əsas ola bilməz. Çünki qeyd edilən məktub artıq aidiyyatı qurum tərəfindən icra edilmiş, bununla bağlı hər hansı mübahisə olmamış, işin ümumi axarı pozulmamışdır. Bundan başqa ğmrdə qeyd olunmuşdur ki, işlədiyi dəftərxanada aidiyyatı olmayan mülki şəxsin işləməsi işdən çıxarılma səbəblərindən biridir. Həmin şəxs - Nərmin Əliyeva uzun müddətdir ki, orada işləyir və bundan öncəki bölmə rəisi də bu məsələdən xəbərdar olmuşdur. Bu faktla bağlı qeyd edir ki, əmrdə iddia edilən işçi o, işə düzələndə də orda işləmişdir. Yəni onun dəftərxanada işləyib-işləməməsi ilə bağlı hər hansı göstəriş vermək onun səlahiyyətində olmamışdır. Necə ola bilər ki, Polis Bölməsində rəisin xəbəri və icazəsi olmadan kimsə uzun illər orda işləsin?! Belə hal ola bilmədiyinə görə, həmçinin həmin işçi ilə bağlı onun hər hansı səlahiyyətinin olmamasına görə o, işdən çıxarıla bilməz. Əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərinə diqqət edilsə, həmin orqanda “insan resursları üzrə mütəxəsis” yox, operator vəzifəsində çalışdığını açıq-aşkar görmək olar. İşdə bu günədək heç bir pozuntu olmadan, işə gecikmə halı olmadan, vəzifə səlahiyyətlərini aşmaq nüansı olmadan birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması hüququn işləmə prinsipinə daban-dabana ziddir. Haqqında işdən çıxarılma əmri verilməzdən əvvəl bu məsələ ilə bağlı ondan izahat alınmış, izahatda iş həcminin çoxluğundan məktubun elektron sənəd dövriyyəsindən keçib-keçməməsinə diqqət yetirməməyini (bunun bəzən sistemdə olan nasazlıqla bağlı olduğu), diqqətindən yayınmasını və bir daha belə diqqətsizliyə yol verməyəcəyini bildirmiş, üzrlü hesab etmələrini xahiş etmiş, birbaşa tabe olduqları Sabunçu RPİ-nin dəftərxana müdiri ilə əlaqə yaratmış, həmin şəxs heç bir problem olmadığını, işinə davam etməsini bildirmişdir. Belə bir əmrin verilməsi bundan sonra hər hansı başqa bir yerdə işləməyinə böyük bir əngəldir. Hazırda üzərində elə bir sosial öhdəliklər var ki, bundan sonra işsiz qalması onun himayəsində olan insanlar üçün sadəcə faciədir. Çünki belə olan halda təkcə o, yox, eyni zamanda ailəsi, onunla birlikdə yaşayan şəhid anası bu əmrdən əziyyət çəkəcəkdir.
11. Cavabdeh qurum məhkəmə iclaslarının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılsa da nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin qurumun “Xidmət üzrə rəis müavini”nin imzası ilə məhkəməyə daxil olmuş məktubda işə iştirakları olmadan baxılmasının xahiş edildiyi bildirilmişdir.
12. Birinci instansiya məhkəməsinin 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, ələlxüsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuşdur və “daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etməmə, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratma” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir.
14. Məhkəmə vurğulamışdır ki, cavabdeh orqan məhkəmənin iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, əmrin qanuniliyinə dair və həmçinin İddiaçı hərəkətlərinin həqiqətən də müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasına və işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair heç bir dəlil gətirməmiş, ümumiyyətlə iddiaya hər hansı münasibət bildirməmişdir. Belə olan halda həmin əmrin ləğvi tələbi əsaslı hesab olunmalıdır.
15. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 68-ci, 70-ci, 71.2-ci, 71.3-cü, 72-ci, 74.2-ci, 296.2-ci, 300-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci və 88-ci maddələrinə istinad etmişdir.
16. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə, iddiaçının əvvəllər dəfələrlə intizam xətasına yol verdiyini və bununla bağlı verilən tənbehlərdən nəticə çıxarmadığını, əmək müqaviləsinə xitam verilməsinə səbəb olan pozuntunu törətdiyini də mübahisələndirmədiyini nəzərə almamış, iddiaçının məhkəməyə vaxtında müraciət etmiş olub-olmadığını aydınlaşdırmamış, dəfələrlə əmək intizamının pozuntusuna yol vermiş iddiaçı barəsində “ən ağır intizam tənbehinin seçildiyi” qənaətinə gəlməkdə səhv etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən X3 fəaliyyət göstərmiş, xx.xx.2018-ci il tarixdən Sabunçu RPİ-nin 13-cü PB-də operator vəzifəsində işləmiş, xidmətdə olduğu dövrdə yol verdiyi nöqsanlara görə ona, xx.xx.2016cı il tarixli əmrlə ona “şiddətli töhmət”, xx.xx.2021-ci il tarixli əmrlə “töhmət” verilmişdir. xx.xx.2021-ci il tarixli əmrin verilməsinə səbəb, İddiaçı sənədi ESD vasitəsilə qeydiyyata aldıqdan sonra RPİ-nə göndərməməsi olmuş, eyni pozuntuya yenidən yol verdiyinə görə isə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli 158-36667-1222 nömrəli məktubu PB-nin dəftərxanasında qeydiyyata alınaraq icrası Sabunçu RPİ-nin 13-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X2 həvalə edilmiş, sonuncu, daxil olmuş məktubu xx.xx.2022-ci il tarixdə icra edərək dəftərxanaya təhvil versə də, Sabunçu RPİ-nin 13-cü PB-nin operatoru (mülki) İddiaçı məktubu 37 gün sonra, xx.xx.2022-ci il tarixdə qeydiyyata almış, eləcə də 5 gün sonra, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-yə göndərmişdir. Həmçinin aparılmış araşdırma zamanı rejimli yer hesab olunan dəftərxanaya kənar şəxslərin cəlb olunmasına şərait yaradılması, vətəndaş Nərmin Əliyevanın PB-nin dəftərxanasında qeyri-rəsmi fəaliyyət göstərməsi müəyyən edilmişdir.
17. Apellyasiya şikayətinə, Şirvan ŞPŞ-nin Dəftərxana müdüri (mülki əməkdaş) İddiaçı “şiddətli töhmət” elan edilməsinə dair X5 xx.xx.2016-cı il tarixli əmrinin, “töhmət” elan edilməsinə dair Cavabdeh rəisinin 15 mart 2021-ci il tarixli əmrinin, Sabunçu RPİ-nin TİQ-in rəyinin, İddiaçı izahatının surətləri əlavə olunmuşdur.
Apellyasiya şikayətinə etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
20. İddiaçı həmçinin bildirmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi, yəni öz xahişi əsasında işdən çıxarılması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi şərti ilə barışıq sazişi bağlamağa etiraz etmir, lakin cavabdeh tərəf bununla razılaşmamışdır.
21. Cavabdehin vəkili, təmsil etdiyi qurumun iddiaçının təklifi ilə razılaşmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
25. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
26. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
28. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
29. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
30. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
31. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
32. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
33. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
34. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.
39. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
48. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumən razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
51. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin apellyasiya şikayətinə əlavə və şikayətdə istinad etdiyi sənəd surətləri sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdeh qurum birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə dəvət olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına nümayəndəsini göndərməmiş, yuxarıda göstərildiyi kimi, məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin qurumun “Xidmət üzrə rəis müavini”nin imzası ilə məhkəməyə daxil olmuş məktubda işə iştirakları olmadan baxılmasının xahiş edildiyi bildirilmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 47).
52. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 47) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
53. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin sənəd surətləri birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi.
54. Belə ki, iddiaçıya istinad olunan pozuntu(lar) nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.
55. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə, işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
56. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsi (§ 31) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 2018-ci ildən cavabdeh qurumda fəaliyyət göstərən, son 6 ay ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır.
57. Kollegiya onu da nəzərə alır ki, iddiaçının əvvəllər – 2016-cı və 2021-ci illərdə - intizam tənbehi almış olması, hazırkı mübahisə baxımından hər hansı əhəmiyyət kəsb etmir; çünkü qanunvericilik, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün, işçinin yol verdiyi sonuncu pozuntudan 6 ay əvvəlki dövrdə aldığı intizam tənbehini əsas sayır (§ 27).
58. Beləliklə, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.
59. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürüb-ötürmədiyinin aydınlaşdırılmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 22); cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinə heç bir üzrlü səbəb bildirmədən getməyərək qətnamə çıxarılana qədər müvafiq arqumenti irəli sürməmişdir.
60. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”.
61. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair apellyasiya şikayətində irəli sürdüyü dəlil apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır.
62. Digər tərəfdən qeyd olunmalıdır ki, iş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının iddiaçıya nə vaxt verilmiş olması barədə məlumat ümumiyyətlə mövcud deyildir və bu mənada onun iddia müddətini ötürmüş olmasından bəhs oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı.
63. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh qurumun xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmrinin tam şəkildə ləğv olunması nəticəsinə gələrkən diqqətsizliyə yol vermişdir; çünkü həmin əmr yalnız iddiaçı tərəfindən mübahisələndirilmişdir və bu baxımdan yalnız iddiaçıya aid hissədə yoxlanıla bilər.
64. Buna görə də kollegiya, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin müvafiq hissədə ləğv edilməsini məqsədə müvafiq sayır.
65. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Daxili İşlər Nazirliyi cavabdeh qismində göstərilmədiyi halda, həmin nazirlikdən məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması prosessual pozuntu kimi qiymətləndirilməməlidir. Çünkü, məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması işçinin işə bərpa olunmasının hüquqi (məntiqi) nəticəsidir və Cavabdeh işəgötürən olsa da, həmin işəgötürənin işçilərinin əmək haqqı məhz Daxili İşlər Nazirliyi tərəfindən ödənilməkdədir. Məsələyə prosessual qənaət prinsipi baxımından yanaşıldıqda da belə qənaətə gəlmək olar ki, göstərilən çatışmazlığın qətnamənin ləğvinə əsas kimi qəbul edilməsi həddindən artıq formal qiymətləndirmənin təzahürü olardı.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3470/2023 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmrinin ləğv olunması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbi qismən təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmri İddiaçı aid hissədə ləğv olunsun. İddiaçı “əmrin ləğv edilməsi” tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə