Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5969/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nurədddin oğluna qarşı torpaq sahəsinin sökülməsi, boşaldılması və dəymiş ziyann ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nurədddin oğluna qarşı torpaq sahəsinin sökülməsi, boşaldılması və dəymiş ziyann ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, e-2(008)-6475/2025 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X4, X7 tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş bütün tikilələrin cavabdehlərin hər birinə aid hissədə onların hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, boşaldımış torpaq sahəsinin təhvil verilməsi, cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu, 300 manat hüquqi xidmətə görə pulun Cavabdeh1 icarə hüquq ilə onun istifadə və sahibliyində olan torpaq sahəsində öz başına tikiti apardığı üçün 500 manat cərimə pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, e- 2(008)-6475/2025 nömrəli nömrəli qərardadı iddia ərizəsi geri qaytarılmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuş, iddia tələbi dəqiq və aydın göstərilməmiş, mübahisə predmeti olan torpaq sahəsinin ünvanı iddia tələbində qeyd edilməmişdir. Eyni zamanda cavabdehlər qismində göstərilən Cavabdeh1, X5 və Cavabdeh3 Nurədddin oğlunun şəxsiyyətini təsdiqləyən heç bir sənəd əlavə edilməmişdir. “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə həmin şəxslərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olmamışdır.
4. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 151.1, 152.1.2, 165, 192.2.2-ci maddələrinin tələblərini pozaraq iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. AR MPMnin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. İş üzrə cavabdehlərin ünvanı barədə MAPS-dan rəsmi sorğuya əsasən arayışlar iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, konkret torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, X13 ərazisində yerləşir. Bunu cavabdehlərdən təhqiqat orqanı tərəfindən alınmış izahatlar da birbaşa təsdiq edir. İzahatlardan göründüyü kimi, cavabdehlər tərəfindən torpaq sahəsi qanunazidd olaraq zəbt edilmiş, tikililər inşa edilmiş, məhz həmin torpaq sahəsində qanunsuz tikili inşa edildiyi üçün iddiaçı cərimə edilmişdir. Cavabdehlərə aid məlumatlar iddia ərizəsində qeyd edilmiş və qeyd edilən halları təsdiq edən təhqiqatdan alınan izahatlar, həmçinin MAPS arayışı iddia ərizəsinə əlavə edilmişdir. O cümlədən, cavabdehlərə aid olan poçt məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, tələblərə dair istinad edilən konkret hallar, onu təsdiq edən sübutlar, hər bir cavabdehə münasibətdə konkret tələblər iddia ərizəsində göstərilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, e-2(008)- 6475/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Ərizənin forma və məzmunundan görünür ki, MPM-in 149.2.2 və 149.2.3-cü maddəsinin tələblərinə riayət edilməmiş, yəni iddia ərizəsində iddia tələbi dəqiq və aydın göstərilməmiş, həmçinin iddia tələbində mübahisə predmeti olan torpaq sahəsinin ünvanı qeyd edilməmişdir.
9. O cümlədən, cavabdehlər qismində göstərilən Cavabdeh1, X1 və Cavabdeh3 Nurədddin oğlunun şəxsiyyətini təsdiqləyən heç bir sənəd əlavə edilmədiyindən onların eyniləşdirmə məlumatları müəyyən edilməmiş, o cümlədən ən əsası “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə həmin şəxslərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olmamışdır.
10. İddiaçının şikayətinin dəlillərindən birini o təşkil edir ki, iddia ərizəsinə cavabdehlərin ünvanı barədə MAPS arayışları əlavə edilmişdir.
11. Lakin iş materiallarından görünür ki, ərizəyə yalnız Cavabdeh1 və Cavabdeh3 Nurədddin oğlu barədə MAPS arayışları əlavə olunmuşdur və digər cavabdeh X5 barədə iş materiallarında hər hansı bir məlumat mövcud deyildir.
12. Bundan başqa iddia ərizəsinin giriş hissəsində həmin cavabdehin adı “Cavabdeh2”, təsviri hissədə “X5”, nəticəvi hissədə isə “X6” qızı kimi olmaqla 3 fərqli formada qeyd edilmişdir.
13. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən axtarış aparılarkən müəyyən olunur ki, həm “X6” (FİN: 8B6YGU5), həm də “X5” (FİN: 271XCRK) adlı şəxslər mövcuddur. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin bu əsasla iddia ərizəsini geri qaytarmaqda haqlı olması sübuta yetirilir.
14. Bundan başqa məhkəmə kollegiyası tələbin aydın formada göstərilməməsi, yəni, nəticəvi hissədə torpaq sahəsinin yerləşdiyi ünvanın ümumiyyətlə qeyd olunmamasını da MPM-nin 149.2.3-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirir. Yəni, bu barədə gələcəkdə dəqiqləşmə aparılmadığı və iddianın təmin olunduğu təqdirdə məhkəmə qətnaməsinin nəticəvi hissəsində cavabdehlərin hansı torpaq sahəsindən çıxarılmasının qeyd edilməsi mümkünsüz olur.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, e-2(008)- 6475/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, e-2(008)- 6475/2025 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.